• Efir məsuliyyəti

    Efir məsuliyyəti

     

    Bu, teleradio fəaliyyətilə məşğul olan hər kəsə aiddir

     

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ətrafında düşüncələr

     

    Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir.

     

    Ramiz MEHDİYEV,

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik

     

    Teleradio fəaliyyəti əhalinin bütün təbəqələrinin daimi olaraq birbaşa təmasda olduğu xüsusi bir sahədir. İnsanlar radionu dinləməklə və ya televiziya ekranı qarşısında əyləşməklə həm informasiya alır, həm maariflənir, həm də əylənirlər. Bir çoxları onları düşündürən, narahat edən problemlərlə bağlı radio və televiziyadan məsləhət və tövsiyə umur. Əhalinin ən müxtəlif kateqoriyaları özlərinin arzu, istək və planlarının reallığa çevrilməsi, yaxud da onları narahat edən problemlərin aidiyyatı dövlət orqanlarının diqqətinə çatdırılması məqsədilə radio və televiziyadan tribuna kimi istifadə edirlər.

     

    Ölkəmizdə teleradio yayımı sahəsində yeniliklər və müsbət dəyişikliklər çox olsa da, nöqsan və problemlər də az deyildir. Elə bu səbəbdəndir ki, az qala, hər gün və hər yerdə Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələri arasında elektron medianın durumu ilə bağlı müzakirə və diskussiyaların şahidi oluruq. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi bu cəhətdən xüsusi aktuallığı ilə diqqəti cəlb edir. Təkcə ona görə yox ki, məqalə Azərbaycanda dövlət idarəçiliyinin anatomiyasını mükəmməl bilən və Azərbaycan cəmiyyətinin ən müxtəlif dairələrinin arzu, istək və maraqlarının formalaşdığı sosial mühitin fəlsəfi aspektdən tədqiqi sahəsində sanballı araşdırmalar müəllifi olan filosof-siyasətçi tərəfindən qələmə alınıb. Əsas odur ki, bu məqalədə teleradio yayımı sahəsindəki mövcud reallıqlar, son illər bu sahədə əldə olunan uğurlar, cəmiyyəti düşündürən, narahat edən nöqsan və problemlər, ayrı-ayrı proqram və verilişlərin keyfiyyəti və tematikası ilə bağlı son dərəcə obyektiv, prinsipial və həm də ünvanlı təhlil, tənqid və tövsiyələr var.

    Akademik Ramiz Mehdiyevin toxunduğu məsələlər, qaldırdığı problemlər, necə deyərlər, birbaşa hədəfə dəydiyindən, orada irəli sürülən mülahizə və tövsiyələr tamaşaçı və dinləyici auditoriyasının ürəyincə olduğundan məqalə Azərbaycan cəmiyyətində geniş əks-sədaya səbəb olmuşdur. Artıq bir neçə gündür ki, bu mövzu ölkə mətbuatında geniş müzakirə və təhlil olunmaqdadır. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları öz xəstə ənənələrinə sadiq qalaraq, bu məqalə ilə bağlı da əsassız şərhlər verməkdədirlər. Onlar məqalənin mahiyyətini və əhəmiyyətini bir kənara qoyaraq, yenə də öz çirkin oyunlarını oynamaqdadırlar. Bəzi mətbuat orqanlarının və ayrı-ayrı maraqlı dairələrin bu məqaləni hakimiyyətin televiziyalara hücumu kimi qələmə verməsi ilə əsla razılaşmaq olmaz.

    Bütün bunları nəzərə alaraq məqalədə Azərbaycan efirinin taleyüklü problemləri və onların aradan qaldırılması sahəsində qarşıda duran vəzifələrlə bağlı toxunulan bəzi məsələlərə mən də münasibət bildirməyi özümə borc bildim. İstərdim ki, tələbkar oxucu bu qeydləri təkcə ölkədə teleradio yayımını tənzimləyən dövlət qurumu rəsmisinin mövqeyi kimi deyil, həm də televiziya və radiolarımızın daimi izləyicisi olan sadə Azərbaycan ziyalısının düşüncələri kimi qəbul etsin.

