• Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

    Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  

    Nəticədə Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramının – Azərbaycan radiosu, “İctimai” FM, “Araz” FM, “Radio Anten”, “Lider” FM, “Space” FM, “Media” FM, “Xəzər” FM, “Radio Qrup” şirkəti, “Avto Radio” FM, “Asan” FM, “Azad Azərbaycan” FM-in rəqəmli test yayımına başlanıb. Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda yayımlanan analoq radio ilə paralel yayımlanır. Gələcəkdə Azərbaycanda DAB+ standartını dəstəkləyən radioqəbuledicilərin istifadəsi geniş yayılarsa, bölgələrdə də rəqəmli radio yayımlana bilər.

    Qeyd edək ki, rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio proqramların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür. Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir. Eyni zamanda, bu növ yayımın qəbuledicinin yerləşdiyi  avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosiqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur.

    Məlumat üçün onu da bildirək ki, rəqəmli radionu məişət və avtomobillərdə qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuledicilər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə DAB+ standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq proqram təminatı yükləməklə rəqəmli radionu qəbul etmək mümkündür.

    https://teleradio.az/bakida-v%c9%99-abseron-yarimadasi-%c9%99razisind%c9%99-r%c9%99q%c9%99mli-radionun-test-yayimi-ugurla-n%c9%99tic%c9%99l%c9%99nib/

Yuxarı ^