• Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin QAYDALARI

    I.ÜMUMI MÜDDƏALAR

    1.1.Bu Qaydalar teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) (bundan sonra "lisenziya") verilməsi, habelə lisenziyanın verilməsindən imtina edilməsi, məhkəmə qarşısında lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ona xitam verilməsi barədə iddia qaldırılması prosedurunu müəyyən edir.  

    1.2.Teleradio yayımçıları bu Qaydalarda göstərilən şərtlər əsasında lisenziya əldə edə və teleradio sahəsində yayım fəaliyyəti ilə məşğul ola bilərlər.

    1.3.Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası (bundan sonra "Şura") mövcud qanunvericiliyə, Milli Televiziya və Radio Şurasının Əsasnaməsinə, habelə keçirilmiş müsabiqənin nəticələrinə əsasən qalib hesab edilən yayımçılara lisenziyalar verə, onların müddətini artıra bilər və yaxud lisenziyalar verməkdən və onların müddətini artırmaqdan imtina edə bilər, həmçinin lisenziyaların qüvvəsini müvəqqəti dayandıra və onun qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.

    1.4.Teleradio yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi müsabiqə yolu ilə və yaxud müsabiqəsiz həyata keçirilir.

    1.5.Aşağıdakı teleradio yayımçılarına lisenziya müsabiqəsiz verilir:

    1.5.1.Dövlət və ictimai teleradio yayımçılarına;

    1.5.2.Kanaldan (tezlikdən) istifadə edən və lisenziyanın müddətini uzatmaq istəyən teleradio yayımçılarına.

    1.6.Şura keçirilən hər bir müsabiqə üçün öz fəaliyyətində bu Qaydalardan əlavə olaraq işləyib hazırladığı və Azərbaycan  Respublikasının qanunvericiliyinə və Şuranın Əsasnaməsinə zidd olmayan digər şərtlərə, tələblərə və meyarlara istinad edir.

    1.7.Müsabiqənin nəticələrinin elan edilməsinə qədər iddiaçılar haqqında kütləvi informasiya vasitələrində heç bir məlumat verilmir.

    1.8.Müsabiqənin elan edilməsi, onun nəticələri, lisenziyaların verilməsi və ya onun verilməsindən imtina, həmçinin lisenziyaların qüvvəsinin müvəqqəti dayandırılması  və ya onların qüvvəsinə xitam verilməsi haqqında Şuranın qərarı rəsmi mətbuat orqanlarında çap olunmalıdır. 

    1.9.Müsabiqənin keçirilməsinə dair elanda aşağıdakılar göstərilməlidir:

    • müsabiqənin keçirilmə vaxtı və məqsədi;
    • tezliklərin siyahısı;
    • ərizələrin qəbul edilmə yeri və qəbul müddətinin başa çatması;
    • ərizələrin müzakirəsi və müsabiqənin nəticələrinin elan edilməsi üçün son müddət;
    • müsabiqədə iştirak etmək üçün birdəfəlik ödənişin miqdarı;
    • lisenziyanın qüvvədə olma müddəti;
    • digər şərtlər.

    2.ŞURANIN HÜQUQLARI

    2.1.Şuranın  aşağıdakı hüquqları var:

    2.1.1.lisenziyanın verilməsi üçün müsabiqənin keçirilməsi;

    2.1.2.müsabiqə qaliblərinə lisenziyanın verilməsi;

    2.1.3.lisenziyanın müddətinin artırılması;

    2.1.4.lisenziyanın verilməsindən imtina edilməsi;  

    2.1.5."Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri yayımçı tərəfindən pozulduğu halda ona yazılı xəbərdarlıq edilməsi;

    2.1.6.Qanunun tələbləri teleradio yayımçıları tərəfindən yenidən  pozulduğu hallarda cərimə sanksiyalarının tətbiq edilməsi;

    2.1.7.yayımçı tərəfindən lisenziyanın qayda və şərtləri və "Televiziya və radio yayımı haqqında" Qanunun tələbləri pozulduqda lisenziyanın qüvvəsinin müvəqqəti olaraq dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılması;  

    2.1.8.yayım lisenziya alındıqdan sonra 6 (altı) ay ərzində həyata keçirilmədikdə lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması. 

    2.1.9.Şura müsabiqədə 3-dən az iddiaçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər (MTRŞ-nın 28 iyun 2005-ci il tarixli iclas qərarı ilə Qaydalara 2.1.9-cu bənd əlavə edilmişdir).

    2.1.10.İkinci dəfə elan edilmiş müsabqədə iddiaçıların sayı 3-dən az olarsa Şura iddiaçıya televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) vermək səlahiyyətinə malikdir (MTRŞ-nın 27 aprel 2007-ci il tarixli  iclas qərarı ilə Qaydalara 2.1.10-cu bənd əlavə edilmişdir).

    3.LISENZIYA ALMAQ ÜÇÜN ƏRIZƏLƏRIN VERILMƏSI QAYDALARI 

    3.1.Qanunvericiliyə müvafiq surətdə müsabiqədə iştirak etmək üçün verilmiş ərizələr və lisenziyanın müsabiqə keçirilmədən əldə edilməsi üçün verilən ərizələr qeydiyyata Şura tərəfindən alınmalıdır.

    3.2.Ərizələr Şuraya şəxsən və ya poçt vasitəsilə göndərilə bilər.

    3.3.Müsabiqədə iştirak etmək üçün sənədlər 9 (doqquz) nüsxədə təqdim edilməlidir. Lisenziyanın müsabiqədən keçmədən əldə edilməsi və lisenziyanın müddətinin artırılması üçün verilmiş sənədlər bir nüsxədə təqdim edilir. 

    3.4.Müsabiqə üçün verilmiş sənədlərin hər bir surəti möhürlənmiş ayrı-ayrı zərflərdə göndərilməlidir.

    3.5.Sənədlər qəbul edilərkən onların təqdim edilmə vaxtı göstərilməlidir və bu barədə iddiaçıya sənədlər qəbul edildiyi gündən sonra 3 (üç) iş günü ərzində məktub vasitəsilə məlumat verilməlidir. Sənədlərin poçt vasitəsilə göndərildiyi halda iddiaçıya sənədlər qəbul edildiyi gündən sonra 3 (üç) gün ərzində məktub vasitəsilə məlumat verilməlidir.

    3.6.Sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib edilməlidir. Bütün səhifələr nömrələnməli və möhürlənməlidir. 

    3.7.Ərizədə aşağıdakılar göstərilməlidir:

    • hüquqi şəxsin adı;
    • təsisçinin (və yaxud həmtəsisçilərin) soyadı, adı, atasının adı, hüquqi və poçt ünvanı, telefon/faks nömrəsi;
    • bank rekvizitləri;
    • yayımın növü və üsulu, yayımın zonası, yayımın efirə çıxacağı vaxt, yayımın tezliyi, ötürücünün gücü və yerləşdiyi yer, yayımın dili (dilləri), yayımın dövriliyi (həcmi) və yayımın əhatə etdiyi auditoriya barədə məlumatlar.

    3.8.Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

    • ərizəçinin qeydiyyat sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;
    • yayımın proqram  konsepsiyası (verilişlərin adı, məzmunu, proqram profili, vəzifələri, yönümü, müəllif proqramları, şəbəkə, retranslyasiya verilişləri və ya onların bir hissəsinin mövcudluğu);
    • retranslyasiya ediləcək teleradio proqramlarının məcmusu və onların strukturu;
    • təmin ediləcək başqa xidmətlər (teletekst, RDS, internet xidmətləri və s.);
    • yayım üçün lisenziyaya uyğun olaraq yayımçının fəaliyyətinə aid olan və tezlikdən istifadə üçün imzalanmış müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti;
    • teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunan əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);
    • balansın (01 saylı forma) surəti;
    • əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
    • icarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
    • retranslyasiya olunan kanalların siyahısı (proqramları retranslasiya olunan teleradio yayımçılarının siyahısı);
    • telekomunikasiya şəbəkəsi, stansiyalar və paylaşdırıcı şəbəkələr üçün avadanlıqların tipləri və onların əsas texniki parametrləri;
    • müvəqqəti stansiyalar da daxil olmaqla proqramların studiyalardan radioqəbuledicilərə ötürülmə yolları;
    • teleradio şəbəkəsinin inkişaf perspektivləri barədə biznes-plan;
    • retranslyasiya məqsədilə bağlanmış müqavilələrin surətləri (müəyyən olunmuş qaydada dövlət dilinə tərcümə edilmiş surəti ilə birlikdə);
    • müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş haqqında sənəd.