    Demokratik inkişaf yolunda inamla irəliləyən Azərbaycan dövlətinin bütün sahələrdəki uğurları ildən-ilə, həm də böyük sürətlə artmaqdadır. Dünyada iqtisadi böhran tüğyan etdiyi bir vaxtda xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafı, bir çox qlobal və regional layihələrdə fəal iştirakı, ölkə daxilində siyasi sabitliyin və əmin-amanlığın getdikcə daha artıq möhkəmlənərək, sözün əsl mənasında, gündəlik həyat normasına çevrilməsi — bütün bunlar, əlbəttə ki, Azərbaycan dövlətinin indiki mürəkkəb beynəlxalq münasibətlər şəraitində uğurla həyata keçirdiyi müstəqil və balanslaşdırılmış siyasi xəttin real bəhrəsi kimi dəyərləndirilməlidir. Hansı ki, bu siyasi xətt dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməkdədir.

    Bu gün Azərbaycanın bütün guşələrində genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri həyata keçirilməkdədir. Az qala, hər gün hansısa şəhərdə, hansısa rayonda yeni-yeni idman kompleksləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, ən yeni texniki standartlara əsaslanan fabrik və zavodlar, modul tipli elektrik stansiyaları, magistral yollar və körpülər istifadəyə verilir. Bir sözlə, hər birimizin gözləri önündə doğma Azərbaycanımızın ən yeni tarixi bax, beləcə formalaşmaqdadır. Əlbəttə, bütün bunlar Azərbaycan dövlətinin iqtisadi qüdrətindən və Azərbaycan hökumətinin ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş apardığından xəbər verir. Teleradio məkanındakı yeniliklər də ölkəmizin son illər əldə etdiyi böyük uğurların daha bir ünvanı kimi dəyərləndirilə bilər.

    Bu sahədəki uğurların miqyasını təsəvvürə gətirmək üçün təkcə onu yada salmaq kifayətdir ki, lap yaxın keçmişə qədər cəmisi bir televiziya və bir radiosu olan Azərbaycanda bu gün 11 radio, ümumrespublika yayımçısı olan 9 televiziya və 14 regional televiziya kanalı fəaliyyət göstərər. 13 şirkətə kabel televiziyası şəbəkəsi yaratmaq üçün xüsusi razılıq (lisenziya) verilib ki, onların da xeyli hissəsi artıq fəaliyyətdədir. Hansı ki, bu şirkətlərdən hər biri gün ərzində orta hesabla 50-60 əcnəbi kanalın verilişlərini retranslyasiya edərək Azərbaycan tamaşaçısına təqdim edir. Göründüyü kimi, Azərbaycanın efir məkanında kifayət qədər rəngarənglik mövcuddur. Bir sözlə, efirimizin hüdudları kimi, onun imkanları da olduqca genişdir. Beləliklə, bu gün asudə vaxtını televiziya ekranı qarşısında keçirən hər bir Azərbaycan tamaşaçısının imkanı var ki, o, dünyanın istənilən ölkəsinin telekanallarının proqramlarını izləyə bilsin.

    Bütün bunlar müstəqillik illərində ölkəmizdə teleradio yayımı sahəsində əldə olunmuş çox ciddi uğurların göstəricisidir. Bunlara nail olmaq üçün isə akademik Ramiz Mehdiyevin məqaləsində deyildiyi kimi, “ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir. 2002-ci ildə ”Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, 2003-cü ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır. 2004-cü ildə “İctimai televiziya və radio yayımı haqqında” Qanun qəbul edilmiş və bir il sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlamışdır”.

