• Heydər Əliyev və Azərbaycan mətbuatı

    Azərbaycan milli mətbuatı-135

     

    Heydər Əliyev və Azərbaycan mətbuatı

     

    Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm.

     

    Heydər ƏLİYEV,

    Ümumilli lider

     

    Bu il Azərbaycan milli mətbuatının yaranmasının 135 yaşı tamam olur. Bu, əslində tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın 135 illiyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncamda göstərildiyi kimi, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır.

    "Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şərait yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran mühüm vəzifələrdir". Fikrimizcə, Prezident İlham Əliyevin imzaladığı bu sərəncamın özü Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir.

    "Əkinçi" ənənələri ilə həyata qədəm qoyan, "Molla Nəsrəddin" ənənələri ilə mübarizləşən Azərbaycan milli mətbuatı ötən 135 il ərzində, həqiqətən, çox kəşməkeşli, həm də son dərəcə şərəfli bir inkişaf yolu keçib. Təbiidir ki, bu yol heç də həmişə rəvan olmayıb. Əslində, bütün dövrlərdə və bütün ölkələrdə mətbuatın missiyası da elə cəmiyyəti düşündürən, narahat edən problemləri gündəmə gətirmək, onların həlli yollarını aramaq və ən başlıcası, hökumətin və geniş ictimaiyyətin diqqətini bu sahəyə səfərbər etmək olub. Bu mənada mətbuat həmişə tərəqqi və inkişafa yardımçı, ətalət, cəhalət, mühafizəkarlıq, meşşanlıq və nəhayət, sui-istifadə və cinayət hallarına qarşı amansız mübariz olub. Əlbəttə, söhbət normal və sağlam mətbuatdan gedir.

    Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi.Ona görə də 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.

    Ulu öndər özu bu barədə deyirdi: "Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik".

    Təbiidir ki, mətbuat və televiziyanın qaldırdığı problemlər də MK-nın və şəxsən Heydər Əliyevin diqqətindən yayınmırdı. Yaxşı xatirimdədir, o illərdə "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər qəzetlərdə dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.

    Heydər Əliyev dövrünün böyük siyasətçisi idi və adətən, belə insanlar öz hiss və həyəcanlarını çox zaman biruzə vermirlər. Amma onunla bir yerdə işləyən və onu yaxından tanıyan insanlar çox yaxşı bilirlər ki, ulu öndər mətbuatla, jurnalistlərlə nə qədər səmimi idi. O, sözün tam mənasında, mətbuat üçün açıq adam idi. Yəni, o, mətbuata hər şeyi deyirdi və mətbuatın qaldırdığı problemlərə də həssaslıqla yanaşırdı. "Literaturnaya qazeta"da "Qoy, ədalət zəfər çalsın" başlığı altında dərc olunmuş müsahibəni yada salın.Heydər Əliyev həmin müsahibəsi ilə, əslində, SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq müharibə elan etmişdi. Əlbəttə, dünyaya qapalı olan bir ölkədə, özü də dövlətin rəhbərlərindən birinin dilindən cəmiyyətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması o dövr üçün son dərəcə riskli addım idi. İnanın, o zaman SSRİ rəhbərləri içərisində Heydər Əliyevdən savayı, heç kəs bunu edə bilməzdi. Həmin müsahibədən sonra mətbuatda cəmiyyətin az qala bütün sahələrini əhatə edən çox geniş müzakirələr oldu. SSRİ-nin bütün regionlarının sakinləri bu müzakirələrə qoşuldu.

    Təbii ki, o zaman bu məsələ ilə bağlı həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı görünən və görünməyən qüvvələr tərəfindən çox ciddi təzyiqlər oldu. Amma bütün bunlar Azərbaycanın Heydər Əliyev tərəfindən müəyyən edilən və idarə olunan mənəvi-siyasi kursunu dəyişə bilmədi. Əksinə, ulu öndər ölkədə sosial-mənəvi mühiti sağlamlaşdırmaq naminə daha ciddi addımlar atdı. "Literaturnaya qazeta"ya müsahibəsindən az sonra bilavasitə mənəviyyat məsələlərinin müzakirəsinə həsr olunan respublika müşavirəsində siyasi sistemin mahiyyətindən irəli gələn hər cür çatışmazlıq və eybəcərliklər geniş müzakirə predmetinə çevrilərək kəskin tənqid atəşinə tutuldu, vəziyyəti sağlamlaşdırmaq məqsədilə müvafiq tədbirlər planı təsdiq olundu.

