• Mədəni irsin təqdimi və təbliğində televiziyaların rolu

    Hazırda Azərbaycan teleməkanında 10 ölkə yayımçısı, 14 regional yayımçı, 1 peyk yayımçısı və 12 kabel televiziyası fəaliyyət göstərir.  Bunlardan əlavə, ölkə yayımçısı olan 12 radio və 3 regional radio gündəlik olaraq efirdədir. Onlardan  dövlət yayımçısı olan 4 televiziya (“Azərbaycan televiziyası”, İctimai televiziya, “İdman-Azərbaycan” və “Mədəniyyət” kanalları) və 2 radio (“Respublika radiosu” və “İctimai radio”) bütünlüklə dövlət büdcəsindən maliyyələşir.

    “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, proqramlar yayım üçün hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Odur ki, Azərbaycan televiziyaları qanunvericiliyin tələblərinə uyğun olaraq, özlərinin efir fəaliyyətində maarifçilik işinə, o cümlədən mədəni irsin təqdimi və təbliği tematikasına xüsusi önəm verməkdədir. Bu tələb mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün yayımçılara aid olsa da, reallıqda mədəni irsin təqdimi və təbliği işində əsas yük dövlət büdcəsindən maliyyələşən televiziyaların üzərinə düşür. Əlbəttə ki, özəl yayımçılardan bu istiqamətdə maksimum nəticə gözləmək bir qədər sadəlövhlük olardı. Çünki onlar özəl qurumlar olduqlarından daha çox qazanc barədə düşünmək məcburiyyətindədirlər. Başqa sözlə, onlar rəqabət mühitində manevr edərək, daha çox reytinq gətirən verilişlər hazırlamağa məcburdurlar. Məhz bu amil dövlət büdcəsindən maliyyələşən yayımçıların – “Azərbaycan televiziyası”, “Mədəniyyət” və “İdman-Azərbaycan” kanallarının, xüsusilə də İctimai televiziyanın mədəni irsimizin təqdimi və təbliği sahəsindəki rol və məsuliyyətini daha da artırır. Bəli, işçi personalının saxlanılması və vergilərin vaxtında ödənilməsi zərurətindən doğan maksimum maddi qazanc əldə etmək, bu məqsədə xidmət edən reytinqli şoular, əyləncəli verilişlər hazırlamaq kimi dərdi olmayan bu  televiziyalar dövlətin ayırdığı maliyyə resurslarından səmərəli istifadə etməklə mədəni irsin təbliği və təqdiminə həsr olunmuş layihələr ortaya qoymaq imkanına malikdirlər.

    Belə bir cəhəti xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti televiziyalar vasitəsilə mədəni irsin təqdimi və təbliği işini daim diqqətdə saxlayır, bu sahədə yaranan və yarana biləcək hər hansı problemin vaxtında aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Məsələn, Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra ölkədə bir-birinin ardınca yeni telekanallar fəaliyyətə başladı. Sovet imperiyası tərkibində olduğu 70 il ərzində cəmi bir televiziyası olan ölkədə telekanalların sayının birdən-birə artması, təbiidir ki, müəyyən problemlər də yaratdı. Məsələn, efiri doldurmaq üçün uzaq Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda azərbaycanlı mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallar efir məkanımızı sürətlə işğal etməyə başladı. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərinin sürətlə aşınmasına gətirib çıxarırdı. Bunu nəzərə alaraq ölkə Prezidenti 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara 15 milyon dollar həcmində vəsait ayırdı. Nəticədə bu gün efir məkanımızda maraqla izlənilən onlarca yeni milli teleseriallar çəkildi.

    Milli Televiziya və Radio Şurası tərəfindən aparılan monitorinqlər göstərir ki, dövlətin maliyyəlləşdirdiyi yayımçılar özlərinin efir səbətində həm milli, həm də ümumdünya mədəni irsininin təqdimi və təbliğinə kifayət qədər geniş yer ayırırlar.

