• AZƏRBAYCANDA TELERADİO YAYIMI: UĞURLAR, PROBLEMLƏR, VƏZİFƏLƏR. 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri nədən xəbər verir?

    AZƏRBAYCANDA TELERADİO YAYIMI: UĞURLAR,

    PROBLEMLƏR, VƏZİFƏLƏR.

     

    2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri nədən xəbər verir?

     

    XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə demokratiyanın inkişafı, söz və fikir  azadlığının təminatı istiqamətində böyük uğurlar əldə olunub. Xüsusilə də Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında fikir plüralizmi, söz azadlığı ən yüksək səviyyədə təsbit edilmişdir. 1998-ci ildə Ümummili lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi də ölkədə söz və məlumat azadlığının bərqərar olması və inkişafında müstəsna rol oynamışdır. Ulu öndər Heydər Əliyev senzuranın ləğvinin əhəmiyyətindən bəhs edərək deyirdi: “Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır". Beləliklə, Azərbaycanda azad sözün, müstəqil medianın, o cümlədən teleradio sisteminin sürətli inkişafı üçün münbit şərait yaradıldı.

    Ölkədə teleradio sisteminin dinamik və uğurlu inkişafı üçün, bu sahənin dövlət tərəfindən hüquqi tənzimlənməsi də vacib məsələ kimi ortaya ortaya çıxmışdır. Bu məqsədlə 2002-ci ildə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ölkədə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır.

    Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməklə yeni şəraitdə daha böyük uğurlar əldə etmək üçün real təminat yaradıldı. Nəticədə digər sahələrdə olduğu kimi, teleradio yayımı sahəsində də yeni kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda 10 ölkə, 14 regional, 1 peyk yayımçısı və 12 kabel televiziyası fəaliyyət göstərir. Bunlardan əlavə, ölkə yayımçısı olan 12 radio və 3 regional radio gündəlik olaraq efirdədir. Onlardan İctimai televiziya, ictimai radio, dövlət yayımçısı olan 3 televiziya (“Azərbaycan televiziyası”, “İdman-Azərbaycan” və “Mədəniyyət” kanalları) və 2 radio (“Respublika radiosu” və “İctimai radio”) dövlət büdcəsindən maliyyələşdirilir. Göründüyü kimi, bu gün Azərbaycanda həm dövlət yayımçıları, həm ictimai yayımçılar, həm də özəl yayımçılar fəaliyyət göstərməkdədir.

    Tematik televiziya kanallarının olması və onların büdcədən maliyyələşdirilməsi sözsüz ki, dövlətin teleradio yayımı sahəsinə, həmçinin mədəniyyət və idmanın inkişafına xüsusi önəm verdiyinin göstəricisidir.

    Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ilin may ayında Cenevrədə keçirilmiş Regional Radiorabitə Konfransında (RRK-06) rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilmiş və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə region ölkələri arasında razılıq əldə olunmuşdur.

    Müsbət haldır ki, Azərbaycanda hələ 2004-cü ildən başlayaraq rəqəmli yayım üzrə test yayımlarına başlanılıb. Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli qərarına əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramları 22 dekabr 2011-ci il tarixdən etibarən analoq yayımla paralel DVB-T standartına uyğun rəqəmsal yayım həyata keçirilməkdədir. 3 ildən artıqıdr ki, rəqəmli yayım analoq yayımla paralel həyata keçirilir. Hazırda rəqəmsal yayıma keçid prosesi artıq yekunlaşmaq üzrədir.

    Respublika Nazirlər Kabinetinin 2011-ci il 10 fevral tarixli26 saylı qərarı ilə  "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq edilmişdir.

    Göründüyü kimi, Azərbaycan rəqəmli yayıma keçid  sahəsində MDB-də lider dövlətlərdəndir. Sadəcə, aztəminatlı ailələrin durumu nəzərə alınaraq hələlik analoq yayım dayandırılmamışdır.

    Azərbaycanın milli “Azərispace” peykinin orbitə çıxarılması da ölkədə teleradio yayımı sahəsinin uğurlarına təsir göstərən mühüm amil kimi dəyərləndirilməlidir.   

    Diqqəti cəlb edən mühüm tendensiyalardan biri də ənənəvi televiziya kanalları ilə yanaşı, tematik televiziyaların da meydana çıxması oldu. 18 iyul 2008-ci il tarixdə “İdman Azərbaycan”, 22 oktyabr 2010-cu il tarixdə isə “Mədəniyyət” televiziyası fəaliyyətə başlamışdır.

    Demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas elementlərindən olan KİV və onun tərkib hissəsi televiziya və radio yayımı sahəsində qanunvericilik də müasir standartlara uyğun şəkildə formalaşdırılmışdır ki, bu da sözügedən sahənin hüquqi tənzimlənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.  

    Teleradio fəaliyyətinin dinamik inkişafı və tənzimlənməsi qanunvericilik bazasının təkmilləşdirilməsi ilə birbaşa əlaqəlidir. Bu baxımından son illər qanunvericiliyə edilmiş dəyişikliklərin və  Milli Televiziya və Radio Şurası tərəfindən qəbul olunmuş normativ xarakterli aktların da əhəmiyyəti böyükdür. Milli Televiziya və Radio Şurasının təşəbbüsü ilə qanunvericliyin daha da təkmilləşdirilməsi məqəsədilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa 8 dəfə əlavə və dəyişikliklər edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən teleradio yayımı sahəsində  münasibətləri tənzimləyən bir sıra normativ xarakterli aktlar da qəbul edilmiş və həmin aktlar Dövlət Reyestrinə daxil edilmişdir.

    Bu gün televiziya və radio istər KİV, istərsə də, biznes sahəsi kimi çox ciddi spesifikaya malikdir. Başqa sözlə, televiziya müasir dövrdə təkcə ictimai rəyin formalaşmasında deyil, həm də onun idarə olunmasında əvəzedilməz rola malikdir. XX əsrin 50-60-cı illəri üçün Amerika cəmiyyətini xarakterizə edən prezident Con Kennedi Amerika xalqının formalaşması prosesində əsas rolun televiziyaya məxsus olduğunu qeyd edirdi. Bu mənada müasir dövrdə daha da populyarlaşmış və kütləviləşmiş televiziyanın cəmiyyət həyatında nə dərəcədə mühüm rol oynadığını təsəvvür etmək çətin deyildir.

