• Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı

    Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur. Bu, bizim seçimimiz, bizim istəyimiz, bizim iradəmizdir.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti


    “Əkinçi” ənənələri ilə həyata qədəm qoyan, “Molla Nəsrəddin” ənənələri ilə mübarizləşən Azərbaycan milli mətbuatı çox keşməkeşli, həm də son dərəcə şərəfli bir tarixi inkişaf yolu keçib. Təbiidir ki, bu yol heç də həmişə rəvan olmayıb. Əslində, həmişə və bütün ölkələrdə mətbuatın missiyası da elə cəmiyyəti düşündürən, narahat edən problemləri gündəmə gətirmək, onların həlli yollarını aramaq və ən başlıcası, hökumətin və geniş ictimaiyyətin diqqətini bu sahəyə səfərbər etmək olub. Bu mənada mətbuat həmişə tərəqqi və inkişafa yardımçı, ətalət, cəhalət, mühafizəkarlıq, meşşanlıq, sui-istifadə, mənimsəmə və insanları düşündürən, narahat edən digər hallara qarşı mübariz olub. Əlbəttə, söhbət normal və sağlam mətbuatdan gedir.

    Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də ötən əsrin 70-80-ci illərində cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılmaqla ictimailəşdirilirdi. Ölkə həyatının müxtəlif sahələrində kök salan neqativ hallar, cinayətkar şəbəkələr birbaşa respublika rəhbərliyinin nəzarətində olan rəsmi mətbuatın çox ciddi tənqid hədəfinə alınırdı. Ulu öndər özu bu barədə deyirdi: “Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat – kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik”.

    Təbiidir ki, mətbuat və televiziyanın qaldırdığı problemlər də Heydər Əliyevin diqqətindən yayınmırdı. Yaxşı xatirimdədir, o illərdə Azərbaycan Dövlət televiziyasında efirə gedən tənqidi materialların, “Kommunist”, “Bakı”, “Azərbaycan gəncləri” və “Bakinski raboçi” qəzetlərində dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyəti birbaşa Mərkəzi Komitə səviyyəsində müzakirə edilərək müvafiq qərarlar qəbul olunurdu.

    Heydər Əliyev dövrünün böyük siyasətçisi idi. Adətən, belə insanlar öz hiss və həyəcanlarını çox zaman büruzə vermirlər. Amma onunla bir yerdə işləyən və onu yaxından tanıyan insanlar çox yaxşı bilirlər ki, ulu öndər mətbuatla, jurnalistlərlə nə qədər səmimi idi. O, sözün tam mənasında, mətbuat üçün açıq adam idi. Yəni, o, mətbuata hər şeyi deyirdi və mətbuatın qaldırdığı problemlərə də həssaslıqla yanaşırdı. Hələ 70-ci illərdə “Literaturnaya qazeta”da “Qoy, ədalət zəfər çalsın” başlığı altında dərc olunmuş müsahibəni yada salın. Heydər Əliyev həmin müsahibəsi ilə, əslində, SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq müharibə elan etmişdi. Əlbəttə, dünyaya qapalı olan bir ölkədə, özü də dövlətin rəhbərlərindən birinin dilindən cəmiyyətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması o dövr üçün son dərəcə riskli addım idi. Təbiidir ki, o zaman SSRİ rəhbərləri arasında Heydər Əliyevdən savayı, heç kəs bunu edə bilməzdi. Həmin müsahibədən sonra mətbuatda cəmiyyətin, az qala, bütün təbəqələrini əhatə edən çox geniş müzakirələr oldu. SSRİ-nin demək olar ki, bütün regionlarının sakinləri bu müzakirələrə qoşuldu. O da məlumdur ki, həmin məsələ ilə bağlı həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı görünən və görünməyən qüvvələr tərəfindən çox ciddi təzyiqlər oldu. Amma bütün bunlar Azərbaycanın Heydər Əliyev tərəfindən müəyyən edilən və idarə olunan mənəvi-siyasi kursunu dəyişə bilmədi. Əksinə, ulu öndər ölkədə sosial-mənəvi mühiti sağlamlaşdırmaq naminə daha ciddi addımlar atdı. “Literaturnaya qazeta”ya müsahibəsindən az sonra bilavasitə mənəviyyat məsələlərinin müzakirəsinə həsr olunan ümumrespublika müşavirəsində siyasi sistemin mahiyyətindən irəli gələn hər cür çatışmazlıq və eybəcərliklər geniş müzakirə predmetinə çevrilərək, kəskin tənqid atəşinə tutuldu, vəziyyəti sağlamlaşdırmaq məqsədilə müvafiq tədbirlər planı təsdiq olundu.