    Şəxsi nümunənin təsir gücü hər yerdə və hər zaman böyük olub. Bu mənada Heydər Əliyev nümunəsinin təsir gücü xüsusilə əvəzsizdir. Məsələn, 70-80-ci illərdə məhz ulu öndərin şəxsi diqqət və qayğısı vəzifəsinin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün məmur korpusunun mətbuata və mətbuat sahəsində çalışanlara münasibətində bir növ etalona çevrilmişdi. Bu cür isti münasibətin nəticəsidir ki, o illərdə Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə Azərbaycan jurnalistlərinin böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində yetişərək, püxtələşərək, sözün əsl mənasında, peşəkarlıq zirvəsinə ucaldılar.

    Nə yazıq ki, sonralar həmin kadrlardan Heydər Əliyevə qarşı dönük çıxanlar da oldu. Amma ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə döndükdən sonra da həmin insanlara qayğıkeş münasibət göstərməkdə davam etdi. Təsəvvür edin, Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışının mətnini çap etməkdən qəti surətdə imtina edən redaktor sonradan əməkdar jurnalist oldu, ömürlük Prezident təqaüdünə layiq bilindi və s.

    80-ci illərin sonu - 90-cı illərin əvvəllərində ölkədə anarxiya, hərcmərclik və özbaşınalıq baş alıb getdiyi dövrdə birbaşa Moskvanın ssenarisi əsasında Heydər Əliyev şəxsiyyətinə qarşı çox çirkin "piar" kampaniyası aparılırdı. Lakin ömrü boyu yalnız böyük və müqəddəs amallar uğrunda mübarizə apardığından cılız insanların sifarişi və təşkilatçılığı ilə mətbuata çıxarılan qərəzli yazılara o, özü əsla reaksiya vermirdi. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən muxtar respublikanın Nazirlər Sovetinin sədri, hazırda isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı işləyən Şəmsəddin Xanbabayevin tez-tez xatırladığı bir əhvalat bu baxımdan çox ibrətamizdir:

    - O illərdə blokada şəraitində yaşayan Naxçıvana hər tərəfdən çox ciddi təzyiqlər vardı. Əvvəlcə Mütəllibovun qoçuları, onun ardınca isə Xalq cəbhəsi və onun ətrafında cəmləşən səbatsız ünsürlər Naxçıvanı və onun rəhbərliyini sındırmaq məqsədilə ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirdilər. Lakin Heydər Əliyevin nüfuzu, hörməti və Naxçıvan əhalisi tərəfindən etibarlı şəkildə müdafiəsi həmin qüvvələrə öz çirkin planlarını reallaşdırmağa imkan vermirdi. Ulu öndərin şəxsiyyəti və əməli fəaliyyəti ilə bağlı ayrı-ayrı mətbuat orqanlarının sifarişlə hazırladığı qərəzli və böhtan xarakterli yazıları xüsusi olaraq qeyd etmək istərdim. Hamımız yaxşı bilirdik ki, maraqlı, tutarlı, ədalətli və obyektiv yazıları həvəslə oxuyan ulu öndər özü sifarişlə yazılan qəzet cızmaqaralarına əsla əhəmiyyət vermirdi. Lakin qəzetlərdən birinin növbəti yazısında artıq bütün hədlər aşıldığından Əliyev komandasının digər üzvləri kimi mən də daha dözə bilmədim. Necə deyərlər, elə başı alovlu vəziyyətdə qəbuluna getdim. Kabinetinə daxil olan kimi adəti üzrə görülən işlər və əvvəllər verdiyi tapşırıqların icrası ətrafında söhbət etdi. Tövsiyə və iradlarını bildirdi. Bəzi yeni tapşırıqlar verdi. Söhbətimizin sonunda yerindən qalxaraq gülümsəyə - gülümsəyə: "Şəmsəddin, sən də nə isə demək istəyirdin?" - deyərək mənə yaxınlaşdı. Bayaqdan bəri bükərək əlimdə saxladığım o bədnam qəzeti açaraq, dedim: "lap ağ edirlər, icazə verin, mən özüm onlarla məşğul olum". Ulu öndər, sanki heç nə olmayıbmış kimi, "axı hamınıza demişəm, belə şeylərə əhəmiyyət verməyin, get işlərinlə məşğul ol!" -deyərək, növbəti dəfə məni beləcə xoş əhvalla yola saldı.

