• Azərbaycanda televiziyanın tarixi

    AZƏRBAYCANDA  TELEVİZİYANIN

    TARİXİ

     

    Azərbaycan televiziyası – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

     1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü  44 metrlik adi neft buruğunda quraşdırılmışdı. İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış  sənətkarına çevriləcək, o dövrdə isə  gənc aktrisa olan Nəcibə Məlikova göründü.

    Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi nümayiş etdirildi.

    1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi.Yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi.

    Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi.

    Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi.

    Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.

     1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi.

    1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı.

    1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə «Sovet Azərbaycanı», «Elm və texnika», «Xarici xronika», «Pioner» adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan və SSRI-nin digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər.

    İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi.

    Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi.

    Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.

    1957-ci il iyunun 9-da ilk dəfə Respublika stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. Iyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Akademik Dram, Opera və Balet teatrlarından, Filarmoniyadan, digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.

    «ANS» 1991-ci ildə Azərbaycan televiziyasının binasında müstəqil studiya kimi fəaliyyətə başladı. İlk «Xəbərçi» proqramı Azərbaycan televiziyasının proqramları tərkibində efirə çıxdı. Yalnız 1994-cü ilin mayında ANS müstəqil kanala çevrildi.

    «Space» Müstəqil Televiziya Şirkəti 10 yanvar 1997-ci ildə yaradilmışdır.

    «Lider TV» 28 dekabr 1999-cu ildə yaradılmışdır.

    «Azad Azərbaycan» Televiziya kanalı 25 dekabr 2002-ci il tarixindən fəaliyyət göstərir.

    «İctimai Televiziya və Radio Yayımları Şirkəti» 05 noyabr 2004-cü ildə yaradılmışdır.

    «İdman Azərbaycan» kanalı 1 fevral 2009-cu ildə yaradılmışdır.

    «Xəzər» Televiziya kanalı 2007-ci ildə yaradılmışdır.

    «Mədəniyyət» kanalı 22 oktyabr 2010-cu ildə yaradılmışdır.

    «Region» TV 22 fevral 2014 –ci ildə yaradılmışdır.

     

Yuxarı ^