• ANS Televiziyası 21 aprel 2014-cü il (qeyri-etik ifadələr)

    21.04.2014-cü il tarixdə efirə gedən «Salam Azərbaycan» verilişində aparıcılartərəfindən müğənni Natavan Həbibinin Laçın rayonunun işğalı günündə konsert verəcəyi mövzusunu müzakirə edərkən Aytən Səfərova sətiraltı məzmunlu aşağıdakı replikadan istifadə etmişdir: (saat 07.47-də). «Konserti Laçında verəcək Natavan Həbibi? Bəlkə onu göndərək gedib Laçın trassında dayansın?» (!).

    Eyni tarixdə efirə gedən «Günəbaxan» verilişində isə müğənni Səidə Sultan bəzi televiziya şou-biznes müxbirlərini nəzərdə tutaraq belə bir ifadə işlətmişdir: «Onlardan bəziləri reytinq xatirinə arvadlarının alt paltarını belə, satarlar»(saat 10.45-də).

    20.04.2014-də saat 20.00-da yayımlanan «Şəbəkə» verilişində isə «Mədəniyyət» telekanalında yayımlanmış və sosial şəbəkələrdə ciddi ajiotaj doğurmuş «Gürzə» filmindəki bəzi açıq-saçıq səhnələrin müzakirəsi zamanı bir istifadəçi tərəfindən kanal barəsində kinayə ilə işlədilmiş «Məmədiyyət TV» ifadəsi efirdə göstərilmiş və aparıcı tərəfindən səsləndirilmişdir.

    Bu hallar “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.9-cu maddəsinin proqramlarda milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunması ilə bağlı tələblərinə ziddir.

    Qeyd etmək lazımdır ki, ümumiyyətlə «ANS» televiziyasının efirində milli-mənəvi dəyərlərə zidd hallar mütəmadi olaraq müşahidə edilir.  

Yuxarı ^