    Azərbaycan Dövlət Televiziyası və Radiosu səhmdar cəmiyyətə çevrilmiş, Teleradio Şurası tərəfindən elan olunmuş müsabiqələrdə qalib gəlmiş ayrı-ayrı şirkətlərə televiziya və radio yayımı ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilmişdir. Yayımın Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsi olaraq xarici ölkələrə məxsus televiziya və radio kanallarının milli tezliklərdə yayımı dayandırılmış, boşalan tezliklər isə müsabiqəyə çıxarılmışdır. 1 yanvar 2009-cu il tarixdən etibarən teleradio yayımının bütünlüklə dövlət dilində (bəzi istisnalar olmaqla) aparılması təmin olunmuşdur. Dövlət büdcəsindən maliyyələşdirilən AzTV və İTV ilə yanaşı, özəl telekanalların da maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Sumqayıt, Lənkəran, Şəki, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən regional televiziyalar yeni binalara köçmüş və tam şəkildə müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Beləliklə də akademik Ramiz Mehdiyevin təbirincə desək “özəl televiziya kanalları ölkənin teleradio məkanını daha da zənginləşdirmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli verilişlər hazırlanmasına kömək göstərmişdir”.

    Ölkədə azad və demokratik mühitin olması, keyfiyyətli yayım həyata keçirmək üçün müvafiq maddi-texniki və qanunvericilik bazasının, nəhayət kifayət qədər peşəkar kadr potensialının mövcudluğu Azərbaycanda fəaliyyət göstərən bütün teleradio yayımçılarının ən azı tamaşaçı və dinləyici auditoriyasını qane edəcək dərəcədə keyfiyyətli veriliş və proqramlar ortaya qoymaları üçün tam yetərlidir. Müsbət haldır ki, olan imkanlardan səmərə ilə bəhrələnənlərin sayı getdikcə artmaqdadır.

    Bu gün radio və televiziya kanallarımızın hər birinin neçə-neçə özünəməxsus maraqlı və gərəkli proqramları vardır ki, onlar dinləyici və tamaşaçı auditoriyası tərəfindən həvəslə izlənilir. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Az TV-nin nümayiş etdirdiyi muğam festivalı kiminsə ürəyincə olmaya bilərdi?! İstirahət günləri səhər tezdən İTV-nin efirində gedən “Ovqat” proqramından adam necə doysun?! Həkim-loğman Əlfəddin Abdullayevin, tarixçi-alim, millət vəkili Yaqub Mahmudovun, ilahiyyatçı alim Hacı Sabirin, ədəbiyyatşünas alim Xalid Əlmirzəyevin, yazıçı Əlibala Hacızadənin və neçə-neçə başqalarının “Ovqat”dakı ibrətamiz çıxışları, dəyərli tövsiyə və məsləhətləri sözün əsl mənasında, milyonların ovqatını xoş edib. Bu sırada “Lider” televiziyasının Azərbaycan qalaları barədə hazırladığı və nümayiş etdirdiyi silsilə verilişlərin də əhəmiyyətini xüsusi olaraq qeyd etmək istərdim.

    Mütəxəssislər yaxşı bilirlər ki, ulu keçmişimizin yadigarları olan memarlıq abidələri, xüsusən arxeoloji abidələr təbiət təsirləri (mən hələ insan amilini demirəm) nəticəsində zaman-zaman aşınaraq, dağılaraq tədricən ilkin görkəmini itirir. Bu abidələri konservasiya və ya bərpa etmək, əlbəttə, gələcəyin işidir. Təbiət isə bunu gözləmir. Bu şəraitdə optimal çıxış yollarından biri həmin abidələrin elektron kataloqunun hazırlanması ola bilər. Düşünürəm ki, televiziyalar həmin abidələr barədə silsilə verilişlər hazırlamaqla bu işi görə bilərlər. Elə bu məqsədlə də iki il öncə telekanallardan bəzilərinin rəhbərliyi ilə görüşdüm, mülahizələrimi bildirdim, hətta onları zəruri elmi ədəbiyyatla təmin etməyi, aidiyyatı mütəxəssisləri, xüsusən də ayrı-ayrı abidələrin tədqiqatçılarını da bu işə qoşmağı onlara vəd etdim. Amma qarşı tərəfdən cavab gəlmədi.

