• Azərbaycanda teleradio siyasəti milli qanunvericiliyə və beynəlxalq standartlara əsaslanır

    Azərbaycanda teleradio siyasəti milli qanunvericiliyə

     və beynəlxalq standartlara əsaslanır

     

    Demokratik inkişaf yolunda inamla irəliləyən Azərbaycan dövlətinin bütün sahələrdəki uğurları ildən-ilə, həm də böyük sürətlə artmaqdadır. Xalq təsərrüfatının dinamik inkişafı, xarici iqtisadi əlaqələrdə müsbət meyillərin güclənməsi, qlobal və regional layihələrdə fəal iştirakı, ölkə daxilində siyasi sabitliyin və əmin-amanlığın getdikcə daha artıq möhkəmlənərək, sözün əsl mənasında, gündəlik həyat normasına çevrilməsi — bütün bunlar, əlbəttə ki, Azərbaycan dövlətinin indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində uğurla həyata keçirdiyi müstəqil və balanslaşdırılmış siyasi xətt üçün etibarlı təminatdır. Şükürlər olsun ki, bu gün Azərbaycan bir sıra başqa ölkələrdən fərqli olaraq, heç bir sahədə və heç bir ölkədən asılı vəziyyətdə deyildir. Bu, hər bir suveren dövlətin müstəqil və balanslaşdırılmış siyasət yeritməsi üçün çox önəmli şərtdir.

    Ölkəmizin son illər qazandığı uğurlar barədə çox danışmaq olar. Bu, əslində, hər kəsə bəllidir. Əlbəttə, bu uğurlar üçün bütün vicdanlı və xeyirxah insanlar sevinirlər. Bədxahlara gəlincə isə, məncə, bunu onlardan heç ummağa da dəyməz. Əfsus ki, digər sahələrdə olduğu kimi, Azərbaycan dövlətinin teleradio siyasəti sahəsindəki uğurları da müəyyən “dairələrin” ürəyincə deyil. Bir yada salın: iki il öncə İctimai Televiziyanın yaranması ərəfəsində bəzi “qüvvələr” necə hay-həşir qopardılar. Buna baxmayaraq, dövlət İctimai Televiziyanı yaratdı və qısa zaman çərçivəsində onun bütün parametrlər üzrə müasir beynəlxalq standartlara tam cavab verən nümunəvi bir televiziya kimi formalaşmasına nail oldu. Bunu kim dana bilər?! Görəsən, indi o günlərin mətbuatını qaldırıb vərəqləyəndə həmin insanlar öz hərəkətlərinə görə heç xəcalət çəkirlərmi?

    Dövlətin teleradio siyasəti sahəsindəki uğurlarının miqyasını təsəvvürə gətirmək üçün təkcə onu yada salmaq kifayətdir ki, lap yaxın keçmişdə cəmisi bir televiziya və bir radiosu olan Azərbaycanın televiziya məkanında bu gün 8 ölkə yayımçısı və 12 regional yayımçı fəaliyyət göstərir. Hər gün 10 radio fərqli proqramlarla efirə çıxır. Son bir neçə il ərzində 11 şirkət kabel televiziyası şəbəkəsi yaratmaq məqsədilə xüsusi razılıq (lisenziya) alıb ki, onların da bir qismi artıq uğurla fəaliyyət göstərməkdədir.

    Bu yığcam statistikanın arxasında duran reallıqları şərh etməyə ehtiyac varmı? Bilirsiniz, bu, nə qədər yeni iş yeri və nə qədər sərmayə qoyuluşu deməkdir?! Fikrimizcə, heç bir normal düşüncə sahibi deyə bilməz ki, bütün bunlar Azərbaycan üçün azdır. Ən azı ona görə ki, əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkəsindən öndədir.