    Mətbuatın tənqid etdiyi ünvanlar, bir qayda olaraq, respublika rəhbərliyi səviyyəsində çox kəskin və hərtərəfli müzakirə predmetinə çevrilirdi. Nəticədə günahkarlar cəzalandırılır, dəymiş ziyan ödənilir və gələcəkdə bir daha analoji hallar baş verməsin deyə, müvafiq tapşırıq və tövsiyələr verilirdi. Buna misal olaraq, Göyçay rayonunda çıxan “Yeni həyat” qəzeti ilə bağlı Azərbaycan KP MK qərarını yada salmaq yerinə düşər. Baş vermiş olayın qısa məzmunu belə idi: Yerli qəzet pambıqçılıq sahəsində yol verilmiş nöqsanlarla bağlı tənqidi yazı dərc edib. Rayon partiya komitəsi rəhbərliyinin tapşırığı ilə qəzetin həmin tirajı bütünlüklə yığışdırılaraq yayılmasının qarşısı alınıb. Hadisə barədə Heydər Əliyevə məruzə olunanda isə o, məsələnin dərhal Mərkəzi Komitənin növbəti büro iclasına çıxarılması barədə tapşırıq verib. Bir neçə gün sonra baş tutan büro iclasında isə həmin hərəkətlərinə görə Göyçay Rayon Partiya Komitəsinin katibləri və büro üzvləri çox ciddi qaydada cəzalandırılıb. Mərkəzi Komitənin bu qərarı, əslində, Azərbaycanda mətbuat üçün qapalı sahə olmadığına dair respublika rəhbərliyi və şəxsən Mərkəzi Komitənin I katibi Heydər Əliyev tərəfindən verilmiş rəsmi mesaj idi. Bu, hər yerdə və hər zaman şəffaf işləməli, nöqsanlara, sui-istifadə və təsərrüfatsızlıq hallarına qarşı barışmaz mövqe tutmalı olan partiya, təsərrüfat və dövlət orqanlarına, həmin orqanların rəhbərlərinə ünvanlanmış mesaj idi.

    Şəxsi nümunənin təsir gücü hər yerdə və hər zaman böyük olub. Bu mənada Heydər Əliyev nümunəsinin təsir gücü xüsusilə əvəzsizdir. Məsələn, 70-80-ci illərdə məhz ulu öndərin şəxsi diqqət və qayğısı vəzifəsinin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün məmur korpusunun mətbuata və mətbuat sahəsində çalışanlara münasibətində bir növ etalona çevrilmişdi. Bu cür isti münasibətin nəticəsidir ki, o illərdə Azərbaycanda xeyli jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə Azərbaycan jurnalistlərinin böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində yetişərək, püxtələşərək, sözün əsl mənasında, peşəkarlıq zirvəsinə ucaldılar.

    Təəssüf ki, sonralar həmin kadrlardan Heydər Əliyevə qarşı dönük çıxanlar da oldu. Amma ulu öndər 1993-cü ildə siyasi hakimiyyətə döndükdən sonra da həmin insanlara qayğıkeş münasibət göstərməkdə davam etdi. Təsəvvür edin, Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışının mətnini çap etməkdən qəti surətdə imtina edən redaktor sonradan Əməkdar jurnalist oldu, ömürlük Prezident təqaüdünə layiq bilindi və s.

