• Teleradio yayımı: uğurlar, problemlər, perspektivlər

    Teleradio yayımı: uğurlar, problemlər, perspektivlər

     

    Azərbaycan son illər bütün sahələrdə coşqun, dinamik və hərtərəfli inkişaf yolu keçib. Dövlət müstəqilliyimizin 20 illiyini bayram edərkən, təbiidir ki, hər birimiz qeyri-ixtiyari olsa da dönüb geriyə, keçilən yola, görülən işlərə, əldə olunan uğurlara, fəth olunan zirvələrə nəzər salmalı olduq. Bu, əslində, hər kəs üçün, hər şeydən öncə, öz vicdanı qarşısında bir hesabat məqamı idi. Tam səmimi olaraq, həm də vətəndaş qüruru ilə deməliyəm ki, 20 il ərzində qazanılan uğurların, dəyişiklik və yeniliklərin miqyası o qədər genişdir ki, sadəcə olaraq, onların hamısını bir dəfəyə sadalamaq qeyri-mümkündür.

     

    Özü də bütün bu uğurlar ölkəmiz üçün, sözün əsl mənasında, ekstremal olan bir şəraitdə - bədnam qonşumuzla müharibə vəziyyətində olduğumuz, bir milyondan çox qaçqın və köçkünün acınacaqlı taleyi ilə üz-üzə qaldığımız bir şəraitdə qazanılıb. Beləliklə, şəhər, qəsəbə və kəndlərimizin daha abad olması, xalqımızın daha firavan yaşaması naminə xərclənməli olan milyadlarla manat dövlət vəsaitini öz istəyimizdən asılı olmayaraq, ordu quruculuğuna, ölkənin hərbi qüdrətinin artırılmasına, yeni nəsil silah və hərbi texnika alınmasına, qaçqın və köçkünlər üçün qəsəbələr salınmasına yönəltməli olmuşuq.

    Şükürlər olsun ki, müharibə şəraitinin və beynəlxalq güc mərkəzlərinin Qarabağ problemi ətrafında sərgilədiyi diplomatik oyunların və siyasi riyakarlıqların yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, Azərbaycan xalqın iradəsi ilə seçilmiş olan hüquqi demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir. Bu yol ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yoldur. Xalqımız əmindir ki, bu gün ölkə Prezidenti, möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, balanslaşdırılmış və həm də qətiyyətli daxili və xarici siyasət xətti Azərbaycanı daha böyük uğurlara, daha uca zirvələrə doğru aparacaqdır.

    Müstəqillik illərində digər sahələrdə olduğu kimi, televiziya və radio yayımı sahəsində də Azərbaycanda çox ciddi uğurlar qazanılıbdır. Təsəvvür edin, 1990-cı ilədək Azərbaycanda cəmi bir televiziya-Azərbaycan Dövlət Televiziyası və iki radio-Azərbaycan Radiosu və "Araz" radiosu fəaliyyət göstərirdi. Bu gün isə Azərbaycan Televiziyası ilə yanaşı, ümumrespublika yayımçısı olan daha 8 televiziya, 14 regional televiziya və 11 radio rəngarəng proqram və verilişlərlə efirdədir. Bundan əlavə, kabel televiziya şəbəkəsi quran 11 şirkət də hər gün onlarca xarici ölkə kanallarının verlişlərinin retransliyasiyası ilə məşğuldur.

    Müvafiq qanunvericilik bazasının yaradılması müstəqillik illərində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu teleradio siyasətinin ən mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir. "Televiziya və radio yayımı haqqında" və "İctimai Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu, televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurasının yaradılması və onun əsasnaməsinin ölkə Prezidenti tərəfindən təsdiqi ilə dövlətin uzun bir perspektiv üçün müəyyən etdiyi teleradio siyasətinin formalaşdırılması üçün zəruri hüquqi baza yaradılmış oldu.

    Tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin yanvar ayından etibarən fəaliyyətə başladı. Qısa zaman kəsiyi ərzində Şura tərəfindən teleradio yayımının tənzimlənməsinə dair müvafiq dünya təcrübəsi öyrənildi. Fəaliyyətdə olan telekanalların və radioların dövlət reyestri aparıldı, onlara qanuni əsaslarla lisenziya verildi, bir-birinin ardınca yeni radio və televiziyalar açıldı. Milli Televiziya və Radio Şurası haqqında əsasnaməyə uyğun olaraq "teleradio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək"(maddə 6) məqsədilə daimi və sistemli monitorinqlər aparıldı. Yaxşı nümunələr təqdir olundu, nöqsanlar və qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüldü.

    Doğrudur, ilk vaxtlar bəzi telekanallar Şura tərəfindən olan tövsiyə və iradları az qala top-tüfənglə qarşıladı. Şuranın qərarlarına sayğısızlıq cəhdləri də oldu. Amma tədricən bu sahədə də sular duruldu, qarşılıqlı münasibətlər işgüzar və normal məcrada davam etdi və bu gün də davam etməkdədir.

    Bu il Milli Televiziya və Radio Şurasının yaradılmasının on ili tamam olur. Ötən on il ərzində ölkədə teleradio siyasətini tənzimləyici qurum olaraq Şura bir sıra çox mühüm qərarlara imza atdı. Görülən mühüm işlərdən biri kimi xarici ölkə yayımçılarının qanunvericiliyin tələblərinə və beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanın milli tezliklərindən çıxarılmasını xüsusi olaraq qeyd etmək istərdim. Bu, həmçinin Azərbaycan telekanallarının maraqlarının qorunmasından irəli gələn zəruri bir addım idi. Doğrudur, ilk vaxtlar Teleradio Şurasının bu qərarına qarşı həm daxildən, həm də xaricdən çoxsaylı hücumlar oldu. Bu cür cəhdlər, əlbəttə ki, həm qanunlara, həm də beynəlxalq praktikaya etinasızlıq demək idi. Nə yaxşı ki, müəyyən zaman keçəndən sonra həm daxildən, həm də xaricdən olan opponentlərimiz də Şuranın məlum qərarı ilə hesablaşmalı oldular. Yayımın ilk vaxtlar tədricən, 2010-cu ildən etibarən isə tam həcmdə dövlət dilində aparılması, əcnəbi filimlərin dublyaj edilərək nümayiş etdirilməsi, habelə reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı Şura tərəfindən verilən qərar və tövsiyələr də ölkəmizdə ardıcıl və məqsədyönlü teleradio siyasəti həyata keçirildiyindən xəbər verir.

    Bu gün Azərbaycan tamaşaçısı və dinləyicisinin kifayət qədər geniş seçim imkanları var. Yəni, mavi ekran qarşısında əyləşən, yaxud da radio dinləyicisi olan hər kəs öz maraq dairəsindən çıxış edərək ixtiyarında olan çoxsaylı kanallardan birini və əlbəttə, həmin anda onun üçün daha gərəkli və daha maraqlı ola biləcək kanalı seçmək imkanına sahibdir. Əgər kimlərsə istəyirlərsə ki, bütün günü ekran qarşısında əyləşib ancaq intellektual proqramlara baxsın, buyursunlar baxsınlar. Belə kanallar istənilən qədərdir. İdman proqramları, əyləncə proqramları, maarifçiliklə bağlı proqramlar da onun kimi. Bir sözlə, kimin nədən xoşu gəlir, ona da baxa bilər.

    Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya və radio yayımçıları kənardan heç kəsin müdaxiləsi və ya təsiri olmadan nəyə imkanları çatırsa, nəyi vacib və gərəkli hesab edirlərsə, məhz onu da çəkib efirə çıxarırlar. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa görə, "Yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət və yerli özünüidarə orqanlarının, siyası partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır"(maddə 2.5).

