• Teleradio Şurasının yaradılması teleradio fəaliyyətinin tənzimlənməsi sahəsində yeni mərhələdir

    Teleradio Şurasının yaradılması teleradio fəaliyyətinin tənzimlənməsi sahəsində yeni mərhələdir

     

    Arzu edirəm ki, bundan sonra işlərimiz daha da müvəffəqiyyətli olsun və televiziya verilişləri Azərbaycan əhalisi üçün daha xoş, daha ürəyəyatan olsun. 
    Heydər ƏLİYEV Ümummilli lider

     


    Azərbaycan öz dövlət müstəqilliyinə qovuşduğu vaxtdan keçən 20 il ərzində həqiqətən coşqun, dinamik və hərtərəfli inkişaf yolu keçib. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyini bayram edərkən təbiidir ki, hər birimiz qeyri-ixtiyari dönüb bir geriyə, keçilən yola, görülən işlərə, əldə olunan uğurlara, fəth etdiyimiz zirvələrə nəzər salmalı olduq.
    Bu, əslində, hər kəs üçün, hər şeydən öncə, öz vicdanı qarşısında bir hesabat məqamı idi. Tam səmimi olaraq, həm də vətəndaş qüruru ilə deməliyəm ki, 20 il ərzində qazanılan uğurların, dəyişiklik və yeniliklərin miqyası o qədər genişdir ki, sadəcə olaraq onların hamısını bir nəfəsə sadalamaq qeyri-mümkündür. Özü də bütün bu uğurlar ölkəmiz üçün, sözün əsl mənasında, ekstremal bir şəraitdə - bədnam qonşumuzla müharibə vəziyyətində olduğumuz, bir milyondan çox qaçqın və köçkünün acınacaqlı taleyi ilə üz-üzə qaldığımız bir şəraitdə qazanılıb. Beləliklə, şəhər, qəsəbə və kəndlərimizin daha abad olması, xalqımızın daha firavan yaşaması naminə xərclənməli olan milyardlarla manat dövlət vəsaitini öz istəyimizdən asılı olmayaraq ordu quruculuğuna, ölkənin hərbi qüdrətinin artırılmasına, yeni nəsil silah və hərbi texnika alınmasına, qaçqın və köçkünlər üçün qəsəbələr salınmasına yönəltməli olmuşuq. Şükürlər olsun ki, müharibə şəraitinin və beynəlxalq güc mərkəzlərinin Qarabağ problemi ətrafında sərgilədiyi diplomatik oyunların və siyasi riyakarlıqların yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, Azərbaycan xalqın iradəsi ilə seçilmiş olan hüquqi demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir. Bu yol ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yoldur. Bu gün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, balanslaşdırılmış və həm də qətiyyətli daxili və xarici siyasət xətti Azərbaycanı daha böyük uğurlara, uca zirvələrə doğru aparır. 
    Müstəqillik illərində, digər sahələrdə olduğu kimi, televiziya və radio yayımı sahəsində də Azərbaycanda çox ciddi uğurlar qazanılıbdır. Təsəvvür edin, 1990-cı ilədək Azərbaycanda cəmi bir televiziya - Azərbaycan Dövlət Televiziyası və iki radio - "Azərbaycan" radiosu və "Araz" radiosu fəaliyyət göstərirdi. Bu gün isə Azərbaycan Televiziyası ilə yanaşı, ümumrespublika yayımçısı olan daha 8 televiziya, 14 regional televiziya və 11 radio rəngarəng proqram və verilişlərlə efirdədir. Bundan əlavə, kabel televiziya şəbəkəsi quran 11 şirkət də hər gün onlarca xarici ölkə kanallarının verilişlərinin retransliyasiyası ilə məşğuldur. 