    Sevindirici haldır ki, telekanalların əksəriyyəti maliyyə imkanları artdıqca, maddi-texniki bazanın təzələnməsi, müasirləşdirilməsi, işçilərin əmək haqqının yüksəlməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də fəal tədbirlər görməkdədir. Bakı, Sumqayıt, Lənkəran, Şəki, Gəncə və Yevlaxda istifadəyə verilən, yaxud da tikintisi davam etdirilməkdə olan yeni televiziya binalarını buna misal göstərmək olar. Başqa bir misal. “Azad Azərbaycan” Teleradio Şirkəti özəl bir qurumdur. O, dövlətdən bir manat belə vəsait almır, əksinə hər il dövlətin büdcəsinə çox böyük məbləğdə vergi ödəyir. Bu şirkət yüzlərlə istedadlı insanın gündəlik iş və ailəsinin dolanacaq yeridir. Olduqca təqdirəlayiq haldır ki, ATV artıq neçənci ildir öz işçilərindən bir qrupuna mənzillər hədiyyə edir. Çoxsaylı başqa misallar da söyləmək olar. Eyni sözləri “Lider” televiziyası haqqında da demək olar.

    Teleradio siyasəti sahəsindəki uğurlardan bəhs edərkən yayım fəaliyyətinin Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq tənzimlənməsi və beynəlxalq standartların tətbiq olunması istiqamətində görülmüş işlərin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Təbiidir ki, bu işə müvafiq qanunvericilik bazası yaradılması ilə başlanıldı. İlkin olaraq, 2002-ci ilin iyununda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Həmin ilin oktyabrında ölkə Prezidenti tərəfindən “Milli Televiziya və Radio Şurası haqqında” əsasnamə təsdiq edildi. Əsasnamədə göstərildiyi kimi, “Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb”. Şuranın “əsas vəzifələri televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir”.

    Doğrusu, şuranın fəaliyyətə başladığı ilk vaxtlar teleradio yayımçıları ilə işləmək o qədər də asan olmadı. Zəruri normativ-hüquqi sənədlərin və kanallarla işləmək təcrübəsinin azlığı üzündən tez-tez problemlərlə üzləşməli olurduq. Yayımçıların dövlət dilindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə lazımınca əməl etməməsi o zaman Teleradio Şurası qarşısında duran ən ciddi problemlərdən biri idi. Təsəvvür edin, ilk vaxtlar dövlət dilində olan verilişlər telekanalların ümumi efir vaxtının təqribən 35-40 faizini təşkil edirdi. Bunu nəzərə alaraq 2003-cü ilin iyununda şura tərəfindən “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar” tətbiq olundu. Xüsusi qaydalara görə teleradio yayımçıları öz verilişlərinin minimum 75 faizini dövlət dilində yayımlamalı idilər. Təbiidir ki, ilk vaxtlar bəzi telekanallar üçün bu vəzifənin öhdəsindən gəlmək o qədər də asan olmadı. Amma tədricən hər kəs öz fəaliyyətini yeni tələblərə uyğun qurmalı oldu. Qanun pozuntusuna yol verənlər isə inzibati qaydada cəzalandırıldı. Nəhayət, şuranın 11 yanvar 2008-ci il tarixli qərarı ilə bəzi istisnalar nəzərə alınmaqla verilişlərin tam həcmdə dövlət dilində verilməsi vəzifəsi qarşıya qoyuldu. Şuranın bu qərarından sonra rus dilli verilişlər, demək olar ki, tamamilə efirdən yığışdırıldı. Lakin işlərin gedişatı göstərdi ki, bəzi telekanallar bu qərarın icrasına da hələ tam mənada hazır deyillər. Bu səbəbdən də Azərbaycan efirində türk dilində verilən serialların həcmi tədricən artmağa başladı. Teleradio Şurası isə telekanallar dublyajla bağlı problemləri həll edənədək bu qəbildən olan nöqsanlara bir qədər loyal yanaşmağa üstünlük verdi. Və hesab edirik ki, bu problemlə bağlı televiziya mətbəxində zəruri tədbirlər həyata keçirmək üçün bir il vaxt kifayət idi. Ona görə də şuranın 30 dekabr 2008-ci il tarixdə keçirilən iclasında yenidən dövlət dilindən istifadə ilə bağlı 11 yanvar 2008-ci il tarixli qərarının icra vəziyyəti müzakirəyə çıxarıldı. İclasda ayrı-ayrı yayımçıların dövlət dilindən istifadə sahəsindəki müsbət işi qeyd olunmaqla yanaşı, bu sahədə müəyyən nöqsanların olduğu da qeyd olundu və müvafiq tövsiyələr verildi. Fəaliyyətində heç bir dönüş etməyən verilişlərinin orta hesabla 95 faizi rus dilində yayımlayan, beləliklə də ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini kobud surətdə pozduğuna görə “Avropa+Bakı” radiosunun yayımı dayandırıldı. Təəssüf edirik ki, bu radionun rəhbərliyi Teleradio Şurası tərəfindən edilən tövsiyə və iradları vaxtında nəzərə almadı.