    Teleradio Şurasının fəaliyyətdə olduğu illər ərzində qəbul etmiş olduğu prinsipial əhəmiyyətli qərarlar sırasında rəqəmsal yayıma keçidlə bağlı 22 dekabr 2011-ci il tarixli qərarın əhəmiyyətini də ayrıca qeyd etmək istərdim. Məlumat üçün bildirim ki, Avropada rəqəmsal yayıma hamıdan əvvəl Almaniyanın Berlin şəhəri keçib. Avropa ölkələri içərisində isə ilkin olaraq 2007-ci ildə Finlandiyada rəqəmsal yayım tətbiq olunub. İftixar hissi ilə deməliyəm ki, məhz Azərbaycan MDB ölkələri içərisində birinci olaraq rəqəmsal yayıma keçid barədə qərar qəbul edib. Bu gün ölkə yayımçıları artıq tam həcmdə rəqəmsal yayım şəraitində işləyirlər. Regional kanalların da əksəriyyətinin bu sahədə heç bir problemi yoxdur. Yalnız bəzi kanallarda müəyyən texniki problemlər vardır ki, onlar da uğurla aradan qaldırılmaqdadır.

    Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu ilin oktyabrında mətbuatda dərc olunan və respublika ictimaiyyəti tərəfindən böyük marağa səbəb olan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində qeyd olunduğu kimi, Azərbaycan telekanallarının proqram siyasəti artıq xeyli vaxtdır ki, cəmiyyətimizdə ən çox müzakirə predmeti olan məsələlərdən birinə çevrilib. Fikrimizcə, bəzi teleradio yayımçılarının fəaliyyəti ilə bağlı cəmiyyət üzvləri arasındakı narahatlıq həm obyektiv, həm də subyektiv məqamlardan qidalanır. Obyektiv məqam odur ki, məşhur el məsəlində deyildiyi kimi, "aşıq gördüyünü çağırar". Yəni insanlar evdə və ya işdə olmalarından asılı olmayaraq vaxtlarının xeyli hissəsini ekran qarşısında keçirirlər. Bu da təbiidir ki, bir çoxları gördüyünü və yaxud eşitdiyini kimlərləsə müzakirə etməyə meyillidir. Bu mənada televiziya və radio verilişlərinin geniş ictimai rezonans doğurması, əlbəttə, başadüşüləndir.

    Televiziya və radio proqramlarının yeknəsəkliyi və bəsitliyi, bir sıra hallarda isə hətta zərərli təsirə malik fəsadları ilə bağlı çoxsaylı insanların narahatlığı da başadüşüləndir. Bu, o deməkdir ki, tamaşaçıların hər biri öz ürəyindən keçəni mavi ekranda görmək istəyir. Yaxud, bir çoxu mənən ehtiyacı olmadığı və ya rəğbət bəsləmədiyi nəyisə və yaxud kimisə ekranda görürsə, dərhal ona etiraz edir. Təbiidir ki, bütün bunlar da uzun-uzadı müzakirələr üçün növbəti material olur. Əslində, bu halların hər biri normal insani emosiyalardan qidalanır. Yəni, hər kəs istəyir ki, məmləkətimizdə ən azı televiziya ekranında hər şey yerli-yerində olsun.

    Əlbəttə, təqdir olunası istəkdir. Amma... Amması da odur ki, birdən-birə hər şey yaxşı ola bilməz. Məgər cəmiyyətin özündə hər şey yerli-yerindədir?! Təbii ki, yox! Elə isə cəmiyyətin güzgüsü hesab olunan televiziyalardan niyə belə çox umuruq? Əslində, bu da əsassız deyil. Çünki, televiziyanın imkanı var ki, müsbəti, mütərrəqini, insanlar üçün daha faydalı olanı təbliğ etsin. Təəssüf doğuran odur ki, bəzi yayımçılar millətə, cəmiyyətə, məişət və mədəniyyətimizə, minilliklərin sınağından keçib gələn adət və ənənələrimizə yad olan təsadüfi yaramazlıqları bir an tez efirə çıxarmaq üçün sanki yarışa giriblər. İctimai məzmun kəsb etməyən, bir sıra hallarda hətta faktlara söykənməyən hər hansı bir əxlaqsızlıq və ya eybəcərlikləri tələm-tələsik efirə çıxararaq ictimailəşdirmək vacibdirmi?