    Müvafiq qanunvericilik bazasının yaradılması müstəqillik illərində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu teleradio siyasətinin ən mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə ulu öndər Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli fərmanı əsasında Milli Televiziya və Radio Şurasının yaradılması və onun əsasnaməsinin təsdiqi Azərbaycanda teleradio siyasətinin təkmilləşdirilməsi, inkişafı və tənzimlənməsi işində yeni mərhələnin başlanğıcı oldu. 
    Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin yanvar ayından etibarən Milli Televiziya və Radio Şurası fəaliyyətə başladı. Qısa zaman kəsiyi ərzində şura tərəfindən teleradio yayımının tənzimlənməsinə dair müvafiq dünya təcrübəsi öyrənildi. Fəaliyyətdə olan telekanalların və radioların reyestri aparıldı, onlara qanuni əsaslarla lisenziyalar verildi, bir-birinin ardınca yeni-yeni radio və telekanallar açıldı. 
    Milli Televiziya və Radio Şurası haqqında əsasnaməyə uyğun olaraq "teleradio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək" məqsədilə daimi və sistemli manitorinqlər aparıldı. Yaxşı nümunələr təqdir olundu, nöqsanlar və qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüldü. Doğrudur, ilk vaxtlar bəzi telekanallar şura tərəfindən olan tövsiyə və iradları az qala top-tüfənglə qarşıladı. Şuranın qərarlarına sayğısızlıq cəhdləri də oldu. "ANS" şirkəti tərəfindən Şəkidə özbaşına olaraq radio açılanda, ANS televiziyasının lisenziya müddətinin uzadılmaması barədə qərar qəbul olunanda, reklamla bağlı qanunvericiliyin tələblərini pozduqlarına görə ayrı-ayrı telekanallar şura tərəfindən cəzalandırılanda həqiqətən çox gərgin anlar yaşamalı olduq. İş o yerə çatmışdı ki, bəzi kanallar hətta ictimai rəyi də şuraya qarşı çevirməyə cəhd edirdilər. Açığını deyim, beynəlxalq təşkilatlardan və bəzi xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusundan xüsusilə çox ciddi təzyiqlər vardı. Belə məqamlarda qaragüruhçu qüvvələr də o ki var fəallaşırdılar. Ayrı-ayrı səbatsız insanları ələ alaraq, öyrədərək şuraya qarşı çirkin kampaniya aparırdılar. Təəccüb və təəssüf doğuran o idi ki, hətta bəzi millət vəkilləri, ziyalılar və görkəmli sənət adamları da məsələnin mahiyyətini anlamadan bu axına qoşulurdu. 
    Oktyabr ayının 5-də Milli Televiziya və Radio Şurasının yaradılmasının on ili tamam olur. Ötən on il ərzində ölkədə teleradio siyasətini tənzimləyici qurum olaraq şura bir sıra çox mühüm qərarlara imza atıb. Görülən mühüm işlərdən biri kimi, xarici ölkə yayımçılarının qanunvericiliyin tələblərinə və beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanın milli tezliklərindən çıxarılması barədə qərarı xüsusi olaraq qeyd etmək istərdim. Bu, hər şeydən əvvəl, Azərbaycan telekanallarının maraqlarının qorunmasından irəli gələn zəruri addım idi. Doğrudur, Teleradio Şurasının bu qərarına qarşı həm daxildən, həm də xaricdən çoxsaylı hücumlar oldu. 
    O dönəmdə belə çox ciddi müzakirələrdən biri ABŞ Dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi D. Kramerin iştirakı ilə Azərbaycan Xarici İşlər Nazirliyində oldu. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri, səfirliyin daha bir neçə məsul işçisi, "Amerikanın səsi" və "BBC" radiosunun rəhbərləri də iştirak edirdilər. Əvvəlcə insan hüquqları və seçkilərlə bağlı müzakirələr oldu. Daha sonra xarici radioların bağlanması məsələsi üzərində dayanıldı. Bu məsələ elan ediləndə D.Kramer belə dedi: Mənim Azərbaycana budəfəki gəlişimin əsas məqsədi elə bu məsələ ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanla hər sahədə çox yaxşı münasibətlərimiz var. Belə olan halda siz nə əcəb bu radioların fəaliyyətini dayandırmısınız?"
