• Kabel televiziyası sahəsində fəaliyyət Qaydaları


    KABEL TELEVİZİYASI SAHƏSİNDƏ FƏALİYYƏT
    Q A Y D A L A R I

     


    I. ÜMUMİ MÜDDƏALAR
     
      Bu  qaydalar  Azərbaycan  Respublikasında  kabel  yayımının əsaslarını  və  bu  sahədə  fəaliyyət  göstərən,  kabel  televiziya  xidmətlərindən istifadə edən fiziki və hüquqi şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini müəyyən edir.
     
    1. Qaydaların məqsədi
    Qaydaların məqsədi:
    -  Azərbaycan  Respublikası  ərazisində  kabel  televiziyası xidmətinin həyata keçirilməsinə şərait yaratmaq;
    -  kabel  televiziyası  xidmətindən  istifadə  edən  abonentlərin,  bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını  müdafiə etmək;
    -  kabel  televiziyası  sahəsinin  inkişafı  üçün  əlverişli  şərait yaratmaq.
     
    2.  Qaydaların təsir dairəsi
    2.1. Bu qaydalar kabel televiziyasının yaradılması və istismarı,  kabel televiziya xidməti üçün tezlik spektrindən istifadə ilə əlaqədar  hüquqi münasibətləri tənzimləyir.
    2.2.  Bu qaydalar aid edilmir:
    2.2.1.  dövlətin idarə edilməsi, müdafiəsi, təhlükəsizliyi, qorunması  məqsədi üçün tətbiq edilən kabel televiziyası şəbəkələrinə;
    2.2.2.  ümumi rabitə və yayım şəbəkələrinə qoşulmayan istehsalat,  texnoloji  və  tədqiqat  məqsədləri  üçün  işlədilən  kabel televiziyalarına.
     
    3. Kabel televiziyası sahəsində qanunvericilik.
    Kabel televiziyası şəbəkəsi “Televiziya və radio yayımı haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  “Telekommunikasiya  haqqında” Azərbaycan Respublikasının Qanunu, bu sahəni tənzim  edən digər qanunvericilik aktları və bu Qaydalarla tənzimlənir.
     
    4.  Əsas anlayışlar:
    4.1. kabel televiziyası abonenti - kabel televiziyası operatoru ilə  bu xidmətin göstərilməsi üçün müqavilə bağlamış kabel televiziyası  istifadəçisi;
    4.2. abonent qurğusu – kabel televiziyası siqnalını qəbul etmək və  ya ötürmək üçün istifadə edilən, abonentin şəxsi malı olan və ya ona müvəqqəti istifadə üçün verilmiş otaqdaxili texniki vasitələr;
    4.3. abonent şəbəkəsi – abonentə onun yaşayış sahəsində və ya  ictimai yerdə bu xidməti göstərən kabel paylayıcı şəbəkə; 
    4.4. kabel televiziyası yayım təşkilatı – lisenziya (xüsusi razılıq)  əsasında fəaliyyət göstərən, məlum televiziya və ya radio yayım  proqramlarını  dəyişdirmədən,  kabel    və  ya  efir–  kabel  vasitəsilə yayımlayan hüquqi və ya fiziki şəxs;
    4.5. kabel televiziyası fəaliyyəti – kabel televiziyası şəbəkəsini  layihələndirən, quran, rekonstruksiya edən və istismar edən, habelə  bu şəbəkədə xidmət göstərən hüquqi və ya fiziki şəxsin fəaliyyəti;
    4.6. əlavə məlumat – TV proqramlarının məzmunu ilə əlaqəsi  olmayan,  TV  siqnallarının  tərkibində  verilən  hərflər,  rəqəmlər, qrafiki  material  və  s.  şəkildə  olan  vizual,  audiovizual  və  ya  səs məlumatı;
    4.7. kabel televiziyası – müəyyən ərazidə mövcud televiziya və  radio proqramlarının kabel və ya efir-kabel vasitəsilə yayımlanması;
    4.8. kabel televiziyası operatoru – rabitə operatoru olaraq lisenziya  (xüsusi  razılıq)  əsasında  kabel  televiziyası  xidməti  göstərməyə  hüququ olan hüquqi və ya fiziki şəxs;
    4.9. kabel televiziyası şəbəkəsi – müəyyən ərazidə abonentlərə  kabel  və  ya  efir  kabel  vasitəsilə  kabel  televiziyası  xidmətini  göstərmək imkanı olan texnoloji sistem;
    4.10.  kabel  televiziyası  şəbəkəsi  ilə  televiziya  proqramlarının  translyasiyası  –  kabel  televiziyası  avadanlığı  ilə  yayımlanan televiziya  və  radioyayım    proqramlarının  siqnallarının  qəbulu, formalaşdırılması,  bu  proqramların  məzmununu  dəyişdirmədən
    onların siqnallarınının işlənməsi və abonentlərə paylanması.
    4.11.  proqram  paketi  –  müqavilə  əsasında  kabel  televiziyası  operatorunun kabel televiziyası abonentlərinə təklif etdiyi müxtəlif televiziya və radio proqramlarının məcmusu.
    4.12. retranslyasiya – yayımçının yayımladığı televiziya və radio  proqramlarının məzmununu tamamilə və ya əsasən dəyişdirmədən  eyni zamanda qəbulu və yayımı.
    4.13.  icra  orqanı  –  rabitə  sahəsində  operator  kimi  fəaliyyət  göstərən,  yayım  və  rabitə  üzrə  dövlət  siyasətini  həyata  keçirən orqan.
     
