• Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı XÜSUSİ QAYDALAR

    (25 iyun 2003-cü il tarixli Şura iclasında təsdiq olunmuşdur)

    Bu Xüsusi Qaydalar Azərbaycan Respublikası Konstitusiyasına, "Azərbaycan Respublikasının dövlət dili haqqında" və "Televiziya və radio yayımı haqqında" qanunlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən teleradio yayımçıları tərəfindən yayım zamanı Dövlət dilindən istifadəyə dair münasibətləri tənzimləyir. 

    1.Azərbaycan Respublikasının ərazisində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio yayımları dövlət dilində aparılır.

    2.Dövlət dilinin təbliği, onun tamaşaçı və dinləyiciyə təmiz şəkildə təqdimi və müasir dünyanın artmaqda olan mədəni-intellektual tələblərinə uyğun inkişafı istiqamətində ardıcıl, sistemli və səmərəli fəaliyyət göstərmək bütün teleradio yayımçılarının borcu və vəzifəsidir.  

    3.Televiziya və radio vasitəsi ilə yayımlanan verilişlər (proqramlar) tam həcmdə Dövlət dilində olmalıdır.

    (MTRŞ-nin 11 yanvar 2008-ci il tarixli iclas qərarı ilə Qaydaların 3-cü bəndi yeni redaksiyada verilmişdir).

    4.Ümummilli və xüsusi dövlət əhəmiyyətli informasiyaların teleradio yayımçıları tərəfindən ilkin olaraq dövlət dilində verilməsi məcburidir. 

    5.Azərbaycan Respublikasının ərazisində yayımlanan bütün televiziya və radio verilişlərinin aparıcıları dövlət dilini mükəmməl bilməli və onların səlis danışıq qabiliyyəti olmalıdır*.

    6.Səlis, aydın və mükəmməl nitqə malik aparıcıların seçilməsi və işə qəbul olunması televiziya və radio yayımçılarının səlahiyyətinə aid olduğundan aparıcıların efir məsuliyyəti də bilavasitə yayımçıların məsuliyyəti kimi dəyərləndirilməlidir.    

    7.Teleradio aparıcıları tərəfindən sözlərin tələffüz formasının dəyişdirilməsi və ədəbi dilin normalarına etinasızlıq göstərilməsi halları yolverilməzdir.

    8.Efir vaxtı aparıcının nitqində qeyri-dövlət dilindən istifadə olunduğu hallar (bədii əsərlərdə ədəbi obrazların dilində sələnən ifadələr istisna olmaqla) dövlət dilinə tərcümə ilə müşaiyət olunmalıdır.

    9.Televiziya və radio verilişlərində yayım zamanı iştirakçıların hansı dildən istifadə etməyindən asılı olmayaraq, aparıcıların dövlət  dilində danışmaları tələb olunur.   

    10.Televiziya və radio ilə yayımlanan verilişlərdə geniş auditoriya üçün aydın olmayan terminlər, məfhumlar, yabançı ifadə və sözlər mütləq onların izahı verilmək şərti ilə işlədilməlidir. Lakin bu cür halların kütləvi şəkil alması və ifrat dərəcədə olması qəti surətdə yolverilməzdir. 

    11.Televiziya və radio vasitəsi ilə yayımlanan film və verilişlərin dublyajı dövlətin təsbit etdiyi dil normalarına uyğun olmalıdır.

    12.Teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələr işlədilməsi yolverilməzdir.   

    13.Televiziya və radio yayımlarında dövlət dilinin işlədilməsinə hər hansı formada mane olmaq və ya bu məqsədlə təbliğat aparmaq qadağandır.   

    14.Televiziya və radio yayımlarında dövlət dilindən istifadə ilə bağlı bu Qaydaların hər hansı şəkildə pozulması bütövlükdə "Azərbaycan Respublikasının dövlət dili haqqında" və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir.  

    15.Milli Televiziya və Radio Şurasının dövlət dilindən istifadəyə dair müəyyən etdiyi bu Qaydalara televiziya və radio yayımçıları tərəfindən əməl olunması məcburidir. 

    16.Teleradio yayımları zamanı dövlət dilindən istifadə ilə bağlı pozuntulara yol verildiyi hallarda yayımçılar barəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. 

    17.Bu Xüsusi Qaydaların  müddəalarından hər hansı birinin pozulduğu haldan asılı olaraq Şura tərəfindən:

    • xəbərdarlıq edilir;
    • cərimə edilir;
    • xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti olaraq məhkəmə qaydasında dayandırılması barədə qərar qəbul edilir.

    18.Bu Xüsusi Qaydalar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün teleradio yayımçılarına şamil edilir. 

    QeydAparıcıların nitqində aşağıdakı qüsurlar xüsusilə yolverilməzdir:

    • aparıcının nitqində əsas tonun titrəməsi;
    • mexaniki səs – nitqin birtonluluğu, nitqin qeyri-təbii səslənməsi;
    • dəyişkən ton, sərt ton, fasiləli səs;
    • nitqdə olan fasilələrdə müxtəlif kənar səslərin olması;
    • "burunda danışmaq";
    • pəltəklik – "l", "r" və s. sonorlarının təhrif edilməsi;
    • yüksək templi nitq və s. 
Yuxarı ^