    Görüşdə şuranı mən təmsil etdiyimdən D. Kramerin sualına da təbiidir ki, mən cavab verməli idim. Cavabım belə oldu: "Birincisi, kim deyirsə ki, Milli Televiziya və Radio Şurası xarici teleradio yayımçılarının Azərbaycan ərazisində yayımını dayandırıb, bu, səhv məlumatdır. Yəni, bu gün adıçəkilən radioların hamısı Azərbaycan ərazisində peyk vasitəsilə yayımını davam etdirməkdədir. Dünyanın hər yerində belədir. Bütün dünyanın qəbul etdiyi beynəlxalq standartlar belədir. İkincisi, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu Avropa miqyasında bu səpkidə qəbul olunmuş sonuncu, deməli, ən yeni qanundur. Bu qanun beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və Venetsiya Konvensiyası ekspertlərinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Həmin qanuna görə, xarici ölkələrin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yayımçıların təsisçisi ola bilməz. 
    Bir sözlə, biz xarici radioların Azərbaycanın yerüstü, yəni milli tezliklərdə yayımını dayandırarkən həm beynəlxalq standartlardan, həm də ölkəmizin qanunlarından çıxış etmişik. Belə olan halda Qərb ölkələrinin və beynəlxalq təşkilatların narahatçılığı əsla başadüşülən deyil"...
    Göründüyü kimi, xarici ölkələrin televiziya və radio kanallarının Azərbaycanın milli tezliklərində yayımlanmasının dayandırılması ilə bağlı Teleradio Şurasının qərarına qarşı çıxmaq, əslində, həm Azərbaycan qanunlarına, həm də beynəlxalq praktikaya etinasızlıq demək idi. Amma tədricən bu sahədə də sular duruldu, qarşılıqlı münasibətlər normal məcrada davam etdi və bu gün də davam etməkdədir.
    Yayımın ilk vaxtlar tədricən, 2010-cu ildən etibarən isə tam həcmdə dövlət dilində aparılması, əcnəbi filimlərin dublyaj edilərək nümayiş etdirilməsi, habelə reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı şura tərəfindən verilən qərar və tövsiyələr də ölkəmizdə ardıcıl və məqsədyönlü teleradio siyasəti həyata keçirildiyindən xəbər verir. 
    Bu gün Azərbaycan tamaşaçısı və dinləyicisinin kifayət qədər geniş seçim imkanları var. Yəni, mavi ekran qarşısında əyləşən, yaxud da radio dinləyicisi olan hər kəs öz maraq dairəsindən çıxış edərək ixtiyarında olan onlarca, yüzlərlə kanallardan birini və əlbəttə, həmin anda onun üçün daha gərəkli və daha maraqlı ola biləcək kanalı seçmək imkanına sahibdir. Əgər kim istəyirsə ki, bütün günü ekran qarşısında əyləşib ancaq intelektual proqramlara baxsın, buyursun, baxsın. Belə kanallar istənilən qədərdir. İdman proqramları, əyləncə proqramları, maarifçiliklə bağlı proqramlar da onun kimi. Bir sözlə, kimin nədən xoşu gəlir, ona da baxa bilər. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya və radio yayımçıları kənardan heç kəsin müdaxiləsi və ya təsiri olmadan nəyə imkanları çatırsa, nəyi vacib və gərəkli hesab edirlərsə, məhz onu da çəkib efirə çıxarırlar. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa görə, "yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət və yerli özünüidarə orqanlarının, siyası partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır".