    II. KABEL TELEVİZİYASI ŞƏBƏKƏSİ
     
    5. Kabel televiziyası  şəbəkəsinin təsnifatı
    5.1  Kabel  televiziya  şəbəkəsi  elektriki  rabitə  şəbəkəsidir.  Dövlət standartı, norma və qaydalar əsasında layihə sənədlərində  kabel  televiziyası  şəbəkəsinin  təsnifatı,  strukturu  və  quruluşu göstərilməlidir.
    5.2. Abonentlərin sayına görə kabel televiziyası şəbəkəsi cədvəl  1-dəki kimi sinifləşdirilir.
    5.3. İstifadə edilən rabitə xəttinə görə kabel televiziyası üç yerə  bölünür:
    kabel televiziyası xətti – formalaşdırılmış televiziya siqnallarını  yalnız kabel vasitəsilə ötürən kabel televiziya şəbəkəsi;
     
    Cədvəl 1. Kollektiv qəbul və kabel televiziyası   
    N
    Sistemin adı
    İşlədildiyi yer
    Abonentlərin təxmini sayı
    Yerinə yetirdiyi funksiyalar
    1
    Kollektiv qəbul sistemi
    Bir və ya qonşu olan bir neçə binanı əhatə edir.
    1000-ə qədər
    TV və FM səs yayım siqnallarının efir qəbulu.
    Koaksial kabel vasitəsilə radio siqnalların məhdud uzunluqlu kabel paylayıcı şəbəkə ilə paylanması
    2
    Böyük kollektiv qəbul sistemi
    Bir və ya bir neçə dairə, mikrorayon və s.
    50000-ə qədər
    TV və FM səs yayım siqnallarının efir və  peyk qəbulu.
    TV yayım siqnallarının formalaşdırılması. Radio siqnalların kabel paylayıcı şəbəkədə koaksial kabel və lifli optik rabitə xətti ilə  paylanması
    3
    Kabel televiziya sistemi
    Bir və ya bir neşə dairə, şəhər və s.
    100000-ə qədər
    Baş stansiyada formalaşdırılan və nəqletmə şəbəkəsi ilə paylanan TV və FM səs yayımı radiosiqnallarının qəbulu.
    Radiosiqnalların kabel paylayıcı şəbəkədə koaksial kabel və lifli optik rabitə xətti vasitəsilə paylanması.İnteraktivlik.Elektrik rabitəsinin digər xidmətləri siqnallarının verilməsi.
    4
    Böyük kabel televiziya sistemi
    Şəhər, region
    100000-dən çox
    TV və FM səs yayımı siqnallarının efir və peyk qəbulu, TV və FM səs yayımı radiosiqnallarının formalaşdırılması .
    Mərkəzi baş stansiyanın radiosiqnallarının qovşaq stansiyalarına paylayıcı nəqletmə şəbəkəsi ilə paylanması.
     