    Azərbaycan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşları, habelə nizamnamə kapitalı xarici ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslər Azərbaycan Respublikası ərazisində televiziya və ya radio yayımçısı ola bilməzlər. Məhz bu səbəbdən Teleradio Şurası 2007-ci ildən başlayaraq Türkiyənin “Kanal D”, “STV”, Rusiyanın “ORT” və “RTR” telekanallarının, habelə “Radio Frans” və “Radio Rossiya”nın Azərbaycanın milli tezliklərində yayımını dayandırmalı oldu. 2008-ci ilin ortalarında isə xüsusi razılıq (lisenziya) müddətləri başa çatan"Azadlıq", “Amerikanın səsi” və “Bi-Bi-Si” radiostansiyaları yayımının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsi gündəmə gəldi və nəhayət, şuranın 30 dekabr 2008-ci il tarixli qərarı ilə 1 yanvar 2009-cu il tarixdən etbarən həmin radiostansiyaların da Azərbaycanın milli tezliklərində yayımı dayandırıldı. Beləliklə, teleradio yayımı sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin xarici ölkə yayımçıları ilə bağlı tələblərinə tam mənada əməl olundu.

    Əfsus ki, Teleradio Şurasının bir sıra digər qərarları kimi, xarici ölkə yayımçıları ilə bağlı son qərarı da müəyyən “dairələrin” ürəyincə olmadı. “Kanal-D”, “STV”, “ORT” və “RTR”in milli tezliklərdə yayımı dayandırılan zaman qaldırılan hay-küy bu dəfə də təkrar olundu. Üzdəniraq müxalifət və ona dəmtutan rolunda çıxış edən bir para qaragüruh xislətli insanlar tərəfindən Teleradio Şurasının, bütövlükdə Azərbaycan hökumətinin ünvanına olmazın hədyanlar söylənildi və qarayaxma kampaniyası hələ də davam etməkdədir. Guya ki, Teleradio Şurası belə bir qərar qəbul etməklə demokratiyaya və insan hüquqlarına zərbə vurub. Şuranın bu qərarını Azərbaycanda “söz azadlığının boğulmasında növbəti addım” kimi dəyənləndirənlər də oldu. Bu cür xəstə təxəyyül sahiblərinin saxta ittihamlarının hər birinin üzərində, necə deyərlər, nöqtə-vergülünə qədər dayanaraq, onların bütünlüklə əsassız uydurmalardan ibarət olduğunu sübut etmək imkanımız olsa da, buna əhəmiyyət verməməyi daha üstün tuturuq. Aqillər demişkən, “nadanın cavabı susmaqdır”. Hə, aqillər onu da deyiblər ki, “göydən Yerə nur yağar, Yerdən Göyə toz qalxar”.