    Televiziya bu gün həm də sərfəli biznes strukturu kimi inkişaf etməkdədir. Yəni, ictimai rəyin formalaşmasında müstəsna imkanlara malik bir vasitə olmaqla yanaşı, həm də ayrı-ayrı şəxslər və ya şəxslər qrupunun gəlir mənbəyidir. Məhz bu iki amili özündə təcəssüm etdirən televiziyanın necə həssas bir sahə olduğu bir daha öz təsdiqini tapır. Əslində elə teleradio yayımı sahəsindəki bir sıra  problemlər də məhz bu nöqtədən qaynaqlanır. Yəni, biznes strukturu kimi televiziyanın sahibkarı bütün imkanlardan istifadə edərək maksimum gəlir əldə etməyə çalışır və bu zaman onun fərdi maraqları ilə cəmiyyətin  maraqları arasında müəyyən uyğunsuzluq yaranır.

    Cəmiyyətin  bütün sahələrini əhatə etməkdə olan liberal dəyərlərin inkişafı nəticəsində ortaya çıxan münbit şərait Azərbaycanda televiziya və radionun da aparıcı biznes sahəsinə çevrilməsinə şərait yaratmışdır. Lakin teleradio sahəsinin sürətli və bir az da xaotik inkişafı özü ilə ciddi çatışmazlıq və nöqsanlar da gətirmişdir. Sözügedən problemlər cəmiyyətin ümumi mənafeləri ilə birbaşa ziddiyyət təşkil etdiyindən ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən ciddi müqavimətlə qarşılanmaqdadır. Məhz bunun nəticəsidir ki, ictimaiyyətin bir sıra aparıcı nümayəndələri, xüsusilə intellektual təbəqə tərəfindən bu sahədə ciddi problemlərin olması ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır. Təbii ki, narazılıqlar  vardırsa, deməli problem də aktualdır və o, müəyyən araşdırma, analiz və təhlil tələb edir. Əslində çoxaspektli və dərin problem olduğundan  ona kompleks yanaşma tələb olunur. Son zamanlar teleməkanda müşahidə olunan problemlərin kökündə duran əsas səbəblərdən biri cəmiyyətin inkişafı nəticəsində müxtəlif tamaşaçı təbəqələrinin formalaşmasıdır. Yəni, dəyişən reallıqlara adekvat olaraq, cəmiyyətin sosial strukturunda müxtəlif zövqlərə malik təbəqələr, qruplar formalaşır ki, bu da, televiziyaların sayca çoxluq təşkil edən həmin təbəqə və qrupların zövqlərindən asılılığına gətirib çıxarır. Bu bir həqiqətdir ki, indiki dövrdə cəmiyyətin böyük bir hissəsi əyləncəyə meyilli sosial təbəqələrdən ibarət olduğundan kanallar da məhz onlara yönəlik proqram və layihələrə üstünlük verirlər ki, bu da efirdə ciddi, intellektual səviyyəli verilişlərin azalmasına gətirib çıxarır. Təbii ki, belə olan halda intellektual təbəqə tərəfindən onun tələbatını ödəyəcək verilişlərə maraq da azalır. Bu da, sözügedən təbəqəni öz tələbatını ödəmək məqsədilə mövcud alternativlərə müraciət etməyə sövq edir. Belə olan halda kabel televiziyaları vasitəsilə tamaşaçı Rusiya, Türkiyə və ya digər ölkələrin nisbətən daha ciddi və səviyyəli teleyayımçılarının xidmətlərindən istifadə etmək məcburiyyətindədir. Razılaşaq ki, xarici ölkə telekanalları ilə  nümayiş etdirilən bir sıra əyləncəli və şou xarakterli verilişlər yerli televiziyaların proqramlarından daha keyfiyyətli, daha rəngarəng və daha səviyyəli olması ilə diqqət çəkir. Bu amil isə nəinki intellektual təbəqənin, hətta digər təbəqələrin də məhz xarici kanallara meyillənməsinə gətirib çıxarır. Başqa sözlə, bir çox hallarda əyləncəli şou verilişlərinin də keyfiyyətinin aşağı olması, şitlik, bayağılıq, sünilik tamaşaçını bezdirərək onu alternativ seçim etməyə sövq edir.

    Etiraf etməliyik ki, peyk antennaları və ya kabel şəbəkəsi vasitəsilə çoxsaylı xarici televiziya proqramlarını izləmək imkanı həmin kanallardan yalnız müsbət meyillərin deyil, həm də bir sıra mənfi yüklü verilişlərin də Azərbaycanın efir məkanına yol tapmasına gətirib çıxarır. Əfsuslar olsun ki, bir sıra hallarda yerli kanallar xarici məhsulları ya olduğu kimi, yaxud da bir qədər də təqlid etməklə Azərbaycan tamaşaçısına təqdim edir. Bu isə doğru yanaşma deyil. Azərbaycan xalqının özünəməxsus dəyərləri və mentaliteti vardır. Bu amillərin nəzərə alınmaması, Qərb cəmiyyətləri üçün xarakterik olan halların milli efirimizə süni şəkildə yeridilməsi yolverilməzdir. 

    Unutmaq olmaz ki, televiziyanın əsas funksiyalarından biri cəmiyyəti maarifləndirməkdir. Yəni, televiziya təkcə informasiya vermək və yaxud da auditoriyanı əyləndirməklə öz işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi də bacarmalıdır ki, bu da onun yuxarıda qeyd etdiyimiz maarifləndirmə funksiyasından irəli gəlir. Lakin, çox təəssüf ki, bu gün bir sıra hallarda düzgün proqram siyasəti olmadığından televiziyanın funksiyaları arasında balans pozulur. Yəni, kanallarımız öz fəaliyyətlərini daha çox əyləndirmə istiqamətində genişləndirməyə cəhd göstərirlər. Bu qəbildən olan iradları səsləndirərkən mütləq şəkildə onu da nəzərə almalıyıq ki, bəli, özəl televiziya və radio, həqiqətən bir biznes sahəsidir. Lakin onu da unutmamalıyıq ki, teleradio yayımı xüsusi bir fəaliyyət sahəsidir. Elə bu səbəbdən də  teleradio yayımı dövlət tərəfindən lisenziyalaşdırılır.

    “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, proqramlar yayım üçün hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Bu tələb mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yayımçılara aiddir. Əlbəttə, dövlət büdcəsindən maliyyələşən televiziyaların üzərinə, bu sahədə, xüsusilə böyük yük düşür.

