• Nuşirəvan Məhərrəmli qalibiyyət yolunda – Məğlub da ola bilər

    Nuşirəvan Məhərrəmli qalibiyyət yolunda – Məğlub da ola bilər



    A+  A-
     
    Ceyhun Musaoğlu




    Gəlin, bu məsələdə mövqe qoyaq. Jurnalistlər o vaxta qədər subyektiv mövqedən uzaq dayanmalıdırlar ki, hadisələrdə siyasi maraq var. İctimai maraq olan yerdə jurnalist birinci vətəndaşdır. Ekranlarına dəmir barmaqlıqlar asılmağına baxmayaraq, bütün evlərə sərbəst və təhlükəli şəkildə girib-çıxan televiziyaların başından "vor zakon" tacını götürməyin zamanı gəldi. Səlahiyyətləri artırılan kimi Milli Televiziya və Radio Şurası televiziyalarda hakimiyyətə gələn bayağı verilişlərin çevrilişinə start verdi. Açıq, sərt və şərəfli savaş başladı. Ona görə şərəfli ki, bu savaş cavab xarakterlidir, tamaşaçı təfəkkürünü işğaldan azad etməyə yönəlib. Ona görə sərt ki, işğalçılığa qarşı savaş açan tərəf bu məqamı illərdir gözləyib, uzun müddət toplarını hazırlayıblar, topxanalarını qurublar. Bircə səlahiyyət əldə etmələri qalmışdı, onu da açıq formada haqları ilə qazandılar. 

    Həmkarlarımı savaş tərəflərindən birini, daha doğrusu haqlını, lap dəqiqi, MTRŞ-nı müdafiə etməyə çağırıram. Yəni elə bir jurnalist varmı, televiziyaların indiki durumundan razı olsun? Guya, belə mühəndis, belə müəllim, belə idmançı, belə müğənni, belə həkim, belə fəhlə, belə azərbaycanlı var?.. Əlbəttə baxırlar. Çünki iki yol var - iki təbəqə. Birinci yolun yolçuları baxır və veriliş bitəndən sonra tənqidin ən sərt ifadələri ilə mətbəx müzakirəsi açırlar. İkincilərin yolu pultun qırmızı düyməsindən keçir: televizoru söndürürlər. Bir müddət sonra heç yandırmırlar da: qırmızı düymə barmaq üzünə həsrət qalır. Nə qədər məntiqlidirsə, bir o qədər də məntiqszdir ki, hətta hörmətli Mirşahin müəllim də ikinci yolun yolçusudur. Nuşirəvan müəllim müsahibəsində ANS-in de-fakto birinci, de-yure ikinci adamının Xoşqədəm xanımın verilişlərinin içindən xəbərsiz olduğu qənaəti yaradan açıqlama verib. MTRŞ sədri belə deyib: "Biz ANS kanalının rəhbərlərindən olan Mirşahini Şuraya dəvət etdik. Onunla birlikdə həmin süjetə baxdıq və dedik ki, təcili tədbirlər görün". Əlbəttə görülmədi. 
    Buyurun. Dəqiq bilirəm ki, Vaqif Musatafayev Mikayılın verilişinə heç vaxt əvvəldən axıra qədər baxmayıb, çox güman ümumiyyətlə baxmayıb. Eləcə layihə ilə tanış olub, pul gətirmək gücünü görəndən sonra böyük həvəslə ağ bayraq qaldırb. Vahid necə demişdi: "Üzü dönsün görüm o ağıya dönmüş çörəyin...". Vahidin dediyi çörək puldur. Vahidin dövründə ziyalılar yalnız qazancın əsiri idilər, onun adı yemək idi, sözün əsl mənasında çörək. Vaqifin daxil olduğu elitanın yemək - çörək problemi yoxdur. Bəs niyə çörəyə möhtac adamlar kimi efirlərini ən səviyyəsiz düşüncənin pəyandazına çevirdilər? Gəl tapdala, keç yuxarı başa. Təhqir elə, xalqı da, milləti də, dövləti, cəmiyyəti də. Aşağıla, aşağıla...əy, əy... Yox vallah, çörək o qədər aşağıda deyil ki, onu qazanmaq üçün bu qədər əyilirsiz, tamaşaçıların nifrətini silaha çevirib, sizi güllələmək üçün Nüşurəvan müəllimə təqdim edirsiz. Əlində silah və milyonların "vur" tələbi. 
    Xalq həmişə qalibdir. Jurnalistlərin xalqın yanında olması ən obyektiv mövqedir. Nüşirəvan müəllim sərt danışır, hədəfə alınan televiziyalardakı həmkarlarım bu sərtlikdən narazıdırlar. And içə bilərəm ki, onlar televiziyalarının təfəkkürləri işğal edən verilişlərindən də bir o qədər narazılıq ediblər. Açıq dilə gətirə bilməzdilər. Efirin siyasətini onun rəhbəri müəyyənləşdirir. Aytən Səfərova demədimi onu rəqabətdə olduqları televiziyanın əməkdaşının əleyhinə danışdırmaq istəyiblər?! 

