• Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığıəks etdirən proqramlar üçün xüsusi QAYDALAR

    Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli 3 saylı iclas qərarı ilə təsdiq edilmişdir

    Bu Qaydalar "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11.5.3.-cü və 33-cü maddələrinə, "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.16.-cı bəndinə uyğun olaraq hazırlanmışdır və uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramlar üçün vahid standartlar müəyyən edir.

    Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramlar və səhnələr - uşaqlar və yetkinlik yaşına çatmayanların fiziki, əqli və  mənəvi  inkişafına ziyan vura  bilən proqram və səhnələrin müəyyən vaxtda qadağan olunması.

    Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların və səhnələrın saat 7.00-dan saat 23.00-dək yayımlanmasına yol verilmir.
     
    I. PROQRAMLAR ÜÇÜN NƏZƏRDƏ TUTULAN TƏLƏBLƏR

    1.Uşaqların və yetkinlik yaşına çatmayanların maraqlarının qorunması məqsədilə teleradio yayımçıları aşağıdakı tələblərə əməl etməlidirlər:

    1.1.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anonsunda, eləcə də, yayımdan əvvəl bu barədə mütləq məlumat verilməlidir.

    1.2.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasının qadağan edildiyini bildirən xüsusi simvollar, yazılar yaxud proqramların xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır. 

    1.3.Yayımlanacaq verilişlərin nəşr və elan edildiyi proqramlarda göstərilmə vaxtı məhdudlaşdırılmış yayımlar xüsusi işarələrlə (kodlarla, simvollarla) təmin olunmalıdır.

    II.GÖSTƏRILMƏ VAXTI MƏHDUDLAŞDIRILMIŞ PROQRAMLAR VƏ SƏHNƏLƏR

    2.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqram və səhnələrə aşağıdakılar aid edilir:

    2.1.Əsas sujet xətti qəddarlıq və zorakılıq səhnələri ilə müşayiət olunan filmlər:

    Fiziki və ya psixi zorakılığın təsvirinin, sadizmin, vandalizmin və ya digər qəddarlıq səhnələrinin, əzab və xəsarət yetirmənin, şikəst edilmənin, ölmüş və ya qəddarlıqla öldürülmüş insan cəsədinin nümayiş etdirilməsinin ətraflı təsvir olunduğu filmlər;

    2.2.Qorxu və dəhşət filmləri:

    Okkult rituallarının, bəzi mistik təlimlərin, spiritizmin, qorxulu və dəhşətli məxluqların istifadə edildiyi səhnələrin olduğu filmlər;

    2.3.Tibbi əhəmiyyət kəsb edən, lakin insan psixikasına mənfi təsir edə bilən tibbi əməliyyatların açıq şəkildə göstərilməsi;

    2.4.Hipnoz səhnələrinin təsviri, efir vasitəsilə hipnoz etmə;

    2.5.Kriminal fəaliyyəti özündə əks etdirən təsvirlərin, özünə sui-qəsd, intihar, özünü şikəstetmə səhnələrinin və onların üsul və vasitələrinin ətraflı göstərildiyi bədii filmlər və proqramlar;

    2.6.Ölmüş və ya qəddarlıqla öldürülmüş insan cəsədinin ətraflı şəkildə nümayiş etdirildiyi informasiya xəbərləri;

    2.7.Erotik filmlər və proqramlar;

    Şəhvət hissinin oyadılması, cinsi əlaqə aktının nümayişi və ya digər seksual təminolunmaların, seksual mənsubiyyətin göstərildiyi film və proqramlar və seksual münasibətlərdən bəhs edən söhbətlər;

    2.8.Ədəbsiz ifadələrdən, sözlərdən və jestlərdən istifadə edilən tamaşalar və filmlər;

    Qeyd: Aşağıdakı audiovizual informasiyalar uşaqlara və yetkinlik yaşına çatmayanlara fiziki, əqli və mənəvi ziyan vura bilən kateqoriyalara aid edilmir:

    • hadisələrə, siyasi, sosial, dini məsələlərə həsr edildikdə və yalnız məlumat xarakteri daşıdıqda;
    • elm, incəsənət, həmçinin tədqiqat və təhsillə bağlı mühüm məlumatlara malik olduqda;
    • audiovizual informasiyanın yayımlanmasında ictimai maraqlar olduqda.

    III. MƏSULIYYƏT

    3.1.Bu Qaydaların teleradio yayımçıları tərəfindən pozulduğu və onlara riayət edilmədiyi təqdirdə Milli Televiziya və Radio Şurası aşağıdakı tədbirləri həyata keçirir:

    3.1.1.uşaqlara və yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərən audiovizual  informasiyalardan qorunmaq üçün teleradio yayımçılarını özünütənzimləməyə əsaslanmış könüllü öhdəliklər götürməyə sövq edir;

    3.1.2.bu Qaydaların pozulması və onlara riayət edilməməsinə dair məlumatları (iddiaları) yoxlayır.

    3.2.Yayımlanan audiovizual informasiyalarda yuxarıda qeyd olunan hallardan ən azı birinin qeydə alındığı halda Şura tərəfindən teleradio yayımçılarına qarşı aşağıdakı sanksiyalar tətbiq edilir:

    3.2.1.xəbərdarlıq edilir və bu barədə ictimaiyyətə məlumat verilir;

    3.2.2.cərimə sanksiyaları tətbiq edilir;

    3.2.3.xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti olaraq məhkəmə qaydasında dayandırılması barədə qərar qəbul edilir;

    3.2.4.xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qaydasında iddia qaldırılır.

Yuxarı ^