• "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu

    Televiziya və radio yayımı haqqında

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

     

    Qəbul edilmişdir: 25 iyun 2002-ci il;

    Qüvvəyə minmişdir: 08 oktyabr 2002-ci il.

     

    Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.

     

    I FƏSİL. ÜMUMİ MÜDDƏALAR

     

    Maddə 1. Əsas anlayışlar

    1.0. Bu Qanunun məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

    1.0.1. abonent - televiziya və radio (bundan sonra – tele­radio) yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs;

    1.0.2. audiovizual informasiya - səslə müşayiət olunan görün­tülü (təsvirli) informasiya;

    1.0.3. yayım kanalı - teleradio verilişlərinin yayımı üçün zəruri olan texniki vasitələrin məcmusu, habelə teleradio ötürücüsünün istifadə etdiyi tezlik zolağı;

    1.0.4.  teleradio yayımı - elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsi ilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqələr, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir; (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 1.0.4-cü maddənin ikinci cümləsinə “Bu anlayışa həmçinin” sözlərindən sonra “yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsilə həyata keçirilməsinin təmin edilməsi və” sözləri əlavə edilmişdir.)

    1.0.5. retranslyasiya - bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının (verilişlərinin) digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması; (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 1.0.5-ci maddə yeni redaksiyada verilmişdir.)

    1.0.6. telekommunikasiya - elektrik və ya elekromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi; (20 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.6-cı maddədə “və elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi)” sözləri “və ya elekromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr)” sözləri ilə, “ötürülməsi” sözü “məsafəyə ötürülməsi” sözləri ilə əvəz edilmişdir.)

    1.0.7.kollektiv bölüşdürücü şəbəkə -teleradio proqramlarının peykdən, efirdən və kabel şəbəkəsindən qəbul olunaraq abonentlər arasında bölüşdürülməsi;

    1.0.8. yayım zonası -fərdi qəbul şəraitinin dövlət texniki standartlarının və normalarının tələblərinə cavab verdiyi ərazi hüdudları;

    1.0.9. teleradio yayımları şəbəkəsi - teleradio yayımçısının teleradio məhsullarını yayımlamaq üçün istifadə etdiyi və xüsusi razılıq (lisenziya) ilə müəyyənləşdirilən radiotezliklər, televiziya və radio ötürücü qurğuları, peyk ötürücü və qəbuledici stansiyaları, kabel və efir-kabel şəbəkələri;

    1.0.10. teleradio yayımlarının tezlik siyahısı -efir məqsədi ilə istifadə olunan, istifadəsi planlaşdırılan və boş qalan radiotezlikləri əks etdirən sənəd;

    1.0.11. canlı yayım - teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi;

    1.0.12. sosial teleradio yayımı -karlar və ya eşitmə qabiliyyəti zəif olan insanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramlar;

    1.0.13. teleradio yayımçısı -Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada reyestrdən keçən, teleradio proqramları (verilişləri) istehsal etmək və ya yayımlamaq səlahiyyəti olan, yaxud yayımın retranslyasiyası siqnallarının kodlarını açan qurğu və vasitələrin köməyi ilə həyata keçirilməsini təmin edən fiziki və ya hüquqi şəxs; (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 1.0.13-cü maddədə “və yayımlamaq səlahiyyəti olan yaxud yayımın üçüncü şəxs vasitəsilə” sözləri “və ya yayımlamaq səlahiyyəti olan, yaxud yayımın retranslyasiyası siqnallarının kodlarını açan qurğu və vasitələrin köməyi ilə” sözləri ilə əvəz edilmişdir.)

    1.0.14. ümumölkə yayımçısı - proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı («Ölkənin bütün ərazisi» dedikdə, televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir);

    1.0.15. teleradio proqramı -əhalinin geniş təbəqəsi üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, canlı yayımlanan yaxud əvvəlcədən lentə alınmış audio və audiovizual materialların (verilişlərin) məcmusu;

    1.0.16. teleradio verilişləri -teleradio yayımı üçün hazırlanan, təşkilati və tematik baxımdan teleradio proqramlarının ayrıca və bitkin hissəsi sayılan informasiya və digər materiallar toplusu;

    1.0.17. teleradio proqramlarının (verilişlərinin) istehsalçısı - yayımlanmaq üçün nəzərdə tutulan teleradio proqramları (verilişləri) hazırlayan fiziki və ya hüquqi şəxs;