    Təbiidir ki, istedadlı və peşəkar televiziya kadrları olmadan keyfiyyətli və baxımlı proqramlar hazırlamaq qeyri-mümkündür. Sirr deyildir ki, bu və ya digər yayımçıya yüksək reytinq gətirən onun uğurlu layihələridir. Bu layihələri ərsəyə yetirən isə, əlbəttə ki, peşəkarlardır: peşəkar təşkilatçılar, peşəkar aparıcılar, istedadlı telejurnalistlər, təcrübəli rejissor, operator və montajçılar. Özü də belələrinin sayı barmaqla sayılacaq qədər azdır. Mirşahin Ağayev, Qulu Məhərrəmli, İbrahim Məmmədov, Etibar Babayev, Rüstəm Əliyev, Qorxmaz Şıxəliyev, Elman Gədikli, Anar Yusifoğlu, Cəsarət Valehov, Vəsilə Vahidqızı, Vahid Abbas, Emin Musəvi, Xoşqədəm Hidayətqızı... İnanın, siyahını davam etdirməkdə çətinlik çəkirəm. Doğrudur, efiri hazırlayan peşəkarların bir çoxu işin spesifikası ilə əlaqədar həmişə kadr arxasında qaldığından tamaşaçı onları tanımır. Amma bizim tanıyıb, tanımamağımızdan asılı olmayaraq, teleradio mətbəxində çalışan, efirin keyfiyyəti üçün məsuliyyət daşıyan peşəkarların sayı həqiqətən azdır. Özü də BDU-nun jurnalistika fakültəsinin hər il 10-15 telejurnalist hazırlaması ilə bu sahədəki boşluğu ən azı yaxın illər ərzində doldurmaq real görünmür.

    Göründüyü kimi, Azərbaycan efirini tamaşaçıların arzu etdiyi standartlar səviyyəsinə qaldırmaq üçün ilk növbədə kadr hazırlığı istiqamətində ciddi addımlar atılmalıdır. Nəzərə alaq ki, təkcə ümumrespublika yayımçısı olan telekanallar orta hesabla hər gün tamaşaçı ilə təqribən 200 saat, həftə ərzində 1400 saat, ay ərzində 6 min saat təmasda olurlar. Heç onu demirəm ki, ən peşəkar telejurnalist belə yaxşı bir verilişi ərsəyə gətirmək üçün bəzən həftələrlə işləməli olur. Televiziya iştahası daim saz olan nəhəng bir konveyyerdir. O, sabahı gözləmir, hər gün, həm də bütün sutka ərzində nəsə göstərməlidir. Bunu çatdırmaq və idarə etmək, üstəlik də, geniş tamaşaçı rəğbətini qazanmaq olduqca çətin bir işdir. Bu mənada yaxşı televiziya yaratmağın və tamaşaçı rəğbəti qazanmağın hansı çətinliklər hesabına başa gəldiyini televiziya mətbəxinin içində olan insanlar daha yaxşı bilirlər. Ədalət naminə, həm də elə cəmiyyətdə formalaşan ictimai rəydən çıxış edərək onu da etiraf etməliyəm ki, bu gün Azərbaycanda kifayət qədər geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış olan yaxşı televiziya da, nümunəvi teleproqramlar da var. Hamımızın sevə-sevə baxdığımız şou-proqramlar da, intellektual proqramlar da, tədris proqramları da var. Bunlardan yüksək reytinq yığanı da var, yığmayanı da.Məsələn, ATV-nin "Səni axtarıram" verilişi indiki halda ən çox reytinq yığan verilişlərdəndir. İTV-nin "Açıq dərs" layihəsi isə deyilənlərə görə hələlik arzu olunan reytinq toplaya bilməyib.

    Lakin bu, o demək deyildir ki, "Açıq dərs" digər reytinq qazanan verilişlərdən az əhəmiyyətli və ya az maraqlıdır. Bəli, ola bilsin ki, verilişi izləyənlərin sayı nisbətən azdır. Amma onu da demək lazımdır ki, Azərbaycan elminin və təhsilinin ən aktual problemlərini gündəmə çıxaran, ən tanınmış alimlərin, ziyalıların və gələcəyimiz olan istedadlı tələbə-gənclərin belə müzakirələrdə iştirakını təmin edən bu verilişin əhəmiyyətli və gərəkli olduğu birmənalı şəkildə hər kəs tərəfindən təsdiq və təqdir olunmaqdadır."ANS", "Lider", "Space" və "Xəzər" telekanallarının da kifayət qədər geniş tamaşaçı rəğbəti qazanmış neçə-neçə verilişlərinin adını çəkmək olar.