    Siz işçisiz, efirin siyasətini bəyənməsəz də, ona qulluq etməyə məcbursuz. Bax, dəyərli əziz həmkarım, Ləman Ələşrəfqızından soruşuram: MTRŞ-ın bağlanmasını tələb etdiyi və cərimələdiyi verilişləri bəyənirsizmi? Tamaşaçının nifrətini ünvanına dəqiq atəşlə çatdıran Nuşirəvan Məhərrəmliyə də sualım var: Siz Ləman Ələşrəfqızının hazırladığı filmlərə, reportajlara baxırsızmı? Mirşahinin müəllifi və aparıcısı olduğu "Milli metr"in yenidən efirə qayıtmasını istəyirsizmi? 

    Sevinək. Əla proseslər gedir. Tələsməyək. Əla proseslər eləcə verilişləri qapatmaqla bitməməlidir, o verilişləri əvəz edən təməl prinsipində milli-mənəvi dəyərlərimiz dayanan intellektual ictimai layihələr yazılmalı, MTRŞ onların böyük məmuniyyətlə televiziya rəhbərləri tərəfindən qəbul olunmasına kömək göstərməlidir. 

    Ən böyük təhlükə səviyyəsiz verilişlərə baxanların çoxalmasında deyil, Azərbaycan kanallarını əcnəbi kanallara dəyişənlərin durmadan artmasındadır. Biz xarici televiziyaların tamaşaçısı olaraq həm də onların yeritdiyi düşüncənin təsirinə düşürük. Ən dəhşətli darıxmaq özün üçün darıxmaqdır. Biz bu gün bizə göstərilən səviyyədə deyilik. Bizə belə olduğumuzu sırıyanlar var. Meydanı boş qoymayaq, axı sizi tanıyıram, qalaq-qalaq televiziya layihələri yazmısız. Zauru susdururlar, amma yenidən danışmağa hazırlaşır. "Öz aramızda" bağlanır, özgələrin arasında "Məni yarımdan soruş", "Bu stil mənim" verilişləri açılır. Bu məlumatı Zaur verib. Bilirsiz, məni yarımdan necə soruşacaqlar? Türkiyədə İlker Ayrıkın layihəsində görməmiş olmazsız: yar ərinin belinə minir, üstünə çığırır, onu pul qazanmaq xatirinə ən gülməli situasiyalara sürükləyir. Elə ər də arvadını. Azərbaycanlının stilini "obrazavolski" adı ilə elə dəyişəcəklər ki, ana efirdə oğlunu, oğul anasını tanımayacaq. 

    Əgər kənarda dayanıb savaşa yalnız jurnalist gözü ilə baxacağıqsa, evimizə soxulan oğru verilişlərin sadəcə qiyafəsi dəyişəcək. Bu, lap pis olacaq: evimizə soxulan oğruların qonaq gəldiyini zənn edəcəyik. Bir müddət sonra "Qoy özümə yer edim, gör sənə neyləyəcəm" məsəlinin qurbanına çevriləcəyik. 

    Bu savaşda MTRŞ-ın yanında olaq. O, bizim arzusunda olduğumuzu edir. 
    http://www.aznews.az/index.php?c=news&id=91759
Yuxarı ^