     
    İP  televiziyası  –  formalaşdırılmış  televiziya  siqnallarının  internet şəbəkəsi ilə yayımı;
    Efir-kabel televiziyası – formalaşdırılmış televiziya siqnallarını efir və kabel xəttindən birlikdə istifadə etməklə ötürən kabel televiziya  şəbəkəsi.
    5.4.  Proqram  mənbəyinə  görə  kabel  televiziyasının  iki  tipi  vardır:
    - mövcud TV proqramlarının kabel televiziyası ilə yayımı;
    -  mövcud  və  özünün  bir  TV  proqramının  kabel  televiziyası  ilə  yayımı.
     
    III. KABEL TELEVİZİYASI ŞƏBƏKƏSİNİN
    TƏNZİMLƏNMƏSİ
    6. Kabel televiziyası şəbəkəsinin digər şəbəkələrə qoşulması
    6.1.  Kabel  televiziyası  operatorlarının  siqnalın  ötürülməsi  məqsədilə  digər  rabitə şəbəkələrinə  qoşulma  hüququ  vardır.  Bu  qoşulma  qaydaları  və  şərtləri “Telekommunikasiya  haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
    6.2. Kabel televiziyası şəbəkəsinin rabitə şəbəkəsinə qoşularaq  ondan  istifadə  etdiyi  üçün  ödənilən  məbləğ  kabel  televiziyası operatoru  ilə  rabitə  operatoru  arasında  iqtisadi  cəhətdən
    əsaslandırılmış müqavilə ilə müəyyən olunur.
    6.3.  Kabel  televiziyası  üzrə  keyfiyyətə  kabel  televiziyası operatoru məsuliyyət daşıyır.
     
    7. Kabel televiziyasının mülkiyyət hüququ
    7.1.  Kabel  televiziyası  şəbəkəsi  Azərbaycan  vətəndaşı  olan  hüquqi və ya fiziki şəxsin (şəxslərin) və ya bələdiyyə orqanının  mülkiyyəti ola bilər.
    7.2. Xüsusi razılığın (lisenziyanın) bir hüquqi və ya fiziki şəxsdən  digərinə,  habelə  bir  təşkilatdan  digərinə  verilməsi,  bağışlanması, dəyişdirilməsi və satılması qadağandır.
    7.3. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kabel televiziyasının təsisçisi ola bilməz.
     
    8. Kabel televiziyası sahəsinin fəaliyyətinin tənzimlənməsi
    8.1. Kabel televiziyası sahəsinin fəaliyyətinin tənzimlənməsi və  bu işə nəzarət Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən həyata keçirilir.
    8.2. Kabel televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi və  nəzarəti zamanı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası :
    - kabel televiziyası sahəsində dövlət siyasətini müəyyən edir və onun həyata keçirilməsinə nəzarət edir;
    - kabel televiziyası sahəsində qanun layihələrini, normativ aktları, proqram sənədləri, qayda və təlimatları işləyir;
    - kabel televiziyası sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin  dövlət  və  icra  orqanları  ilə  qarşılıqlı  münasibətlərini müəyyən edir;
    - şəbəkədəki radioelektron vasitələrinin istifadə və istismarı üzrə  kabel televiziyası operatorunun fəaliyyətinə nəzarət edir;
    -  kabel  televiziyası  sahəsində  istifadə  olunan  avadanlıqlara  qoyulan texniki tələbləri müəyyən edir.
    Kabel televiziyası sahəsində fəaliyyət zamanı icra orqanı efir-kabel  tipli  kabel  televiziyası  sahəsində  radiotezliklərin  istifadəsi və elektromaqnit birgəliyinin təmin olunması ilə əlaqədar icazə və  tənzimlənmə işlərini həyata keçirir.
     