    Keçmiş mədəni irsin təbliği baxımından İTV-nin efirində özünə yer alan “Danışan tarix” və “Bir kəndin nağılı” layihələrinin də əhəmiyyətini qeyd etmək yerinə düşərdi. Fikrimizcə, bu cür layihələr ölkə ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın yurdumuzun ayrı-ayrı guşələrinin təbii-tarixi zənginlikləri və rəngarəngliklərinə dair bilgilərlə maarifləndirilməsi baxımından hər zaman aktual və əhəmiyyətlidir. Sözsüz ki, digər telekanalların da nümunə göstərilməyə layiq veriliş və layihələri az deyildir. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən radio və televiziya kanallarının əksəriyyəti həm texniki baxımdan, həm də əməkdaşlarının peşəkarlıq səviyyəsi baxımından tamaşaçı və dinləyici auditoriyasını tam mənada qane edən keyfiyyətli məhsul istehsal etməyə qadirdir. Amma Teleradio Şurası tərəfindən aparılan monitorinqlər, habelə tamaşaçı və dinləyici müraciətləri, ən başlıcası isə cəmiyyətdə formalaşmış ictimai rəy ölkənin teleradio “mətbəxində” işlərin heç də tam qaydasında olmadığından xəbər verir. Elə akademik Ramiz Mehdiyevin məqaləsində də daha çox Azərbaycanın teleradio məkanındakı boşluqlar, kəm-kəsirlər, uyğunsuzluq halları və nöqsanlar (hansı ki, elə tamaşaçı və dinləyici auditoriyasını narahat edən də məhz budur) dərindən araşdırılaraq, təhlil olunaraq bir növ geniş ictimai müzakirəyə çıxarılır: “Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirmişlər... Son dövrlər Azərbaycan televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır”.

    Müşahidə və təhlillər göstərir ki, teleradio yayımçılarının fəaliyyətindəki nöqsan və çatışmazlıqların böyük bir qismi “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində proqrama verilən tələblərin pozulması ilə əlaqədardır. Qanunun həmin maddəsində deyilir: “Proqramlar yayım üçün hazırlanarkən aşağıdakı tələblərə əməl olunmalıdır: maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır...” Etiraf edək ki, qanunun bu tələbi əksər yayımçılar tərəfindən, xüsusən də özəl yayımçılar tərəfindən tez-tez pozulur.

    Akademik Ramiz Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, “ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin xüsusi çəkisinin artmasıdır”.Məqalədə göstərildiyi kimi, ATV telekanalında gündəlik efirin təqribən 32,3 faizi, “Lider” telekanalında 16,4 faizi, “Xəzər” telekanalında 12 faizi, ANS telekanalında 11,3 faizi, “Space” telekanalında isə 8 faizi şou-biznes xarakterli verilişlərdən ibarətdir. Əslində, daha çox əyləncə kanalı kimi tanınan özəl telekanallar üçün bu faizlər o qədər də yüksək deyil. İnsanları daha çox narahat edən həmin verilişlərin qənaətbəxş səviyyədə olmamasıdır. Məqalə müəllifinin fikrincə, şou xarakterli verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, beləliklə də cəmiyyətdə neqativ meyllərin yayılmasına təkan verir, xüsusən də gənclərin və yeniyetmələrin zövqünü korlayır, onların dünyagörüşünə və əxlaqına mənfi təsir göstərir.

    Təbiidir ki, tamaşaçı əksər hallarda şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin aparıcıların şitliyi, iştirakçıların özündən müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır.

    Müğənnilərin, həm də bir çox hallarda heç kəsin tanımadığı müğənniciklərin və müğənniyəbənzərlərin bir-biri ilə olan çəkişmələrini, didişmələrini gündəmə gətirmək, yaxud da gündəmdə qalmaq üçün düşündükləri hər cür cəfəng ssenariləri efirə çıxarmağın mənası varmı?! Çox vacibdirmi ki, hansısa müğənninin hamiləliyi, yaxud da hansısa müğənninin nikahı olmadan dünyaya övlad gətirməsi televiziya ekranlarında uzun-uzun müzakirə mövzusuna çevrilsin?!