    Sözsüz ki, “Azərbaycan Dövlət Televiziyası”nın bu sahədəki işi digər televiziyalar üçün bir növ örnəkdir. Bu gün “Azərbaycan televiziyası”nın efirində yer alan maarifləndirici xarakterli xeyli sayda layihənin adını çəkmək olar: "Təhsil və tərəqqi", "Ailə həkimi", "Müasir Azərbaycan gənci", "Ana dili", “Muğam televiziya müsabiqəsi – 2015”, "Ədəbi abidələr", "Musiqi xəzinəsi", "Dərsdən sonra", "Təmas nöqtəsi", "Mən azərbaycanlıyam", "Parlaq zəka" və bu kimi bir çox veriliş və layihələri buna misal göstərmək olar. Maarifçi və intellektual verilişlər prizmasından “Mədəniyyət” kanalının rolunu da xüsusi olaraq qeyd etmək vacibdir. Hazırda “Mədəniyyət” kanalı 26 verilişdən ibarət proqramla sutkada 12–15 saatlıq yayım həyata keçirir. Kanalın proqram səbətində yer alan mədəni-maarif verilişləri əsasən aşağıdakı istiqamətləri əhatə edir: ədəbi-bədii yaradıcılıq proseslərinin, dünya ədəbiyyatında baş verən həm ənənəvi, həm də müasir tendensiyaların təhlili, görkəmli tarixi şəxsiyyətlərin, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığının işıqlandırılması, teatr, kino və incəsənətin digər sahələrinin keçmişi, bu günü, gələcəyi, dil və din, fəlsəfi-kulturoloji problemlər, klassik və milli musiqi verilişləri, tarixi-mədəni irs nümunələrinin işıqlandırılması və s.

    "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, İctimai TV milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarının təmin olunmasına nail olmalıdır. Bundan başqa, sözügedən qanunda göstərilir ki, İctimai yayım proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməli, İctimai yayımçı dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək  tamaşaçılara çatdırmalıdır.

    Yayım proqramının təhlili hazırda İctimai televiziyanın efirində, öz yayım fəlsəfəsinə uyğun olaraq, kifayət qədər maarifləndirici verilişlər olduğunu deməyə əsas verir. Bunlar əsasən aşağıdakı istiqamətləri əhatə edir: Milli və dünya mədəniyyəti tarixindən bəhs edən informativ məlumatlar, Azərbaycan və dünya mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələri, onların həyatı, yaradıcılığı barədə verilişlər, ölkə və dünya tarixi, tarixi şəxsiyyətlər barədə verilişlər, sənədli filmlər, folklor nümunələrindən, etnik azlıqların yaşadığı regionların tarixi-mədəni xüsusiyyətləri və spesifikasından bəhs edən verilişlər, milli-dini tolerantlığın Azərbaycan xalqının mədəni irsinin vacib elementi olaraq təqdiminə həsr olunan, o cümlədən dini maarifləndirməyə həsr olunan  proqramlar, milli və dünya musiqisinin, kinosunun görkəmli nümunələrinin nümayişi və s.

    Bu bir həqiqətdir ki, dövlət büdcəsindən maliyyələşən kanalların mədəni-maarifçilik istiqamətindəki fəaliyyət üçün kifayət qədər potensialı vardır. Yəni, onların reklam dalınca qaçmadan, maarifləndirici və intellektual verilişlər hazırlamaq üçün real imkanları mövcuddur. Bu mənada dövlət büdcəsindən maliyyələşən kanalların milli efirimizin daha da rəngarəng və cəlbedici olması, onların daha dinamik fəaliyyət göstərməsi, tamaşaçı auditoriyasının  maraqlarını əks etdirən yayım proqramlarına malik olması günün tələbidir. 

    Gəlin unutmayaq ki, istər Dövlət Televiziyasından, istərsə də İctimai Televiziyadan Azərbaycan ictimaiyyətinin gözləntiləri daha böyükdür. Başqa sözlə, tamaşaçı və dinləyicilərin etimadını qazanmaq üçün hər iki televiziya daha aktual və daha rəngarəng veriliş və proqramlara ehtiyac olduğunu nəzərə almalıdır.

    Özəl yayımçıların da yayım proqramında maarifləndirici verilişlər, layihələr az deyildir. Məsələn, “Lider” TV-də “Sağlam nəsil”, “Bizim səda”, “Tet-A-Tet”, “Söz keçəri”, ATV-də ”Zərif qəhrəman”, “Turne”, “İş həmişə var”, "Yenə o bağ olaydı”, ANS-də “Keçmişə salam”, “Marş", “İstiqlal Şirməmməd Hüseynovla”, “Universual”, “Alın yazısı”, “Əslində mən”, “Space”-də “Çarə”, “Siqnal”, “Banu”, “Xəzər” TV-də “Sağlıqla”,  “Nuş olsun”, “Ləziz dad”, “Yolçu”, “Səyyah”, “Ənənə boxçası”, “Addım-addım”, “Sirdaş”, “Könül dünyamız”, “Ex-professio”, “Region” kanalında “Yaşamaq gözəldir”, “Ürək sözü”, “Elin adamı”, “Regionun fəxri”, “Regionun sualı”, “100 yaşa” və s. kimi verilişlər maarifçilik xarakteri daşımaqla geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

    Lakin bunlarla yanaşı, özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar da kifayət qədərdir. Belə ki, bu gün telekanalların efirində ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən halların baş alıb getməsi, efirin kommersiyalaşması və s. ciddi narahatlıq doğurur.  

    Danmaq olmaz ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevirilən mövzuların məsuliyyəti böyükdür. Amma əfsuslar olsun ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur. Məsələn, “Azad Azərbaycan” televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "baxın, qadın budur! Kişilərin beynini xarab edir" demiş və bu fikri bir neçə dəfə təkrar etmişdir. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif etmiş, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir etmişdir.

    Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. "Kişilər evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi verilişlər buna misal ola bilər.

    ANS telekanalında yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində tez-tez  milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır. “Adam içində” verilişi bu mənada “liderlik” edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, “Adam içində” verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunmuş və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməmiş məlumatlar səsləndirilmişdir.

     Əslində problemin televiziyaya deyil, hüquq-mühafizə orqanlarına aid olması, qızın ailəsinin çıxılmaz vəziyyəti nəzərə alınmadan verilişin yaradıcı heyəti şou yaratmış, efirdə şikayətçi tərəflər arasında qarşılıqlı təhqirlərin, xoşagəlməz situasiyaların meydana çıxmasına rəvac verilmişdir. Mövzu 28 yanvar tarixində də davam etdirilmişdir.

    Neftçala rayonundan olan gənc xanımın “Adam içində”dəki çıxışı əsasında yaxın qohumlar üz-üzə qoyulmuş, bir-birinə qarşı təhqiramiz ittihamlar səsləndirmiş, aparıcı tərəfindən ailə sirrlərinin açılmasına təhrik edilmişdir.