    Mədəni irsin təqdimi və təbliği sahəsində televiziyaların rolundan bəhs edərkən Azərbaycan Dövlət Televiziyasının bu sahədəki işi digər televiziyalar üçün də bir növ örnəkdir. Azərbaycan televiziyasının bu qəbildən olan çoxsaylı layihələrinin adını çəkmək olar. Mən onlardan yalnız biri - 2005-ci ildən efirə yol tapan Muğam müsabiqəsini xüsusi olaraq qeyd etmək istərdim. Məlumat üçün bildirim ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin köməyi və Azərbaycan Televiziyası tərəfindən həyata keçirilən I Muğam müsabiqəsi zamanı peşəkar muğam ustalarından ibarət münsiflər heyəti tərəfindən Bakıda və ölkənin ayrı-ayrı bölgələrindən olan 500-ə yaxın istedadlı gəncin ifası dinlənilmiş, onların içərisindən seçilən 20 ən yaxşı ifaçının silsilə çıxışları və onlar barədə rəylərə 100 saatdan artıq efir vaxtı ayrılmışdır. 2007, 2009, 2011 və 2013-cü illərdə keçirilən muğam müsabiqələri isə öz əhatə dairəsinin genişlənməsi ilə əlaqədar beynəlxalq xarakter almışdır. Xatırladım ki, hər biri, orta hesabla, 100 saatdan artıq olmaqla bütün muğam müsabiqələri “Azərbaycan Televiziyası” və “Mədəniyyət” kanalında canlı olaraq yayımlanmışdır və geniş tamaşaçı auditoriyası tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır.

    Mədəni irsin təqdimi və təbliği baxımından 2010-cu ildə yaradılmış “Mədəniyyət” kanalının rolunu xüsusi qeyd etmək lazımdır. Adından da göründüyü kimi, bu kanalın əsas missiyası qədim və zəngin Azərbaycan mədəniyyətini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyətinin incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır. Xatırladaq ki, “Mədəniyyət” kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirlərini eksklüziv yayımlamaq hüququna malikdir. Hazırda “Mədəniyyət” televiziyası 26 verilişdən ibarət proqramla sutkada 12-15 saatlıq yayım həyata keçirir. Lakin yaxın zamanlarda bu göstəricinin 24 saata çatdırılması gözlənilir.

    Kanalın proqram səbətində yer alan mədəni irsin təqdimi və təbliğinə xidmət edən verilişlər əsasən aşağıdakı istiqamətləri əhatə edir: Ədəbi-bədii yaradıcılıq proseslərinin, dünya ədəbiyyatında baş verən həm ənənvi, həm də müasir tendensiyaların təhlili, görkəmli tarixi şəxsiyyətlərin, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığının işıqlandırılması, teatr, kino və incəsənətin digər sahələrinin keçmişi, bu günü, gələcəyi, dil və din, fəlsəfi-kulturoloji problemlər, klassik və milli musiqi verilişləri və tarixi-mədəni irs nümunələrinin işıqlandırılması və s.

    “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda İctimai televiziyanın həm milli, həm də bəşəri mədəni irsin təqdimi və təbliği işinə xüsusi diqqət yetirməli olduğu vurğulanır. Başqa sözlə, İctimai TV daha çox məhz milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub saxlayan, onların daha da inkişaf etdirilməsinə xidmət göstərən maarifləndirici bir kanaldır.

    Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların, bədii, sənədli və cizgi filmlərinin, serialların, incəsənət əsərlərinin, mühüm tarixi və mədəni tədbirlərin lentə alınaraq gələcək nəsillər üçün saxlanması İctimai yayımçının birbaşa vəzifəsi hesab edilir. Bunlardan əlavə, dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək tamaşaçılara çatdırılması vəzifəsi də qanunvericiliklə İctimai televiziyaya həvalə edilmişdir.