    1.0.18. texniki yayım vasitələri -proqramların istehlakçıya çatdırılması üçün istifadə olunan radioelektron vasitələrinin və texniki cihazların məcmusu;

    1.0.19. qapalı teleradio şəbəkəsi - kütləvi yayım üçün nəzərdə tutulmayan təhsil, tədris, müdafiə, təhlükəsizlik və s. sahə maraqları üçün bir və ya bir-biri ilə əlaqəli bir neçə bina daxilində istifadə edilən kabelli televiziya;

    1.0.20. kabel şəbəkəsi yayımı - radiosiqnalların kabel sistemi vasitəsilə ötürülməsini və qəbulunu təmin edən televiziya yayımı;

    1.0.21. əlavə informasiya -teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik və digər informasiyalar;

    1.0.22. yayım siqnalı -teleradio proqramlarını və əlavə informasiyaları ötürən elektromaqnit dalğaları;

    1.0.23. yayım cədvəli -yayımçının efir siyasətinin aparıcı istiqamətlərini əks etdirən, teleradio proqramlarının siya­hı­sını, adını, ardıcıllığını və efirə getmə vaxtını göstərən sənəd;

    1.0.24. sərhədsiz televiziya -televiziya proqramlarının beynəlxalq müqavilələr əsasında digər ölkənin ərazisində yayımlanması;

    1.0.25. teleticarət - daşınmaz əmlakın, mal və xidmətlərin alınmaq, satılmaq, göndərilmək üçün efir vasitəsi  ilə təklif olunması;

    1.0.26. sponsor -teleradio yayım fəaliyyəti ilə məşğul olmayan, adının tanınması, ticarət markasının şöhrətlənməsi yaxud imicinin yüksəlməsi məqsədi ilə ayrılıqda bir verilişi və ya bir proqramı maliyyələşdirən fiziki yaxud hüquqi şəxs;

    1.0.27. nəzarət fonoqramı - efirə verilmiş bütün teleradio proqramlarının (verilişlərinin) nəzarət məqsədilə lentə alınması.

     

    Maddə 2.Teleradio yayımının azadlığı

    2.1. Azərbaycan Respublikasında teleradio yayımı azaddır. Teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

    2.2. Teleradio yayımı sahəsində senzura yolverilməzdir.

    2.3. Yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər.

    2.4. Dövlət və yerli özünüidarəetmə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır.

    2.5. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə teleradio yayımının azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

    (4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 2.5- ci maddə əlavə edilmişdir.)

     

    Maddə 3.Teleradio fəaliyyətinin əsas prinsipləri

    Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır. (20 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddədə “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilmişdir.)

     

    Maddə 4.Teleradio yayımı haqqında Azərbaycan  Respublikasının qanunvericiliyi

    4.1. Teleradio yayımı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

    4.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

     

    Maddə 5.Teleradio yayımında inhisarçılığa məhdudiyyətlər

    5.1. Kabel şəbəkəsi ilə yayım və xarici ölkələrə yayım istisna olmaqla, bir teleradio yayımçısı, həmçinin onun struktur bölmələri televiziya ilə iki, radio ilə üç proqramdan artıq yayımla məşğul ola bilməzlər.

    5.2. Fiziki və hüquqi şəxs yalnız bir teleradio yayımının təsisçisi (həmtəsisçisi) ola bilər.

     

    II FƏSİL. YAYIMÇILAR

     

    Maddə 6.Azərbaycan Respublikasında teleradio sistemi

    6.1. Azərbaycan Respublikasında teleradio yayımı milli teleradio sisteminin əsasını təşkil edən dövlət, bələdiyyə, özəl və ictimai yayımçılar tərəfindən həyata keçirilir.

    6.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olma­ya­raq Azərbaycan Respublikasında bütün yayımçılar bərabər hü­quqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyırlar.

    Maddə 7.Dövlət yayımçısı

    7.0. Dövlət yayımçısı:

    7.0.1.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təsis olunur;

    7.0.2.dövlət büdcəsi, reklamdan daxilolmalar və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

    7.0.3.dövlətin və cəmiyyətin mənafeyinə yönəlmiş məlu­mat­landırıcı, maarifləndirici və əyləndirici proqramlar yayımlayır;

    7.0.4.(22 aprel 2005-ci il  tarixli    897 - IIQD  nömrəli   Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının    Qanunvericilik    Toplusu, 2005-ci il, № 6, maddə 469)ilə 7.0.4-cü maddə çıxarılmışdır.)