    80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkədə anarxiya, hərc-mərclik və özbaşınalıq baş alıb getdiyi dövrdə birbaşa Moskvanın ssenarisi əsasında Heydər Əliyev şəxsiyyətinə qarşı çox çirkin “piar” kampaniyası aparılırdı. Lakin ömrü boyu yalnız böyük və müqəddəs amallar uğrunda mübarizə apardığından cılız insanların sifarişi və təşkilatçılığı ilə mətbuata çıxarılan qərəzli yazılara o, özü əsla reaksiya vermirdi. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən muxtar respublikanın Nazirlər Sovetinin sədri, hazırda isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Şəmsəddin Xanbabayevin tez-tez xatırladığı bir əhvalat bu baxımdan çox ibrətamizdir:

    – Blokada şəraitində yaşayan Naxçıvana hər tərəfdən çox ciddi təzyiqlər vardı. Əvvəlcə Mütəllibovun qoçuları, ardınca isə Xalq Cəbhəsi və onun ətrafında cəmləşən səbatsız ünsürlər Naxçıvanı və onun rəhbərliyini  gözdən salmaq məqsədilə ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirdilər. Ulu öndərin şəxsiyyəti və əməli fəaliyyəti ilə bağlı ayrı-ayrı mətbuat orqanlarının sifarişlə hazırladığı qərəzli və böhtan xarakterli yazıları xüsusi olaraq qeyd etmək istərdim. Lakin Heydər Əliyevin nüfuzu, hörməti və Naxçıvan əhalisi tərəfindən etibarlı şəkildə müdafiəsi həmin qüvvələrə öz çirkin planlarını reallaşdırmağa imkan vermirdi. Hamımız yaxşı bilirdik ki, maraqlı, tutarlı, ədalətli və obyektiv yazıları həvəslə oxuyan ulu öndər özü sifarişlə yazılan qəzet cızmaqaralarına əsla əhəmiyyət vermirdi. Lakin qəzetlərdən birinin növbəti yazısında artıq bütün hədlər aşıldığından  Heydər Əliyev komandasının digər üzvləri kimi, mən də daha dözə bilmədim. Necə deyərlər, elə başı alovlu vəziyyətdə qəbuluna getdim. Kabinetinə daxil olan kimi, adəti üzrə, görülən işlər və əvvəllər verdiyi tapşırıqların icrası ətrafında söhbət etdi. Tövsiyə və iradlarını bildirdi. Bəzi yeni tapşırıqlar verdi. Söhbətimizin sonunda yerindən qalxaraq gülümsəyə-gülümsəyə: “Şəmsəddin, sən də nə isə demək istəyirdin? – deyərək mənə yaxınlaşdı. Bayaqdan bəri bükərək əlimdə saxladığım o bədnam qəzeti açaraq dedim: – “Lap ağ edirlər, icazə verin, mən özüm onlarla məşğul olum”. Ulu öndər sanki heç nə olmayıbmış kimi: “Axı hamınıza demişəm, belə şeylərə əhəmiyyət verməyin, get işlərinlə məşğul ol!”, – deyərək, növbəti dəfə məni beləcə xoş əhvalla yola saldı.

    Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrların sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması – bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

    Heydər Əliyevin mətbuata isti münasibəti Azərbaycandan kənarda yaşayan və işləyən media mənsublarına da çox yaxşı bəlli idi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrini, tanınmış şirkət və agentlikləri təmsil edən  tanınmış qəzet və televiziya müxbirləri hər zaman onunla görüşməyə, ondan müsahibə almağa böyük maraq göstərirdilər. Təsadüfi deyildir ki, həm Azərbaycan, həm də SSRİ rəhbərliyi tərəfindən ona qarşı güclü təzyiqlər olduğu dövrdə belə bir çox xarici ölkə jurnalistləri hər cür maneələri dəf edərək, çətinliklə də olsa, Heydər Əliyevlə görüşmək, ondan müsahibə almaq üçün Naxçıvana gedirdilər.

