• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları

     
    AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
     

    Aktın növü: MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ QƏRARI
    Qəbul edildiyi tarix: 27.07.2011
    Qeydiyyat nömrəsi: 04/2
    Adı: “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə
    Rəsmi dərc edildiyi mənbə:  
    Qüvvəyə minmə tarixi: 08.08.2011
    Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 180.150.000
    Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 25201107270042
    Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 07.08.2011

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il  05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.3-cü bəndini, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 3-cü hissəsini rəhbər tutaraq  QƏRARA ALIR:

    1. “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

    2. Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri N.Cavadov təsdiq olunmuş Qaydanı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

     

     

    Sədr                                                                                        Nuşirəvan Məhərrəmov

     

    Azərbaycan Respublikası Milli

    Televiziya və Radio Şurasının

    27 iyul 2011-ci il tarixli 04/2 nömrəli

    qərarı ilə təsdiq edilmişdir

     

     

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbulu Qaydaları

     

    1. Ümumi müddəalar

     

    1.1. Bu Qaydalar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (bundan sonra – Şura) normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi məsələlərini tənzimləyir.

    1.2. Şuranın normativ xarakterli aktları Şura tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir.

    1.3. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 4.1.5-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları kollegial qaydada, qərarlar formasında qəbul edilir.

    1.4. Şuranın normativ xarakterli aktları Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

    1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

    1.6. Konstitusiya qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

     

    2. Şuranın normativ xarakterli aktlarının hazırlanması

     

    2.1. Şuranın normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun hazırlanır.

    2.2. Normativ xarakterli aktın layihəsi hazırlanarkən layihənin işlənib hazırlanması zərurəti əsaslandırılmalı, bu aktların qəbul edilməsinin məqsədi, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin xarakteristikasını əks etdirən konsepsiya da hazırlanaraq layihəyə əlavə edilməlidir.

    2.3. Şura normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

    2.4. Normativ xarakterli aktın layihəsi mütləq Şura Aparatının hüquq xidməti ilə razılaşdırılmalıdır.

    2.5. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktlarının layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə Şuranın aktında digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.

     

     

    3. Şuranın normativ xarakterli aktlarının qəbul edilməsi və

    onlara dəyişiklik edilməsi

     

    3.1. Şuranın normativ xarakterli aktları Şura tərəfindən qəbul edilir və Şuranın sədri tərəfindən imzalanır.

    3.2. Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədilə həmin aktlar və ya onlarda dəyişikliklər qəbul edildiyi gündən üç iş günü müddətində qanunverciliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

    3.3. Normativ xarakterli aktların uyğunlaşdırılması ilə bağlı hüquqi aktda verilmiş tapşırıqda müəyyən olunmuş müddətdə Milli Televiziya və Radio Şurası müvafiq normativ xarakterli aktlarına dəyişiklikləri qəbul edir, buna zərurət olmadıqda isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.

    3.4. Şuranın normativ xarakterli aktlarının Dövlət Reyestrinə daxil edilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

    3.5. Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktı həmin aktda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

    3.5. Şuranın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.

     

    QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

     

    1.      Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Qərarı 11 iyul 2012-ci il tarixli 06/2 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 25201207110062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2012-ci il)

Yuxarı ^