• Milli Televiziya və Radio Şurasının iclaslarının keçirilməsi qaydalarına dair REQLAMENT

    (14 yanvar 2004-cü il tarixli Şura iclasında qəbul olunmuşdur.)

    1.ÜMUMI MÜDDƏALAR

    1.1.Bu Reqlament Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (bundan sonra - Şura) səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətinin qayda və şərtlərini müəyyən edir.

    1.2.Şura öz fəaliyyətini kollegiallıq, onun səlahiyyətlərinə aid olan məsələlərin sərbəst və açıq müzakirə yolu ilə həll edilməsi əsasında qurur.

    1.3.Şuranın ixtisar edilmiş rəsmi adı: MTRŞ. 

    2. SƏDR VƏ SƏDRLIK EDƏN, MƏSUL KATIB VƏ ŞURANIN ÜZVLƏRI

    2.1.
    Şuranın sədri:

    • Şuranın iclaslarını çağırır və onlara rəhbərlik edir;
    • Şuranın qərarlarının yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;
    • Şuranın üzvlərinə və Şuranın məsul katibinə tapşırıqlar verir; 
    • bu Reqlamentlə nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirir.

    2.2.Şuranın sədri iclaslara sədrlik edir və yaxud onun tapşırığına əsasən bu vəzifəni Şuranın üzvlərindən biri həyata keçirir. 

    2.3.Şuranın məsul katibi:

    • baxılacaq materialların Şuranın iclasına çıxarılmasını təşkil edir;
    • Şuranın aktlarını (iclas protokollarını) imzalayır;
    • Şuranın sədrinin tapşırıqlarını yerinə yetirir;
    • bu Reqlamentlə nəzərdə tutulmuş digər səlahiyyətlərini həyata keçirir.

    2.4.Şura üzvlərinin aşağıdakı hüquqları vardır:

    • Şura iclaslarına hazırlıqda və onun işində iştirak etmək;
    • Şura iclasının gündəliyinə təkliflər təqdim etmək;
    • Şuranın iclaslarında çıxış etmək;
    • təqdim edilmiş təkliflər üzrə səsvermənin keçirilməsini tələb etmək;
    • gündəliklə əlaqədar suallar vermək və onlara mahiyyəti üzrə cavab almaq;
    • Şuranın sənədləri və materialları ilə tanış olmaq, bu sənədlərin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərini almaq.  

    2.5.Şura üzvləri Şuranın bütün iclaslarında iştirak etməyə və üzürlü səbəbdən Şuranın iclaslarında iştirak etməyin mümkün olmadığı hallarda əvvəlcədən məlumat verməyə borcludurlar.

    3.ŞURA  ICLASLARININ KEÇIRILMƏSI QAYDALARI

    3.1.Səlahiyyətinə aid olan hər bir məsələyə baxmağa Şuranın hüququ vardır. Şuranın səlahiyyətinə aid məsələlərə baxılması Şura iclaslarında həyata keçirilir.

    3.2.Şura üzvləri bir qayda olaraq iclasın başlanmasına ən geci 5 gün qalmış Şuranın məsul katibi tərəfindən xəbərdar edilirlər. Müsabiqənin iştirakçıları tərəfindən təqdim edilmiş sənədlər və digər zəruri materiallar bir qayda olaraq Şuranın iclasının başlanmasına ən geci 3 gün qalmış Şura üzvlərinə təqdim edilir. Şura üzvləri əlavə materiallarla bilavasitə Şuranın iclasında tanış olurlar.

    3.3.Şura iclasında sədrlik edən:

    • Şura iclasını aparır;
    • Şura üzvlərinin iştirakını yoxlayır;
    • yetərsayın olması barədə məlumat verir;
    • Şuranın iclasının gündəliyindəki məsələlər üzrə müzakirələri təşkil edir;
    • Şura üzvlərinə, müsabiqə iştirakçılarına, habelə dəvət olunmuş şəxslərə çıxış üçün söz verir;
    • səsverməni və səslərin hesablanmasını təşkil edir;
    • Şura üzvləri və dəvət olunmuş şəxslər tərəfindən mövcud Reqlamentin müddəalarına riayət edilməsini təmin edir.

    3.4.Şura iclaslarında məruzələrin və digər çıxışların müddəti sədrlik edən tərəfindən müəyyən edilir və bu müddət Şuranın qərarı ilə digər qayda müəyyən edilməmişdirsə, məruzə üçün - 5 dəqiqə; müzakirə üçün çıxışlar – 3 dəqiqə; arayış, məlumatların elan edilməsi, bəyannamə və müraciət üçün çıxışlar 2 dəqiqədən artıq çəkməməlidir. 

    3.5.Şuranın iclaslarında bütün qərarlar açıq və ya gizli səsvermə yolu ilə qəbul edilir. Açıq səsvermə Şura üzvünün əlinin yuxarı qaldırılması, gizli səsvermə isə bülletenlərdən istifadə olunması yolu ilə həyata keçirilir. Açıq səsvermənin nəticələri “lehinə” və “əleyhinə” səsləri bərabər olduğu halda sədrlik edənin səsi həlledici olur.

    4.ŞURANIN  ICLAS PROTOKOLU

    4.1.Şuranın iclas protokolunda Şuranın səlahiyyətlərinə aid olan məsələlər üzrə qəbul olunmuş qərarlar əks etdirilir. "Teleradio yayımı üzrə MTRŞ-nın iclas iştirakçılarının Siyahısı" adlı 1 saylı Əlavə, "Müsabiqəninin nəticələrinə görə qalib hesab edilməyən müsabiqə (müsabiqələr) iştirakçılarının siyahısı" adlı 2 saylı Əlavə, təqdim edilmiş hər bir radiotezlik kanalında teleradio yayımı hüququnu əldə etmək üzrə keçirilmiş müsabiqənin nəticələrini rəsmiləşdirmiş protokollar da Şuranın iclas protokollarının tərkib hissəsidir.

    4.2.Şuranın vahid iclas protokolu 1 nüsxədə tərtib edilir, sədrlik edən və Şuranın məsul katibi tərəfindən imzalanır və Şurada qalır.

    5.YEKUN MÜDDƏALAR

    5.1.Şuranın Reqlamenti, ona əlavə və dəyişikliklər Şuranın iclasında iştirak edən Şura üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

    5.2.Şuranın Reqlamentinə əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər Şuranın iclasında ilk növbədə baxılır.

Yuxarı ^