    9. Kabel televiziyası şəbəkəsində radiotezlikdən istifadənin  tənzimlənməsi
    9.1.  Müvafiq  icra  orqanı  kabel  televiziyası  şəbəkəsində  radiotezlikdən  istifadəni  tənzimləyir,  elektromaqnit  birgəliyinin  tələb  və  normalarının  yerinə  yetirilməsi  üzrə  kabel  televiziyası  operatorunun fəaliyyətinə nəzarət edir.
    9.2. Kabel televiziyası şəbəkəsində istifadə olunacaq kanalların  sayı  müvafiq  elektromaqnit  birgəliyi  nəzərə  alınmaqla  kabel  televiziyası operatoru tərəfindən hesablanmalıdır.
    9.3.  Kabel  televiziyası operatoru  kabel  televiziyası  şəbəkəsini qurduqda  istifadə  olunacaq  tezlikləri  müvafiq  icra  orqanı  ilə razılaşdırmalı və bu razılaşma müvafiq sənədlərlə təsbit olunmalıdır.
    9.4.  Müvafiq  icra  orqanı  lazım  gələrsə  kabel  televiziyası  şəbəkəsində  istifadə  olunan  tezliklərdə  ölkənin  müdafiəsi,  təhlükəsizliyi, dövlətin idarə olunması və mühafizə xidməti naminə  kabel  televiziyası  operatorunun  xeyrinə  olmayan  dəyişiklikləri  apara bilər.
    9.5.  Kabel  televiziyası  şəbəkəsində  radiotezlikdən  istifadənin  illik haqqı regiondan asılı olaraq diferensial şəkildə müvafiq icra  orqanı tərəfindən müəyyən olunur.
     
    IV. KABEL TELEVİZİYASI SAHƏSİNDƏ
    LİSENZİYALAŞDIRMA VƏ FƏALİYYƏT
     
    10. Kabel televiziyası şəbəkəsinin lisenziyalaşdırılması
    10.1.  Kabel  televiziyası  sahəsində  fəaliyyət  bu  qaydalara  müvafiq olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio  Şurasının verdiyi lisenziya  (xüsusi razılıq) əsasında həyata keçirilir.
    10.2.  Kabel  televiziyası  sahəsində  fəaliyyət  üçün  lisenziya  (xüsusi razılıq) 6 il müddətinə verilir.
    10.3. Kabel televiziyası operatoruna verilən lisenziyada (xüsusi  razılıqda) kabel televiziyasının tipi göstərilməlidir. Kabel televiziyası  operatorunun fəaliyyəti lisenziyada (xüsusi razılıqda) qeyd olunan  kabel televiziyasının tipi ilə məhdudlaşır.
    10.4.  Kabel  televiziyası  şəbəkəsində  radiotezlikdən  istifadə  olunub-olunmaması lisenziyada (xüsusi razılıqda) qeyd olunmalıdır.
     
    11. Kabel televiziyası avadanlığının uyğunluğunun təsdiqi
    11.1.  Kabel  televiziyasının  bütün  avadanlığının  Azərbaycan  Respublikasında  mövcud  olan  normativ  tələblərə  uyğun  olması  sertifikat üzrə və ya uyğunluq haqqında akt tərtib olunması yolu  ilə  Azərbaycan  Respublikası  Milli  Televiziya  və  Radio  Şurası  tərəfindən yoxlanılmalıdır.
    11.2. Kabel televiziyasının bütün avadanlıqları maddə 10.1-dəki  qayda üzrə Milli Televiziya və Radio Şurası tərəfindən yoxlanılır  və  qeydiyyatdan  keçirilir.  Həmin  normativə  uyğun  olmayan  avadanlıqlar kabel televiziyası şəbəkəsində işlədilə bilməz.
     