    Oxucuların diqqətinə çatdırmaq istərdim ki, son iki ildə xarici ölkələrə məxsus televiziya və radioların Azərbaycan ərazisində yayımının hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı bir çox müzakirə və debatlarda Teleradio Şurasının üzvü kimi, şəxsən iştirak etmişəm. İnanın, əcnəbilərlə danışmaq, fikir mübadiləsi etmək daha asandır, nəinki özümüzünkülərlə. Ona görə ki, xaricilər müzakirə və diskussiyalar zamanı məsələnin sırf mahiyyəti üzrə danışmağa üstünlük verir, hüquqa, məntiqə və beynəlxalq təcrübəyə əsaslanan arqumentləri anlaşıqlıqla qarşılayır, özümüzünkülər isə orta əsrlər dönəmində Novqorod veçesində olduğu kimi, daha çox bərkdən qışqırmağa cəhd edir. Sanki Azərbaycanın milli maraqlarının qorunmasının və qanunlarımızın aliliyinin təmin olunmasının onlar üçün zərrə qədər də əhəmiyyəti yoxdur. Bu cür halları müşahidə edəndə adamda istər-istəməz belələlərinin Azərbaycan vətəndaşı olduğuna şübhə yaranır. Mən qəti şəkildə əminəm ki, əgər Teleradio Şurası xarici radiostansiyaların milli tezliklərdə, heç olmazsa, daha bir il yayımına icazə vermiş olsaydı, onda “Azadlıq” bloku çox güman ki, indi olduğundan tam fərqli bir bəyanatla, daha doğrusu, hakimiyyətin Azərbaycanın milli maraqlarını xaricilərə qurban verdiyinə dair bəyanatla çıxış edəcəkdi. İndiki halda isə Teleradio Şurasının son qərarı sosial bazasını büsbütün itirməkdə olan əski müxalifətimiz tərəfindən Azərbaycanı Qərblə qarşı-qarşıya qoymaq fürsəti kimi dəyərləndirildi. Şura qərarının elə ertəsi günü “Azadlıq” qəzetinin manşetə çıxardığı “Hakimiyyət Qərblə qarşıdurmaya getdi” mesajı növbəti dəfə “milli” müxalifətimizin əsla milli olmayan niyyətindən xəbər verdi. Fikrimizcə, “Azadlıq” bayrağı altında gizlənənlərin bu cəhdi təkcə Azərbaycan hakimiyyətindən deyil, həm də daha onları dəstəkləməyən öz köhnə elektoratından da qisas almaq istəyinin təzahürü kimi dəyərləndirilə bilər.

    Oxucuların diqqətinə çatdırmaq istərdim ki, Teleradio Şurası tərəfindən milli tezliklərdə yayımı dayandırılmış digər teleradio yayımçıları kimi, “Azadlıq”, “Amerikanın səsi” və “Bi-Bi-Si” radiostansiyaları bundan sonra da Azərbaycan ərazisində yayımını davam etdirəcəkdir. Sadəcə olaraq, indən belə milli tezliklərdə deyil, dünyanın bütün sivil ölkələrində olduğu kimi, peyk, kabel şəbəkəsi və internet vasitəsilə yayımlanacaqlar. Xatırladım ki, bu radiostansiyalara FM tezliyi 2007-ci ildə bir il üçün xüsusi razılıq (lisenziya) verilmişdi. Həm də o zaman onlara bildirilmişdi ki, bu, istisna haldır və müvəqqəti xarakter daşıyır. İstərdim oxucu onu da bilsin ki, bu gün bizi demokratik dəyərlərdən uzaqlaşmaqda ittiham edən bəzi üzdəniraq beynəlxalq ekspertlərin özlərinin vətənində, lap elə Avropa, Amerika dövlətlərində, hətta əski sovet respublikalarında belə xarici ölkələrə məxsus teleradio yayımçılarının milli tezliklərdə yayımı neçə illər bundan öncə dayandırılıb. Sual oluna bilər: həmin ölkələr belə bir addım atmaqla nə itiriblər? Yəni, demokratiyanın beşiyi hesab olunan, yaxud da demokratik inkişaf yolunda olan ölkələr belə bir addım atarkən nə etdiklərinin fərqində olmayıblar?! Mətbuatdan bəlli olduğu kimi, Teleradio Şurasının xarici ölkələrə məxsus radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımının dayandırılması barədə qərarını şərh edən “Sərhədsiz reportyorlar” təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal bu qərarı “Sovet dövrünə dönüş” kimi səciyyələndirib. Göründüyü kimi, son dərəcə yanlış və məntiqsiz dəyərləndirmədir. Elza xanımın məntiqinə inanası olsaq, onda Avropa ölkələri bizdən ən azı on beş il öncə sovet dövrünə dönüblər. Əslində isə nə Avropada, nə də Azərbaycanda belə bir dönüş barədə nə düşünməyə, nə də bəyanatlar verməyə əsas var.