    24-25 fevral tarixlərində 17 yaşlı qızın zorlanması və hazırda hamilə olması ilə bağlı anasının müraciəti əsasında müzakirələr açılmışdır. 03 mart 2015-ci il tarixində isə ərin arvadına xəyanəti, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparılmışdır. Təəssüflə demək lazımdır ki, “Adam içində” verilişində bu tip milli-mənəvi dəyərlərə zidd mövzular mütəmadi olaraq gündəmə gətirilməkdədir.

    Təbiidir ki, birbaşa efirdə müzakirəyə çıxarılan bu tip mövzular, sonda nəticə etibarı ilə ailələr, qohumlararası münaqişələrə səbəb olur, həmin insanların təmsil olunduğu şəhər, qəsəbə və kəndlərdə çox ciddi gərginlik yaradır. Məsələn, mart ayında "Adam içində" verilişinin ən azı beş buraxılışda müzakirə edilmiş Saatlıda baş verən kiçik bir ailə münaqişəsi sonda böyüyərək rayon səviyyəsində ciddi ajiotaja səbəb olmuşdur. Hətta telekanalın ailə problemlərinə müdaxilə etmiş əməkdaşına da fiziki təzyiqlər olduğu məlum olmuşdur.  

    Əslində sosial problemlərdən bəhs edən verilişə hər səpkidə müraciətlər ola bilər. Lakin yayımçı şou yaratmaq naminə ayrı-ayrı şəxslərin və ya ailələrin həyatına, yaxud da hüquq-mühafizə orqanlarının fəaliyyət sahəsinə aid olan həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Sirr deyildir ki, “Adam içində” verilişinin bir çox buraxılışları geniş ictimai narazılığa səbəb olub. Verilişin ayrı-ayrı buraxılışlarında yaranmış gərgin psixoloji vəziyyət hətta iştirakçıların birbaşa efirdə qeyri-etik və təhqiramiz  ifadələr, söyüşlər işlətməsilə müşayiət olunub. Məsələn, verilişin 11 dekabr 2014-cü il tarixli buraxılışında həddən artıq ədəbsiz ifadələrdən istifadə edildiyinə görə, yayımçıya qarşı Teleradio Şurası tərəfindən müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

    Nə qədər təəccüblü olsa belə, eyni hala, hətta verilişin ekspertləri tərəfindən də yol verilir. Məsələn, 11 mart 2015-ci il tarixli buraxılışda ekspertlərdən biri Saatlı rayonunda baş vermiş problemlə bağlı müzakirələr zamanı təhqiramiz ifadə işlədib: “Kənd camaatının vəhşiliyi nə ilə bağlıdır? Demək ki, bunların adət-ənənəsi budur”.

    Digər bir ekspert isə aşağıdakı ifadələri işlədib: “Demək, Afət xanıma hücum edənlər necə dəhşətli adamdırlar ki, ailədə törətdikləri bəs etmirmiş kimi, gələn qonağa da əl qaldırırlar. Onların hərəkəti cinayət xarakterlidir”.

    18 mart tarixində isə ekspert konkret şikayətçini təhqir etmişdir: “Sən qızına təhsil vermisən, amma adamlıq verməmisən”.

    Bütün bunlar isə geniş ictimai narazılığa səbəb olur. Bununla bağlı Milli Televiziya və Radio Şurasına və digər rəsmi qurumlara daxil olan müraciət və şikayətlər də geniş ictimai dairələrin efir məkanında baş verənlərə biganə qalmadığından xəbər verir.

    ANS-in “Salam Azərbaycan” verilişində də efirin tələbləri tez-tez pozulur. Verilişin aparıcıları bir sıra hallarda efir üçün məqbul olmayan, müəyyən mənada qeybət xarakterli müzakərələrə, bəzən isə sətiraltı açıq və ya formaca qeyri-etik ifadələrə, fikirlərə yer verirlər. Məsələn, 02 mart 2015-ci il tarixdə saat 07.42-də aparıcı Aytən Səfərova xüsusi mimika və jestlə aşağıdakı qeyri-etik sətiraltı məzmunlu ifadələr işlətmişdir:

    “Dostlar, biz sizə indi dünyanın ən böyük sosiskasını göstərəcəyik. Siz elə bilirsiz ən böyük sosiska sizdədir? Xeyr, ən böyük sosiska Serbiyadadır. Biz serblərin sosiskalarını görəcəyik. Onlar bütün dünyaya göstəriblər... sosisi”. İlk baxışda adi görünən bu ifadələrlə aparıcının nəyə eyham vurduğunu video-materialla tanış olarkən daha aydın anlamaq olur.

    Bundan başqa, 02 aprel 2015-ci il tarixdə verilişin aparıcıları xalq mahnılarının sözlərində qeyri-etik sətiraltı məzmun axtarmaq kimi yersiz, efir üçün məqbul olmayan cəhdlər göstərmişlər. Məsələn, aparıcılar ironiya ilə: “Çox gözəl mahnılarımız var. Məsələn, “sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl”. Yalnız bir gecə.. ayıb olsun! Bundan başqa, “gəlmişəm otağına, oyadam səni”... Sonra, “dağın dalından nəsə səs gəlir” (gülüşmə). Biri də var, “tikan batdı dizimə, əyildim çıxartmağa, yar sataşdı gözümə”. Yar yerdə uzanıbmış... Bundan başqa, Nadir Qafarzadə oxuyur: baxçanızda nar əkim (gülüşmə)...Ən yaxşısı isə “Sarı gəlin”dədi: “nənən ölsün, sarı gəlin”. Vəssalam, “pryamoy” qarğışdı mahnı”.

    Bəzən isə verilişdə aparıcılar mahiyyətini doğru-düzgün anlamadıqları müxtəlif məsələlər barəsində qeyri-peşəkar, bəzən isə aqressiv, hətta müəyyən qızışdırıcı xarakterli fikirlər səsləndirirlər. Buna ən bariz misal ölkədə dolların məzənnəsinin manata nisbətən dəyişməsindən bəhs edərkən 23 fevral 2015-ci il tarixdə aparıcıların bu barədə apardıqları müzakirələrdir: “Dollarla adamların əsəblərinin oynanması məsələsi əməlli-başlı qiymət artımına səbəb olub. Qiymətlər artıb. Bu, biabırçılıqdır...Çıxıb deyirlər ki, 1 dollar 1 manat 5 qəpikdi. Bu nə deməkdir? Bura Azərbaycandır...İndi otyeyənlərin sayı artacaq. Çünki ətin qiyməti çox artıb. Hər şeyin qiyməti artacaq. Görəsən bu qərarı verənlərin özləri nə yeyib-içirlər? Onlar Azərbaycandan nəsə alırlar, görəsən. Əhali dolların qalxmasına hazır deyildi. Bizim özümüzün dəyərimiz aşağıdı, görəsən. Heç kəsin bu işdən xəbəri olmayıb. Camaat yatıb səhər durub ki, qiymətlər artıb. Belə şey olmaz axı! Qonşu ölkələrdə iqtisadiyyat daha güclü olduğu üçün əhali milli valyutanın dollardan zəif olmasını hiss eləmir. Bizdə isə əsasən hər şey neftə bağlıdı...Ölkədə dərmanların qiyməti qalxacaq. Pensiyaçıların pensiyası artmır, amma qiymətlər artır. Deməli, onlar başlarını qoyub ölməlidirlər. İndi oğurluq halları da artacaq. Deyəcəklər ki, neyləyim, maaşım azdı”.