    Telekanalların yaradıcılıq imkanlarından bəhs edərkən mən status etibarilə bir-birinə yaxın olan iki telekanalın - AzTV və İTV -nin həm məzmun, həm də forma baxımından bir-birinə çox bənzəyən iki layihəsi üzərində xüsusi olaraq dayanmaq istərdim. Söhbət hər bazar günü AzTV-də efirə gedən "Ovqat" və İTV-nin "Səhər sovqatı" proqramları barədədir. Bir tamaşaçı olaraq bu verlişlərin nə qədər reytinq yığmasının şəxsən mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əsas olan odur ki, hər iki proqram uğurlu və maraqlı proqramdır. Mən bilirəm ki, çoxsaylı insanlar görkəmli elm və sənət adamlarının, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin dəvət olunduğu bu proqramları sevə-sevə izləyirlər.

    Şəxsən, mən harada olmağımdan və hansı işlə məşğul olmağımdan asılı olmayaraq çalışıram ki, nə "Ovqat"ın, nə də "Səhər sovqatı"nın heç bir buraxılışını ötürməyim. Hər dəfə bu verilişləri seyr etdikdən sonra adam qeyri-ixtiyari olaraq özünü xoş bir ovqatın təsiri altında hiss edir. Məsələn, bu yaxınlarda, özü də eyni vaxtda "Səhər sovqatı"nın növbəti buraxılışının qonağı olan Azərbaycanın çox görkəmli filosofu, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun və "Ovqat"ın qonağı - Milli Olimpiya Komitəsinin I vitse-prezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadənin çıxışları, aparıcıların onlara ünvanladığı suallara verdikləri ətraflı cavablar da bir tamaşaçı olaraq məni həqiqətən xeyli dərəcədə maarifləndirdi. İki saata yaxın vaxt ərzində çay içə-içə, dincələ-dincələ özüm üçün çox əhəmiyyətli olan xeyli informasiya əldə etdim. İnanın, hər iki kanalın verilişi o dərəcədə maraqlı idi ki, sanki bir gözümlə AzTV-yə, o biri gözümlə İTV-yə baxırdım, bir qulağımla professor S.Xəlilovu, o biri qulağımla professor Ç.Hüseynzadəni dinləyirdim. Necə ki, neçə veriliş öncə tarixçi-alim Yaqub Mahmudovu, akademik Akif Əlizadəni, loğman-həkim Əlfəddin Abdullayevi, şair Zəlimxan Yaqubu, ədəbiyyatşünas alimlərdən Nizami Cəfərov, Nizaməddin Şəmsizadə və Xalid Əlimirzəyevi dinləmişdim. Bəli, Azərbaycan tamaşaçısının, xüsusən də gəncliyin bu cür sayılıb-seçilən insanların və tanınmış şəxsiyyətlərin sözünü-söhbətini dinləməyə, onların nəsillər üçün örnək ola biləcək ömür yolundan və əməli fəaliyyətindən nümunə götürməyə ehtiyacı var.

    Təbiidir ki, geniş tamaşaçı və dinləyici auditoriyasının rəğbətini qazanmaq arzusunda olan hər bir yayımçı insanları düşündürən, rahat və ya narahat edə biləcək incə və həssas məqamları nəzərə almaya bilməz. Əslində, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununda yaradıcılıq məsələlərində yayımçılara sərbəstlik və azadlıq verilməklə yanaşı, bu məqamlar da nəzərə alınıb. Qanunun 32-ci maddəsində teleradio proqramlarına verilən tələblərdən bəhs edilərək qeyd olunur ki, "proqramlar yayım üçün hazırlanarkən... maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır" (maddə 32.1).

