• ANS Televiziyası sentyabr 2015-ci il (Sən tək deyilsən verilişi)

    ANS televiziyasının efirinin monitorinqi zamanı həftə içi 5 gün, saat 16.20 – 19.00 arası yayımlanan “Sən tək deyilsən” verilişində teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanmışdır.

    Monitorinqlər göstərmişdir ki, verilişdə sosial problemlərin həllinə dəstək adı altında lokal problemlər, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ hallar müzakirə mövzusuna çevrilir, əxlaqında və ya sağlamlığında problem olan insanlar üzərində şou yaradılır. Bir çox hallarda insanların problemləri həll edilməkdən daha çox onların cəmiyyət arasında nüfuzdan salınması tendensiyası müşahidə olunur.

    Fərdi xarakter daşıyan bu və ya digər hadisə bilərəkdən və məqsədli şəkildə şişirdilərək, dramatikləşdirilərək cəmiyyətə təqdim olunur. Təbiidir ki, belə hallarda müəyyən qrup insanların hüquqları pozulur, kimlərsə təhqirə məruz qalır, onların şərəf və ləyaqətinə toxunulur, ailələr, qohumlar, bəzən isə hətta geniş el-oba içərisində nifaq mühiti yaranır.

    Dözülməz haldır ki, əksər hallarda heç bir ictimai əhəmiyyəti olmayan xırda  problemlər ətrafında bəzən günlər və həftələrlə müzakirələr aparılır. Beləliklə də, müzakirəyə çıxarılan şəxslərin problemi günlərlə, həftələrlə gündəmdə saxlanılır.

    Bu zaman aparıcının problemin həllindən daha çox onun mümkün qədər  daha artıq dramatikləşdirilməsində maraqlı olduğu təsəvvürü yaranır. Bir çox hallarda  aparıcı Xoşqədəm Hidayətqızının davranışları və nitqi bayağı təsir bağışlayır.

    Verilişin neqativ cəhətlərindən biri də dəvət olunan “ekspertlər”lə bağlıdır. Çox zaman ekspert qismində əsasən eyni şəxslər, yaxud da mütəxəssis olmayanlar dəvət edilir. Özünü “ekstrasens” kimi təqdim edən ayrı-ayrı şəxslərin ekspert qismində verilişdə iştirakı və onların özlərinin reklamına şərait yaradılması ciddi narahatlıq doğurur. Məsələn, 14-21 sentyabr 2015-ci il tarixlərdə psixoloji problemləri olduğu bildirilən Xəyalə adlı qızla bağlı “ekstrasens” Həsən verilişə dəvət edilmiş və guya onu “müayinə” etmişdir.  

    Dözülməz haldır ki, bir sıra hallarda verilişə müraciət edən insanlar ələ salınır, onların şərəf və ləyaqəti alçaldılır, bəzən isə hətta aparıcı və ekspertlər tərəfindən də  təhqirə məruz qalırlar.

    Məsələn, verilişin yeni mövsümdəki buraxılışlarından birində, konkret olaraq 14 sentyabr 2015-ci il tarixdə aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən studiyada nitqində və dayaq-hərəkət sistemində qüsuru olan bir xanımın şərəf və ləyaqəti təhqir edilmişdir (saat 17:13). Belə ki, verilişə evlənmək üçün müraciət etmiş Ruslan adlı şəxsə həmin qızı göstərməklə “35 yaşında qızdır. Ailə qurmaq istəyərsənmi onunla?” deyə istehzalı şəkildə müraciət etmişdir (halbuki, qız evlənmək niyyətilə deyil, başqa problemlə bağlı verilişdə iştirak edirdi). Bu zaman həm aparıcı, həm də studiyada əyləşənlər gülüşmüşlər.

    Ayaq üstə normal dayana bilmədiyi halda həmin fiziki qüsurlu şəxs, aparıcının təkidi ilə, ayağa qalxmağa məcbur edilərək ona qarşı hörmətsizlik göstərilmişdir.  

    Bundan başqa, bəzi hallarda verilişə problemi ilə bağlı müraciət edən şəxsin dedikləri əsasında, onun münaqişədə olduğu insan barəsində mövqe bildirilir, təhqiramiz ifadələrə yol verilir ki, bununla da həmin şəxsin hüquqları pozulur. Halbuki, verilişdə qarşı tərəfin də mövqeyini ifadə etməsi üçün şərait yaradılmalıdır. Məsələn, 21.09.2015-ci il tarixli buraxılışda müraciət etmiş qadın ona qarşı zorakılıq edildiyi barədə danışarkən, aparıcı qarşı tərəfi dinləmədən, yalnız qadının iddiası əsasında “Bir kişinin qadına etdiyi vəhşiliyə baxın”, ekspert isə “o, psixoloji manyakdır” kimi ifadələr işlətmişdir ki, bu da fakt və hadisənin ədalətli şərh olunmamasına, birtərəfliliyə yol açmışdır. Halbuki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 32.0.4-cü maddəsinə görə, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir.

    Həmçinin verilişə müraciət edən bəzi şəxslərin tanınmış ailələrin üzvü kimi təqdim edilməsi, sonradan isə bunun belə olmamasının üzə çıxması halları da müşahidə olunmuşdur. Bu hal isə həmin ailələrin nüfuzdan salınmasına gətirib çıxarır. Məsələn, 21 sentyabr 2015-ci il tarixdə verilişdə qeyri-qanuni yaşadığı ailəli kişi tərəfindən zorakılığa məruz qalmasından şikayət edən Lalə adlı qız xalq artisti Əbülfət Əliyevin nəvəsi kimi təqdim edilmişdir. Sonradan onun Əbülfət Əliyevin ailəsinin üzvü olmaması (xalq artisti Əbülfət Əliyevin qeyri-qanuni nəvəsi imiş) ortaya çıxmışdır. Beləliklə də, verilişdə bu kimi hallara yol verilməklə nüfuzlu şəxslərin, ailələrin şərəf və ləyaqətinə xələl gətirilir. 

