Milli Televiziya və Radio Şurası və “ARB Cənub” regional televiziya kanalı dəyirmi masa keçirdi

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq Milli Televiziya və Radio Şurasının nümayəndələri 13-14 dekabr 2021-ci il tarixdə cənub bölgəsində fəaliyyət göstərən regional televiziya kanalı "ARB Cənub"-da görüşlər keçirmişlər. Görüşlər çərçivəsində kanalın proqram və xəbər departamentlərinin əməkdaşları ilə dəyirmi masa təşkil olunmuşdur.

Dövlət proqramına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi və vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkilində regional medianın, o cümlədən, televiziya kanallarının rolu və bu sahədə mövcud olan maliyyə və texniki problemlər müzakirə olunmuşdur.

Müzakirələr zamanı Şura nümayəndələri narkomaniyaya qarşı mübarizə mövzusunda xüsusi proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçılara vəzifələrini və görüləcək tədbirləri izah etmişlər. Bundan sonra kanal əməkdaşlarının yayımın təşkili və proqrama verilən tələblərlə bağlı suallarını Şura aparatının əməkdaşları cavablandılmışlar.