    Opponentlərimizin bir qismi xarici ölkə telekanalları və radiostansiyaları ilə bağlı qərarın 2003-cü ildə deyil, aradan bir neçə il ötəndən sonra verildiyinə görə də Teleradio Şurasını ittiham etməkdədir. Görünür, bu cür düşünənlər Teleradio Şurasının imkanlarını həddindən artıq şişirdiblər. Unudurlar ki, şurada təmsil olunanlar heç də sehrbaz deyillər və ona görə də telekanaldakı əyər-əskikləri bir göz qırpımında yerbəyer edə bilməzdilər. Bunun üçün ilk növbədə müvafiq qanunvericilik bazası formalaşdırılmalı idi. Bundan əlavə, beynəlxalq təcrübə və Avropa standartlarına daha yaxından bələd olmaq və onlara uyğun hərəkət etmək tələb olunurdu. Bütün bunların isə əlahəzrət zamana ehtiyacı var idi. Odur ki, Teleradio Şurası bütün bu məsələləri, hər şeydən öncə, məhz qanunvericiliyin tələblərinə və beynəlxalq təcrübəyə uyğun olmaqla mərhələli şəkildə həll etmək yolu seçdi. İctimaiyyətə bəlli olduğu kimi, ilk vaxtlar Teleradio Şurasının efir məkanında qayda-qanun yaratmaq cəhdləri bir sıra hallarda çox ciddi müqavimətlə rastlaşdı. Bəzi telekanallar qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı şuranın tövsiyə və qərarlarına qarşı açıq-aşkar sayğısızlıq nümayiş etdirirdilər. Məncə, təkcə ANS telekanalı ilə bağlı yaşanan problemləri xatırlayan kəslər Teleradio Şurasının keçdiyi yolun heç də rəvan olmadığını hər zaman təsdiqləyə bilərlər. Xoşbəxtlikdən bütün bu anlaşılmazlıqlar artıq keçmişdə qalıb. Bu gün teleradio yayımçıları ilə şura arasında kifayət qədər səmimi və işgüzar münasibət hökm sürür. Sözsüz ki, belə şəraitdə qarşıya çıxan problemlərin həlli yollarını axtarıb tapmaq da çətin olmur. Amma 2003-2004-cü illərdə bu, heç belə deyildi. O vaxt Azərbaycanda teleradio yayımçılarının sayı və yayımın keyfiyyəti də bugünkü reallıqlarla müqayisə oluna bilməzdi. Yəni, o illərdə xarici ölkə yayımçılarının Azərbaycanın milli tezliklərində yayımına tamaşaçı və dinləyicilərin həqiqətən ehtiyacı vardı. Yeri gəlmişkən, belə bir məqamı da oxucuların diqqətinə çatdırım ki, cəmisi iki-üç il bundan öncə Teleradio Şurasının elan etdiyi müsabiqələrdə iştirak edərək teleradio yayımçısı olmaq istəyənlər, demək olar ki, yox dərəcəsində idi. Amma son müsabiqələrdə bir yerə 4-5 iddiaçının sənəd verdiyinin şahidi olduq. Bu, onu göstərir ki, artıq Azərbaycanda televiziya və radio açmaq arzusunda və imkanında olan insanların sayı getdikcə artır. Əlbəttə, dövlət də öz növbəsində belə insanlara şərait yaratmağa borcludur.