    Mətbuat və teleradio siyasəti sahəsindəki uğurlardan bəhs edərkən bu sahənin fəaliyyətinin Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq tənzimlənməsi və beynəlxalq standartların tətbiq olunması istiqamətində görülmüş işlərin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Təbiidir ki, bu işə müvafiq qanunvericilik bazası yaradılması ilə başlanıldı. İlkin olaraq, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2002-ci ildə “Televiziya və radio yayımı haqqında”, 2004-cü ildə isə “İctimai televiziya yayımı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu. 2002-ci ilin oktyabrında ölkə Prezidenti tərəfindən “Milli Televiziya və Radio Şurası haqqında” Əsasnamə təsdiq edildi. 2003-cü ildə isə Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası fəaliyyətə başladı.

    Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər, az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal dərc olunur. İndi isə, hətta aidiyyatı orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın. Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstliyindən sui-istifadə edərək ondan dövlətə, hakimiyyətə və sağlam qüvvələrə qarşı qara piar vasitəsi kimi istifadə etməyə çalışırlar. Bəli, bu, danılmaz həqiqətdir ki, Azərbaycanda nəşr olunan bəzi mətbuat orqanları gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan, çağırış və şüarları kütlə tərəfindən gülüş və istehza ilə qarşılanan, beləliklə də sosial bazasını tam şəkildə itirmiş olan üzdəniraq müxalifət bu gün, sadəcə ayrı-ayrı mətbuat orqanlarının kölgəsinə qısılaraq, süni görüntü yaratmaqla məşğuldur. Bu, əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə müxalifət mətbuatının maliyyələşdirilməsinə yönəldilir.

    Son vaxtlar xidməti işimlə bağlı istər Azərbaycanda, istərsə də xaricdə media problemlərinə dair keçirilən görüş və tədbirlərdə tez-tez iştirak etməli oluram. Etiraf edim ki, Azərbaycan müxalifətinin və ona xidmət edən üzdəniraq media təmsilçilərinin iç üzü həmin görüş və tədbirlərdə daha aydın görünür. Özümüzünkülərin və onların “təlimatlandırdığı” əcnəbi əlaltıların Azərbaycan həqiqətlərinin təhrifi üzərində qurulan, heç bir məntiq və faktlara əsaslanmayan “irad” və “tövsiyə”lərini dinlədikcə, adamı təəcüb bürüyür. Axı, bu qədər də yalan və böhtan olar?! Görülən işləri, əldə olunan uğurları axı, necə danmaq olar?!

    Azərbaycanda mətbuatın mövcud durumu üçün canıyananlar qoy, bilsinlər ki, bəli, bizim digər sahələrdə olduğu kimi, jurnalistika ilə bağlı da çox ciddi problemlərimiz var. Təsəvvür edin, işğal olunmuş rayonlarımızın hər birində ən azı bir qəzet və bir radio fəaliyyət göstərirdi. Onların da hər birində onlarca jurnalist, naşir və texniki işçi çalışırdı. Qarabağ müharibəsi zamanı o insanların bir qismi həlak oldu, bir qismi itkin düşdü, bir qismi də əlil oldu. Onların ailələri böyük facilələrlə üzləşdi və bu güzəran hələ də davam etməkdədir. Azərbaycanın digər bölgələrindən olan və Qarabağ döyüşlərində həlak olmuş yüzlərlə qələm sahibinin adı da bu siyahıya əlavə olunmalıdır. Onlar məgər jurnalist deyil?! Nə əcəb, onlara qarşı törədilmiş vəhşikliklər barədə danışan yoxdur?! Təkcə Azərbaycan jurnalistləri deyil, bütövlükdə, dünya jurnalistləri tərəfindən Qarabağ həqiqətləri ilə bağlı həyəcanla, ürək ağrısı və göz yaşları ilə qələmə alınan çağırışlar beynəlxalq aləmdə söz sahibi olan o mötəbər dairələr tərəfindən nə əcəb qulaq ardına vurulmaqdadır?! Məgər neçə  illərdən bəri Qarabağ həqiqətlərini dünyaya car çəkən, elə həmin dünyadan ədalət uman o insanlar jurnalist deyil?!