    Bəzi radio aparıcıları bu cəhətdən, necə deyərlər, lap əndazəni aşırlar. Məsələn, bu yaxınlarda radiolardan birinin aparıcısı belə bir mövzu ilə canlı efirə çıxmışdı. “Bakirəliyini itirib, sonradan onu bərpa edərək ərə gedənlərə münasibətiniz?”. Təsəvvür edin, təqribən iki saat ərzində canlı efirdə tamaşaçılarla bu mövzuda dialoq getmişdir. İnanın, həmin dialoqun monitorinq qrupundan daxil olan stenoqramı ilə tanış olarkən məni tər yuyub apardı. İndi görün, həmin verilişi izləyən qadınlar, qızlar hansı vəziyyətə düşüblər. Yəni, evdə, ailədə, məktəbdə, yaxud hansısa əmək kollektivində bu xarakterli verilişlərin dinlənilməsi mümkündürmü?! Məgər mövzu qəhətdir?! Namusla, qeyrətlə bağlı son dərəcə həssas olan bu cür çox ciddi məsələləri, özü də uşaq-muşaq səviyyəsində açıq müzakirəyə çıxarmaqmı olar?! Əfsuslar olsun ki, efirdə bu cür üzdəniraq verilişlərə tez-tez rast gəlinir.

    Son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib. Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Yəni, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür. İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi bəlli olmayan pullar hesabına əldə etdiyi hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətilə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvlərə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq.

    Doğrudur, AzTV və İTV-dən fərqli olaraq, özəl kanallar yaşamaq üçün özləri qazanmalıdırlar. Azərbaycanda reklam və teleticarətin həcmi və onun bazar qiyməti Avropa ölkələri, lap elə qonşu Türkiyə və Rusiya ilə müqayisədə hələlik hissolunacaq dərəcədə aşağı olduğundan telekanalların bu yolla qazanc əldə etməsi o qədər də asan başa gəlmir. Elə efirdəki problemlərin bir qismi də birbaşa bu amillərlə bağlıdır. Amma bu halda belə, telekanallar nəyi itirib nəyi qazandıqlarının fərqinə varmalıdırlar. Yəni, beş-üç manat artıq qazanmaq xatirinə tamaşaçı maraqlarını, deməli, həm də ümummilli maraqları yaddan çıxarmaq olarmı?!

    Hələlik “İdman Azərbaycan” kanalı istisna olmaqla, ölkəmizdə tematik kanal yoxdur. Belə olan halda mövcud telekanallar tematika məsələlərində xüsusilə çevik, həssas və peşəkar olmalıdırlar. Əfsuslar olsun ki, bu sahədə də həddən çox təkrar və uyğunsuzluqlar var. Mövzu qıtlığı və yanaşma yeknəsəkliyi çox qabarıq şəkildə hiss olunmaqdadır. Ayrı-ayrı kanallarda gedən bir sıra verilişlər mahiyyət etibarı ilə, demək olar ki, bir-birindən fərqlənmir. Mətbəx verilişləri, SMS-lə olan müsabiqələr və maqazin proqramları buna bariz misal ola bilər. Bu cür oxşarlıq və təkrarçılığı hətta gündəlik olaraq efirə gedən xəbər proqramlarında da çox aydın şəkildə müşahidə etmək olar.

    Xəbərlərin tamaşaçı və dinləyiciyə operativ şəkildə çatdırılması ilə bağlı da problemlər yaşanmaqdadır. İnformasiya bloklarında Azərbaycanın gündəlik ictimai-siyasi və mədəni həyatına dair xəbərlər azlıq təşkil edir. Fikrimizcə, efirin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə (maddə 32.0.2.1) teleradio kanallarında, “informasiyaların tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalıdır”.

