• MTRŞ sədri: “Kabel televiziya şəbəkələrinin əhaliyə xidmət göstərməsində müəyyən problemlər var”

    Bakı. Ramiz Mikayıloğlu -APA.

    “Kabel televiziya şəbəkələrinin əhaliyə xidmət göstərməsində müəyyən problemlər var. Amma biz insanlar üçün seçim etmək imkanları vermişik, insanların kabel şəbəkələrini dəyişmək imkanları var”.

     

    APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.

     

    N.Məhərrəmli deyib ki, hazırda Azərbaycanda 13-dən çox kabel şəbəkəsi fəaliyyət göstərir: “Azərbaycanda kabel televiziya şəbəkələrinin həm əhatə dairəsi genişlənib, həm də maddi-texniki bazası güclənib. Kabel şəbəkələri əsasən Bakı, Gəncə və Sumqayıtda geniş fəaliyyət göstərirlər. Düzdür, onların içərisində əsas fəaliyyət göstərənlər azdır, yalnız 5-nin adını çəkə bilərik. Hansı kabel şəbəkəsi daha yaxşı xidmət göstərirsə, insanlar həmin kabel şəbəkələrini seçə bilərlər. Ona görə də hesab edirəm ki, kabel şəbəkələri getdikcə xidmət səviyyələrini yaxşılaşdırmaq istiqamətində öz üzərlərinə düşən işləri görəcəklər”.

    MTRŞ-nın kabel şəbəkələrlə bağlı monitorinq aparmadığını söyləyən N.Məhərrəmli qeyd edib ki, əgər hər hansı kabel şəbəkəsi ilə bağlı əhalidən ciddi şikayətlər daxil olarsa, o halda MTRŞ məsələni araşdıra bilər: “Amma bu, bir xidmət sahəsidir və xidmətə görə qazanc əldə edirlər. Hər bir kabel şəbəkəsi maraqlı olmalıdır ki, daha yaxşı xidmət göstərsin və daha yaxşı gəlir götürsün. Hələ ki, kabel şəbəkələri ilə bağlı MTRŞ-ya ciddi şikayətlər yoxdur. Yeri gəlmişkən, son zamanlar biz Azərbaycanda “ATV+” şəbəkəsini yaratmaqla ölkənin bütün ərazisini bu xidmət üçün açıq elan etdik. Bu, əhaliyə bu sahə ilə bağlı müəyyən şərait yaratmaq deməkdir və yaxın vaxtlarda da Azərbaycanın bütün ərazilərində bu xidmət sahəsi daha da genişlənəcək”.  

    http://az.apa.az/news/374706     03 mart 2015-ci il

Yuxarı ^