    22 sentyabr 2015-ci il tarixdə isə ekspertlərdən biri (jurnalist Seymur Verdizadə) problemi müzakirə olunan qadına müraciətlə “Düz eləyiblər sizi təhqir ediblər. Başqasının yuvasını dağıtmaq istəmisiz” kimi təhqiramiz ifadə işlətmişdir.

    Bundan başqa, verilişdə ekspertlər tərəfindən yersiz ittihamların irəli sürülməsi də adi hala çevrilib. Məsələn, 22 sentyabr 2015-ci il tarixdə ekspert Kəmalə Babazadə məhkəmə tərəfindən təqsiri sübuta yetirilmədiyi halda mübahisə edən tərəflərindən birini “cinayətkar” adlandırmışdır.

    Xatırladaq ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 32.0.3-cü maddəsinin tələblərlərinə görə, televiziya verilişlərində insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.

    Qeyd edək ki, Şuranın “qaynar xətti”nə daxil olan çoxsaylı tamaşaçı zəngləri də cəmiyyətdə bu verilişdən narazılıq olduğunu göstərir.

    Deyinlənlərə əlavə olaraq onu da bildirək ki, verilişdə “Televiziya və radio yayımı haqqında” Qanunun 36.4-cü maddəsinin (sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə   yaxud titrlər və ya diktor  mətni vasitəsi   ilə   bu    barədə   açıq   informasiya verilməlidir) və “Reklam yayımı haqqında” Qanunun sponsor reklamları ilə bağlı tələbləri də mütəmadi olaraq pozulmaqdadır. “Reklam yayımı haqqında” Qanunun 13-cü maddəsində  verilən sponsor reklamının ümumi həcminin hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmaması nəzərdə tutulsa da “Sən tək deyilsən” verilişinin 11.09.2015-ci tarixli buraxılışında 6 dəqiqə, (saaat 17:05-17:07, 17:43-17:46, 18:32-18:33), 14.09.2015-ci tarixli buraxılışında 9 dəqiqə (saat 17:06-17:09, 17:39-17:43, 18:29-18:31), 16.09.2015-ci tarixli buraxılışında 6 dəqiqə (saat 17:25-17:27, 17:48-17:50, 18:50-18:52), 23.09.2015-ci tarixli buraxılışında 6 dəqiqə (saat 17:38-17:40, 18.32-18:36), 25.09.2015-ci tarixli buraxılışında 6 dəqiqə (saat 17:36-17:38, 18.36-18:39, 18.47-18.48), 28.09.2015-ci tarixli buraxılışında 6 dəqiqə (17:32-17:34, 18:29-18:31, 18:44-18:46), 29.09.2015-ci tarixli buraxılışında 5 dəqiqə (saat 17:30-17:32, 18:25-18:27, 18:56-18:57) sponsor reklamı verilmişdir.

    Məlum olduğu kimi, “Sən tək deyilsən” verilişi “Adam içində” verilişinin davamı kimi efirə çıxmışdır.

     Hansi ki, həmin veriliş davamlı olaraq ictimai narazılığa səbəb olmaqla tənqid hədəfi olmuşdur. Verilişin formatı, müzakirəyə çıxarılan məsələlər, aparıcının davranışı, verilişə dəvət olunan ekspertlər hər zaman çox ciddi, həm də çox haqlı  müzakirə mövzusu olmuşlar.

    Verilişin ayrı-ayrı buraxılışlarında yaranmış gərgin psixoloji vəziyyət hətta iştirakçıların birbaşa efirdə qeyri-etik və təhqiramiz  ifadələr, söyüşlər işlətməsilə müşayiət olunmuşdu. Məsələn, verilişin 11 dekabr 2014-cü il tarixli buraxılışında həddən artıq ədəbsiz ifadələrdən istifadə edildiyinə görə, yayımçıya qarşı MTRŞ tərəfindən müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

    Bütün bunlardan sonra gözləmək olardı ki, kanal rəhbərliyi verilişi yayım proqramından çıxarmaq və yaxud da baş verən neqativ halların qarşısını almaqla  onlara ünvanlanmış geniş ictimai təpkiyə adekvat reaksiya verəcəkdir. Lakin gözləntilərin əksinə olaraq, yayımçı verilişə daha “təsirli” ad və daha süni və bayağı nitqə, davranışa malik aparıcı seçməklə layihəni “Sən tək deyilsən” adı altında davam etdirdi.

    Məhz yeni aparıcının təqdimatında verilişdə insan talelərinin daha da dramatikləşdirilməsi, onların şəxsi həyatlarının ortaya qoyulması ilə reytinq uğrunda simulyasiyalar bir qədər də artdı.

    Yeri gəlmişkən, o da vurğulanmalıdır ki, aparıcı Xoşqədəm Hidayətqızı verilişdə mütəmadi olaraq ATV kanalının rəhbərliyinə qarşı yönəlmiş atmacalı fikirlər səsləndirir, verilişi şəxsi intriqalarına alət edir.

Yuxarı ^