Milli Televiziya və Radio Şurası koronavirusa görə vətəndaşların qəbulunu dayandırır

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin, Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu dayandırılır. Bu dövr ərzində müraciətlər Şuranın rəsmi elektron poçtu (office@ntrc.gov.az) vasitəsilə qəbul olunacaqdır.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunmuşdur. Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir.