• ANS Televiziyası 30 may 2015-ci il (insanların şərəf və ləyaqətinin alçaldılması, irqi ayrı-seçkilik)

    30 may 2015-ci il tarixdə saat 13.00-15.00 arası yayımlanan “İncə maraqlar” verilişində aparıcı (Elnarə Təhməzova) qara rəngdə hicab, çarşab geyən xanımlarla rəngarəng, açıq tonlu hicab geyinən xanımları müqayisə edərkən birincilərlə bağlı  aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: “O cür qara-qura  geyinən, neqativ arvadlar bayquşa oxşayır” (saat 15.05-də).

    Bu hal «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.3-cü maddəsinə ziddir. Həmin maddəyə görə, insanların şərəf və ləyaqətinin alçaldılmasına, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.

    Bundan başqa, verilişin qonaqlarından olan ilahiyyatçı hacı Təyyar adlı şəxs isə irqi ayrı-seçkilik zəminində ifadələr işlətmişdir: “Avropada elə bir musiqi səslənir ki, evdə uşaq dik atılır. Məsələn, görürsən ki, televizorun ekranına qara dərili bir musiqiçinin elə bir sifəti gəlir ki, uşaq ondan qorxub qaçır. Bu, xəstəlikdi, diksinmədi, sarılıqdı, şəkər xəstəliyidi, qan təzyiqidi”(saat 14.03-də).

    İştirakçının bu cür fikirlərinin yolverilməzliyini onun diqqətinə çatdırmaq əvəzinə, aparıcının reaksiyası yalnız qəhqəhə çəkib gülməkdən ibarət olmuşdur. 

    Bu hal «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.5-ci maddəsinə ziddir. Həmin maddəyə görə, proqramlarda irqi ayrı-seçkilik təbliğ olunmamalıdır.

    Qeyd edək ki, yuxarıda qeyd olunan hallarla bağlı “qaynar xətt”ə çoxsaylı tamaşaçı şikayəti daxil olmuşdur.

Yuxarı ^