Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı tədbir keçirilmişdir.

14 iyun 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya (DVB-T) yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ümumrespublika televiziya yayımçılarının texniki sahə üzrə məsul şəxslərinin iştirakı ilə teleradio yayımçılarının rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçidə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçilməsi üzrə zəruri tədbirlərin görüldüyü vurğulanmış, teleradio yayımçılarının rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçidə hazır olduqları müəyyən edilmiş və 2011-ci ilin rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçid üçün əlverişli olduğu müəyyənləşdirilmişdir. Tədbirdə həmçinin Milli Televiziya və Radio Şurası tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına rəqəmli televiziya (DVB-T) yayım sisteminin tətbiqinə hazır olmalarına və rəqəmli televiziya (DVB-T) yayım sistemini dəstəkləməyən televizorların alınmamasına, sahibkarlara isə respublikaya gətirilən televizorların yalnız rəqəmli televiziya (DVB-T) yayım sistemini dəstəkləməsinə və ona uyğun olmasına diqqət ayırmalarına dair müraciət səsləndirilmiş, bu sahədə təbliğat işinin aparılmasının vacibliyi vurğulanmışdır.