    4.ƏRIZƏLƏRIN MÜZAKIRƏSI VƏ LISENZIYALARIN VERILMƏSI ÜÇÜN PROSEDUR QAYDALARI

    4.1.Müsabiqə üçün ərizələrin verilmə müddəti bitdikdən sonra Şura üzvləri iddiaçılar tərəfindən təqdim edilmiş ərizələrin və digər sənədlərin bu Qaydaların 3-cü bəndində göstərilmiş tələblərə cavab verib-vermədiyini yoxlamalı və öz rəylərini Şuranın iclasında bildirməlidirlər. 

    4.2.Sənədləri qəbul etdikdən sonra Şura onları qeydiyyata almalı və təqdim edilən sənədlərin tam olmasını və onlarda əks etdirilən məlumatların həqiqətə uyğunluğunu yoxlamalıdır. Sənədlərin  tam olmadığı və yaxud yanlış tərtib edildiyi hallarda Şura tərəfindən iddiaçıya bu barədə yazılı məlumat verilməlidir.

    4.3.İddiaçı nöqsanları aradan qaldırdıqdan sonra sənədləri yenidən müsabiqədə iştirak etmək üçün təqdim edə bilər.

    4.4.Lisenziyanın verilməsi üçün keçirilən müsabiqənin qaliblərini müəyyən etmək üzrə Şuranın iclasında yalnız sənədləri bu Qaydaların 3-cü bəndində göstərilən tələblərə cavab verən iddiaçıların ərizələrinə baxılır. Sənədlər haqqında ümumi nəticə qəbul edildikdən sonra Şuranın üzvləri sənədlərin bu Qaydaların tələbləri ilə uyğunluğu haqqında qərar qəbul etməlidirlər.

    4.5.Şura tərəfindən ərizələrin və ona əlavə olunmuş sənədlərin təhlili məqsədilə müstəqil ekspertlər dəvət edilə bilər. Ekspertlər təqdim olunmuş sənədlər barəsində onlar tərəfindən  informasiyanın yayılmayacağına yazılı təminat verməlidirlər. Ekspertlərin rəyləri, həmçinin sənədlərin qiymətləndirilməsi ictimaiyyətə elan olunmamalıdır.

    4.6.Müsabiqə nəticələrinin elan ediləcəyi gündən və ya müsabiqədən keçmədən lisenziyaların alınması üçün ərizə və sənədlərin müzakirə ediləcəyi günündən tez olmayaraq iddiaçılara öz ərizə və sənədləri haqqında ekspertlərin nəticələri ilə tanış olmaq imkanı verilməlidir.

    4.7.Müsabiqə zamanı lisenziyaların verilməsi üzrə qaliblərin müəyyən edilməsi üçün  Şura aşağıdakı meyarlara istinad etməlidir:

