• Teleradio yayımçıları tərəfindən proqram (veriliş) materiallarının saxlanılması və onların nəzarət fonoqramlarının surətlərinin Milli Televiziya və Radio Şurasına təqdim edilməsi Qaydaları


    Teleradio yayımçıları tərəfindən proqram (veriliş) materiallarının saxlanılması və onların

    nəzarət fonoqramlarının surətlərinin Milli Televiziya və Radio

    Şurasına təqdim edilməsi
    Q  A  Y  D  A  L  A  R  I


     
    (25 iyun 2003-cü il tarixli Şura iclasında təsdiq olunmuşdur)
     
        Bu Qaydalar «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası   Qanununun 38-ci və 40.2.7.-ci maddələrinə və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq tərtib edilmişdir.
    Televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, teleradio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək məqsədilə teleradio yayımçıları efirə çıxmış proqramların (verilişlərin) materiallarının (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) bütün video (audio) lentlərinin yazısını təmin etməli və bu yazıları bir aydan az olmayaraq, qeydiyyat jurnalını isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlamalıdırlar.
    Barəsində bir ay ərzində şikayət daxil olan, yaxud məhkəmə qarşısında iddia qaldırılan proqramın (verilişin) materialları mübahisə başa çatanadək saxlanılmalıdır.
    Teleradio yayımçıları bu Qaydaların müəyyən etdiyi hallarda nəzarət fonoqramının surətini Milli Televiziya və Radio Şurasına (bundan sonra - Şura) təqdim etməlidirlər.
    Şura aşağıdakı hallar barəsində məlumatlar aldıqda nəzarət fonoqramının surətinin təqdim edilməsini tələb edə bilər:
    dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar səsləndirildikdə;
    dövlət dilindən istifadənin təmini ilə bağlı qaydalar pozulduqda;
    efir zamanı pornoqrafik materiallar yayıldıqda;
    uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən proqramlar (verilişlər) qanunvericiliklə müəyyən olunmuş qaydalara zidd olaraq yayımlandıqda;
    göstərilmə vaxtı məhdudlaşdırılmış proqramlar müəyyən olunmuş qaydalara zidd olaraq yayımlandıqda;
    insanların şəxsi həyatına müdaxilə edildikdə;
    milli-mənəvi dəyərlərin qorunmasına əməl olunmadıqda;
    reklam haqqında mövcud qanunvericiliyin tələbləri pozulduqda;
    efir kommersiya, informasiya və yaxud digər eynitipli verilişlərlə yükləndikdə;
    verilmiş informasiyada tərəfsizlik, qərəzsizlik, əhatəlilik, tam və doğru-dürüstlük prinsiplərinə əməl olunmadıqda;
     insanların şərəf və ləyaqətinin alçaldılmasına və işgüzar nüfuzunun ləkələnməsinə yol verildikdə;
    vətəndaşların və təşkilatların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqları pozulduqda;
    faktlar və hadisələr ədalətlə şərh olunmadıqda və birtərəfliyə yol verildikdə;
    terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunduqda;
    dövlət dilindən istifadəyə dair qaydalara riayət  edilmədikdə;
    qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
     
    Hər hansı bir proqramda (verilişdə) dövlətin, vətəndaşların və təşkilatların hüquqularının pozulduğu barədə məlumat daxil olduqda, Şura hüquqların pozulduğu iddia edilən proqramın (verilişin) nəzarət fonoqramının surətinin 3 (üç) iş günü müddətində təqdim edilməsini teleradio yayımçısından tələb edə bilər.
    Müstəsna hallarda, yəni bu Qaydaların 4-cü bəndində nəzərdə tutulan dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar səsləndirildikdə; dövlət dilindən istifadənin təmini ilə bağlı qaydalar pozulduqda; efir zamanı pornoqrafik materiallar yayıldıqda və s. hallarda Şura nəzarət fonoqramının surətinin 8 (səkkiz) saat ərzində təqdim edilməsini teleradio yayımçısından tələb edə bilər.
    Şura nəzarət fonoqramında olan materiallar üzrə araşdırmalar aparmaq və müvafiq qərarlar qəbul etmək hüququna malikdir.
    Nəzarət fonoqramlarını ixtisar olunmuş və ya digər təhrif olunmuş şəkildə Şuraya təqdim etmiş yayımçı bu hərəkətlərinə görə məsuliyyət daşıyır.
    Araşdırmalar nəticəsində bu Qaydaların 4-cü bəndində qeyd olunan müddəalardan hər hansı birininin pozulduğu aşkar olunduğu halda, aşkar olunmuş haldan asılı olaraq Şura tərəfindən:
    xəbərdarlıq edilir;
    cərimə edilir;
    xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti olaraq məhkəmə qaydasında dayandırılması barədə qərar qəbul edilir;
    xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qaydasında iddia qaldırılır.
    Bu Qaydalar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün teleradio yayımçılarına şamil edilir.
     
     
     

Yuxarı ^