    Dövlətin teleradio siyasəti sahəsindəki uğurlarının miqyasını təsəvvürə gətirmək üçün təkcə onu yada salmaq kifayətdir ki, lap yaxın keçmişdə cəmi bir televiziya və bir radiosu olan Azərbaycanın televiziya məkanında bu gün 10 ölkə yayımçısı və 13 regional yayımçı fəaliyyət göstərir. Hər gün ümumölkə yayımçısı olan 10, regional yayımçı olan 3 radio fərqli proqramlarla efirə çıxır. Hazırda 17 şirkət kabel televiziya şəbəkəsi yaratmaqla əhaliyə xidmət göstərməkdədir. Bu şirkətlərin xidməti sayəsində hər gün Azərbaycan telekanallarının verlişləri ilə yanaşı, yüzlərlə xarici ölkə telekanalının proqramları retranslyasiya edilərək, ölkə ictimaiyyətinə çatdırılır. Son zamanlar MMC qismində fəaliyyət göstərən 16 hüquqi şəxs də İP televiziyası yaratmaq məqsədilə lisenziya (xüsusi razılıq) alaraq teleradio yayımçıları ailəsinə qoşulmuşdur.

    Bu yığcam statistikanın arxasında duran reallıqları şərh etməyə ehtiyac varmı? Bilirsiniz, bu, nə qədər yeni iş yeri və nə qədər sərmayə qoyuluşu deməkdir?! Fikrimizcə, heç bir normal düşüncə sahibi deyə bilməz ki, bütün bunlar Azərbaycan üçün azdır. Ən azı ona görə ki, əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkəsindən öndədir.

    Sevindirici haldır ki, telekanalların əksəriyyəti maliyyə imkanları artdıqca, maddi-texniki bazanın təzələnməsi, müasirləşdirilməsi, işçilərin əmək haqqının yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də fəal tədbirlər görülməkdədir.

    Teleradio Şurasının fəaliyyətə başladığı ilk vaxtlarda yayımçıların dövlət dilindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə lazımınca əməl etməməsi qarşılaşdığımız ən ciddi problemlərdən biri idi. Təsəvvür edin, o dönəmdə dövlət dilində olan verilişlər telekanalların ümumi efir vaxtının cəmi 35-40 faizini təşkil edirdi. Bunu nəzərə alaraq 2003-cü ilin iyununda şura tərəfindən “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar” tətbiq olundu. Xüsusi qaydalara görə, teleradio yayımçıları öz verilişlərinin minimum 75 faizini dövlət dilində yayımlamalı idilər. Təbiidir ki, ilk vaxtlar bəzi telekanallar üçün bu vəzifənin öhdəsindən gəlmək o qədər də asan olmadı. Amma tədricən hər kəs öz fəaliyyətini yeni tələblərə uyğun qurmalı oldu. Qanun pozuntusuna yol verənlər isə inzibati qaydada cəzalandırıldı. Şuranın 11 yanvar 2008-ci il tarixli qərarı ilə isə bəzi istisnalar nəzərə alınmaqla verilişlərin tam həcmdə dövlət dilində olması vəzifəsi qarşıya qoyuldu. Əlbəttə, 200 ilə yaxın bir dövr ərzində Rusiya imperiyasının və rus dilinin rəsmi dövlət dili olduğu Sovet İttifaqının tərkibində olmuş Azərbaycanda az bir müddət ərzində belə köklü dəyişikliklərə nail olmaq o qədər asan məsələ deyildi: Yəni, cəmiyyətin, kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radioların yeni şəraitə və yeni tələblərə adaptasiya olması üçün zamana ehtiyac vardı.