     

    Maddə 8.Bələdiyyə yayımçısı

    8.1. Bələdiyyə yayımçısı:

    8.1.1.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada yerli özünüidarəetmə orqanı tərəfindən  təsis  olunur  və reyestrdən keçir;

    8.1.2.yerli büdcə, reklamdan daxilolmalar və qanunla qadağan olunmayan digər mənbələr, habelə yerli rəy sorğusu yolu ilə qəbul edilən qərarla müəyyənləşdirilmiş abonent haqqı hesabına maliyyələşdirilir;

    8.1.3. ayrılıqda təmsil olunduğu ərazinin, bütövlükdə cəmiyyətin mənafeyinə yönəlmiş   məlumatlandırıcı, maarifləndirici və əyləndirici proqramlar yayımlayır;

    8.1.4.teleradio fəaliyyətinin hüquqi rejimini bu Qanunun müddəalarını nəzərə almaqla, müstəqil şəkildə müəyyənləşdirir.

    8.2.Bələdiyyə yayımçısı bir və ya bir neçə yerli özünüidarəetmə orqanı tərəfindən yaxud fiziki və hüquqi şəxslərlə birlikdə təsis oluna bilər.

     

    Maddə 9.İctimai yayımçı

    9.1. İctimai yayımçı:

    9.1.1.qanunla nəzərdə tutulmuş qaydada və formada yaradılır; (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 9.1.1-ci maddə yeni redaksiyada verilmişdir.)

    9.1.2. qanunla başqa hal nəzərdə tutulmayıbsa, abonent haqqı hesabına maliyyələşdirilir.

    9.2. İctimai yayımçının teleradio fəaliyyəti müvafiq qanunla və həmin qanunda müəyyən olunmuş qaydada təsdiq olunan Nizamnamə ilə tənzimlənir.

     

    Maddə 10.Özəl yayımçı

    10.1.Özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

    10.2.Özəl yayımçıların dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

    10.3.Aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər:

    10.3.1.ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;

    10.3.2.fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

    10.3.3. siyasi partiyalar;

    10.3.4. dini qurumlar.

    10.4. Özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər.

    10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur (3 aprel 2009-cu il tarixli 784-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 10.5-ci maddə əlavə edilmişdir).

     

    III fəsİl. Teleradio yayımı sahəsində dövlət tənzimləməsi

     

    Maddə 11.Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri

    11.1. İnformasiya məkanının vahid inkişaf konsepsiyasına uyğun olaraq dövlət:

    11.1.1. teleradio fəaliyyətini tənzimləmək üçün qanunvericilik bazası yaradır;

    11.1.2.məqsədli dövlət proqramları hazırlayır və həyata keçirir;

    11.1.3.teleradio yayımı zamanı bu Qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir;

    11.1.4. teleradio yayım kanallarını (tezlikləri) istifadəyə verir.

    11.2.Azərbaycan  Respublikasında  teleradio  yayımını tənzimləyən  dövlət orqanı  Azərbaycan  Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq yaradılır.

    11.3.Teleradio yayımı sahəsində müvafiq dövlət orqanı dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir.

    11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədi  ilə:

    11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;

    11.4.2. teleradio yayımçılarının reyestrini aparır;

    11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;

    11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır; (3 aprel 2009-cu il tarixli 784-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 11.4.4-cü maddə yeni redaksiyada verilmişdir)

    11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədi  ilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir;

    11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verir. (3 aprel 2009-cu il tarixli 784-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə 11.4.6-cı maddə əlavə edilmişdir)

    11.5. Teleradio yayımı sahəsində müvafiq dövlət orqanı:

    11.5.1. teleradio verilişlərinin ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin qanunvericilikdə və xüsusi razılıqda (lisenziyada) müәyyәn olunmuş qaydada və şərtlərə uyğun istismarına;

    11.5.2. yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına;

    11.5.3. uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə;

    11.5.4. terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə;

    11.5.5. reklamın bu Qanunla müəyyənləşdirilmiş qaydada yayımlanmasına;

    11.5.6. Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edir.

    11.6. İctimai yayımla bağlı konkret məsələlərin araşdırılması və həll edilməsi üçün ictimai yayımçının rəsmi müraciəti əsasında teleradio yayımı sahəsində müvafiq dövlət orqanına səlahiyyət verilə bilər, bu şərtlə ki, ictimai yayımın yaradıcılıq və redaksiya müstəqilliyi məhdudlaşdırılmasın.

