• Milli Televiziya və Radio Şurasının bəyanatı

    İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olmuş, bir neçə hərbçisi isə yaralanmışdır. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilmişdir.

    Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik etmiş, yayımdan musiqili və əyləncəli verilişləri çıxarmışlar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq bəzi kanallarda isə bu proses növbəti gün həyata keçirilmişdir.

    Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını  dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

    Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!

Yuxarı ^