    12. Kabel televiziyası operatorunun fəaliyyəti
    12.1. Kabel televiziyası operatoru lisenziyada (xüsusi razılıqda)  göstərilmiş ərazidə fəaliyyət göstərərək, televiziya və radio yayım  proqramlarının öz kabel televiziyası şəbəkəsi üzrə yayımını həyata  keçirir.
    12.2. Kabel televiziyası operatoru kabel televiziyası şəbəkəsi üzrə  yayımlanacaq bütün mövcud televiziya və radioyayım proqramlarını  və proqram paketlərini  müvafiq dövlət orqanı ilə razılaşdırmalıdır.
    12.3.  Kabel  televiziyası  operatoru  digər  kabel  televiziyası  operatoruna (operatorlarına) onların fəaliyyətlərini həyata keçirmək  üçün xidmət göstərə bilər.
    12.4. Kabel televiziyası üzrə mövcud televiziya və radioyayım proqramlarının  yayımı  həmin  proqram  mənbəyinin  sahibi  ilə  müqavilə  bağladıqdan  sonra  həyata  keçirilə  bilər.  Bu  müqavilə  televiziya və radio proqramlarının yayımının ödənişli və ya ödənişsiz
    əsaslarla həyata keçiriləcəyini əks etdirməlidir.
    12.5.  Kabel  televiziyası  operatorunun  mövcud  televiziya  və  radio proqramlarının tərkibində verilən əlavə məlumatların da kabel televiziyası şəbəkəsi üzrə yayımını aparmaq hüququ vardır. Bu əlavə  məlumatların yayımlanması üçün kabel televiziyası operatorundan  əlavə lisenziya tələb olunur.
     
    13 . Kabel televiziyası operatorunun məsuliyyəti
    13.1.  Kabel  televiziyası  operatoru  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  qüvvədə  olan  standartlara,  normativ sənədlərə, lisenziya şərtlərinə, yayım təşkilatları və rabitə operatorları ilə bağladığı müqavilələrin şərtlərinə riayət etməlidir.
    13.2. Kabel televiziyası operatoru ilə müqavilə bağlamış yayım  təşkilatları  və  rabitə  operatorları  bu  müqavilənin  şərtlərinə  əməl  etmək, mövcud standartlara, normativ sənədlərə riayət etmək üçün məsuliyyət daşıyırlar.
    13.3.  Kabel  televiziyası  operatorunun  onun  kabel  televiziyası  şəbəkəsi ilə yayımlanan mövcud televiziya və radio proqramlarının  məzmununa  nəzarət  etmək  hüququ  vardır.  Televiziya  və  radio  proqramlarının  tərkibində  dövlətin  və  onun  orqanlarının  qanuni  maraqlarına toxunan, dini və irqi ayrı-seçkilik salan və “Televiziya  və radio yayaımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar üçün proqramın sahibi (yayımçı) məsuliyyət daşıyır. Kabel televiziyası operatoru belə proqramların kabel televiziyası şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqviləni qüvvədən düşmüş elan edə bilər.
    13.4.  Kabel  televiziyası  operatoru,  yayım  təşkilatı  və  rabitə  operatorunun  hüquqlarının  pozulması  ilə  bağlı  mübahisələrə məhkəmə qaydasında baxıla bilər.
     