    Maddə 12.Dövlət orqanlarının informasiyalarının yayılması

    Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün yayımçılar insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarını dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borcludurlar.

    Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

    12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

    12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

    12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.

    Maddə 13.Dövlətin ehtiyacları üçün yayım məhsulları

    13.1. Mülkiyyət  və  təşkilati - hüquqi   formasından  asılı  olmayaraq, istənilən  yayımçı  və  teleradio  məhsullarının  istehsalçısı teleradio  məhsullarının istehsalı  və  yayımı  üzrə dövlət sifarişini yerinə yetirmək hüququna malikdir. Dövlət sifarişçisi teleradio yayımı sahəsində müvafiq dövlət orqanıdır.

    13.2. Teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişi müsabiqə əsasında həyata keçirilir.

    13.3. Teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişlərinin müqavilə əsasında formalaşdırılması, yerləşdirilməsi və icrası qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir.

    13.4. Dövlətin ehtiyacları üçün teleradio məhsullarının haqqının ödənilməsi dövlət büdcəsi və bu məqsədlə cəlb edilən büdcədənkənar mənbələr hesabına təmin edilir.

    13.5. Müvafiq dövlət orqanı məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabiliyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayıb bu Qanunla müəyyənləşdirilmiş qaydada sifarişlər verir.

     

     

    IV FƏSİL. YAYIM ÜÇÜN XÜSUSİ RAZILIĞIN (LİSENZİYANIN) VERİLMƏSİ QAYDALARI

     

    Maddə 14.Teleradio yayımı  üçün  xüsusi  razılıq   (lisenziya)

    14.1. Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

    14.2. Azərbaycan  Respublikasında  sərhədsiz televiziya yayımı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

    14.3.Sərhədsiz televiziya proqramlarını Azərbaycan Respublikasının ərazisində yayımlamaq istəyən xarici teleradio yayımçısı xüsusi razılıq (lisenziya) almaq üçün bu Qanunla müəyyənləşdirilmiş qaydada müsabiqədə iştirak edir.

    14.4.Müsabiqənin nəticələrinə görə qalib elan edilən xarici teleradio yayımçısı müvafiq icra hakimiyyəti orqanı ilə bu Qanunun 16.6-cı maddəsində müəyyənləşdirilmiş qaydada müqavilə bağlayır.

     

    Maddə 15.Xüsusi razılıq (lisenziya) almaq üçün müsabiqə

    15.1.Yayım üçün xüsusi razılıq (lisenziya), dövlət və ictimai teleradio yayımı istisna olmaqla, müsabiqə əsasında verilir.

    15.2.Müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilir.

    15.3.Xüsusi razılıq (lisenziya) üçün müsabiqə şərtləri müəyyən olunarkən tamaşaçıların, dinləyicilərin və dövlətin mənafeyi nəzərə alınmalıdır.

    15.4.Müsabiqədə iştirak etmək arzusunu bildirən ərizəçilər (bundan sonra -iddiaçılar) müsabiqə keçirən orqanın müəyyən etdiyi məbləğdə birdəfəlik haqq ödəməlidirlər.

    15.5.Xüsusi razılıq (lisenziya) üçün müsabiqə keçirilərkən aşağıdakılar nəzərə alınır:

    15.5.1. iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu;

    15.5.2. teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları;

    15.5.3. açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.

     

    Maddə 16.Teleradio yayımlarının tezlik siyahısı

    16.1. Teleradio yayımlarının tezlik siyahısını müvafiq icra hakimiyyəti orqanı tərtib edir. Bu zaman radio xidmətləri arasında tezlik zolaqlarının bölgü cədvəli nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində efir məqsədi üçün istifadə edilən və istifadəsi planlaşdırılan radiotezliklərin siyahısı əsas götürülür.

    16.2. Tezlik siyahısına istifadə edilən tezliklərdə fəaliyyət göstərən yayımçılar, onların xüsusi razılıqları (lisenziyaları) və yayım zonası haqqında məlumatlar da daxil edilir.

    16.3. Müvafiq icra hakimiyyəti orqanı boş qalan istifadəyə yararlı efir radiotezliklərinin siyahısını ildə bir dəfədən az olmayaraq müsabiqə keçirən orqana təqdim edir.

    16.4. Müvafiq icra hakimiyyəti orqanı boş qalan istifadəyə yararlı efir radiotezlikləri haqqında məlumatı həmçinin müsabiqə keçirən orqanın sorğusuna əsasən təqdim edir.