    Göründüyü kimi, verilişin aparıcıları canlı efirdən sui-istifadə edərək manatın devalvasiyası ilə bağlı qeyri-peşəkar şərhlər verir, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək əsası omayan fikirlər səsləndirir, çağırışlar edirlər. Əslində isə peşəkar jurnalist və ya KİV orqanı prosesləri obyektiv dəyərləndirməyi, məsələlərə emosional deyil, soyuqqanlı, düşünülmüş yanaşma sərgiləməyi bacarmalıdır. Ən əsası isə rəsmi qurumların mövqeyini öyrənmədən, peşəkarlarla məsləhətləşmədən məsuliyyətsiz ifadələr işlədilməsi söz azadlığından sui-istifadə edildiyini ortaya qoyur. Bu, həmçinin verilişin yaradıcı heyəti və xüsusilə də aparıcının peşəkarlıq səviyyəsi ilə bağlı müəyyən şübhələr oyadır.     

    Şou-bizneslə bağlı verilişlərdə milli-mənəvi dəyərlərə, efir etikasına zidd hallara yol verilməsi də neqativ hallardan biri kimi qeyd edilməlidir.

    Bu xüsusda , 02 fevral 2015-ci il tarixdə saat 18.20-20.20 arası Xəzər TV-də yayımlanan “5/5 şou” verilişində müğənnilər Niyami Salami və Səidə Sultan arasında baş verən olayı qeyd etmək yerinə düşərdi:

    Səidə Sultan: İndi siz məni polisə verəcəksiz?

    Niyami Salami: Yox, polisə verməyəcəm, türkün məsəli...

    Səidə Sultan: Sukasan, polisə verəsən məni?...o, sukadı.

    Burada xüsusi narahatedici məqam verilişin aparıcısının və ümumilikdə yaradıcı heyətin baş verənlərin, xüsusilə qonaqların şıltaqlıqlarının qarşısını almaq əvəzinə, ona daha da geniş meydan verməsidir. Qeyd edək ki, Xəzər TV-nin "Ay Zaur" və "5/5 şou" verilişlərində belə hallar tez-tez təkrar olunur.

    Bu gün milli efir məkanında ailə-məişət mövzularından bəhs edən tok-şouların artması və orada müzakirəyə çıxarılan problemlərlə bağlı narahatedici məqamlar  da yetərincədir. Bu mənada,  ANS-in “Bazar səhəri” verilişində milli-mənəvi dəyərlərə zidd, bayağı mövzulara, qeyri-etik məzmunlu müzakirələrə daha tez-tez rast gəlinir. Verilişin 08 mart 2015-ci il tarixli buraxılışından bəzi məqamları yada salırıq:

    Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız?

    Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.

    Aparıcı: Şubası yoxdur da.

    Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona.

    ...

    Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa?

    Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.

    Müğənni Manaf Ağayev: Qoymuşam.

    Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)

    Müğənni Vasif Məhərrəmli: Qoymuşam.

    Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub...

     Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.

    Studiyada gülüşmə.

    Müğənni Nadir Qafarzadə (Guya təəccüblənərək): Aaa, sual var idi də. Sinəsinə pul qoymusunuz, yoxsa? Aaa, nə dedim ki, mən? Bir söz dedim?... dedim qoyub da...

    Aparıcı müğənnilərə müraciətlə: Cenifer Lopez bədəninin bir hissəsini sığorta etdirib. Bilirsiniz harasıdı?

    Müğənnilər: Bəli, bilirik.

    ...

    Aparıcı müğənnilərə müraciətlə: Elza Seyidcahanın şeirlərini oxumusunuz?

    Müğənni Nadir Qafarzadə: Hə. Onun bir şeiri var a: sənə o verdi. Allah verdi. O, buna verdi, bu, ona verdi. Gül verdi. Çiçək verdi. Opüş verdi. Bu gözəl şeirdi. Sozün kökündə “verdi” var...

     

    Ümumiyyətlə, bu cür hallara yol verməklə, yayımçılar «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərini - yayımçı öz fəaliyyətində  insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanmalıdır - pozurlar.

    Efirdə bəzi aparıcıların həm efir mədəniyyətinin, həm də aparıcılıq səviyyəsinin aşağı olması da milli efirimizin çatışmazlıqlarındandır. Xüsusilə də, aparıcılıq etmək üçün dəvət olunan populyar şəxslər (müğənnilər, aktyorlar və s.) sözügedən problemi bir qədər də aktuallaşdırır. Belə ki, onların efir təcrübəsinin olmaması, həmçinin bəzən özünü konsert səhnəsində aprırmış kimi şıltaqlıqları, bayağı hərəkətləri və sair efir mədəniyyətinə zidd olmaqla televiziya aparıcılığı ilə bağlı problemin qabarmasına gətirib çıxarır. Digər tərəfdən bu və ya digər verilişə aparıcılıq edənlərin  bilik səviyyələrinin yetərincə olmaması da diqqəti çəkir. Belə ki, bəzən verilişlərdə aprılan müzakirələrə istiqamət verməli olan aparıcının xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, Azərbaycan coğrafiyası və sairə haqqında biliksizliyi, ümumi dünyagörüşünün azlığı verilişin maraqsız və keyfiyyətsiz şəkil almasına səbəb olur. Məsələn, “Xəzər” televiziyasında efirə gedən “Hər şey daxil” verilişinin müğənni aparıcıları Sevil və Sevinc bacıları əvvəlcə Azərbaycanın milli valyutasına etdikləri hörmətsizliklə, yəni efirdə 1 manatlıq əskinası cırmaqla, ardınca isə ölkə coğrafiyası barədə məlumatsızlıq (Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini  deməklə) nümayiş etdirməklə gündəmə gəlmişlər.

    ANS ÇM-in efirində isə aparıcının Azərbaycan xalqının tarixi barədə kobud səhvə yol verməsinə rast gəlinmişdir. Belə ki, 1 dekabr 2014-cü il tarixdə, saat 07.55-də radionun aparıcısı belə bir cümlə işlətmişdi: “Dünyada ən çox arvadı olmuş hökmdarlardan biri fars kralı Qacar şah olub”.

