• Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilmişdir.

     

    İclasda işğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayım infrastrukturunun bərpası işlərindəki son durum və həmin ərazilərdə televiziya və radio yayımının təşkili məsələsi müzakirə olunmuşdur.

    “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssislərinin işğaldan azad olunmuş ərazilərdə teleradio yayımı infrastrukturunun bərpasının hazırki vəziyyəti barədə Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinə məlumatı dinlənilmişdir.

    Müzakirələrdən sonra Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Radio Televiziya Yayım Stansiyaları (RTYS) vasitəsilə ölkə üzrə sosial (açıq) paketdə olan televiziya kanallarının və 3 ümumölkə radio kanalının (Azərbaycan Radiosu, İctimai Radio və ASAN Radio) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərarlar qəbul edilmişdir. İclasda bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə digər ümumölkə radio kanallarının da həmin ərazilərdə yayımının təşkili nəzərə alınacaqdır.

    İclasda həmçinin “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə də baxılmışdır. Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC Televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul etmişdir.

Yuxarı ^