    Azərbaycanın yolu demokratiya yoludur. Bu yol Avropaya və sivil dünyaya inteqrasiya yoludur. Bununla belə, təkrar-təkrar bəyan etdiyimiz belə bir həqiqəti bu gün bir daha yada salmaq istəyirik ki, Azərbaycan demokratik dəyərləri müdafiə və inkişaf etdirməklə yanaşı, hüquqi dövlət quruculuğuna da böyük önəm verir. Bu isə qanunların aliliyini təmin etmədən mümkün deyil. Bir də ki, qanunlara əməl etmədən demokratiyanı necə inkişaf etdirmək olar?! Əksinə, təcrübə göstərir ki, harada kı, qanunlar işləmir, orada anarxiya və xaos baş qaldırır. Görünür, bəziləri demokratiyaya çağırış pərdəsi altında, əslində, Azərbaycan cəmiyyətində anarxiya və xaos yaratmaq arzusundadırlar. Çox istərdik ki, beynəlxalq təşkilatlar və onları təmsil edən ekspertlər də bütün bunları nəzərə alsınlar. Öz ölkələrinə, öz vətəndaşlarına rəva görmədiklərini Azərbaycana və azərbaycanlılara da rəva bilməsinlər. Nəzərə alsınlar ki, dövlətimizin teleradio siyasətini müəyyən edən əsas qanunumuz olan “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu məhz Avropa Şurası ekspertlərinin tövsiyələri əsasında hazırlanıb və mütəxəssislər tərəfindən hələlik Avropanın ən liberal qanunu hesab edilir. Elə isə bu qanunun tələblərinə əməl olunması onları niyə də qane etməsin?!

    2006-cı ilədək Azərbaycanda cəmisi bir kabel televiziyası fəaliyyət göstərirdi ki, o da Bakı şəhərinin yalnız mərkəzi hissəsində olan bəzi məhəllələrin sakinlərinə xidmət edirdi. Bu gün isə kabel şəbəkəsi ilə xidmət göstərən şirkətlərin sayı 11-ə çatıb. Onların da bir neçəsi efir-kabel xidməti yolu ilə Azərbaycanın bütün bölgələrində yayımı aparmaq əzmindədir. Onu da nəzərə alaq ki, kabel xidməti ilə məşğul olan şirkətlərin hər birinin, eyni zamanda, minimum 50-60 telekanalın proqramlarını retransliyasiya yolu ilə Azərbaycan tamaşaçısına çatdırmaq imkanı var. İndi qoy oxucu özü nəticə çıxarsın: belə bir şəraitdə xarici ölkələrə məxsus televiziya və ya radioların Azərbaycanın milli tezliklərində yayımının bundan sonra da davam etdirilməsinə nə dərəcədə ehtiyac var? Bax, bütün bu amilləri nəzərə alaraq Teleradio Şurası xarici ölkə yayımçılarının milli tezliklərdən çıxarılması məsələsini 2003-2004-cü illərdə deyil, 2007-2008-ci illərdə gündəmə gətirdi.

