• Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamı

    Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında

     

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

     

    Müasir dövrdə ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerli televiziya kanallarının yayımladığı verilişlərin və müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə artaraq, gənc nəslin tərbiyəsində əsas amillərdən birinə çevrilir. Azərbaycanda mənəvi inkişaf sahəsində həyata keçirilən çoxsaylı dövlət proqramları, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş geniş tədbirlər yerli kino istehsalının inkişafına, o cümlədən telefilmlərin çəkilişinə ehtiyacı günü-gündən artırır.

    Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

     

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 sentyabr 2011-ci il

                    № 1709

Yuxarı ^