    16.5. Müvafiq icra hakimiyyəti orqanı və müsabiqəni keçirən orqan tezlik siyahısını ildə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində dərc etdirir.

    16.6. Müsabiqənin nəticələrinə görə qalib elan edilən yayımçı texniki rabitə vasitələrindən istifadə etməklə xüsusi razılıqda (lisenziyada) göstərilən kanalda (tezlikdə) yayım aparmaq üçün müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayır və müəyyənləşdirilmiş qaydada və məbləğdə istifadə haqqı ödəyir.

    16.7. Yayımçı yayımın texniki təminatı (ötürülməsi) ilə bağlı Azərbaycan Respublikasının telekommunikasiya operatoru ilə müqavilə bağlaya bilər. Bu müqavilədə, həmçinin bu Qanunun 16.6-cı maddəsində göstərilən müqavilədə tətbiq olunan tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.(20 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 16.7-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “Azərbaycan Respublikasının telekommunikasiya operatoru” sözləri ilə əvəz edilmişdir.)

    16.8. Qanuni əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanı müqavilə bağlamaqdan imtina edə bilməz.

    16.9. Yayımçı müqavilə bağlanılmasından əsassız olaraq imtina barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir. (9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16.9-cu maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir)

    16.10. Eyni subyekt həm yayım, həm də yayımın texniki təminatı sahəsində fəaliyyət göstərə bilər.

    16.11. Teleradio yayımçısı istifadə haqqını       müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra  hakimiyyəti orqanı xüsusi  razılığın (lisenziyanın)   qüvvəsinin   istifadə   haqqı  ödənilənədək  dayandırılması barədə   teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir (24 fevral 2015-ci il tarixli Qanunla “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilmişdir).

     

    Maddə 17.Xüsusi razılıq (lisenziya) alınması üçün tələb olunan sənədlər

    17.0. Xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

    17.0.1. müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada ərizə;

    17.0.2. iddiaçı hüquqi şəxsdirsə, proqram konsepsiyası, dövlət qeydiyyatından keçməsi barədə sənədin və nizamnaməsinin surətləri;

    17.0.3. iddiaçı fiziki şəxsdirsə, proqram konsepsiyası;

    17.0.4. yayımı həyata keçirmək üçün zəruri olan yaradıcılıq və texniki imkanları haqqında müsabiqə keçirən orqan tərəfindən müəyyən olunmuş formada məlumat;

    17.0.5. müsabiqədə iştirak üçün birdəfəlik ödəniş haqqında sənəd;

     

    Maddə 18.Sənədlərin qəbulundan və xüsusi razılıq (lisenziya) verilməsindən imtina

    18.1. Aşağıdakı hallarda iddiaçının sənədləri qəbul edilmədən geri qaytarılır:

    18.1.1.ərizə buna hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

    18.1.2. eyni ad altında başqa teleradio yayımçısı fəaliyyət göstərirsə;

    18.1.3.sənədlər bu Qanunun tələblərinə və müsabiqənin şərtlərinə uyğun hazırlanmayıbsa;

    18.1.4.təsisçinin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olduqda;

    18.1.5. texniki və yaradıcılıq imkanları müsabiqənin şərtlərinə uyğun gəlmirsə;

    18.1.6.iddiaçının teleradio yayımı üçün əvvəllər aldığı xüsusi razılığın (lisenziyanın) fəaliyyətinə xitam verilməsindən bir ildən az müddət keçibsə.

    18.2. İddiaçıya sənədlərin geri qaytarılması barədə üç gün ərzində onu qane edən formada (yazılı və ya şifahi) məlumat verilir.

    18.3. Sənədlərin geri qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırılarsa, iddiaçı sənədlərini yenidən müsabiqəyə təq­dim edə bilər, bu zaman iddiaçıdan təkrar ödəniş tələb olunmur.

    18.4. Sənədləri müsabiqəyə qəbul edilmiş iddiaçılara yalnız aşağıdakı hallarda xüsusi razılı (lisenziya) verilməsindən imtina edilir:

    18.4.1. müsabiqənin yekunlarına görə qalib seçilməyibsə;

    18.4.2. xüsusi razılıq (lisenziya) almaq üçün verilən ərizədə və sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar varsa;

    18.4.3. teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunmaması barədə müvafiq icra hakimiyyəti orqanının rəyi olduqda.