    Teleradio Şurasının rəqəmsal yayıma keçidlə bağlı 22 dekabr 2011-ci il tarixli qərarın əhəmiyyətini də ayrıca qeyd etmək istərdim. Məlumat üçün bildirim ki, Avropada rəqəmsal yayıma hamıdan əvvəl Berlin şəhəri keçib. Avropa ölkələri içərisində isə ilkin olaraq 2007-ci ildə Finlandiyada rəqəmsal yayım tətbiq olunub. İftixar hissi ilə deməliyəm ki, məhz Azərbaycan MDB ölkələri içərisində birinci olaraq rəqəmsal yayıma keçid barədə qərar qəbul etdi. Bu gün ölkə yayımçıları artıq tam həcmdə rəqəmsal yayım şəraitində işləyirlər. Regional kanalların da əksəriyyətinin bu sahədə heç bir problemi yoxdur. Yalnız bəzi kanallarda müəyyən texniki problemlər vardır ki, onlar da uğurla aradan qaldırılmaqdadır.
    Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu ilin oktyabrında mətbuatda dərc edilən və respublika ictimaiyyəti tərəfindən böyük marağa səbəb olan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində qeyd olunduğu kimi, Azərbaycan telekanallarının proqram siyasəti cəmiyyətimizdə ən çox müzakirə predmeti olan məsələlərdən biridir. Fikrimizcə, bəzi teleradio yayımçılarının fəaliyyəti ilə bağlı cəmiyyət üzvləri arasındakı narahatlıq həm obyektiv, həm də subyektiv məqamlardan qidalanır. Obyektiv məqam odur ki, insanlar evdə və ya işdə olmalarından asılı olmayaraq vaxtlarının xeyli hissəsini ekran qarşısında keçirirlər. Bu mənada televiziya və radio verilişlərinin geniş ictimai rezonans doğurması, əlbəttə, başadüşüləndir. 
    Televiziya və radio proqramlarının yeknəsəqliyi və bəsitliyi ilə bağlı çoxsaylı insanların narahatlığı da başadüşüləndir. Bu, o deməkdir ki, vətəndaşlarımızın az qala hər biri öz ürəyindən keçəni mavi ekranda görmək istəyir. Yaxud, bir çoxları mənən ehtiyacı olmadığı və ya rəğbət bəsləmədiyi nəyi və kimi ekranda görürsə, dərhal ona etiraz edir. Təbiidir ki, bütün bunlar da uzun-uzadı müzakirələr üçün növbəti material olur. Əslində, bu halların hər biri normal insani emosiyalardan qidalanır. Yəni, hər kəs istəyir ki, məmləkətimizdə ən azı televiziya ekranında hər şey yerli-yerində olsun. Əlbəttə, təqdir olunası istəkdir. Amma onu da etiraf edək ki, birdən-birə hər şeyin yaxşı olması da mümkün deyil. Məgər cəmiyyətin özündə hər şey yerli-yerindədir?! Elə isə cəmiyyətin güzgüsü hesab olunan televiziyalardan niyə belə çox umuruq?! Əslində, bu da əsassız deyil. Çünki televiziyanın imkanı var ki, müsbəti, mütərrəqini, insanlar üçün daha faydalı olanı təbliğ etsin. Təəssüf doğuran odur ki, bəzi yayımçılar millətə, cəmiyyətə, məişət və mədəniyyətimizə, minilliklərin sınağından keçib gələn adət və ənənələrimizə yad olan təsadüfi yaramazlıqları bir an tez efirə çıxarmaq üçün sanki yarışa giriblər. İctimai məzmun kəsb etməyən, bir sıra hallarda hətta faktlara söykənməyən hər hansı bir əxlaqsızlıq və ya eybəcərliyi tələm-tələsik efirə çıxararaq ictimailəşdirmək vacibdirmi?! 