    Heydər Əliyev mətbuatın gücünə inanırdı və elə bu səbəbdən də mətbuatdan çox şey umurdu. Dəyərli qələm dostum, mərhum Mövsüm Mövsümov danışırdı ki, bir dəfə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən aparıcı qəzetlərin muxtar respublikada işləyən əməkdaşlarını yanına dəvət edərək onlara ciddi irad bildirdi: "Mən sizi yaxşı tanıyıram. Sizinki odur, rayondan nümayəndə qoşaraq kolxoza, sovxoza göndərələr. Orada kababdan yeyəsiniz, sədr və ya direktorla pıçıldaşasınız, yalnız bundan sonra nə isə bir şey yazasınız. Ay bala, erməni Sədərəyə güllə atır, niyə yazmırsınız, kimi və nəyi gözləyirsiniz?!

    Görün, necə də vaxtında söylənilmiş haqlı və ədalətli iraddır. Əfsuslar olsun ki, bəzi üzdəniraq mətbuat orqanları və cılız qələm sahibləri sovet dönəmində olduğu kimi, bu gün də kabab ətrini millət və vətən sevgisindən üstün tuturlar.

    Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

    Heydər Əliyevin mətbuata isti münasibəti Azərbaycandan kənarda yaşayan və işləyən media mənsublarına da çox yaxşı bəlli idi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrini, tanınmış şirkət və agentlikləri təmsil edən çox tanınmış qəzet və televiziya müxbirləri hər zaman onunla görüşməyə, ondan müsahibə almağa çox böyük maraq göstərirdilər. Təsadüfi deyildir ki, həm Azərbaycan, həm də SSRİ rəhbərliyi tərəfindən ona qarşı çox güclü təzyiqlər olduğu dövrdə belə bir çox xarici ölkə jurnalistləri hər cür maneələri dəf edərək çətinliklə də olsa, Heydər Əliyevlə görüşmək, ondan müsahibə almaq üçün Naxçıvana gedirdilər.

    Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal dərc olunur. İndi isə, hətta aidiyyatı orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın. Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanları, necə deyərlər, gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan, çağırış və şüarları kütlə tərəfindən gülüş və istehza ilə qarşılanan, beləliklə də sosial bazasını tam şəkildə itirmiş olan üzdəniraq müxalifət bu gün, sadəcə, olaraq ayrı-ayrı mətbuat orqanlarının kölgəsinə qısılaraq süni görüntü yaratmaqla məşğuldur. Bu, əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə müxalifət mətbuatının maliyyələşdirilməsinə yönəldilir.

    Son vaxtlar xidməti işimlə bağlı istər Azərbaycanda, istərsə də xaricdə media problemlərinə dair keçirilən görüş və tədbirlərdə tez-tez iştirak etməli oluram. Etiraf edim ki, Azərbaycan müxalifətinin və ona xidmət edən üzdəniraq media təmsilçilərinin iç üzü həmin görüş və tədbirlərdə daha aydın görünür. İnanın, özümüzünkülərin və onların "təlimatlandırdığı" əlaltıların Azərbaycan həqiqətlərinin təhrifi üzərində qurulan, heç bir məntiq və faktlara əsaslanmayan, irad və "tövsiyə"lərini dinlədikcə, necə deyərlər, adamın matı-qutu quruyur. Axı bu qədər də yalan və böhtan olar?! Görülən işləri, əldə olunan uğurları məgər görmürsünüz? Yəni, Azərbaycanın Qarabağ boyda dərdindən, problemindən də xəbəriniz yoxdur?! Üzünüzə saxta demokratiya maskası taxaraq nə vaxtadək özünüzü karlığa, korluğa qoyacaqsınız?

    Fikrimi əsaslandırmaq üçün Avropa Yayım Birliyinin və Norveç ictimai yayımçılarının maliyyə dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə bir neçə gün öncə "Hyyat Recensu" otelinin konfrans mərkəzində keçirilən müzakirələrlə bağlı bəzi məqamlar üzərində dayanmaq istərdim. Məlumat üçün bildirim ki, tədbiri giriş nitqi ilə Avropa Yayım Birliyinin baş direktoru, xanım İndrid Deltantz açdı. Avropalı qonağın ilk ittihamı belə oldu: "Biz bilirik ki, burada jurnalistlər çətin şəraitdə işləyirlər"... ATƏT-in media azadlığı üzrə sabiq komissarı Mikloş Haraşti də hər dəfə olduğu kimi, elə bu dəfə də birtərəfli mövqe tutdu. Onun məntiqinə görə, hələ də bəzi simalar İTV-nin efirində görünmür. O, xarici ölkə yayımçılarının Azərbaycanın milli tezliklərindən çıxarılması faktı ilə də hələ ki, barışmaq fikrində deyil. Nəhayət, Haraştinin fikrincə, guya, Azərbaycanda internet radio və televiziyalarını lisenziyalaşdırmağa hazırlaşırlar.