    Əfsuslar olsun ki, daha çox kommersiya maraqları ardınca gedərək, şou-proqramlara üstünlük verən bəzi teleradio yayımçıları hələ ki, sabit və balanslaşdırılmış proqram siyasəti həyata keçirə bilmirlər. Bunun nəticəsi olaraq efirin tarazlığının pozulması və milli-mənəvi dəyərlərin qorunmasına dair qanunvericiliyin tələblərinin unudulması kimi xoşagəlməz hallar baş verir. Bu yerdə əksər respublika yayımçılarının bölgələrin qayğı və problemlərini yetərincə işıqlandırmadığını da diqqətə çatdırmaq istərdim. Təsəvvür edin, elə rayonlarımız var ki, bəzən aylarla oraya aid bir sujet belə getmir. Halbuki, həmin rayonların uğurları, problemləri və qayğıları, habelə, təbiəti, tarixi və ictimai-mədəni həyatından bəhs edən çox maraqlı verilişlər hazırlamaq olar. Özü də respublika yayımçıları bunu etməyə borcludurlar. Bütün bunlar isə son nəticədə tamaşaçıların haqlı narazılığına gətirib çıxarır ki, bu da istənilən yayımçı üçün arzuolunmaz itkidir.

    "Televiziya və radio yayımı haqqında" Qanunda göstərildiyi kimi, Azərbaycan Respublikasında teleradio fəaliyyəti azaddır. Teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır (maddə 2.1). Bununla belə, onu da qeyd etməliyəm ki, ölkəmizdə televiziya və radio yayımı lisenziyalaşdırılan fəaliyyət sahəsidir. Lisenziyalar isə artıq oxuculara da bəlli olduğu kimi, Teleradio Şurası tərəfindən keçirilən müsabiqələr yolu ilə verilir. Son illər fəaliyyətə başlayan "Xəzər", "İdman Azərbaycan", "Mədəniyyət", "RTV", "Kanal-S", "El TV", "Cənub TV" kanalları, habelə "Xəzər FM", "Media FM", "Araz FM" radioları məhz Şura tərəfindən elan olunmuş müsabiqələrdə qalib çıxaraq yayım üçün lisenziya almışlar.

    Göründüyü kimi, Azərbaycan müstəqillik illərində digər sahələrdə olduğu kimi, teleradio fəaliyyəti sahəsində də çox böyük uğurlara imza atıb. Bu gün Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax, Zaqatala, Tovuz, Mingəçevir, Quba və Xaçmazda da özəl televiziya kanalları fəaliyyət göstərməkdədir. Müsbət haldır ki, yeni fəaliyyətə başlayan televiziya və radiolar qısa vaxt ərzində yayımın müasir standartlar səviyyəsində həyata keçirilməsinə imkan verən müvafiq maddi-texniki baza yaratmaqla bərabər, həm də kifayət qədər işgüzar və peşəkar kadr korpusu formalaşdıra biliblər.

    Teleradio fəaliyyəti mahiyyəti etibari ilə kifayət qədər ağır, mürəkkəb, həm də son dərəcə məsuliyyətli bir sahədir. Bu sahədə uğurlar əldə etmək üçün hətta səmərəli və sistemli şəkildə təşkil olunan yaradıcılıq fəaliyyəti belə kifayət etmir. Çətini, həm də vacibi odur ki, tamaşaçı və dinləyici daim yeniliklər istəyir. Hər gün, hər saat yenilik tapmaq və onu lazımi səviyyədə tamaşaçı və ya dinləyiciyə təqdim etmək isə elə də asan iş deyil. Amma Azərbaycan telekanalları və radioları bu işin öhdəsindən gəlir. Mən demirəm ki, hər şey istənilən səviyyədədir. Əlbəttə, problemlər də, nöqsanlar da var. Əsası odur ki, teleradio yayımçıları özlərinin məsuliyyətini və vəzifə borclarını bilir və bu missiyanı daha uğurla və daha keyfiyyətlə həyata keçirmək istiqamətində səylə çalışırlar.

     

     

    Qafar CƏBİYEV,

    Azərbaycan Respublikası

    Milli Televiziya və Radio

    Şurasının üzvü, tarix elmləri

    doktoru

     

    Xalq qəzeti.- 2012.- 23 iyun.- S. 9.

     

     

     

     

     

Yuxarı ^