    Təbiidir ki, istedadlı və peşəkar televiziya kadrları olmadan keyfiyyətli və baxımlı proqramlar hazırlamaq qeyri-mümkündür. Sirr deyildir ki, bu və ya digər yayımçıya yüksək reytinq gətirən onun uğurlu layihələridir. Bu layihələri ərsəyə yetirən isə, əlbəttə ki, peşəkarlardır: peşəkar təşkilatçılar, peşəkar aparıcılar, istedadlı telejurnalistlər, təcrübəli rejissor, operator və montajçılardır. Özü də belələrinin sayı barmaqla sayılacaq dərəcədə azdır. Doğrudur, efiri hazırlayan peşəkarların bir çoxu işin spesifikası ilə əlaqədar həmişə kadr arxasında qaldığından biz onları tanımırıq. Amma bizim tanıyıb-tanımamağımızdan asılı olmayaraq teleradio mətbəxində çalışan, efirin keyfiyyəti üçün məsuliyyət daşıyan peşəkarların sayı həqiqətən olduqca azdır. 
    Göründüyü kimi, Azərbaycan efirini tamaşaçıların arzu etdiyi standartlar səviyyəsinə qaldırmaq üçün ilk növbədə kadr hazırlığı istiqamətində ciddi addımlar atılmalıdır. Nəzərə alaq ki, təkcə ümumrespublika yayımçısı olan telekanallar orta hesabla hər gün tamaşaçı ilə təqribən 200 saat, həftə ərzində 1400 saat, ay ərzində 6 min saat təmasda olurlar. Heç onu demirəm ki, ən peşəkar telejurnalist belə, yaxşı bir verilişi ərsəyə gətirmək üçün bəzən həftələrlə işləməli olur. 
    Televiziya iştahası daim saz olan nəhəng bir konveyrdir. O, sabahı gözləmir. O, hər gün, həm də bütün sutka ərzində nəsə göstərməlidir. Bunu çatdırmaq və idarə etmək, üstəlik də geniş tamaşaçı rəğbətini qazanmaq həqiqətən olduqca çətin bir işdir. Bu mənada yaxşı televiziya yaratmağın və tamaşaçı rəğbəti qazanmağın hansı çətinliklər hesabına başa gəldiyini televiziya mətbəxinin içində olan insanlar daha yaxşı bilirlər. Ədalət naminə, həm də elə cəmiyyətdə formalaşan ictimai rəydən çıxış edərək onu da etiraf etməliyəm ki, bu gün Azərbaycanda kifayət qədər geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış olan yaxşı televiziya da, nümunəvi teleproqramlar da var. Bəli, hamımızın sevə-sevə baxdığımız şou-proqramlar da, intelektual proqramlar da, tədris proqramları da var. 
    Təbiidir ki, geniş tamaşaçı və dinləyici auditoriyasının rəğbətini qazanmaq arzusunda olan hər bir yayımçı insanları düşündürən, rahat və ya narahat edə biləcək incə və həssas məqamları nəzərə almaya bilməz. Əslində, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununda yaradıcılıq məsələlərində yayımçılara sərbəstlik və azadlıq verilməklə yanaşı, bu məqamlar da nəzərə alınıb. Qanunun 32-ci maddəsində teleradio proqramlarına verilən tələblərdən bəhs edilərək qeyd olunur ki, "proqramlar yayım üçün hazırlanarkən... maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verlişlərlə yüklənməsinin qarşısı alınmalıdır". Əfsuslar olsun ki, daha çox kommersiya maraqları ardınca gedərək, şou-proqramlara üstünlük verən bəzi teleradio yayımçıları hələ ki, sabit və balanslaşdırılmış proqram siyasəti həyata keçirə bilmirlər. Bunun nəticəsi olaraq efirin tarazlığının pozulması və milli-mənəvi dəyərlərin qorunmasına dair qanunvericiliyin tələblərinin unudulması kimi xoşagəlməz hallar baş verir. Bu yerdə əksər respublika yayımçılarının bölgələrin qayğı və problemlərini yetərincə işıqlandırmadığını da diqqətə çatdırmaq istərdim. Təsəvvür edin, elə rayonlarımız var ki, bəzən aylarla ora aid bir sujet belə getmir. Halbuki, həmin rayonların uğurları, problemləri və qayğıları, habelə, təbiəti, tarixi və ictimai-mədəni həyatından bəhs edən maraqlı verilişlər hazırlamq olar. Özü də respublika yayımçıları bunu etməyə borcludurlar. Bütün bunlar isə son nəticədə tamaşaçıların haqlı narazılığına gətirib çıxarır ki, bu da istənilən yayımçı üçün arzuolunmaz itkidir. 
