• “Naxçıvanın səsi” radiosu

    “Naxçıvanın səsi” radiosu

    (Naxçıvan Muxtar Respublikası)

                “Naxçıvanın  səsi”  radiosu  müstəqilliyimizin  bərpası  və  ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə  qayıdışından  sonra  ölkədə  kütləvi  informasiya  vasitələrinin  inkişafına  göstərilən  dövlət  qayğısının  nəticəsində  yaranmışdır.  Radionun ilk sədaları 2001-ci ilin sentyabr ayının 19-da eşidilməyə  başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində  və şəhərətrafı kəndlərdə yayımlanmışdır. Lakin blokada şəraitində  olan muxtar respublikada əhalinin belə bir radioya olan təlabatı və  marağı, bu istiqamətdə daha bir addım atmaq zərurəti yaratmışdır.  Belə ki, 2001-ci il oktyabrın 18-də, yəni Dövlət Müstəqilliyi günündə Duzdağ  və  İbadulla  Radio-Televiziya  Ötürücü  Stansiyalarında  vericilər  quraşdırılaraq,  əhaliyə  bayram  hədiyyəsi  edilmişdir.  Quruculuq  işləri  davam  etdirilərək,  vericilərin  işə  düşməsindən sonra radioyayım 106 FM tezliyində Babək, Şərur, Ordubad, Culfa  rayonlarında yayımlanmağa başlamışdır. Radioyayımın keyfıyyətini  yüksəltmək və əhatə dairəsini genişləndirmək məqsədilə Ordubad rayonu ərazisində yerləşən 2600 metr yüksəklikdə olan “Soyuq dağ” adlı nöqtədə 15 metr hündürlüyündə qüllə, ildırımötürücü qurğular,  yüksək gücə malik kəsintisiz cərəyan mənbəyi ilə təchiz edilmiş ötürücü stansiya quraşdırılmışdır. Nəhayət, bu stansiya 30 avqust 2004-cü  ildə  istifadəyə  verilmişdir.  Stansiyanın  işə  düşməsindən sonra  “Naxçıvanın  səsi”  radiosunun  yayımı  əvvəlki  tezliklərə  əlavə olaraq 96 FM tezliyində MR-in ən ucqar dağlıq ərzilərinə ötürülmüşdür.  6  sentyabr  2004-cü  ildə  isə  əlavə  olaraq  Sədərək rayonu ərazisində quraşdırılan ötürücü vasitəsilə “Naxçıvanın səsi”  radiosunu  rayon  ərazisində  tam  dinləmək  imkanı  yaranmışdır. Hərtərəfli maddi-texniki baza ilə təmin olunan “Naxçıvanın səsi” radiosu sonrakı illərdə fəaliyyətini daha da genişləndirərək qlobal internet  şəbəkəsinə  qoşulmuşdur  ki,  bu  da  müasir  radio  yayımı  üçün ən əsas amillərdən biridir. “Naxçıvanın səsi” radiosu 2004-cü  il  dekabr  ayının  15-dən  etibarən  Naxçıvan  MR  Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzinin  nəzdində  fəaliyyətini  davam  etdirməyə  başlamışdır.  Fəaliyyətə  başladığı  ilk  vaxtlardan  radionun  əsas  məramı  və  məqsədi dinləyicilərini məlumatlandırmaq, maarifləndirmək, milli  musiqilərimizin  müşayiəti  ilə  rəngarəng  və  maraqlı  verilişləri  efırə təqdim etmək olmuşdur. Dinləyici marağını hər zaman öndə tutan  radio  xalqımızın  qədim  adət-ənənələrini,  folklorunu,  milli-mənəvi  dəyərlərini  təbliğ  etməklə  yanaşı,  həm  də  müasir  elmi, texnoloji yenilikləri də dinləyicilərinə çatdırır. Radionun maraqlı  və rəngarəng proqramlarla efır təminatında radio arxivinin böyük  əhəmiyyəti vardır. Yayıma başladığı günlərdən yaradılan arxivdə  verilişlər, eləcə də müxtəlif mahnı və musiqilər həm kompüter, həm də DVD formatında qorunub saxlanılır ki, bu da illər ərzində kifayət  qədər geniş bir arxivin formalaşmasına gətirib çıxarmışdır. 2008-ci ilin yanvar ayının 1-dən isə “Naxçıvanın səsi” radiosu ümummilli lider  Heydər  Əliyevin  siyasi  fəaliyyətinin  35  illiyi  münasibətilə  yaradılmış “Kanal- 35” Televiziyası ilə birləşərək vahid idarəetmə  sisteminə  keçmişdir.  Bu  tarixdən  etibarən  radio  öz  fəaliyyətini  mütəmadi  olaraq  “Kanal  35”  Televiziyası  ilə  əlaqələndirir.  Bu  əlaqələr  dublyaj  redaksiyasının  fəaliyyətində  özünü  daha  çox  büruzə verir. Dublyaj olunacaq fılmlərin səsləndirilməsində də məhz  “Naxçıvanın səsi” radiosunun aparıcılarının səsindən istifadə olunur.  Bundan əlavə radionun səsyazma studiyasında müxtəlif verilişlərin  və  radiotamaşaların  hazırlanması  prosesi  də  həyata  keçirilir.  Bu  lisenziya “Naxçıvanın səsi” radiosuna olan dövlət qayğısını bir daha  ifadə edir. Bu gün yaradılan imkanlar, yüksək keyfıyyətli və elmi-texniki tərəqqinin nailiyyətlərinə əsaslanan avadanlıqlarla təminat  radionun bu məsuliyyətli işin öhdəsindən bacarıqla gələcəyinə geniş  yollar açır. Radionun kollektivi də öz fəaliyyətləri ilə sürətli inkişaf  yollarında tərəqqiyə doğru addımlayan Naxçıvanın səsini daha səylə  yaymağa çalışırlar.

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının  31  iyul  2008–ci  il  tarixli  qərarı  ilə  “Naxçıvanın  səsi”  radiosuna  xüsusi razılıq (lisenziya) verilmişdir.

    “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilmişdir.

    Ünvan: Naxçıvan şəhəri,

    11­ci məhəllə RTÖM binası

    Tel: (0136) 440427

    İnternet ünvanı: http://www.kanal35.tv

     

Yuxarı ^