Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2015-ci il tarixli 08/1 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 23.1, 32, 39.6-cı maddələrini, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq, ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq qərara alır:

1. “ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla bazar ertəsi-cümə günləri, saat 16:20-dən 19:00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımı 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılsın.

2. “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Sən tək deyilsən” proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla bazar ertəsi-cümə günləri, saat 16:20-dən 19:00-dək və “Xoşqədəmlə axtarıram səni” proqramının efir vaxtında – hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımı ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilsin.        

3. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.

 

Nuşirəvan Məhərrəmov

Sədr