• "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında

     

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

    FƏRMANI

     

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Lisenziyalaşdırma Qaydası” təsdiq edilsin (əlavə №1).
    2. “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №2).
    3. “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №3).
    4. “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilsin (əlavə №4).

    5. Müəyyən edilsin ki:

    5.1. bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir;

    5.2. bu Fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.
    6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    6.1. lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    6.2. lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    6.3. bu Fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    6.4. radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    6.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    6.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    6.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    6.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    7. Bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etsinlər.

    8. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron lisenziya” portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    10. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı 8-ci hissəsi istisna olmaqla, ləğv edilsin.

     

    Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri

     

                                                                                 Əlavə № 2

    8.

    Teleradio yayımı fəaliyyəti:

     

    8.1.

    ümumrespublika televiziya yayımı

    5500

    8.2.

    Bakı şəhəri üzrə televiziya yayımı

    2250

    8.3.

    regional televiziya yayımı

    1500

    8.4.

    ümumrespublika radio yayımı

    2500

    8.5.

    Bakı şəhəri üzrə radio yayımı

    1250

    8.6.

    regional radio yayımı

    500

    8.7.

    əlavə informasiya yayımı

    500

    8.8.

    abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı

    1500

    8.9.

    abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı

    2500

    8.10.

    peyk yayımı

    500

    8.11.

    xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət

    500

     

     

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 dekabr 2015-ci il.

     

     

     

     

Yuxarı ^