    Göründüyü kimi, aparıcı bir cümlədə bir neçə ciddi səhvə yol verib. Əvvəla Qacarların fars deyil, türk mənşəli İran şahları olduğu sübuta ehtiyacı olmayan gerçəklikdir və bu, hələ orta məktəb tarix dərsliklərində öz əksini tapıb.

    İkincisi, Qacar adı konkret bir şaha deyil, böyük bir sülaləyə məxsusdur. Üçüncüsü isə, İran hökmdarları adətən kral yox, şah adlandırılır.

    Xüsusilə də aparıcının Qacarları fars mənşəli sülalə kimi təqdim etməsi həm özü, həm də onun çalışdığı milli radio üçün ciddi nöqsandır.

    Bu kimi faktlar bir daha aparıcıların müxtəlif sahələr üzrə, xüsusilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, adət-ənənələri barədə normal dünyagörüşü olmaması ilə bağlı yuxarıda söylənilən fikrin nə qədər aktual olduğunu təsdiq edir.

    Azərbaycanın efir məkanının mühüm problemlərindən biri də kanalların onlara verilmiş efir vaxtının sanballı efir məhsulları ilə doldura bilməmələri ilə bağlıdır. Belə ki, bəzən kanallar bu problemi aradan qaldırmaq üçün proqramlarda təkrarçılığa yol verirlər ki, bu da bir sıra hallarda xoşagəlməz nəticələrə səbəb olur. Məsələn, axşam saat 23.00-dan sonra yayımlanmış bu və ya digər veriliş gündüz saatlarında təkrar olunur. Bu zaman isə, bir sıra hallarda gündüz saatlarında efirə verilməsi məqbul olmayan səhnələrin yayımlanması, ifadələrin səsləndirilməsi  halları müşahidə olunur ki, bu da uşaq və yeniyetmələrin fiziki, əqli və mənəvi inkişafına ziyan vurma problemini aktuallaşdırır.

    Məsələn, belə hallardan biri “ATV”də 6 fevral tarixdə saat 22.45- 24.00 arası  yayımlanan və qeyri-etik ifadələrin səsləndirildiyi “Top kimi” şousunun 12 fevral 2015-ci il tarixdə saat 14.50-də təkrarən efirə verilməsi ilə bağlı baş vermişdir.

    Ölkə televiziyalarında yayımlanan yerli teleseriallarla bağlı nöqsanlar da diqqəti cəlb edir. Belə ki, dövlət dəstəyi ilə çəkilən bu seriallar əsasən məişət mövzularına, sevgi-məhəbbət, ailə dramlarına, kriminal hadisələrə həsr olunur. Halbuki, milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımılarının, dövlətin apardığı uğurlu daxili-xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir. Həmin seriallarda gizli reklamın bolluğu və bunun “tanıdıcı reklam” adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur. Məlumat üçün bildirək ki, hazırda ATV telekanalında “5+”, “Eks-bacanaqlar”, “Qız atası”, “Miras”, “Lider”də "Durnalar qayıdanda", “Xəzər” telekanalında "Boyunbağı", "Bir aləm var", "Həyat sən nə qəribəsən", "Qaynana", Region TV-də "Kolxoz-85", ANS-də "Göyçək Fatimə", Space TV-də "Üç bacı" və "Tək olanda qorxma" adlı seriallar yayımlanır. 

    Milli efir məkanımızın təhlili göstərir ki, burada yerli Azərbaycan istehsalı olan bədii filmlər kəmiyyət etibarilə azlıq təşkil edir. Məsələn, ANS-də bir həftə ərzində (16-22 fevral 2015-ci il) 53 saat xarici film müqabilində cəmi 4,5 saat milli bədii film yayımlanmışdır. Space-də həmin həftə ərzində 17 saat xarici, 1, 5 saat milli, İctimai TV-də 35, 5 saat xarici, 3, 7 saat isə milli film yayımlanmışdır. Həmin müddətdə Lider, Xəzər, Region və ATV-də isə ümumiyyətlə milli bədii filmlərə rast gəlinməmişdir. Xarici bədii filmlər isə qeyd olunan həftə ərzində həmin kanallar üzrə müvafiq olaraq 20, 41, 24 və 37 saat həcmində olmuşdur.   

    Göründüyü kimi, ölkənin efir məkanında milli filmlərin nümayişi ilə bağlı vəziyyət narahatçılıq doğuracaq səviyyədədir. Təbiidir ki, bu hal tamaşaçılar tərəfindən də, narazılıqla qarşılanmaqdadır. Məlum olduğu kimi, hər il dövlət tərəfindən yeni filmlərin çəkilməsi üçün xeyli maliyyə vəsaiti ayrılır, lakin geniş tamaşaçı kütləsi həmin  məhsullara baxa bilmir. Araşdırmalar göstərir ki, nəinki yeni çəkilən filmlərin, hətta sovet dövründə çəkilmiş olan filmlərin də, nümayiş etdirilməsində telekanallar tərəfindən ciddi problemlər vardır. Belə ki, milli filmlərin nümayişi üçün Kino Gildiyası telekanallardan, əsassız olaraq kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Bu halda telekanallar da az sayda milli kino nümunələrinin nümayişi ilə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar.

    Milli bədii filmlərlə bağlı problemlər demək olar ki, böyük ölçüdə yerli cizgi filmləri üçün də aktualdır. Son vaxtlar ölkədə yeni-yeni bədii filmlər çəkilsə də, bunu cizgi filmləri barədə söyləmək olmaz. Yəni, bədii film çəkilişində son dövrlərdə yaranmış müəyyən canlanma cizgi filmləri istehsalında hiss olunmur.

    Yerli telekanalların efirində uşaq verilişlərinin də qıtlığı açıq-aydın hiss olunur. Məsələn, “Lider” televiziyasının proqram səbətində, ümumiyyətlə uşaq verilişi yoxdur.

    Bütövlükdə götürdükdə, yayımçıların proqram səbətində uşaq verilişləri ilə bağlı vəziyyət aşağıdakı kimidir:

    AzTV-də "Mən də uşaq olmuşam" adlı uşaq verilişi və həmçinin mütəmadi olaraq cizgi filmləri yayımlanır.

    İctimai TV-də həftədə altı gün olmaqla saat 20.00-da "Biri var imiş, biri yox imiş" adlı uşaq verilişi yayımlanır. Eyni zamanda İctimai TV-nin efirində xarici və yerli istehsallı cizgi filmləri yayımlanır.