    "Televiziya və radio yayımı haqqında" Qanunda göstərildiyi kimi, "Azərbaycan Respublikasında teleradio fəaliyyəti azaddır. Teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır". Bununla belə, onu da qeyd etməliyəm ki, ölkəmizdə televiziya və radio yayımı lisenziyalaşdırılan fəaliyyət sahəsidir. Lisenziyalar isə artıq oxuculara da bəlli olduğu kimi, Teleradio Şurası tərəfindən keçrilən müsabiqələr yolu ilə verilir. Son illər fəaliyyətə başlayan "Xəzər", "İdman Azərbaycan", "Mədəniyyət", "RTV", "Kanal-S", "El TV", "Cənub TV" kanalları, habelə "Xəzər FM", "Media FM", "Araz FM" radioları məhz şura tərəfindən elan olunmuş müsabiqələrdə qalib çıxaraq yayım üçün lisenziya almışlar. 
    Bəli, doğma Azərbaycanımız müstəqillik illərində bütün sahələrdə olduğu kimi, teleradio fəaliyyəti sahəsində də çox böyük uğurlara imza atıb. Bu gün Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax, Zaqatala, Tovuz, Mingəçevir, Quba və Xaçmazda da neçə-neçə özəl televiziya kanalları fəaliyyət göstərməkdədir. Müsbət haldır ki, yeni fəaliyyətə başlayan televiziya və radiolar qısa vaxt ərzində yayımın müasir standartlar səviyyəsində həyata keçirilməsinə imkan verən müvafiq maddi-texniki baza yaratmaqla bərabər, həm də kifayət qədər işgüzar və peşəkar kadr korpusu formalaşdıra biliblər. 
    Teleradio fəaliyyəti mahiyyəti etibarı ilə kifayət qədər ağır, mürəkkəb, həm də son dərəcə məsuliyyətli bir peşə sahəsidir. Bu sahədə uğurlar əldə etmək üçün hətta səmərəli və sistemli şəkildə təşkil olunan yaradıcılıq fəaliyyəti belə kifayət etmir. Çətini, həm də vacibi odur ki, tamaşaçı və dinləyici daim yeniliklər istəyir. Hər gün, hər saat yenilik tapmaq və onu lazımi səviyyədə tamaşaçı və ya dinləyiciyə təqdim etmək isə elə də asan iş deyil. Amma Azərbaycan telekanalları və radioları bu işin öhdəsindən gəlirlər. Mən demirəm ki, hər şey istənilən səviyyədədir. Əlbəttə, problemlər də, nöqsanlar da var. Əsası odur ki, teleradio yayımçıları özlərinin məsuliyyətini və vəzifə borclarını bilir və bu missiyanı daha uğurla və daha keyfiyyətlə həyata keçirmək istiqamətində səylə çalışırlar. Teleradio Şurası isə öz növbəsində davamlı monitorinqlər aparmaqla, tamaşaçı və dinləyicilərin müraciət və təkliflərini operativ və əhatəli şəkildə araşdırmaqla radio və televiziya yayımçılarının daha səmərəli işləmələrinə, maraqlı, gərəkli və rəngarəng proqramlarla tamaşaçı və dinləyicilərin rəğbətini qazanmalarına yardımçı olmağa çalışır.

     

    Qafar CƏBİYEV, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, tarix elmləri doktoru

     

Yuxarı ^