    14. Kabel televiziyası xidmətlərinin növləri
    14.1. Kabel televiziyası operatorunun xidmətlərinin növləri və  siyahısı ona Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziya ilə müəyyən olunur.
    14.2.  Kabel  televiziyası  operatoru  müqavilə  əsasında  onun  abonenti olan fiziki və hüquqi şəxslərə və digər kabel televiziyası operatorlarına,  dövlətin  müdafiəsi  və  təhlükəsizliyi  üçün  lazım olduqda müvafiq dövlət strukturlarına kabel televiziyası xidmətini  göstərməlidir.
    14.3.  Kabel  televiziyası  operatoru  öz  texniki  imkanları  çərçivəsində  aşağıdakı  xidmətlərdən  birini,  bir  neçəsini  və  ya  hamısını göstərə bilər:
    14.3.1.  mövcud  televiziya  və  ya  radio  proqramlarının  kabel  televiziyası şəbəkəsi üzrə yayımı;
    14.3.2. televiziya və (və ya) radio proqramlarının digər kabel  televiziya şəbəkəsinə ötürülməsi;
    14.3.3. kabel televiziyası şəbəkəsinin abonent avadanlıqlarında  təmir və rekonstruksiya işlərinin aparılması.
     
    V. KABEL TELEVİZİYASI OPERATORUNUN VƏ
    ABONENTLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ
    MƏSULİYYƏTLƏRİ
     
    15.  Kabel televiziyası operatorunun hüquq və vəzifələri
    15.1 Kabel televiziyası operatorunun aşağıdakı hüquqları vardır:
    15.1.1. ona verilmiş lisenziya (xüsusi razılıq) çərçivəsində kabel  televiziyası  abonentlərinə  müqavilə  əsasında  standartlara  uyğun  olan kabel televiziyası xidmətini göstərmək;
    15.1.2.  kabel  televiziyası  abonentləri  xidmət  haqqı,  abonent  avadanlığının  və  kabel  televiziyası  şəbəkəsinin  istismarı  üzrə  müqavilə  şərtlərini  pozduqda  kabel  televiziyası  xidmətini  ləğv  etmək və ya dayandırmaq;
    15.1.3.  müəyyən  səbəblərdən  kabel  televiziyası  şəbəkəsinin  girişinə  verilməli  olan  televiziya  və  radio  yayım  siqnallarının  seçilmiş  mənbədən  daxil  olması  kəsildikdə  ona  alternativ  (və analoq)  olan  mənbədən  həmin  siqnalların  verilişini  təmin  etmək  və bu da mümkün olmadıqda kabel televiziya xidmətini müvəqqəti  olaraq dayandırmaq.
    15.2.  Kabel  televiziyası  operatorları  öz  hüquqlarını  qorumaq  üçün öz aralarında birləşərək ittifaq, birlik və ya assosiasiya yarada  bilər. Bu birliklər Azərbaycan Respublikasının “Kabel Televiziyası  sahəsində fəaliyyət qaydaları” çərçivəsində çıxış edə bilərlər.
    15.3 Kabel televiziyası operatoru borcludur:
    15.3.1 televiziya və radio proqramlarının tərkibində dövlətin və  onun orqanlarının qanuni maraqlarına toxunan, dini və irqi ayrı-seçkilik salan və “Televiziya və radio yayımı haqqında” Azərbaycan  Recpublikasının  Qanunu  ilə  qadağan  olunan  digər  verilişlər  və  məlumatlar olduqda onların yayımını dayandırmağa və bu barədə  müvafiq dövlət orqanına məlumat verməyə;
    15.3.2.  kabel  televiziyası  xidmətini  göstərməyə  və  kabel  televiziyası şəbəkəsinin işini ona verilmiş lisenziya (xüsusi razılıq)  əsasında  normativ  sənədlər  və  standartlara  uyğun  olaraq  təmin  etməyə;
    15.3.3.    kabel  televiziyası  şəbəkəsində  baş  vermiş  nasazlığı  abonentin bu barədə xəbər verdiyi andan keçən iki sutka ərzində  və ya abonentlə bağlanmış müqavilədə göstərilmiş müddət ərzində  aradan qaldırmağa; 
    15.3.4.  kabel  televiziyası  şəbəkəsindən  açılmış  abonent  avadanlığını  abonent  avadanlığının  şəbəkədən  açılmasına  səbəb  olan nasazlığın aradan qaldırılması haqqında məlumat veriləndən sonrakı iki sutka ərzində yenidən şəbəkəyə qoşmağa;
    15.3.5.  kabel  televiziyası  abonentlərinə  kabel  televiziyası  xidmətləri haqqının dəyişdirilməsi və abonent avadanlığının kabel  televiziyası şəbəkəsindən açılması haqqında  yazılı şəkildə ən azı bir  həftə qabaq xəbərdarlıq etməyə;
    15.3.6  kabel  televiziyası  şəbəkəsində  baş  vermiş  ən  böyük  və  uzunmüddətli  nasazlıq  və  onun  aradan  qaldırılması  müddəti  haqqında abonentlərə xəbərdarlıq etməyə;
    15.3.7. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası  və  icra  orqanına  bu  şəbəkədə  təftiş  və  yoxlama  işlərinin  həyata keçirilməsinə şərait yaratmağa və köməklik göstərməyə;
    15.3.8.  kabel  televiziyası  abonentlərinə  onların  hüquq  və  vəzifələri, bu şəbəkənin xidmətləri, qiymət və güzəştləri, şəbəkənin  xidmətlərinin  genişləndirilməsi  və  s.  haqqında  pulsuz  məlumat  verməyə.
     