    Azərbaycan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşları, habelə nizamnamə kapitalı xarici ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslər Azərbaycan Respublikası ərazisində televiziya və ya radio yayımçısı ola bilməzlər. Məhz bu səbəbdən Teleradio Şurasının qərarı ilə 2007-ci ildə Türkiyənin “Kanal D”, “STV”, Rusiyanın “ORT” və “RTR” telekanallarının, habelə “Radio Frans” və “Radio Rossiya”nın Azərbaycanın milli tezliklərində yayımı dayandırıldı. 2008-ci ilin ortalarında isə xüsusi razılıq (lisenziya) müddətləri başa çatan “Azadlıq”, “Amerikanın səsi” və “Bi-Bi-Si” radiostansiyaları yayımının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsi gündəmə gəldi və nəhayət, 2009-cu il tarixdən etibarən həmin radiostansiyaların da Azərbaycanın milli tezliklərində yayımı dayandırıldı. Beləliklə, teleradio yayımı sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin xarici ölkə yayımçıları ilə bağlı tələblərinə tam mənada əməl olundu. O vaxtdan etibarən digər teleradio yayımçıları kimi, “Azadlıq”, “Amerikanın səsi” və “Bi-Bi-Si” radiostansiyalarının da Azərbaycan Respublikası ərazisində yayımı milli teziklərdə deyil, dünyanın bütün sivil ölkələrində olduğu kimi, peyk, kabel şəbəkəsi və internet vasitəsilə həyata keçirilməyə başlanıldı.

    İctimaiyyətə bəlli olduğu kimi, ilk vaxtlar Teleradio Şurasının efir məkanında qayda-qanun yaratmaq cəhdləri bir sıra hallarda çox ciddi müqavimətlə rastlaşırdı. Bəzi telekanallar qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı şuranın tövsiyə və qərarlarına qarşı açıq-aşkar sayğısızlıq nümayiş etdirirdilər. Yeri gəlmişkən, jurnalistika sahəsində kifayət qədər təcrübəsi olan bir qələm əhli kimi belə bir məqamı xüsusi narahatlıq hissi ilə qeyd etmək istərdim ki, bəzi  iddialı və səriştəsiz media təmsilçiləri əllərinə qələm, mikrofon və ya kamera keçəndə tez çaşırlar. Əfsuslar olsun ki, müstəqil dövlət quruculuğu illərində tez-tez belə xoşagəlməz hallarla üzləşməli olduq. Bəziləri unudurlar ki, hansısa qəzetin, agentliyin, saytın, yaxud da hansısa televiziya və ya radionun əməkdaşı olmaq qanunlar qarşısında heç kəsə xüsusi üstünlük vermir. Hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan televiziyasına müsahibələrindən birində səsləndirmiş olduğu aşağıdakı fikirlər ən tutarlı cavabdır:

    – Adi vətəndaşdan tutmuş, dövlət başçısına qədər, adi jurnalistdən tutmuş, kanal rəhbərinə qədər hamı qanuna tabe olmalıdır. Qanun kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu qanundur, cəmiyyət, ölkə bu qanunlarla idarə olunur. Heç kim özünü qanundan üstün tuta bilməz. Bəzi hallarda müəyyən mətbuat orqanlarında belə bir fikr var ki, mətbuat nümayəndəsi olmaqla, jurnalist olmaqla, yaxud da mətbuat orqanının sahibi olmaqla hansısa xüsusi imtiyaz əldə edir. Bu belə deyil, hamı eyni olmalıdır. Dövlət qurumları var, Milli Televiziya və Radio Şurası var, onların haqlı iradları var, əsaslanmış təklifləri var və gərək hər bir mətbuat orqanı bunları təmin etsin.

