• Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Media və İnformasiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 7-ci toplantısı öz işinə başlayıb.

    Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Media və İnformasiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 7-ci toplantısı öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin-Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın İnformasiya və Media üzrə yüksək vəzifəli rəsmiləri, milli ictimai televiziya kanallarının  məsul şəxsləri iştirak edirlər.Toplantıda Türk Şurasının üzv dövlətləri arasında Media və İnformasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, Beynəlxalq Türkdilli Xəbər Kanalının təsis edilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və yeri müzakirə ediləcək.

    Sabah isə Türk Şurasının İnformasiya və Media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçiriləcək. Bu toplantıda isə ikitərəfli görüşlər keçiriləcək, gündəlikdə olan məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanacaq.

Yuxarı ^