    18.5. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina barəsində qərar müsabiqənin nəticələrinin elan olunduğu gündən etibarən 15 gün ərzində təqdim olunur. Xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina haqqında qərar, imtinanın səbəbləri göstərilməklə, iddiaçıya yazılı şəkildə göndərilir. Bu qərarın təqdim edildiyi gündən bir ay müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər  (9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 18.5-ci maddənin üçüncü cümləsində “bir ay müddətində” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir).

     

    Maddə 19.Xüsusi razılığın (lisenziyanın) verilməsi

    19.1. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra qəbul olunur və müsabiqənin nəticələri elan olunduğu gündən başlayaraq 15 gün müddətində təqdim edilir.

    19.2. Xüsusi razılığın (lisenziyanın) forması müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.

    19.3.Xüsusi razılığın (lisenziyanın) qüvvəsi onu almış yayımçının hüquqi varislərinə yaxud təsis etdiyi digər hüquqi şəxslərə şamil edilmir.

    19.4. Bu Qanun qüvvəyə minənədək verilən xüsusi razılıq (lisenziya) həmin sənəddə göstərilən müddət ərzində etibarlıdır.

    19.5. Yayımçı xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi məbləğdə dövlət rüsumu ödəyir.

     

    Maddə 20.Yayım hüququnun təminatı

    20.1. Xüsusi razılıq (lisenziya) teleradio yayımı sahəsində yeganə hüquqi sənəddir.

    20.2. Dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər yayımçıların xüsusi razılıq (lisenziya) ilə müəyyənləşdirilmiş hüquqlarını məhdudlaşdıra bilməzlər.

    20.3. Xüsusi razılıq (lisenziya) müvafiq icra hakimiyyəti orqanı ilə, habelə digər fiziki və hüquqi şəxslərlə teleradio yayımı sahəsində müqavilәlәr bağlamaq üçün əsasdır.

     

    Maddə 21. Xüsusi razılığın (lisenziyanın) məzmunu

    21.1. Xüsusi razılıqda (lisenziyada) aşağıdakı məlumatlar göstərilir:

    21.1.1. teleradio yayımçısının adı, təşkilati-hüquqi forması və olduğu yer;

    21.1.2. yayımın növü (televiziya yayımı, radio yayımı, əlavə yayım və s.);

    21.1.3. yayım üsulu (kabelli, peyk vasitəsi  ilə, internet, efir, efir-kabel və s.);

    21.1.4. yayım zonası;

    21.1.5. teleradio yayımının efirə çıxacağı vaxt;

    21.1.6. xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti;

    21.1.7. xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

    21.1.8. teleradio yayımının tezliyi və bu tezlikdə teleradio proqramını yayımlayan ötürücünün gücü;

    21.1.9. ötürücünün yerləşdiyi yer;

    21.1.10. nəzərdə tutulan auditoriya;

    21.1.11. teleradio yayımının dili (dilləri);

    21.1.12. teleradio yayımının dövriliyi, həcmi;

    21.1.13. yayımın başlama tarixi;

    21.1.14. xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduğu hallarda yayımçının məsuliyyəti.

    21.2. Teleradio yayımçısının ərizəsində göstərilən və xüsusi razılığa (lisenziyaya) daxil edilən məlumatlar dəyişdiyi gündən başlayaraq ən geci 30 gün ərzində müvafiq dövlət orqanına xəbər verilməlidir.

    21.3. Teleradio yayımçısı xüsusi razılıqda (lisenziyada) göstərilən digər məlumatları müvafiq dövlət orqanı ilə razılaşdırmadan dəyişdirə bilməz.

     

    Maddə 22.Xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti

    22.1. Ərizədə daha az müddət göstərilməyibsə, xüsusi razılıq (lisenziya) 6 il müddətinə verilir. Bu müddətdə ayrılan tezlikdən istifadə texniki baxımdan mümkün deyilsə, xüsusi razılıq (lisenziya) daha az müddət üçün verilə bilər.

    22.2. Müsabiqə keçirən orqan xüsusi razılığa (lisenziyaya) ayrılan müddətin bitməsinə ən geci üç ay qalmış boşalan tezlik resursu barədə məlumatı dərc edir.

    22.3. Boşalan tezlik resursundan istifadə edən və xüsusi razılığın (lisenziyanın) müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın (lisenziyanın) vaxtını uzatmaq barədə xüsusi razılığın (lisenziyanın) müddətinin bitməsinə azı 6 ay qalmış ərizə verdikdə, bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə xüsusi razılığın (lisenziyanın) müddəti daha 6 il uzadılır. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 22.3-cü maddədə “uzatmaq barədə” sözlərindən sonra “xüsusi razılığın (lisenziyanın) müddətinin bitməsinə azı 6 ay qalmış” sözləri əlavə edilmişdir.)