    Yuxarıda deyildiyi kimi, Milli Televiziya və Radio Şurası Azərbaycanda televiziya və radio yayımını tənzimləyən, yayımçıların proqram siyasətində dövlətin və ictimaiyyətin maraqlarının təmin olunmasına nəzarət edən və fəaliyyətində tamamilə müstəqil olan dövlət qurumudur. Minnətdarlıq hissi ilə bildirməliyəm ki, fəaliyyətdə olduğu 6 il ərzində şuranın kadr tərkibinin seçilib komplektləşdirilməsinə, maddi-texniki bazanın yaxşılaşdırılmasına, işçilərin əmək haqlarının artırılmasına, onların sosial qayğılarının gücləndirilməsinə ölkə rəhbərliyi və şəxsən möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi qayğı və diqqət göstərilmişdir. Onu da tam səmimi surətdə etiraf etməliyəm ki, bu müddətdə heç bir dövlət orqanı tərəfindən şuranın işinə qarışmaq, onun qərarlarına təsir göstərmək cəhdləri olmayıb. Beləliklə də şuranın, sözün tam mənasında, müstəqil dövlət qurumu kimi fəaliyyət göstərməsinə heç bir maneçilik olmayıb. Yəqin ki, teleradio yayımçıları da etiraf edərlər ki, şura da heç bir halda onların proqram siyasətinə müdaxilə etməyib.

    Razılaşaq ki, bu gün Azərbaycanın efir məkanında hər şeyin qaydasında olduğunu söyləmək ədalətsizlik olardı. Dana bilmərik ki, ayrı-ayrı teleradio yayımçılarının proqram siyasətindən, verilişlərin keyfiyyətindən və tematikasından tamaşaçı və dinləyici gileyi yetərincədir. Xüsusilə də xalqımıza məxsus qədim və zəngin tarixi olan milli-mənəvi dəyərlərin təbliğinə yönələn efir fəaliyyətinin miqyasından və keyfiyyətindən narazılıq çoxdur. Amma ədalət naminə onu da etiraf etməliyik ki, telekanalların yaxşı layihələri də az deyil. “Azərbaycan televiziyası”nın “Muğam”, İctimai Televiziyanın “Ovqat”, “Ortaq məxrəc”, “Azad Azərbaycan” televiziyasının “Yeni ulduz”, “Xalq ulduzu” və “Sözüm var” meyxana yarışı layihələri, sözün əsl mənasında, geniş tamaşaçı auditoriyası tərəfindən böyük marağa səbəb oldu. Təsəvvür edin, “Sözüm var” meyxana yarışının təkcə final mərhələsində tamaşaçılar tərəfindən 260000-dən çox SMS göndərildi. Bu, məgər tamaşaçı rəğbəti deyilmi?

    Bu gün Azərbaycan televiziyaları və radioları nəyi bacarır, nəyə gücü çatır, onu edir. Onlar gündəlik həyatda nəyi görür, onu göstərir, ondan söhbət açır. Bununla da televiziya, əslində, cəmiyyətin aynası olmaq funksiyasını icra edir. Əgər istəyiriksə bu aynada hər şey yaxşı görünsün, onda çalışmalıyıq ki, cəmiyyətin özündə hər şey arzu olunan səviyyədə olsun. Sözsüz ki, bunun da əlahəzrət zamana ehtiyacı var.

    Efir tezlikləri Azərbaycanın milli sərvətidir. Odur ki, Azərbaycan hökuməti bu sərvətdən ölkəmizin və vətəndaşlarımızın milli maraqlarına uyğun surətdə istifadə olunması xətti yeridir və bu xətt gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir. Qoy, oxucularımız onu da bilsinlər ki, bu gün Azərbaycan hökuməti ölkəmizdə tezliklə rəqəmsal yayıma keçilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirməkdədir. Bu isə teleradio yayımçıları və gələcəkdə bu sahə ilə məşğul olmaq arzusunda olan insanlar qarşısında yeni üfüqlər açır. İnanırıq ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilən balanslaşdırılmış daxili və xarici siyasət xətti, digər sahələrdə olduğu kimi, dövlətimizin teleradio siyasətinin gələcək uğurları üçün də etibarlı təminat olacaqdır.

     

     

    Qafar CƏBİYEV,

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü 

     

    Xalq qəzeti.-2009.-7 yanvar.-S.4.

Yuxarı ^