    • yerli teleradio yayımının inkişafını təmin edən yayım  konsepsiyasının orjinallığı;
    • müsabiqəyə baxış üçün təqdim olunan sənədlərin keyfiyyəti (məzmunu və ədəbi şərhi);
    • yayım şəbəkəsində mədəni-maarifləndirici proqramların miqdarı və həcmi (%-lə), onların müxtəlifliyi;
    • ümumi yayımda yerli teleradio istehsalı olan məhsulların üstünlük təşkil etməsi (%-lə);
    • yayımın əhatə etdiyi ərazidə yaşayan əhalinin həyat fəaliyyəti və yerli xarakterli hadisələrin əks etdirilməsi;
    • dövlət dilinə olan tələblərə ciddi riayət etməklə proqramların dövlət dilində yayımına və onun istifadə edilməsi məsələsinə daha çox üstünlük verilməsi;
    • söz azadlığı və plüralizm prinsiplərinə dönmədən əməl edilməsi;
    • mərhəmət, insanpərvərlik, namus, vicdan, dostluq, tarixi keçmişə hörmətlə yanaşmaq, vətənə və torpağa məhəbbət, ətraf mühitin qorunması kimi  ümumbəşəri dəyərlərin təbliğ edilməsi;
    • mədəni, yaradıcı, tərbiyəvi, mənəvi-etik xarakterli və s. sosial yönümlü verilişlərin yayımlanması;
    • ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması sahəsində xalqımızın mübarizəsinin mütəmadi olaraq əks etdirilməsi;
    • milli azlıqların hüquqlarına hörmətlə yanaşılması;
    • milli azlıqların mədəniyyətinin və unversal mədəniyyətin təbliğ edilməsi;
    • demokratik dəyərlərin, hüquqi biliklərin və sağlam həyat tərzinin təbliğ edilməsi;
    • uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün təhsil və tərbiyəvi verilişlərin hazırlanması;
    • gənclik mövzusunda: peşə hazırlığı, sağlam həyat tərzi və cinsi tərbiyə sahəsində verilişlərin mütəmadi olaraq yayımlanması;
    • zorakılığın, cinayətkarlığın, qəddarlığın, fahişəliyin, narkotik maddələrdən istifadə edilməsinin qarşısının alınması sahəsində təbliğat yönümlü verilişlərin ardıcıl olaraq verilməsi;
    • pornoqrafik materialların yayımının qarşısının alınması, uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün erotikanı və qəddarlığı əks etdirən proqramların yayımının müəyyən olunmuş qaydada məhdudlaşdırılması;
    • proqram konsepsiyasının səmərəli şəkildə həyata keçirmək üçün teleradio yayımı sahəsində təcrübənin və yaradıcı kadr potensialının mövcud olması;
    • yayımın həyata keçirilməsi məqsədilə zəruri müasir texniki və maliyyə vəsaitlərinin  mövcud olması;
    • müasir teleradio  texnologiyalarının tətbiq edilməsi;
    • lisenziyanın əldə edilməsi üçün təqdim edilmiş sənədlərin müsabiqənin şərtlərinə uyğun olması;
    • digər yayımçılar tərəfindən yayımlanması mümkün olmayan proqram, veriliş və mövzuların nümayiş etdirilməsi;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi şəkildə riayət edilməsi və qüsursuz reputasiyaya malik olması;
    • açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.

    4.8.Müsabiqənin qaliblərinin müəyyən edilməsi üzrə keçirilən iclasda iddiaçılar (və ya nümayəndələri) Şura üzvlərinin suallarına cavab və ya qoyulan suallar üzrə şifahi izahatlar verə bilərlər.

    4.9.Müsabiqə başa çatdıqdan sonra iddiaçıların sənədlərinin əsli (əgər varsa) onlara qaytarılır.

    4.10.Müsabiqə üçün təqdim edilmiş sənədlər geri qaytarılmır, müstəsna hallarda iddiaçının xahişinə əsasən sənədin bir nüsxəsi ona qaytarıla bilər.

    4.11.İddiaçının müsabiqədə iştirak etmək üçün verdiyi birdəfəlik ödəniş geri qaytarılmır. 

    4.12.Birdəfəlik ödəniş iddiaçının müsabiqədə iştirak etməkdən imtina etdiyi və ya Qaydalarda göstərilmiş tələblərə cavab vermədiyinə görə Şura tərəfindən ərizəyə baxılmaqdan imtina edildiyi hallarda da geri qaytarılmır.