    Əfsuslar olsun ki, teleradio yayımçılarının bu sahədəki fəaliyyətində də nöqsanlar mövcuddur. Məsələn, Teleradio Şurasının monitorinqləri nəticəsində müəyyən olunmuşdur ki, bəzi yayımçılar onlar üçün “doğma” hesab olunanları az qala hər gün yerli-yersiz ekrana çıxarır, “ögey”ləri isə əksinə, nə kimi fəaliyyəti və xidmətləri olsa belə, ekrana yaxın buraxmırlar. Sanki, bu və ya digər televiziya kimlərinsə şəxsi “votçina”sıdır. Bu səbəbdən də bəzi telekanallar hansısa nazirliyi və ya rayonu mütəmadi olaraq ya tənqid edir, ya da yerli-yersiz tərif edir. Əlbəttə, televiziya və onun başında duran insanlar bu cür cılız hisslərdən uzaq olmalıdırlar.

    Ayrı-ayrı televiziyaların səviyyəsi və reytinqi xeyli dərəcədə onların aparıcılarının şəxsiyyəti və peşəkarlığı ilə müəyyən olunur. Akademik Ramiz Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, bu gün Azərbaycan telekanallarındakı aparıcı problemi, demək olar ki, hər kəsi narahat etməkdədir. Doğrusu, Rafiq Hüseynov, Xəyal Tağıyev, Qənirə Paşayeva, Səadət Məmmədova, Mehriban Ələkbərzadə kimi peşəkarlar gedəndən sonra efirimiz çox miskin görünür. Aparıcılardan kimisə başqalarına nümunə göstərməkdə çətinlik çəkirsən.

    Teleradio sahəsində işlərin qaydasında getməsi üçün təkcə aparıcıların deyil, digər kateqoriyadan olan əməkdaşların da öz yerində olması çox vacibdir. Təəssüflər olsun ki, hələlik bu sahədə də boşluqlar və problemlər qalmaqdadır. Teleradio kanallarında müşahidə olunan kadr axıcılığı da bu sahədə problemlər olduğundan xəbər verir. Televiziya və radio kanalları üçün yüksək hazırlıqlı kadrlar hazırlanması da qənaətləndirici vəziyyətdə deyil. Nəzərə almalıyıq ki, bu gün ölkənin teleradio kanallarında minlərlə telejurnalist, operator, montajçı və rejissor çalışır. Onların sıraları daimi olaraq təzələnir. Buna müvafiq kadr ehtiyatı mövcuddurmu?! Ali məktəblərdə jurnalist ixtisasına yiyələnmiş gənclərin hazırlıq səviyyəsi onların televiziya və ya radioda çalışmalarına imkan verirmi?! Təəssüflər olsun ki, çox zaman bu suallara da müsbət cavab tapa bilmirik.

    Efir məkanı coğrafi baxımdan hüdudları intəhasız dərəcədə geniş olan bir anlayışdır. Ancaq bu, o demək deyildir ki, efirdə kim nə istəsə edə bilər. Əksinə, efir insan fəaliyyətinin, bəlkə də, ən çox ölçü-biçi və məsuliyyət tələb olunan fəaliyyət sahəsidir. Zarafat deyil, səni milyonlar seyr edir. Odur ki, efiri özünə fəaliyyət sahəsi seçənlərin nitqi də, məntiqi də, geyim və davranışı da hər cəhətdən nümunəvi olmalıdır. Təbiidir ki, ixtisas təhsili, nəzəri və praktiki hazırlığı olmayanlar bu tələblərə çox gec, həm də çətin uyğunlaşırlar. Toydan, mağardan çıxaraq efirə gələnlərin timsalında bunu aydın görürük.

