EPRA-nın 53-cü Toplantısı onlayn formatda keçirilmişdir.

20-21 may 2021-ci il tarixlərində Tənzimləyici Qurumların Avropa Platformasının (EPRA) 53-cü Toplantısı video formatda keçirilmişdir. Milli Televiziya və Radio Şurasının nümayəndələri də toplantının işində iştirak etmişlər.

20 may 2021-ci il tarixdə "EPRA-nın həyatında olan yeniliklər" adlı plenar iclas zamanı təşkilatın 3 illik planı təqdim olunmuş və üzvlər tərəfindən təsdiq edilmişdir. İclasda Avropa Komissiyasının, Avropa Şurasının, ATƏT Media Azadlığı Ofisinin və Avropa Audiovizual Rəsədxanasının son fəaliyyətləri barədə çıxışlar dinlənilmiş, EPRA Katibliyinin 2020-ci maliyyə ili barədə hesabatı və 2021-ci il üçün fəaliyyət planı qəbul olunmuşdur.

İclas zamanı, həmçinin, EPRA Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər geniş müzakirə olunmuş və üzv təşkilatlar arasında keçirilmiş səsvermə nəticəsində qəbul olunmuşdur. Bundan sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir. Slovakiya Respublikasının Yayım və Retranslyasiya Şurasının (CBR) rəhbəri Lyuboş Kuklis 2 il müddətinə İdarə Heyətinin sədri seçilmişdir. Həmçinin İdarə Heyətinin 4 vitse-sədri postuna da seçkilər keçirilmişdir.

21 may 2021-ci il tarixdə Toplantı çərçivəsində "Nifrət çıxışları ilə mübarizə" adlı tematik sessiya təşkil olunmuşdur. Sessiya zamanı bir sıra ölkələrdə nifrət çıxışına qarşı mübarizədə son yeniliklər, bu sahədə rast gəlinən hüquqi problemlər, tənzimləyici qurumların digər ictimai təşkilatlarla, video paylaşım platformaları və media qurumları ilə bu sahədə birgə tənzimləmə metodundan istifadə prosesindən nümunələr təqdim olunmuşdur.

21 may 2021-ci il tarixdə EPRA çərçivəsində fəaliyyət göstərən və MTRŞ-ın da üzvü olduğu "EPRA Media və İnformasiya Savadlılığı" İşçı Qrupunun ("EMİL") da iclası keçirilmişdir. Bu iclasda da əsas diqqət nifrət çıxışları ilə bağlı məsələlərə salınmış və media savadlılığının bu istiqamətdə müsbət cəhətləri müzakirə olunmuşdur.