    Nəhayət, ictimai yayım proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməlidir. Hazırda İctimai televiziya öz yayım fəlsəfəsinə uyğun olaraq mədəni irsin təqdimi və təbliği istiqamətində xeyli sayda layihələr həyata keçirməkdədir. Bunlar əsasən aşağıdakı istiqamətləri əhatə edir: Milli və dünya mədəniyyəti tarixindən bəhs edən informativ məlumatlar, Azərbaycan və dünya mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələri, onların həyatı, yaradıcılığı barədə verilişlər, ölkə və dünya tarixi, tarixi şəxsiyyətlər barədə verilişlər, sənədli filmlər, folklor nümunələrindən, etnik azlıqların yaşadığı regionların tarixi-mədəni xüsusiyyətləri və spesifikasından bəhs edən verilişlər, milli-dini tolerantlığın Azərbaycan xalqının tarixi-mədəni irsinin vacib elementi olaraq təqdiminə həsr olunan, o cümlədən dini maarifləndirməyə həsr olunan  proqramlar, milli və dünya musiqisinin, kinosunun görkəmli nümunələrinin nümayişi və s. Bu sıradan İctimai televiziyanın bazar günləri efirə gedən “Səhər sovqatı” verilişinin geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla izlənildiyini xüsusi olaraq qeyd etmək istərdim. Bu verilişə, bir qayda olaraq, tanınmış alimlər, ziyalılar, söz və sənət adamları qonaq qismində dəvət olunur. Xalq musiqisinin və peşəkar ifaçıların da iştirak etdiyi “Səhər sovqatı”, sözün əsl mənasında, insanlarda xoş ovqat yaratmağa xidmət edir. 

    Məlumat üçün bildirək ki, İctimai televiziyanın “Carçı film” yaradıcılıq Birliyi fəaliyyətdə olduğu on ilə yaxın müddət ərzində 600-dən çox bədii və tarixi sənədli televiziya filmi istehsal edilmişdir. Razılıq hissi ilə onu da bildirim ki, İctimai televiziyanın efirində vaxtaşırı olaraq azsaylı xalqların həyatına, adət-ənənələrinə, tarixi abidələrimizə, Novruz və Yeni il şənliklərinə, eləcə də, tanınmış sənətkarların həyat və yaradıcılığına həsr olunan tammetrajlı filmlər nümayiş etdirilir.

    Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik ölkədir. Məlumat üçün bildirim ki, Azərbaycan ərzisində insanların erkən məskunlaşmasının tarixi 2-2,5 milyon ilə bərabərdir. Son illər ölkə televiziyaları bu tarixi, onu özündə yaşadan abidələri, həmin abidələrdə aparılan arxeoloji tədqiqatları aşkara çıxaran çoxsaylı maddi mədəniyyət nümunələrini geniş surətdə təqdim və təbliğ etməklə çox ciddi maarifçilik fəaliyyəti həyata keçirməkdədirlər. Bu cəhətdən yalnız bəzi layihələrin adını çəkməklə kifayətlənəcəyəm. Məsələn, “Azad Azərbaycan” televiziyasının çəkdiyi “Azərbaycan sirləri” adlı çoxseriyalı tarixi-sənədli filmi vasitəsilə onlarca qədim şəhər, qala və digər tarixi tikililər barədə geniş tamaşaçı kütləsini yetərincə məlumatlandıra bildi. “Lider” televiziyasının çəkmiş olduğu 24 seriyalı “Azərbaycan qalaları” filmində, 17 seriyadan ibarət “Bakı bağları”, 9 seriyadan ibarət “Azərbaycan xalçası” filmləri də mədəni irsimizin təqdimi və təbliği işinə xidmət nümunəsi kimi dəyərləndirilə bilər. “ANS” telekanalının hal-hazırda yayımlamaqda olduğu “Keçmişə salam”, “Xalqın artisti”, “İstiqlal”, “Space” telekanalının “Sirr qapısı”, “Nostalji”, “Banu”, “Azad Azərbaycan” telekanalının “Xalq ulduzu”, “Aydın səs”, “Bakı vaxtilə”, “Xəzər” televiziyasının “Sirdaş”, “Könül  dünyamız”, “Ənənə boxçası” və digər bu kimi verilişləri də həm milli, həm də bəşəri tarixi-mədəni irsin təqdimi və təbliği istiqamətində mühüm rol oynamaqdadırlar.