    22.4. Yayımçı xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə qanunvericiliyin tələblərini dəfələrlə pozmuşdursa və müvafiq dövlət orqanının xəbərdarlığına baxmayaraq həmin pozuntular qısa müddətdə aradan qaldırılmamışdırsa və ya yayımçı barədə dəfələrlə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq məsuliyyət tədbirləri tətbiq olunmuşdursa, boşalan tezlik resursundan istifadə etməklə xüsusi razılıq (lisenziya) almaq üçün bu Qanunla müəyyənləşdirilmiş qaydada müsabiqə elan edilir. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanun­ve­ricilik Toplusu, 2005-ci il, № 6, maddə 469) ilə 22.4-cü maddədə “cərimə və digər sanksiyalar” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq məsuliyyət tədbirləri” sözləri ilə əvəz edilmişdir.)

     

    Maddə 23.Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi (24 fevral 2015-ci il tarixli Qanunla maddənin mətni yeni redaksiyada verilmişdir)

    23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır.

    23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə aşağıdakı hallarda xitam verilir:

    23.2.1. xüsusi razılığın (lisenziyanın) sahibi həmin məqsədlə ərizə təqdim etdikdə;

    23.2.2. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;
    23.2.3. yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə;

    23.2.4. xüsusi razılıqda (lisenziyada) müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə;

    23.2.5. xüsusi razılığın (lisenziyanın) sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;
    23.2.6. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

    23.2.7. yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə;

    23.2.8. yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə;

    23.2.9. xüsusi razılığın (lisenziyanın) sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə.

    23.3. Teleradio yayımı sahəsində müvafiq dövlət orqanının xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə verilir.

    23.4. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam verilir.

    23.5. Teleradio yayımı zamanı bu Qanunun tələblərinin və ya xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması ilə bağlı iddia ərizəsinə məhkəmə tərəfindən, iddia ərizəsinin təqdim edildiyi gündən ən geci 15 gün müddətində baxılır və məhkəmə aktı qəbul edilir.

     

    Maddə 24.Əlavə informasiya yayımı hüququ

    Yayımçı əlavə informasiya xidmətləri göstərə bilər. Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramlarla heç bir əlaqəsi olmayan əlavə informasiya xidməti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

     

    Maddə 25.Teleradio yayımının texniki vasitələrinin və avadanlıqlarının sertifikatlaşdırılması

    Teleradio yayımının maddi-texniki bazasını təşkil edən, teleradio proqramlarının hazırlanması, istehsalı, formalaşdırılması və yayımlanmasını təmin edən texniki vasitələr və avadanlıqlar (dövlət standartlarına və beynəlxalq standartlara uyğunluğu məqsədilə) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılır. 

     

     

    V FƏSİL.TELERADİO YAYIMININ TƏŞKİLİ

     

    Maddə 26.Teleradio proqramlarının yayımlanma şərtləri

    26.1. Yayımçı:

    26.1.1. yayım üçün xüsusi razılıq (lisenziya) aldıqdan;

    26.1.2. teleradio yayımçısı kimi reyestrdən keçdikdən;

    26.1.3.texniki rabitə vasitələrindən istifadə etməklə xüsusi razılıqda(lisenziyada) göstərilən kanal və tezlikdə yayım aparmaq üçün müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağladıqdan sonra yayım fəaliyyətinə başlaya bilər.

    26.2.Yayımın texniki vasitələrinin sahibi və ya onun istismarını həyata keçirən təşkilat həmin vasitələri yayım üçün xüsusi razılığı (lisenziyası) olmayan üçüncü şəxsin istifadəsinə verə bilməz.

    26.3.Yayım ancaq xüsusi razılıqda (lisenziyada) müəyyən edilmiş tezlikdə və yayım zonasında aparıla bilər.

    26.4. Teleradio proqramlarının (verilişlərinin) retranslyasiyası yayımçı ilə retranslyasiyanı aparan qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

    26.5.Proqramın (verilişin) yayımına teleradio yayımının rəhbəri və ya onun təyin etdiyi şəxs (məsul redaktor) icazə verir, həmin şəxs proqramın (verilişin) keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır.