    16. Kabel televiziyası abonentlərinin hüquq və vəzifələri
    16.1. Kabel televiziyası abonentlərinin aşağıdakı hüquqları vardır:
    16.1.1.  müxtəlif  kabel  televiziyası  operatorları  ilə  kabel  televiziyasının fəaliyyəti çərçivəsində ona xidmət göstərilməsi üçün  müqavilə bağlamaq;
    16.1.2.  kabel  televiziyası  operatoru  ilə  bağlanmış  müqaviləyə  uyğun olaraq kabel televiziyası şəbəkəsinə qoşulmaq;
    16.1.3. öz hüquqları və vəzifələri, xidmət növləri, onların qiyməti,  güzəştlər,  kabel  televiziyası  operatorunun  hüquq  və  vəzifələri  haqqında olan məlumatlardan istədiyi vaxt sərbəst istifadə etmək;
    16.1.4.  kabel  televiziyası  operatoru  ilə  kabel  televiziyası  xidmətinin göstərilməsi üçün bağlanmış müqaviləni dayandırmaq;
    16.1.5.  həmin  ərazidə  fəaliyyət  göstərən  kabel  televiziyası  xidmətindən istifadə etmək;
    16.1.6.  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  hüquqlardan  istifadə etmək.
    16.2. Kabel televiziyası abonentinin ixtiyarı yoxdur:
    16.2.1. mövcud standarta və texniki normalara uyğun gəlməyən  abonent qurğusunu kabel televiziyası şəbəkəsinə qoşmağa;
    16.2.2. kabel televiziyası operatorunun müvafiq icazəsi olmadan  kabel televiziyası şəbəkəsinə abonent avadanlığını qoşmağa;
    16.2.3.  abonent  şəbəkəsində  kabel  televiziyası  operatorunun  icazəsi olmadan yerdəyişmələr etməyə.
    16.3. Kabel televiziyası abonentləri borcludur:
    16.3.1. kabel televiziyası operatoruna öz yaşayış sahəsində və ya  iş yerində abonent şəbəkəsində və avadanlığında təmir, ölçmə və  profilaktik işləri aparmaq üçün şərait yaratmağa;
    16.3.2. kabel televiziyasının operatoru ilə bağlanmış müqavilənin  şərtlərinə əməl etməyə, ona göstərilən xidmətlərin haqqını vaxtında  və tam həcmdə ödəməyə;
    16.3.3. öz mənzili və ya iş yerində abonent şəbəkəsi və ya abonent  avadanlığının texniki istismar qaydalarına əməl etməyə;
    16.3.4.  kabel  televiziyası  şəbəkəsində  istifadə  olunan  abonent  avadanlığı  haqqında  kabel  televiziyası  operatoruna  məlumat  verməyə.
     
