• Azərbaycan dili ilə bağlı dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə dəyirmi masa keçirilib

    Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.

    APA-nın xəbərinə görə, dəyirmi masa Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutub.

    Dəyirmi masanı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Ə. Amaşov çıxışında bildirib ki, hazırda Azərbaycan dilində 50 milyondan çox insan danışır: “Onların yarısı şimali Azərbaycanda, yarısı cənubda, yerdə qalan hissəsi isə dünyanın müxtəlif ölkələrində yaşayır. Düşünürəm ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövcudluğunu sübut edən amil Azərbaycan dilidir. Təsadüfi deyil ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyanın 20-ci maddəsi dövlət dilinə həsr olunub. 2001-ci ildən bu yana Azərbaycan dili ilə bağlı 20-dən çox sənəd hazırlanıb. “Dövlət dili haqqında” qanun mövcuddur. Təbii ki, dil sahəsində bəzi problemlər də mövcuddur. Biz Azərbaycan dili qloballaşma şəraitində necə işlənilir, Azərbaycan dilinin qaydalarına, ədəbi normalarına nə dərəcədə əməl olunması məsələlərinə diqqət yetiririk. Bu məsələləri həll etmək üçün məhz iki il əvvəl dövlət proqramı qəbul olunub. Həmin dövlət proqramında 2020-ci ilə qədər bir sıra işlərin görülməsi nəzərdə tutulub. Düşünürəm ki, bu sahədə kifayət qədər çoxsaylı işlər görülüb”.

    AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dövlət proqramında rəhbərlik etdiyi instituta ayrılan vəsait hesabına yeni şöbələrin yaradıldığını söyləyib: “İki il əvvəl sərəncam imzalanıb. Bu çox böyük hadisədir. Bu proqramda bilavasitə bizim Dilçilik İnstitutunun adı çəkilib, bizə maliyyə vəsaiti ayrılıb. Biz artıq Naxçıvan, Qarabağ, Dərbənd dialektoloji atlaslarını hazırlayacağıq. Bu işə maliyyə dəstəyini dövlət ayırıb. Bu proqramla eyni zamanda bizim institutda struktur dəyişikliyi oldu. Dil məsələlərinə nəzarət edən monitorinq şöbəsi, habelə kompüter dilçiliyi yaradıldı. Mən Türkiyədə olanda şahidi oldum ki, ən yaxşı xəbər aparıcısına mükafat verilir. Bir bələdiyyə rəisinə də mükafat verilmişdi. Bunun səbəbini soruşanda mənə dedilər ki, o bələdiyyə rəisinin rəhbərlik etdiyi ərazidə dillə bağlı hər hansı bir problem yoxdur. Digər tərəfdən, mən Azərbaycan dilinin elmi üslubundan narahatlığım var. Biz ədəbi dilimizi Nəsiminin, Füzulinin dili ilə öyrənirik. Bəs, niyə elmi üslubumuza fikir vermirik? Çünki Füzulinin, Nəsiminin dövründə elmi əsərlər bir qayda olaraq ərəb və fars dillərində yazılıb. Bu gün necədir vəziyyət? Sovet vaxtında fiziklər, riyaziyyatçılar öz dissertasiyalarını rus dilində yazırdılar. Və beləliklə sovet dövründə dəqiq elmlər üzrə bizim elmi üslubumuz təşəkkül tapmadı. Çox təəssüf ki, o proses indi də davam edir. İndi də gələcəkdə Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev səviyyəsində alim ola biləcək gənclərimiz ingilis dilində yazırlar”.

    T. Hacıyev mətbuatda lazım olmayan əcnəbi sözlərin işlədildiyini də çıxışında qeyd edib: “”Kreativ”, “konsensus” kimi sözləri tənbəlcəsinə, Azərbaycan dilində qarşılıq tapmadan yazırlar. Türkiyə türkcəsində bilgisayar da, kompüter də işlədilir. Mən demirəm ki, həmin sözləri işlətməyək. İkisini də işlədək paralel şəkildə. Görək axırı necə olacaq”.

    MTRŞ-nin sədr müavini Qafar Cəbiyev 2003-cü ildə MTRŞ-da Azərbaycan dili ilə bağlı xüsusi qaydaların təsdiqləndiyini deyib: “Biz efirin Azərbaycan dilində aparılması ilə bağlı qərar qəbul etdik. Biz bu qərarın icrasına tam şəkildə nail olduq. Artıq 7 ildir televiziya və radioların efiri Azərbaycan dilində aparılır. Biz buna nail ola bildik. Dil xalqımızın milli sərvətimizdir. Dövlət proqramının 6.2-ci bəndində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Yayımçılar bu məsələdə örnək olmalıdır. Bəzi aparıcıların daha peşəkarları ilə əvəz olunması məsələsi gündəmdə qalmaqdadır. Dilimizə sayğı göstərməyənlər, qanunlara məhəl qoymayanlar tənqid hədəfində olmalıdırlar. Proqramın 6.5.3-cü bəndində teleradio şirkətlərində bədii şuraların yaradılması nəzərdə tutulmuşdu. Bədii şuralar yaradılsa da, əfsus olsun ki, bəzi telekanallarda həmin şuralar fəaliyyətsizdir. Problemlər var və onların sayı kifayət qədərdir. Onların da müzakirəyə ehtiyacı var”.

