• "Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq qərara alıram:

    1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

     

     

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 yanvar 2019-cu il.

Yuxarı ^