• Əliyeva Telli Pənah qızı

    24 may 1954-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Vedibasar rayonunda anadan olub. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

    T.P.Əliyeva 1977-1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçı, 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri,  1995-1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.

    T.P.Əliyeva 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.

    T.P.Əliyeva 2006-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Həmçinin, müxtəlif illərdə “Qızıl qələm”, “H.B.Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görülmüşdür. “Ali Media” mükafatı laureatıdır.

    T.P.Əliyeva 3-ü şeir, 7-si publisistik əsər olmaqla 10 kitab müəllifidir. 

Yuxarı ^