    Yeni fəaliyyətə başlamış olan “Region TV”-nin mədəni irsimizin təqdimi və təbliği sahəsindəki ilk uğurları da göz qabağındadır. Bu televiziya adından da göründüyü kimi, özünün gündəlik efir səbətində daha çox məhz region materiallarına üstünlük verir. Beləliklə, Azərbaycanın müxtəlif regionlarında, ən ucqar rayon, şəhər və kəndlərimizdə olan və illərlə ekran üzü görməyən çoxsaylı mədəni irs nümunələri və onları yaradan insanlar məhz “Region TV” ekranlarında cəmiyyətə təqdim olunur.  Yeri gəlmişkən onu da xatırladım ki, ölkənin yrı-ayrı regionlarında fəaliyyət göstərməkdə olan yerli televiziyalar da mədəni irsin təqdimi və təbliği işində kifayət qədər fəal iştirak etməkdədirlər. Bu cəhətdən Xaçmaz, Şəki, Yevlax, Lənkəran, Gəncə, Sumqayıt və Tovuz şəhərlərindən efirə çıxan yerli kanalların fəaliyyəti xüsusilə diqqət çəkir.

    Göründüyü kimi, son illər ölkə telekanalları tərəfindən mədəni irsin təqdimi və təbliği istiqamətində həqiqətən çox iş görülmüşdür. Lakin bu o demək deyildir ki, televiziyalarımız bu sahədə üzərlərinə düşən missiyanı sonadək, həm də peşəkarlıqla icra ediblər. Etiraf edək ki, min illər tarixi olan zəngin mədəni irsimizin araşdırılması, öyrənilməsi və mühafizəsi sahəsində nöqsan və boşluqlar olduğu kimi, onun təqdimi və təbliği istiqamətində də hələ görüləsi işlər olduqca çoxdur. Başqa sözlə, televiziyaların bu sahədəki imkanları daha genişdir. Onlar özlərinin yayım siyasətini səmərəli və düzgün qurarlarsa, cəmiyyətin maariflənməsi işinə daha artıq töhfə verə bilərlər. Məşhur kinoşünas alim Semyon Freylixin təbirincə desək, televiziya əhalini həm maarifləndirə bilər, həm də kütləşdirə bilər. Nəzərə almaq lazımdır ki, telekanalların bu sahədə gördüyü və bundan sonra da görəcəyi işlər təkcə yaradıcılıq işi deyil. Bu, sözün geniş mənasında, həm də vətəndaşlıq və vətənpərvərlik işidir.

    Azərbaycan dünyanın hər yerində zəngin neft-qaz ölkəsi kimi tanınır. Bəli, bu sərvətlər həqiqətən ölkəmizə çox böyük divident gətirir. Amma inanın səmimiyyətimə, həm də mütəxəssis kimi deyirəm: Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi əgər hərtərəfli və məqsədyönlü surətdə öyrənilərlsə, mühafizə olunarsa, bununla paralel olaraq həm də peşəkarcasına təqdim və təbliğ edilərsə, bütün bunlar gələcəkdə ölkəmizə neft və qazdan qat-qat artıq divident gətirə bilər.   

    Bu gün Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altındadır. Dağlıq Qarabağ və ətraf rayonların ərazisindəki yüzlərlə tarixi abidə, on minlərlə nadir maddi mədəniyyət nümunəsi, çoxsaylı muzey, kitabxana, klub, mədəniyyət evi ermənilər tərəfindən vəhşiliklə dağıdılaraq yerlə-yeksan edilib. Bir çox nadir mədəni irs nümunələri talan edilərək, daşınaraq və mənsubiyyəti saxtalaşdırılaraq qara bazara çıxarılıb.

    Lakin erməni vandalları unudurlar ki, bu cür vəhşiliklərlə tarixin izlərini itirmək, yox etmək qeyri-mümkündür. Ən azı, ona görə ki, onların satdığı, dağıtdığı və məhv etdiyi həmin nümunələr Azərbaycan televiziyalarının arxivlərində saxlanılan kadrlarda yaşayır və bundan sonra da yaşayacaqdır. O kadrlar ki, bundan sonra da yüz illər boyu ermənilərin mədəni irsə vandal münasibətini ifşa etmək üçün tutarlı faktoloji mənbə olaraq istifadə olunacaqdır.

    Qafar CƏBİYEV,
    Milli Televiziya və Radio Şurası
    sədrinin müavini,
    Azərbaycan Respublikasının Əməkdar
    jurnalisti, tarix elmləri doktoru, professor

    http://www.xalqqazeti.com/az/news/culture/54612   03 mart 2015-ci il
Yuxarı ^