    Televiziya da, radio da sovet dönəmində olduğu kimi, bu gün də çox güclü təbliğat maşını olaraq qalır. 70 il ərzində sovet ideologiyasının insanların şüuruna hakim kəsilməsində radio və televiziya ilə aparılan təbliğatın çox böyük rolu və əhəmiyyəti olub. Müstəqillik şəraitində radio və televiziyanın statusu və funksiyasında çox ciddi dəyişiklik baş verdi. Bu gün elektron KİV artıq dövlətin təbliğat maşını deyil, daha çox cəmiyyət həyatının güzgüsü olmaq funksiyasını daşıyır. Əfsuslar olsun ki, ölkə həyatının reallıqları hələlik bu güzgüdə yetərincə öz əksini tapmır. İstər tarixi və mədəni dəyərləri, istərsə də bu gün ölkə və cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində müşahidə olunan tərəqqi və inkişaf meylləri televiziya və radio kanalları tərəfindən arzu olunan səviyyədə təbliğ olunmur. Bu gün Naxçıvanda, Lənkəranda, Qəbələdə, Xaçmaz, Zaqatala və Yevlaxda, lap elə digər rayon və şəhərlərimizdə gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən bir çoxumuzun xəbəri belə yoxdur. Bu, o deməkdir ki, televiziyaların kameraları yaxşı işləmir, bölgələrlə əlaqə istənilən səviyyədə deyildir və s. Efir fəaliyyətində çox qabarıq şəkildə hiss olunan mövzu qıtlığı və təkrarçılığın bir səbəbi də elə budur.

    Bir sözlə, son illər Azərbaycanın teleradio məkanında çox ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş versə də, bu sahədə nöqsanlar və problemlər də çoxdur. Akademik Ramiz Mehdiyevin təbirincə desək, “bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarı ilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir”.

    Etiraf edim ki, teleradio yayımçılarının fəaliyyətindəki bu və ya digər nöqsanlarla bağlı, xüsusən də ayrı-ayrı verilişlərin “keyfiyyəti” və aparıcıların “səviyyəsi” ilə bağlı tamaşaçı və dinləyicilər vaxtaşırı olaraq Teleradio Şurasına da müraciət edirlər. Qaldırılan məsələlərin əksəriyyəti yayımçıların bilavasitə yaradıcılıq fəaliyyəti ilə bağlı olduğundan, təbiidir ki, Şura həmin müraciətləri aidiyyəti üzrə kanallara göndərməli olur. Çünki akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, qüvvədə olan qanunvericiliyə görə, Teleradio Şurası yayımçıların “yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür”.

    Bununla belə, Teleradio Şurası efirimizdə baş verənlərə heç bir halda biganə qala bilməz. Yəni, efirimizin bütün kəm-kəsirləri üçün birbaşa olmasa da, ən azı dolayısı yolla Teleradio Şurası da məsuliyyət daşıyır. Elə bu səbəbdəndir ki, son vaxtlar telekanalların milli-mənəvi dəyərlərlə bağlı işi dəfələrlə şura iclaslarının müzakirəsinə çıxarılmış, müvafiq tövsiyələr verilmiş, nöqsanlara yol vermiş bəzi yayımçılar isə, hətta, inzibati cəza və cərimə sanksiyalarına məruz qalmışdır. Heç şübhəsiz, Teleradio Şurası bundan sonra da monitorinqlərin nəticələrinə, mütəxəssis və ekspert rəylərinə, alimlərin, ziyalıların, digər kateqoriyadan olan ictimaiyyət nümayəndələrinin müraciət və təkliflərinə uyğun olaraq efirimizin sağlamlaşdırılması istiqamətində zəruri tədbirlər görməkdə davam edəcəkdir.

    Göründüyü kimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində Azərbaycan efirinin bir çox ciddi problemləri dərindən və hərtərəfli şəkildə təhlil olunaraq, onların həlli yolları göstərilmişdir. Əmin olmaq istərdik ki, teleradio yayımçıları məqalədə qaldırılan məsələləri geniş və işgüzar şəraitdə müzakirə etməklə Azərbaycan ictimaiyyətini düşündürən, narahat edən problemlərin aradan qaldırılması, beləliklə də ölkəmizin efir məkanının, sözün tam mənasında, sağlam olmasını təmin edəcəklər. Və yəqin ki, o zaman Azərbaycan tamaşaçısı daha kanalı dəyişərək xarici ölkə telekanallarına baxmaq barədə düşünməyəcək.

     

     

    Qafar CƏBİYEV,

    Azərbaycan Respublikası Milli Televiziya

     Radio Şurasının üzvü, tarix elmləri doktoru

     

    Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 4.

Yuxarı ^