    Millət vəkili, Mətbuat Şurasının Dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqovçıxışında deyib ki, mətbuat dilin təmizliyini qorumur: “Azərbaycan dilini dayanmadan öyrənmək lazımdır. Biz jurnalistlər dilin çirklənməsinin qarşısını almalıyıq. Artıq redaksiyalarda korrektorlar yoxdur. Baxın, görün nə qədər orfoqrafik səhvlər var. Dil sahəsində müəyyən addımlar atılıb, işlər görülüb və görüləcək də”.

    Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan dilinin çirklənməsi hallarının mövcudluğunu vurğulayıb: “Dil özü içindən qanadlanmalıdır ki, onun kənardan gələn sözlərə ehtiyacı qalmasın. “Monitorinq”, “treninq”, “market” kimi sözlər işlənir, bu nə dil tənbəlliyidir? Məgər Azərbaycan dilində bu sözlər yoxdur? Dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır. Sağ olsun cənab prezident dillə bağlı kifayət qədər sərəncamlar imzalayıb. Cənab prezident özü də səlis, aydın və yığcam danışır. Bəs məmurlar necə? Mənim nazirim ana dilində düşünə, danışa bilmir. Dilə sayğı burdan başlamalıdır. 23 il əvvəl soyadların dəyişilməsi ilə bağlı qanun hələ də kənarda qalıb”.

    Mətbuat Şurasının Monitorinq qrupunun rəhbəri İlham Abbasov mətbuat dilinin çox pis vəziyyətdə olduğunu qeyd edib: “Pozuntu deyəndə tez ağlımıza leksik pozuntular düşür. Axı qrammatikada pozulmalar baş verir. Bu pozuntu inkişaf etsə, bunun altından çıxa bilməyəcəyik. Mətbuatda 90 faiz üslub və nitq pozuntularıdır. Cümləni qura bilmirlər. Birinci səbəb odur ki, jurnalistlər dili bilmir, ikinci səbəb isə odur ki, peşəkar deyillər. İdmandan yazır idmanı bilmir və yaxud kinodan yazır kinonu bilmir”.

    Daha sonra tədbirdə millət vəkili Aqil Abbas, Elçin Mirzəbəyli, Cahangir Məmmədli çıxış ediblər.

     

    http://az.apa.az/news/378700

     

     

    Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin çıxışı

    Əziz dostlar!

    Hörmətli media təmsilçiləri!

    Hər birimizin bildiyi kimi Azərbaycan dilinin dövlət səviyyəsində mövqelərinin qorunması və daha da inkişaf etdirilməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu xətt lap əvvəldən dövlətimizin azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi həyata keçirilməkdədir. Müstəqillik illərində ölkəmizdə dövlət dilindən istifadə ilə bağlı qəbul olunmuş qanunloar/, imzalanmış prezident fərmanları və sərəncamları Azərbaycan dövlətinin bu məsələləri daimi olaraq diqqətdə saxladığından xəbər verir.

    Teleradio yayımçılarının dövlət dilindən istifadə məsələsi təbiidir ki, Milli Televiziya və Radio Şurası üçün də prioritet istiqamətlərdən biridir. Əgər xatirinizdədirsə, hələ 2003-cü ilin iyun ayında Şura tərəfindən “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadə ilə bağlı Xüsusi Qaydalar”  müəyyən olunmuşdur.  O vaxt Şuranın hədəfi efir vaxtının 75 faizinin dövlət dilində olması idi. 2008-ci ildə isə bəzi istisnaları nəzərə almaqla yayımın tam həcmdə dövlət dilində həyata keçirilməsi barədə Şura qərarı oldu.  Beləliklə, artıq 7 ildir ki, Azərbaycan televiziyaları və radioları yayımı bütünlüklə Azərbaycan dilində aparırlar.

    Əlbəttə, həmin qərarları qəbul etmək də, onların icrasına nail olmaq da Milli Televiziya və Radio Şurası üçün o qədər də asan olmadı. Ölkənin içərisindən və xaricdən olan bəzi qüvvələr açıq-aşkar bu işə mane olmaq istədilər.  Məhz ölkə rəhbərliyinin siyasi iradəsi və hərtərəfli  dəstəyi sayəsində həmin vəzifələr tam olaraq  həyata keçirildi.