    “Azad Azərbaycan” televiziyasında (hər şənbə saat 17.00-18.00 aralığında) "Oyuncaq" adlı uşaq proqramı yayımlanır  ki, bu proqram uşaqların həm zehni, həm də fiziki tərbiyəsində müsbət rola malikdir. Elə həmin telekanalda cümə, şənbə və bazar günləri olmaqla həftədə 3 dəfə cizgi filmləri yayımlanır.

    ANS telekanalın yayım səbətində şəxsi istehsal olan yalnız bir uşaq verilişi («Ağıl dəryası») var. Bu veriliş sırf intellektual xarakterlidir. Kanalın efirində uşaqlar üçün həftə içi (gunorta və axşam saatlarında) əsasən xarici cizgi filmləri nümayiş olunur. Region TV-də isə kanalın öz istehsalı olan "Ay uşaqlar" adlı uşaq verilişi və hər gün 2 saat olmaq etibarı ilə həftədə 5 gün xarici cizgi filmləri yayımlanır.

    “Space” telekanalında yayımlanan "Mən böyümüşəm" və "Yuxunuz şirin olsun" adlı uşaq verilişləri də tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanmaqdadır.

    Xəzər TV-də "Zabu-mabu" adlı xarici istehsallı uşaq verilişi və həftənin bütün günləri hər gün 1,5 saat olmaqla cizgi filmləri yayımlanır.

    Yayımçıların efirində diqqət çəkən problemlərdən biri də tok-şou tipli verilişlərə ekspert qismində əsasən eyni şəxslərin, yaxud da mütəxəssis olmayanların dəvət edilməsidir. Demək olar ki, əksər müzakirə verilişlərinə, mövzudan asılı olmayaraq mütləq müğənnilər, aktyorlar və ya “ekstrasens”lər dəvət edilir.

    Düşünmək olar ki, yayımçılar bunu verilişlərinin reytinqi xatirinə edirlər, lakin fərqinə varmırlar ki, bununla onlar milli efiri əslində şou-biznesdən, “ekstrasens”lərdən asılı vəziyyətə salmış olurlar.

    “Adam içində”, “Günaydın” və “Öz aramızda” tipli verilişlərin daimi ekspertləri olan müğənnilər, aktyorlar, “ekstrasens”lər müzakirə olunan problemin mahiyyətinə varmadan, qeyri-peşəkar, isterik şəkildə yanaşmalar sərgiləməklə, bəzi hallarda isə hətta təhqiramiz ifadələr işlətməklə geniş ictimaiyyəti qıcıqlandırmış olurlar. Məsələn, “Adam içində” verilişinin 02 fevral 2015-ci il tarixli buraxılışında “ekspert” qismində iştirak edən aktrisa Kübra Əliyeva problemi müzakirəyə çıxarılmış şəxsi aşağıdakı şəkildə təhqir etmişdir: “Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan...sən qələt eləyib evli kişi ilə yatmısan”.

    Sözügedən problemlə bağlı “Adam içində” verilişində diqqəti cəlb etmiş digər bir neqativ cəhət ictimaiyyət arasında normal reputasiyası olmayan, müxtəlif şübhəli fəaliyyətlərlə məşğul olan bəzi şəxslərin ekspert kimi verilişdə iştirakı və dolayı yolla reklam edilməsidir. Məsələn, uzun müddət verilişin əsas ekspertlərindən olan və problemi müzakirə olunanlara “tövsiyə”, “məsləhət”, hətta “əxlaq dərsi” verən, onları doğru yola səsləyən “ekspert” Həzrət Sabir  vətəndaşları aldatma və dələduzluqda ittiham edilərək həbs olunmuşdur.

    Ayrı-ayrı hallarda bəzən hətta psixoloji durumunda problemləri olan şəxsləri belə, ekspert qismində dəvət etməklə, onların birbaşa efirdən verə biləcəkləri bu və ya digər “qalmaqallı” açıqlama əsasında verilişlərinin reytinqinin artırılmasına cəhd edirlər ki, bu da əslində peşə etikasına ziddir.  

    Teleyayımçıların proqram səbətində hərbi-vətənpərvərlik verilişlərinin azlığı da ciddi qüsur hesab edilməlidir. “İTV”də “Salam, əsgər”, ATV-də “Komando”, ANS-də “Marş”, “Region” televiziyasında “Əsgər” adlı hərbi-vətənpərvərlik verilişləri yayımlanır. Lakin elə televiziyalar vardır ki, onların efir səbətində  ümumiyyətlə hərbi-vətənpərvərlik mövzusunda verilişlərə rast gəlinmir. Bunlar “Space”, “Xəzər”, “Lider” kanallarıdır.  Halbuki, həmin telekanalların efirində saatlarla davam edən kommersiya xaraterli verilişlər yayımlanır. Əlbəttə, ölkəmizin müharibə şəraitində olduğu bir vaxtda telekanalların efir siyasətində bu cür boşluqlara yol verməsi ilə əsla razılaşmaq olmaz.

    Efirimizin diqqətçəkən nöqsanlarından biri də xəbər buraxılışlarında kommersiya xarakterli süjetlərin yayımlanmasıdır. “ANS, “İctimai”, “Xəzər” və “ATV”də bu cür qanun pozuntularına daha tez-tez rast gəlinir.

     Kriminal səpkili materialların həddən artıq olması da milli efirimizin, xüsusilə xəbər buraxılışlarının çatışmazlıqlarındandır. Belə ki, bir sıra xəbərlər-informasiya proqramlarında qəddarlıq, fiziki zorakılıq səhnələri, ölmüş insan cəsədləri ətraflı şəkildə nümayiş etdirilir ki, bu da  uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilir. Qeyd edək ki, Şura hələ 01 mart 2006-cı il tarixdə sözügedən problemlərin də əksini tapdığı normativ hüquqi akt - «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar» qəbul etmişdir. Məqsədəuyğun olardı ki, uşaqlara diqqət əlaməti olaraq kriminal xarakterli xəbərlər bir qayda olaraq saat 23:00-dan sonra efirə verilsin.

    Bu Qaydaların pozulmasına görə Şura tərəfindən yayımçılara qarşı dəfələrlə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Məsələn, 22 noyabr 2014-cü il tarixdə saat 20.30-da efirə gedən “Hər gün” xəbərlər-informasiya proqramının yayımı zamanı dayə tərəfindən azyaşlı uşağa qarşı zorakılıq, fiziki xəsarətyetirmə səhnəsi nümayiş etdirdiyinə görə “Space” kanalına xəbərdarlıq edilmişdir. Eyni hala görə “Lider” televiziyası isə 25 dekabr 2014-cü ildə xəbərdarlıq almışdır.

