“Naxçıvanın səsi” radiosu

"Naxçıvanın  səsi" radiosu müstəqilliyimizin bərpası və ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə kütləvi  informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısının nəticəsində yaranmışdır. Radionun ilk sədaları 2001-ci ilin sentyabr ayının 19-da eşidilməyə  başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanmışdır. Lakin blokada şəraitində olan muxtar respublikada əhalinin belə bir radioya olan təlabatı və marağı, bu istiqamətdə daha bir addım atmaq zərurəti yaratmışdır. Belə ki, 2001-ci il oktyabrın 18-də, yəni Dövlət Müstəqilliyi günündə Duzdağ və İbadulla Radio-Televiziya Ötürücü Stansiyalarında vericilər quraşdırılaraq, əhaliyə bayram  hədiyyəsi  edilmişdir. Quruculuq işləri davam etdirilərək, vericilərin işə düşməsindən sonra radioyayım 106 FM tezliyində Babək, Şərur, Ordubad, Culfa rayonlarında yayımlanmağa başlamışdır. Radioyayımın keyfıyyətini yüksəltmək və əhatə dairəsini genişləndirmək məqsədilə Ordubad rayonu ərazisində yerləşən 2600 metr yüksəklikdə olan "Soyuq dağ" adlı nöqtədə 15 metr hündürlüyündə qüllə, ildırımötürücü qurğular, yüksək gücə malik kəsintisiz cərəyan mənbəyi ilə təchiz edilmiş ötürücü stansiya quraşdırılmışdır. Nəhayət, bu stansiya 30 avqust 2004-cü ildə istifadəyə verilmişdir. Stansiyanın işə düşməsindən sonra "Naxçıvanın səsi" radiosunun yayımı əvvəlki tezliklərə əlavə olaraq 96 FM tezliyində MR-in ən ucqar dağlıq ərzilərinə ötürülmüşdür. 6 sentyabr 2004-cü ildə isə əlavə olaraq Sədərək rayonu ərazisində quraşdırılan ötürücü vasitəsilə "Naxçıvanın səsi" radiosunu rayon ərazisində tam  dinləmək  imkanı yaranmışdır. Hərtərəfli maddi-texniki baza ilə təmin olunan "Naxçıvanın səsi" radiosu sonrakı illərdə fəaliyyətini daha da genişləndirərək qlobal internet şəbəkəsinə qoşulmuşdur ki, bu da müasir radio yayımı üçün ən əsas amillərdən biridir. "Naxçıvanın səsi" radiosu 2004-cü il dekabr ayının  15-dən etibarən Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətini  davam  etdirməyə başlamışdır. Fəaliyyətə başladığı ilk vaxtlardan radionun əsas məramı və məqsədi dinləyicilərini məlumatlandırmaq, maarifləndirmək, milli musiqilərimizin müşayiəti ilə rəngarəng və maraqlı verilişləri efırə təqdim etmək olmuşdur. Dinləyici marağını hər zaman öndə tutan radio xalqımızın qədim adət-ənənələrini, folklorunu, milli-mənəvi dəyərlərini təbliğ etməklə yanaşı, həm də müasir elmi, texnoloji yenilikləri də dinləyicilərinə çatdırır. Radionun maraqlı və rəngarəng proqramlarla efır təminatında radio arxivinin böyük əhəmiyyəti vardır. Yayıma başladığı günlərdən yaradılan arxivdə verilişlər, eləcə də müxtəlif mahnı və musiqilər həm kompüter, həm də DVD formatında qorunub saxlanılır ki, bu da illər ərzində kifayət  qədər geniş bir arxivin formalaşmasına gətirib çıxarmışdır. 2008-ci ilin yanvar ayının 1-dən isə "Naxçıvanın səsi" radiosu ümummilli lider Heydər Əliyevin siyasi  fəaliyyətinin 35 illiyi münasibətilə yaradılmış "Kanal- 35" Televiziyası ilə birləşərək vahid idarəetmə sisteminə keçmişdir. Bu tarixdən etibarən radio öz  fəaliyyətini mütəmadi  olaraq "Kanal-35" Televiziyası ilə əlaqələndirir.  Bu  əlaqələr  dublyaj  redaksiyasının  fəaliyyətində  özünü  daha çox büruzə verir. Dublyaj olunacaq fılmlərin səsləndirilməsində də məhz "Naxçıvanın səsi" radiosunun aparıcılarının səsindən istifadə olunur. Bundan əlavə radionun səsyazma studiyasında müxtəlif verilişlərin və radiotamaşaların hazırlanması prosesi də həyata keçirilir. Bu lisenziya "Naxçıvanın səsi” radiosuna olan dövlət qayğısını bir daha ifadə edir. Bu gün yaradılan imkanlar, yüksək keyfıyyətli və elmi-texniki tərəqqinin nailiyyətlərinə əsaslanan avadanlıqlarla təminat radionun bu məsuliyyətli işin öhdəsindən bacarıqla gələcəyinə geniş  yollar açır. Radionun kollektivi də öz fəaliyyətləri ilə sürətli inkişaf  yollarında tərəqqiyə doğru addımlayan Naxçıvanın səsini daha səylə  yaymağa çalışırlar.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının 31 iyul 2008-ci il tarixli qərarı ilə "Naxçıvanın  səsi" radiosuna xüsusi razılıq (lisenziya) verilmişdir.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

 

Ünvan: Naxçıvan şəhəri, 11­-ci məhəllə, RTÖM binası

Tel: (0136) 440427

www.kanal35.tv