    4.13.İddiaçı müsabiqənin nəticələrinə görə qalib gəldikdən sonra onun Şuraya təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar və ya digər qanun pozuntuları aşkar edildiyi hallarda Şura müsabiqənin nəticələrini ləğv etmək, lisenziyanı məhkəmə qaydasında geri almaq və yeni müsabiqə elan etmək hüququna malikdir. Bu müddəa müsabiqəsiz lisenziya alan teleradio yayımçılarına da aiddir.

    4.14.Müsabiqənin nəticələrinə görə qalib hesab edilən iddiaçı və ya müsabiqəsiz lisenziya almaq hüququna malik olan iddiaçı lisenziya üzrə fəaliyyətə başlandığı gündən gec olmayaraq lisenziyanı almalıdır.

    4.15.Müsabiqənin nəticələrinə görə qalib hesab edilən iddiaçı və ya müsabiqəsiz lisenziya almaq hüququna malik olan iddiaçı müəyyən olunmuş vaxta qədər lisenziyanı Şuradan götürmədiyi halda Şura müsabiqəsiz lisenziya verilməsini və ya müsabiqənin nəticələrini ləğv edə bilər. Müsabiqə nəticələri ləğv edildikdən sonra yeni müsabiqə elan edilməlidir.

    4.16.Lisenziyada aşağıdakı məlumatlar göstərilməlidir:

    • teleradio yayımçısının adı, təşkilati-hüquqi forması və olduğu yer;
    • yayımın növü (televiziya yayımı, radio yayımı, əlavə yayım və s.);
    • yayım üsulu (kabelli, peyk vasitəsilə, internet, efir-kabel və s.);
    • yayım zonası;
    • teleradio yayımının efirə çıxacağı vaxt;
    • lisenziyanın qüvvədə olma müddəti;
    • lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;
    • teleradio yayımının tezliyi və bu tezlikdə teleradio proqramını yayımlayan ötürücünün gücü;
    • ötürücünün yerləşdiyi yer;
    • nəzərdə tutulan auditoriya;
    • teleradio yayımının dili (dilləri);
    • teleradio yayımının dövriliyi (həcmi);
    • yayımın başlama tarixi;
    • lisenziyanın qayda və şərtlərinin pozulduğu halda yayımçının məsuliyyəti.

    4.17. Lisenziyalar Şuranın sədri tərəfindən imzalanmalıdır.

    5.LISENZIYA FƏALIYYƏTI ÜÇÜN ŞƏRTLƏR, LISENZIYA SAHIBININ HÜQUQ VƏ VƏZIFƏLƏRI

    5.1.Lisenziyanın sahibi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, "Televiziya və radio yayımı haqqında" Qanuna, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və sazişlərə, Şuranın qərarlarına və verilmiş lisenziyanın şərtlərinə istinad etməlidir. 

    5.2.Lisenziya sahibinin aşağıdakı hüquqları var:

    • lisenziyada göstərilən şərtlər daxilində fəaliyyət göstərmək;
    • bu Qaydalarda göstərilmiş prosedura müvafiq surətdə Şura tərəfindən lisenziyanın verilməsindən, lisenziyanın müddətinin uzadılmasından imtina edilməsi və yaxud cərimə sanksiyalarının tətbiq edilməsi barədə Şuranın qərarlarından şikayət vermək;
    • Şuraya xahiş və təkliflərlə müraciət etmək.

    5.3.Lisenziya sahibinin aşağıdakı vəzifələri var:

    • yayım sahəsində lisenziyada göstərilmiş şərtlər daxilində fəaliyyət göstərmək;
    • lisenziyanın qüvvədə olduğu müddət ərzində yayım fəaliyyəti ilə məşğul olmaq;
      yayım fəaliyyətini lisenziyada göstərilmiş ərazidə həyata keçirmək;
    • Şuranı yayım fəaliyyəti ilə bağlı informasiya ilə müntəzəm olaraq təmin etmək;
    • Şuraya müəyyən olunmuş qayda üzrə statistik hesabat sənədlərini təqdim etmək;
    • yayım fəaliyyətinə yalnız peşə bacarığı olan şəxslərin cəlb edilməsini təmin etmək;
    • lisenziyanın müddəti bitdikdən və ya lisenziyanın qüvvəsinə xitam verildikdən sonra lisenziyanın əslini (və ya dublikatını) Şuraya qaytarmaq.