    Tədbirin moderatoru, İsveç Maarifçi Yayımının baş direktoru Erik Fikteliusun birtərəfli və qərəzli mövqeyi də Azərbaycan müxalifətinin əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq qurumlara yalan və böhtan dolu informasiyalar ötürdüyündən xəbər verirdi.İstərdim oxucular bilsinlər ki, tədbirin gedişi boyu debat-müzakirələri düzgün qura bilmədiyinə, iştirakçılara öz mövqeyini ifadə etmək üçün bərabər şərait yaratmadığına, xüsusən də qərəzli və birtərəfli mövqeyinə görə aparıcının ünvanına təkrar-təkrar tənqid və iradlar söylənildi. İTV-nin təmsilçisi Tahir Məmmədov isə "bu cür qərəzli və birtərəfli moderatorluq etsəm, məni dərhal işdən qovarlar", - deməklə avropalı həmkarını qınadı.

    Təbiidir ki, Azərbaycan müxalifətinin fitvası ilə Avropa media mənsublarının dilindən səslənən hər cür əsassız "mülahizə"lər tədbir iştirakçılarının böyük əksəriyyəti tərəfindən çox ciddi etirazla qarşılandı. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov avropalı emissarların, demək olar ki, hər bir "irad"ı ilə bağlı həm əsaslı, həm də tutarlı izahlar verdi. Zaldan səslənən suallar, replikalar, arayış və çıxışlar da Azərbaycanın ünvanına haqsız "irad" söyləyənləri çıxılmaz vəziyyətə saldı. Tədbirin gedişi prosesində aşkar surətdə hiss olunurdu ki, avropalı qonaqlar özləri də kimlər tərəfindənsə növbəti dəfə aldanmış olduqlarını tədricən anlayırdılar.

    Düşünürəm ki, bu, hələ son deyil. Çünki Avropaya da, lap elə dünyaya da hələ də anladılması vacib olan çox mətləblər var. Ola bilsin ki, Azərbaycanla bağlı məsələləri kimlərsə bilərəkdən anlamaq istəmir. Bizim də vəzifəmiz və borcumuz odur ki, faktları və həqiqətləri hamıya və hər kəsə anladaq. Anlamaq istəməyənləri isə fakt qarşısında qoyaq.

    Azərbaycanda mətbuatın mövcud durumu üçün canı yananlar qoy bilsinlər ki, bəli, bizim digər sahələrdə olduğu kimi, jurnalistika ilə bağlı da çox ciddi problemlərimiz var. Təsəvvür edin, işğal olunmuş rayonlarımızın hər birində ən azı bir qəzet və bir radio fəaliyyət göstərirdi. Onların da hər birində onlarla jurnalist, naşir və texniki işçi çalışırdı. Qarabağ müharibəsi zamanı o insanların bir qismi həlak oldu, bir qismi itkin düşdü, bir qismi də əlil oldu. Onların ailələri böyük facilələrlə üzləşdi və bu faciəli güzəran hələ də davam etməkdədir. Azərbaycanın digər bölgələrindən olan və Qarabağ döyüşlərində həlak olmuş yüzlərlə qələm sahibinin adı da bu siyahıya əlavə olunmalıdır. Onlar məgər jurnalist deyil?! Nə əcəb, onlara qarşı törədilmiş vəhşikliklər barədə danışan yoxdur?!Niyə onların ailə üzvlərinin harayı eşidilmir?! Məgər onlar insan deyil?! Mən Qarabağ döyüşlərində həlak olan jurnalistlərdən ikisinin adını çəkməklə kifayətlənəcəyəm. Adları və xidmətləri bütün Azərbaycana bəlli olan Çingiz Mustafayev və Salatın Əsgərovanı deyirəm.Niyə bu insanlara qarşı törədilmiş cinayətlər barədə danışılmır?! Çox istərdik ki, Azərbaycanda "jurnalistlərin çətin şəraitdə işlədiyindən" bəhs edən xanım İnqrid qoy zəhmət çəkib bu suallara da cavab versin.