    Maddə 17. Kabel televiziyası operatorunun məsuliyyətləri
    17.1.  Kabel televiziyası operatoru aşağıdakılar üçün məsuliyyət  daşıyır:
    17.1.1. mövcud standarta uyğun keyfiyyətli və vaxtında kabel  televiziyası  xidmətini  göstərmək,  kabel  televiziyası  şəbəkəsində  yaranan nasazlıqları vaxtında aradan qaldırmaq;
    17.1.2. kabel televiziyası xidmətlərinin keyfiyyəti haqqında dəqiq  məlumat vermək;
    17.1.3. müqavilədə nəzərdə tutulan vəzifələrini yerinə yetirmək.
    17.2. Kabel televiziyası operatoru kabel televiziyası xidmətini  göstərə bilmədikdə və ya natamam göstərdikdə məsuliyyətdən azad  olunur:
    17.2.1. aradan qaldırılması mümkün olmayan faktorların təsiri  mövcud olduqda;
    17.2.2. fövqəladə xarakterli şərait yarandıqda;
    17.2.3. üçüncü şəxsin təsiri mövcud olduqda;
    17.2.4. abonent tərəfindən müqavilə şərtləri pozulduqda.
     
    VI.  KABEL TELEVİZİYASI SAHƏSİNDƏ
    QARŞILIQLI MÜNASİBƏTLƏR
     
    18.  Şikayət və mübahisələrə baxılması qaydası
    18.1.  Kabel  televiziyası  sahəsində  şikayət  və  mübahisələrə
    baxılması bu qaydalarla müəyyən olunur.
    18.2.  Kabel  televiziyası  operatoru  müqavilə  şərtləri  üzrə  öz  vəzifəsini  tam  və  ya  lazımi  səviyyədə  icra  etmədikdə  kabel  televiziyası abonenti kabel televiziyası operatoruna şikayət edə və  narazılığını  bildirə  bilər. Abonent  bu  halda  ona  standarta  uyğun  olmayan xidmətlərin göstərilməsi, müqavilə şərtlərinin pozulması,  kabel  televiziyası  operatoru  və  onun  xidmətləri  haqqında  dəqiq  olmayan məlumatların verilməsi kimi faktları əsas tutub, Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq ona dəymiş itkilərin  ödənilməsini tələb edə bilər.
    18.3. Şikayət və narazılıqlar yazılı şəkildə verilir, kabel televiziyası  operatoru tərəfindən hökmən qeydiyyatdan keçirilir. Şikayət və ya  narazılığa qeydiyyatdan keçdiyi vaxtdan başlayaraq bir ay ərzində  cavab verilməlidir.
    18.4.  Kabel  televiziyası  şəbəkəsi  üzrə  verilmiş  şikayət  və  narazılıqlar  onların  qeydiyyatdan  keçdiyi  müddətdən  sonrakı  on  gün ərzində aradan qaldırılmalıdır. Nasazlıqların digər tez və ya gec  müddət ərzində aradan qaldırılacağı müqavilədə göstərilə bilər.
     
    19. Kabel televiziyası sahəsində mübahisələrin həlli
    Kabel  televiziyası  operatoru  ilə  əlaqədar  rabitə  operatoru, televiziya və radio proqramlarının yayım təşkilatları və abonentlər arasındakı mübahisələr tərəflərdən hər hansı birinin ərizəsi əsasında Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll  oluna bilər.
     
    20. Ziyanın ödənilməsi
    20.1.  Kabel  televiziyası  şəbəkəsi  üzrə  verilişlərin  dayanması və xüsusi səbəb olmadan məhdud müddət ərzində verilməsi kabel televiziyası operatorunun vurduğu ziyan kimi qiymətləndirilir. 
    20.2.  Ziyanın  ödənilməsi  ilə  bağlı  mübahisələr  Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həll edilir.
    20.3.  Kabel  televiziyası  sahəsində  fəaliyyəti  zamanı  kabel televiziyası təşkilatlarının vurduqları ziyanların ödənişi könüllü və  ya məhkəmə qərarı əsasında yerinə yetirilə bilər.

Yuxarı ^