    5.4.Lisenziyanın sahibi lisenziyadan istifadə hüququnu heç bir halda  üçüncü şəxsə verməməlidir. 

    5.5.Lisenziyadan istifadə şərtlərini pozan yayımçılar mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

    6.LISENZIYANIN MÜDDƏTININ UZADILMASI QAYDALARI

    6.1.Lisenziyanın müddətini uzatmaq istəyən lisenziya sahibi lisenziyanın qüvvədə olma müddətinin bitməsinə 3 ay qalmış,  lakin 1 aydan gec olmayaraq Şuraya aşağıdakı sənədləri təqdim etməlidir:

    • lisenziyanın müddətinin uzadılması haqqında ərizə;
    • teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunması barədə müvafiq icra hakimiyyətinin rəyi;
    • lisenziyanın müddətinin uzadılması üçün birdəfəlik ödəniş haqqında sənəd.

    6.2.Ərizəyə bu Qaydaların 3.7. və 3.8. bəndlərində göstərilən sənədlər əlavə edilməlidir. 

    6.3.Lisenziyanın müddətinin uzadılması üçün ərizə dövlət dilində tərtib olunmalıdır. Bütün səhifələr nömrələnməli və möhürlənməlidir. 

    6.4.Ərizəni qəbul etdikdən sonra Şura onu qeydiyyata almalı və bütün təqdim edilən sənədlərin tam olmasını və onlarda əks etdirilən məlumatların həqiqətə uyğunluğunu yoxlamalıdır. Sənədlərin  tam olmadığı və yaxud yanlış tərtib edildiyi hallarda, Şura tərəfindən bu barədə ərizəçiyə yazılı məlumat verilməlidir.

    6.5.Ərizəçi nöqsanları aradan qaldırdıqdan sonra sənədləri yenidən Şuraya təqdim etmək hüququna malikdir.

    6.6.Lisenziyanın müddətinin uzadılması və ya imtina edilməsi haqqında Şuranın qərarları ərizələrin  sonuncu qeydiyyat günündən ən geci 15 gün müddətinədək Şuranın iclasında verilməlidir. 

    6.7.Lisenziyanın müddətinin uzadılması üzrə Şura iclasının prosedur qaydaları 4-cü bölmədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    6.8.Şura aşağıdakı hallarda lisenziyanın müddətinin uzadılmasından imtina edə bilər:

    • iddiaçı lisenziya üçün zəruri olan bütün sənədləri təqdim etmədikdə və ya təqdim olunan sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə cavab vermədikdə, yaxud  onlar yanlış tərtib edildikdə;
    • iddiaçı təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar verdikdə;
    • lisenziyanın sahibi yayımı həyata keçirərkən mövcud qanunvericiliyin tələblərini, yaxud lisenziyanın şərtlərini pozduqda və ya yerinə yetirməyə müvəffəq olmadıqda;
    • teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunmaması barədə müvafiq icra hakimiyyətinin rəyi olduqda;
    • lisenziyanın müddətinin uzadılması məqsədilə müəyyən edilmiş birdəfəlik ödəniş barədə sənədi Şuraya təqdim edə bilmədikdə;
    • Şuranın qərarlarını və sahəvi aktlarının tələblərini pozduqda.

    6.9.Lisenziyanın müddətinin uzadılmasından imtina edilməsi haqqında Şuranın qərarından sonra 3 gün ərzində imtinanın səbəbləri haqqında ərizəçiyə  məktub  göndərilməlidir.

    6.10.Lisenziyanın müddətinin uzadılması üçün müəyyən edilmiş birdəfəlik ödəniş geri qaytarılmır.

     

Yuxarı ^