    Xəbər proqramlarından əlavə, bəzi telekanallarda kriminal materiallardan ibarət ayrıca verilişlər də vardır. Məsələn, İctimai TV-də həftədə 6 gün olmaqla gecə saatlarında "Qanundan kənar" adlı sırf kriminal xəbərlərdən ibarət proqram yayımlanır.  Region TV-də isə ayrıca "Hadisə", "Kriminal" adlı kriminal-informasiya proqramları yayımlanır. ANS telekanalında yayımlanan kriminal səpkili verilişlər siyahısına bazar günü  efirə gedən “Cinayət işi” verilişini də aid etmək olar. Bundan əlavə ANS TV-nin “İç xəbər” və “Növbətçi” verilişlərində də kriminal xəbərlərə geniş yer verilir. Space telekanalında isə  kriminal tipli verilişlərə "Siqnal" və "Cinayət məqamı" verilişlərini  aid etmək  olar.

    Azərbaycanın ayrı-ayrı bölgələrinə aid verilişlərin azlığı, bu sahədə balansın pozulduğu da milli teleməkanın nöqsanlarındandır. AzTV-nin "Kənd saatı", Region TV-nin "Köməyə gəl", Space TV-nin "Banu" və "Zəhmətkeş ulduzlar",  Xəzər TV-nin "Ənənə boğçası", "Addım-addım", "Yolçu", "Səyyah" və "Köndələn" adlı  verilişləri ayrı-ayrı bölgə və rayonların heç də bütün reallıqlarını, problemlərini və rəngarəngliyini ölkə tamaşaçısına yetərincə təqdim edə bilmir.            

    Sponsorluqla bağlı nöqsanlar telekanalların efir fəaliyyətində ən çox müşahidə olunan problemlərindəndir. Belə ki, bir sıra verilişlərdə baş sponsor və sponsorların geniş şəkildə təqdimatı ilə, əslində qanunvericiliyin tələbləri pozulur. Bu tip verilişlər sırasına ATV telekanalında  “Öz aramızda”, "Səni axtarıram",  “Gündəlik”  və “Çox yaşa”,  Lider telekanalında "Zarafatsız şou", "Bir könüldən", "Nahardan əvvəl" verilişləri daxildir. Digər yayımçıların efirində də bu cür hallara rast gəlinir.

    Bəzən isə anonslarda da sponsorların adları çəkilir və göstərilir ki, bu da  sponsorun reklamı, əslində gizli reklamı olmaqla “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2-ci maddəsinin pozulması deməkdir. Əfsuslar olsun ki, bu cür hallar telekanallarda kifayət qədər tez-tez baş verir. Təəccüblüdür ki, dövlət büdcəsindən maliyyələşməsinə baxmayaraq İctimai TV-nin "Qonaq olun", "Müasir ev", "Sağlam yaşamaq", "Ulduzlu qonaq", "Bioloji təbabət" və "Siluet",  Xəzər TV-də "5-də 5", "Hər şey daxil"  verilişlərində də sponsor təqdimatı təfsilatıyla və tez-tez təkrar olunur.

          Telekanallarda reklamlarla bağlı da problemlər qalmaqdadır. Bu, əsasən «Televiziya və radio yayımı haqqında» Qanunda müəyyən olunmuş reklam blokları arasındakı 15 dəqiqəlik intervala əməl olunmaması, reklamın bir saat düşən həcminin maksimal 12 dəqiqəlik həddi ötməsi, bədii filmlərin 45 dəqiqədən tez reklamla kəsilməsi və s. şəkildə diqqəti cəlb edir.

    Bütün bunlar milli efirimizin problemlərinin yalnız müəyyən qismidir. Son illər ölkə rəhbərinin yeritdiyi düzgün siyasət nəticəsində hazırda Azərbaycan özünün yüksək inkişaf göstəriciləri ilə dünyanın aparıcı dövlətlərindən birinə, regionun isə şəriksiz liderinə çevrilmişdir. Bu, milli yayımçıların da üzərinə böyük məsuliyyət qoyur. Dövlətin apardığı uğurlu strategiyanın informasiya və təbliğatı baxımdan tamamlanması missiyası milli yayımçıların üzərinə düşür. Bu mənada yayımçıların fəaliyyəti ölkənin müasir inkişafı ilə səsləşməlidir. Yeni texnologiyalar, yanaşmalar tətbiq edilməli və inkişaf təmin edilməlidir. Əks təqdirdə dünya informasiya məkanına inteqrasiya mümkün olmayacaqdır. Yəni, indiki vaxtda dünya arenasında yalnız ciddi strateji məqsədlərə hesablanmış yayım siyasəti ilə uğur qazanmaq mümkündür. Nəzərə alınsa ki, bu gün dünyada baş verən proseslərdə əsas məqam informasiyadır, məhz informasiyanı idarə edən güclər istədiklərinə nail ola bilir, buradan da ölkədə ciddi strateji hədəfləri olan informasiya-yayım şəbəkəsi formalaşdırmaq zərurəti meydana çıxır.

    Erməni  lobbisi uzun illərdir ki, bütün dünyada Azərbaycana qarşı çirkin  kampaniaya aparır. Bu kampaniyanın qarşısının alınmasında və milli maraqların təmin olunmasında teleradio yayımçılarının böyük rolu vardır. Bu rol çoxaspektlidir.

    Məsələn, bir müddət əvvəl aktual olan “xalq diplomatiyası” adlı kampaniyanın mahiyyəti, taktikası və qaşısına qoyduğu məqsəd hər kəsə bəlli oldu. Lakin təəssüf ki, bu məkrli oyuna milli yayımçılarımızdan da bilərəkdən və ya bilməyərəkdən qoşulanlar oldu. Efirində erməni musiqisi səsləndirməklə guya musiqinin sərhəddi yoxdur prinsipinə “sadiqlik” nümayiş etdirənlər çox ciddi ictimai məzəmmətlə üzləşdilər.  

    Göründüyü kimi, yayımçılarımız qarşısında yeni dövrdə yeni vəzifələr durur. Onlar ən müxtəlif üsul və vasitələrlə milli informasiya məkanımızda təxribat törətmək və cəmiyyətdə etimadsızlıq toxumu səpmək kimi cəhdlərin qarşısını qətiyyətlə almağa hər an hazır olmalıdırlar. Sözsüz ki, bu işdə xəbər-informasiya siyasəti ilə yanaşı, milli dəyərlərin qorunması və təbliği məsələlərinin də az önəmi yoxdur.       

    Bütün bunlar yeni şəraitdə yeni tələblər, yeni çağırışlarla işləmək zərurətini ortaya qoyur. Məhz bu mənada yayımçılar öz yayım siyasətində ciddi keyfiyyət dəyişikliyi etməli və üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər.

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Aparatının

    Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi

     

     

     

     

Yuxarı ^