Milli Televiziya və Radio Şurası xarici ölkələrə məxsus radio kanalların yerüstü tezliklərdə yayımını dayandırmışdır.

30 dekabr 2008-ci il tarixdə keçirilən Milli Televiziya və Radio Şurasının növbəti iclasında "Dövlət dilindən istifadəni daha da təkmilləşdirmək sahəsində teleradio yayımçıları qarşısında duran vəzifələr barədə" Milli Televiziya və Radio Şurasının 11 yanvar 2008-ci il tarixli qərarının icra vəziyyəti, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən "Azadlıq", "Amerikanın səsi" və "BBC" radiostansiyalarının fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi barədə məsələ və "Avropa Plyus - Bakı" radiosunun fəaliyyətindəki qanun pozuntuları ilə bağlı Şura Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin arayışı müzakirə edilmişdir.

Şuranın qərarına əsasən teleradio yayımçıları tərəfindən dövlət dilindən istifadə ilə bağlı Milli Televiziya və Radio Şurasının 11 yanvar 2008-ci il tarixli qərarının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görüldüyü nəzərə alınmış, bununla belə, bəzi teleradio yayımçıları tərəfindən Şura qərarının pozulması hallarına da yol verildiyi qeyd olunmuşdur. Dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə 01 yanvar 2009-cu il tarixdən etibarən xəbərlər buraxılışı, maarifləndirici verilişlər, bəzi xüsusi buraxılışların (titrlər vasitəsilə Azərbaycan dilində tərcüməsi verilməklə) və əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının (30 dəqiqədən çox olmamaq şərti ilə) müstəsna hal kimi əcnəbi dildə yayımına icazə verilmişdir.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 6, 10, 18.1.4-cü maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına məxsus mili tezliklərdə yayımlanan xarici radiostansiyaların - "Azadlıq", "Amerikanın səsi" və "BBC" xüsusi razılıq (lisenziya) müddəti uzadılmamış və onlara verilmiş FM tezlikləri 01 yanvar 2009-cu il tarixdən etibarən geri alınmış və onların digər texniki vasitələrlə (internet, peyk, kabel şəbəkəsi və s.) yayımının təmin edilməsi müvafiq qurumlara tövsiyə olunmuşdur.

Həmçinin televiziya və radio yayımı sahəsində qanunvericiliyin tələblərini, ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi pozduğuna və faktiki olaraq xarici radiostansiya kimi fəaliyyət göstərdiyinə görə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11.4.4-cü maddəsinə və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.1, 9.4-cü bəndinə  uyğun olaraq "Avropa Plyus - Bakı" radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması barədə qərar qəbul edilmişdir.