    Minnətdarlıq hissi ilə deməliyəm ki, bu gün Azərbaycanda kütləvi informasiya vasitələri və bu sahədə çalışan insanlar dövlətin hərtərəfli dəstək və qayğısı ilə əhatə olunub. Təsəvvür edin, dünyada iqtisadi böhran tüğyan etdiyi bir vaxtda da Azərbaycan hakimiyyəti ayrı-ayrı mətbuat orqanlarını və televiziyaları tam olaraq dövlət büdcəsindən maliyyələşməkdə davam edir. Son illər çoxsaylı jurnalist kadrları ölkə Prezidentinin xüsusi sərəncanları ilə təltif olunub, onlara fəxri adlar, təqaüd və mükafatlar verilib. Cəmiyyətin daha çox məhz peşəkar jurnalist kimi tanıdığı çoxsaylı insanlar seçkili orqanlarda, müxtəlif dövlət orqanlarında olduqca məsul vəzifələrə irəli çəkilib. Milli mətbuatımızın yaranmasının 135 illiyi ərəfəsində ölkə prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə inşa edilmiş 156 mənzilli yaşayış evi jurnalistlərə verildi. Elə o zaman prezidentimiz tərəfindən jurnalistlər üçün ikinci bir yaşayış evinin tikilməsinə də qərar verildi. Budur, artıq ikinci yaşayış evinin də inşası başa çatıb. Bu isə o deməkdir ki, lap yaxın günlərdə daha 255 jurnalist ailəsi Prezidentimizin qayğısı sayəsində yeni mənzillərə köçəcəkdir. Xatırladaq ki, bu, dünyada jurnalist peşəsinə və əməyinə göstərilən analoqu olmayan humanist addımdır.

    Ölkəmizdə mediaya göstərilən dövlət qayğısından bəhs edərkən Prezident yanında “Kütləvi İnformasiya vasitələrinə Dövlət Dəstəyi Fondu”nun fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Hər kəsə yaxşı bəlli olduğu kimi, bu fond tərəfindən davamlı olaraq mətbuat orqanları və orada çalışan insanların əməyini stimullaşdırmaq məqsədilə bir-birindən daha maraqlı və aktual müsabiqələr keçirilir. Media orqanları və jurnalistlər bu yolla həm maddi, həm də mənəvi cəhətdən mükafatlandırılırlar.

    Təqdirəlayiq haldır ki, son illər ATV, Xəzər TV, Kəpəz TV, Yevlax TV, Şəki TV, Cənub TV, Xaçmaz TV, Dünya TV yeni binalarla təmin olunub. Bu gün Azərbaycanda fəaliyyət göstərən telekanalların və radioaların əksəriyyəti tam şəkildə müasir beynəlxalq standartlar səviyyəsində olan avadanlıqlarla işləyir. Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC-nin yaradılması və “Azərspace-1” peykinin orbitə çıxarılması isə Azərbaycan Respublikasının  teleradio yayımı sahəsində yeni, daha yüksək mərhələyə qədəm qoyduğunun göstəricisidir. Xatırladaq ki, “Azərspace-1” peykinin istifadəyə verilməsi ilə təkcə Azərbaycan deyil, bütövlükdə Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunu əhatə edən 50-dən çox ölkə etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-Home), səs, video və məlumatlar əldə etmək imkanı qazanıb. Azərbaycan MDB məkanında  birinci olaraq rəqəmsal yayıma keçilməsinə qərar verdi və  2016-cı ildə bu iş uğurla başa çatdırıldı. Xatırladaq ki, rəqəmsal yayıma keçilməsi nəticəsində
    telekanalların yayım keyfiyyəti əsaslı surətdə yaxşılaşmış oldu. Bununla da xarici telekanalların Azərbaycan telekanallarına məxsus tezliklərə maneçilik imkanları yoxa çıxmış oldu. Ölkəmizin istifadə edə biləcəyi sərbəst  tezliklərin sayı isə daha da artmaqla efir məkanımız üçün yeni imkanlar açılmış oldu.

    Bütün bunlar isə, ölkə Prezidenti İlham Əliyevin təbirincə desək, Azərbaycanda mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılmasına, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafına, jurnalist kadrların peşəkarlığının və məsuliyyətinin yüksəldilməsi naminə münbit şərait yaradılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə olan dövlət qayğısının bariz nümunəsidir.