    Amma həyat davam edir,  dünya getdikcə daha artıq qloballaşır. Razılaşın ki, qloballaşma bizlərə heç də bütün sahələrdə müsbət təsir imkanları vəd etmir. Onun görünən və görünməyən, hiss olunan və hiss olunmayan fəsadları olduğunu da nəzərdən qaçıra bilmərik.  Bu mənada ölkə prezidenti cənab İlham Əliyevin  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2013-cü il tarixli sərəncamı çox vaxtında dövriyyəyə buraxılmış olduqca vacib dövlət sənədidir.

    Sərəncamda deyildiyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir.

    Sərəncamda daha sonra deyilir: son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər.

    ...Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir...

    ...Dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir, dilimizin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlər yaranmır.

    ...Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə dilçilik sahəsində yaranmış boşluq hələ də aradan qaldırılmamışdır...

    Sərəncamdan göründüyü kimi, qloballaşma şəraitində dövlət dilindən istifadə və dilçilik elminin inkişafı sahəsində həqiqətən çox ciddi problemlərimiz var. Biz əgər müstəqil dövlətimizi inkişaf etdirmək istəyiriksə, milli dilimiz və mədəniyyətimizi qoruyub yaşatmaq əzmindəyiksə, onda ilkin addım olaraq bu problemlərdən xilas olmalıyıq.  Əslində  elə xilas yolları da cənab Prezident tərəfindən  göstərilib. Başqa sözlə, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda üzərimizə düşən vəzifələr aydın və konkret şəkildə göstərilmişdir. 

    Xatırladım ki, Dövlət Proqramında teleradio yayımçıları tərəfindən həyata keçirilməsi  vacib olan bir sıra çox ciddi vəzifələr öz əksini tapmışdır.  Məsələn, Dövlət Proqramının 6.2.3-cü bəndində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Dövlət Proqramının 6.5.1-ci bəndində isə Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi vəzifələri qarşıya qoyulub.  

    Fikrimizcə, burada iki məqam xüsusi diqqət tələb edir. Birincisi, yayımçılar özləri dövlət dilindən istifadə məsələlərində nümunə olmalıdırlar. Etiraf edək ki, bu istiqamətdə görülən işlərimiz olduqca çoxdur. Deməliyəm ki, Teleradio Şurasının Elektron Mediaya Yardım Fondu və Dilçilik İnstitutu ilə birgə aparmış olduğu davamlı monitorinqlər efir məkanımızın real mənzərəsini öyrənmək, teloeradio yayımçılarının və geniş ictimaiyyətin diqqətini bu sahədəki problemlərə cəlb etmək baxımından çox faydalı oldu. Fürsətdən istifadə edərək bir daha teleradio şirkətlərinin rəhbərlərinin diqqətinə çatdırmaq istərdik ki, hər gün efirdə olan, lakin gteniş tamaşaçı və dinləyici auditoriyasını qane etməyən bəzi diktor və aparıcıların daha peşəkar kadrlarla əvəz olunmaq zərurəti daim gündəmdədir.    Ikincisi, media digər strukturlarda da dövlət dilindən istifadə məsələlərini daim gündəmdə saxlamalıdır. Dilimizə sayğı göstərməyənlər, bu sahədə olan qanunlara məhəl qoymayanlar çox ciddi tənqid və müzakirə hədəfinə çevrilməlidirlər.

    Bu cəhətdən hansı sahələrdə daha çox nöqsan və boşluqlar olduğu möhtərəm cənab Prezidentimizin sərəncamında təfsilatı ilə göstərilib. Artıq vaxtdır ki, ən azı televiziya və raqdio işçiləri kamera və mikrofonları götürüb aidiyyatı ünvanlara getsinlər. Qoy ölkə ictimaiyyəti bilsin ki, harada, hansı qurumlarda cənab Prezidentin imzalamış olduğu Dövlət Proqramından irəli gələn vəzifələr necə icra olunur.

    Dövlət Proqramının 6.5.2-ci bəndi də birbaşa teleradio yayımçılarına aiddir. Orada Televiziya və radio verilişlərində, yazılı və elektron mediada Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi nəzərdə tutulur.

    Və nəhayət, Dövlət Proqramının 6.5.3-cü bəndində Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün Bədii Şuraların yaradılması nəzərdə tutulur.

    Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişməkdədir. Amma bu heç də o demək deyildir ki,  bu sahədə ümumiyyətlə problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur. Odur ki, hər zaman bu cür işgüzar müzakirələrə ehtiyac var.

Yuxarı ^