    Cənab Haraştinin söylədiyi əsassız iradlara da elə seminar - debatın gedişində tutarlı cavablar verildi. Nəticə etibarı ilə Haraşti də, onu "faktlarla" silahlandıranlar da özləri fakt qarşısında qalaraq pərt oldular. Məsələn, onun İTV ilə bağlı iradını bizimlə bərabər elə Avropa Yayım Birliyinin üzvləri də təkzib etdilər. Başqa sözlə, İTV-nin qısa müddət ərzində həm texniki imkanları, həm də peşəkarlıq nöqteyi-nəzərindən tam Avropa standartlarına uyğun bir yayımçı kimi formalaşdığı hamılıqla etiraf olundu. Deyilənlərə təkcə onu əlavə edim ki, bu gün Azərbaycanda fəaliyyət göstərən digər yayımçılar heç də İTV-dən geri qalmırlar. Bu, o deməkdir ki, Azərbaycan Avropa ailəsinə üzv olandan sonra ölkədə elektron medianın inkişafı istiqamətində, həqiqətən, çox böyük uğurlar əldə olunub.

    Azərbaycana məxsus tezliklərin bütünlüklə xarici ölkə yayımçılarından təmizlənməsi də elə bu uğurun göstəricisidir. Hesab edirəm ki, Teleradio Şurasının bu addımı hər şeydən öncə Azərbaycan qanunvericiliyinin tələblərinə və beynəlxalq təcrübəyə hörmətdən irəli gələn addım kimi dəyərləndirilməlidir. Qoy, xaricilər də, onlara dil verənlər də bilsinlər ki, efir tezlikləri Azərbaycanın milli sərvətidir və qanunvericiliyimizə görə, bu sərvətdən yalnız Azərbaycan vətəndaşları istifadə edə bilərlər.

    Məlumat üçün bildirim ki, bu gün Azərbaycanda 8 ümumrespublika yayımçısı, 1 peyk yayımçısı, 14 regional yayımçı televiziya yayımı, 13 şirkət kabel şəbəkəli televiziya yayımı, 13 şirkət isə radio yayımı ilə məşğuldur. Bu isə o deməkdir ki, Azərbaycan televiziya və radio yayımçılarının əhalinin ümumi sayına nisbətində də dünyanın bir çox ölkələrindən öndədir.

    Olmayan şeylər barədə hay-küy qaldırmaq Azərbaycan müxalifətinin köhnə mərəzidir. Elə internet radio və televiziyası ətrafında da çoxdandır ki, beləcə haray qoparırlar. Guya ki, Azərbaycanda bu gün-sabah internet radio və televiziyasını lisenziyalaşdıracaqlar. Əslində isə Teleradio Şurası internet radio və televiziyalarını lisenziyalaşdırmaq barədə məsələni heç vaxt gündəmə gətirməyib və gələcəkdə də gətirmək fikrində deyildir.

    İnternet bəşəriyyətin kəşf etdiyi, bəlkə də, ən böyük texnoloji yenilikdir. Onun imkanlarının hüdudları elə bəşəriyyətin zəkasının hüdudları qədər genişdir. İnternetin imkanlarının hüdudsuzluğu, sözsüz ki, gələcəkdə onu kəşf edən insanın özü üçün də müəyyən fəsadlar törədə bilər. Razılaşın ki, bu günün özündə internetdə baş verənlərin bir çoxu bəşəriyyəti təkcə təəccübləndirmir, həm də narahat edir. Bu problem artıq xeyli vaxtdır ki, dünyanın, demək olar ki, hər yerində müzakirə predmetinə çevrilib. Milli Televiziya və Radio Şurası hələ iki il öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə bu problemlə bağlı medianın iştirakı ilə geniş "dəyirmi masa" təşkil etmişdi. Başa düşmürəm, belə bir tədbirin keçirilməsinin nəyi pisdir?! Təəssüflər olsun ki, o vaxtdan etibarən opponentlərimiz Şuranın bu addımını internet radio və televiziyaların lisenziyalaşdırılması cəhdi kimi yozmaqda davam edirlər. Bu barədə Teleradio Şurasında keçirdiyi görüşlər zamanı dəfələrlə cənab Haraştinin özünə də bildirilib. O, isə heç bir əsas olmadan hər dəfə bu məsələni gündəmə gətirməklə sanki kimlər qarşısındasa öz öhdəliyini yerinə yetirir.

    Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. İnanırıq ki, 135 illiyini bayram edən Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

     

     

    Qafar CƏBİYEV

     

    Xalq qəzeti.- 2010.- 20 iyul.- S. 5.

     

Yuxarı ^