    Hər dəfə media və dövlət münasibətləri barədə düşünəndə qeyri-ixtiyari olaraq, ulu öndər Heydər Əliyevin jurnalistlərə xitabən söyləmiş olduğu aşağıdakı səmimi sözlər yadıma düşür: “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun”. Azərbaycanda hər kəs etiraf edə bilər ki, ulu öndər həqiqətən də belə bir dostluğun olması üçün zamanında nə lazımdırsa etdi. Təqdirəlayiq haldır ki, ulu öndərin siyasi varisi olan, dövlət quruculuğunun bütün sahələrində onun məsləhət, tövsiyə və arzularını ardıcıl olaraq həyata keçirən möhtərəm cənab Prezidentimiz İlham Əliyev bu dostluğun qorunması, yaşadılması və daha da inkişaf etdirilməsi ənənəsini uğurla davam etdirməkdədir.

    Azərbaycanın yolu demokratiya yoludur. Bu yol Avropaya və sivil dünyaya inteqrasiya yoludur. Bununla belə, təkrar-təkrar bəyan etdiyimiz belə bir həqiqəti bu gün bir daha yada salmaq istəyirik ki, Azərbaycan demokratik dəyərləri müdafiə və inkişaf etdirməklə yanaşı, hüquqi dövlət quruculuğuna da böyük önəm verir. Bu isə qanunların aliliyini təmin etmədən mümkün deyil. Təcrübə göstərir ki, harada ki, qanunlar işləmir, orada anarxiya və xaos baş qaldırır. Çox istərdik ki, beynəlxalq təşkilatlar və onları təmsil edən ekspertlər də bütün bunları nəzərə alsınlar. Öz ölkələrinə, öz vətəndaşlarına rəva görmədiklərini Azərbaycana və azərbaycanlılara da rəva bilməsinlər. Nəzərə alsınlar ki, dövlətimizin media siyasətini müəyyən edən əsas qanunlarımızın, demək olar ki, hamısı məhz Avropa Şurası ekspertlərinin tövsiyələri əsasında hazırlanıb və mütəxəssislər tərəfindən hələlik Avropanın ən liberal qanunları hesab edilir.

    Bütün uğurlarımıza rəğmən bu gün Azərbaycan mətbuatında və teleradio efirində hər şeyin qaydasında olduğunu söyləmək ən azı sadəlövhlük olardı. Dana bilmərik ki, ayrı-ayrı qəzetlərin mövqeyindən, teleradio yayımçılarının proqram siyasətindən, bəzi televiziya verilişlərin keyfiyyətindən və tematikasından oxucu, tamaşaçı və dinləyici gileyi yetərincədir. Xüsusilə də xalqımıza məxsus qədim və zəngin tarixi olan milli-mənəvi dəyərlərin təbliğinə yönələn yazıların və efir fəaliyyətinin miqyasından və keyfiyyətindən narazılıq çoxdur. Amma ədalət naminə onu da etiraf etməliyik ki, aktual və dəyərli jurnalist yazıları, bir-birindən maraqlı və geniş tamaşaçı auditoriyasının rəgbətini qazanan belə layihələr də az deyil.

    Bu, bir həqiqətdir ki, Azərbaycan mətbuatı da, televiziyalar və radiolar da gündəlik həyatda nəyi görür, onu qələmə alır, onu göstərir, ondan söhbət açır. Bununla da həmin informasiya vasitələri, əslində, cəmiyyətin aynası olmaq funksiyasını icra edir. Əgər istəyiriksə bu aynada hər şey yaxşı görünsün, onda çalışmalıyıq ki, cəmiyyətin özündə, həyat və fəaliyyətimizin bütün sahələrində hər şey arzu edilən səviyyədə olsun.

    Qafar Cəbiyev,
    Milli Televiziya və Radio Şurası sədrinin müavini,
    tarix elmləri doktoru,
     Əməkdar jurnalist

    Xalq qəzeti

Yuxarı ^