Milli Televiziya və Radio Şurası "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul etmişdir.

28 dekabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "Baku Art Lab" MMC, "Türkel TV" MMC, "Media Master" MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilmişdir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilmişdir.

İclasda, həmçinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "AZTV" və "Mədəniyyət TV" kanallarının 01 yanvar 2018-ci il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli (HD formatında) rəqəmsal yayıma başlaması barədə qərar qəbul edilmişdir.