     

    Maddə 27.Teleradio məhsullarının istehsalı

    27.1. Teleradio məhsulları, o cümlədən əlavə informasiya bu məqsədlə yaradılmış teleradio məhsullarının istehsalçısı yaxud yayımçının özü tərəfindən hazırlanır.

    27.2.Yayımçı ilə teleradio məhsullarının istehsalçısı arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə   müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilə ilə  tənzimlənir.

     

    Maddə 28.İstinad məlumatları

    28.1. Yayımçı, gün ərzində yayım aparılırsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda öz adını və başqa məlumatları (çağırış kodunu, emblemini və s.) elan etməlidir.

    28.2. Hər bir teleradio verilişi və ya onun təkrarı efirə buraxılarkən aşağıdakı məlumatlar əlavə olunmalıdır:

    28.2.1. verilişin adı;

    28.2.2. verilişin efir vaxtı;

    28.2.3. müəllifin və efirə buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı;

    28.2.4. yayımçının adı və ünvanı;

    28.2.5. yayımçının müəyyənləşdirdiyi digər məlumatlar.

     

    Maddə 29.Peyk vasitəsilə teleradio yayımı

    29.1. Peyk vasitəsilə teleradio yayımı aşağıdakı üstün istiqamətlər üzrə həyata keçirilir:

    29.1.1. fərdi abonentlər və kollektiv bölüşdürücü şəbəkələr tərəfindən qəbul edilməsi üçün ümumölkə yayımçılarının proqramlarının yayımı;

    29.1.2. ölkə və xarici dövlətlərin teleradio yayımçıları ilə proqramların (verilişlərin) mübadiləsi.

    29.2. Peyk vasitəsilə teleradio yayımının qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

     

    Maddə 30.Kabel şəbəkəsi yayımı

    30.1. Kabel şəbəkəsi yayımı Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

    30.2. Kabel şəbəkəsi yayımı müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.

    30.3.Kabel şəbəkəsinin yaradılması, inkişafı, təkmilləşdirilməsi, kabel yayım  siqnalları sisteminin istismarı,  tezlik və  kanalların   istifadəyə verilməsi  müvafiq dövlət  orqanı    və  müvafiq  icra   hakimiyyəti  orqanı   tərəfindən birlikdə həyata keçirilir.

     

    Maddə 31.Seçki (referendum) kampaniyası zamanı televiziya və radiodan istifadə qaydaları (30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 31-ci maddə yeni redaksiyada verilmişdir.)

    Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azər­bay­can Respublikası Prezidentinin və bələdiyyə üzvlərinin seçkiləri zamanı qeydə alınmış namizədlərin, siyası partiyaların, siyası partiyalar blokunun, habelə referendum zamanı referendum üzrə təşviqat qrupunun efirdən istifadə qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

    Maddə 32. Proqrama verilən tələblər

    32.0. Proqramlar yayım üçün hazırlanarkən aşağıdakı tələblərə əməl olunmalıdır:

    32.0.1.maarifçilik   və   mədəniyyət   məsələlərinə   üstünlük verilməli, proqramların   tarazlaşdırılması   yolu   ilə    efirin kommersiya,informasiya,   yaxud   digər   eynitipli   verilişlərlə yüklənməsinin   qarşısı   alınmalıdır;

    32.0.2. hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait yaradılmalıdır, bu şərtlə ki:

    32.0.2.1.informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun;

    32.0.2.2.proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşısınlar;

    32.0.3. insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır;

    32.0.4.faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;

    32.0.5. terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunmamalıdır;

    32.0.6. proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə təmin edilməlidir;

    32.0.7.teleradio yayımı sahəsində dövlət texniki standartlarına əməl olunmalıdır;

    32.0.8. karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır;

    32.0.9. milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır;

    32.0.10.dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir (1 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azər­bay­can Respublikasının Qanunu  ilə 32.0.9-cu maddəsinin so­nun­da nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və qanuna yeni məzmunda 32.0.10-cu maddə əlavə edilmişdir). 

     

    Maddə 33.Uşaqların və yetkinlik yaşına çatmayanların qorunması

    33.1.Müvafiq dövlət orqanı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirir.

    33.2.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anon­sunda, eləcə də yayımından əvvəl bu barədə mütləq məlumat verilməlidir.

    33.3.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasına qadağa qoyulduğunu bildirən xüsusi simvollar, yazılar, yaxud proqramın xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır.

     

    Maddə 34.Teleradio yayımı sahəsində ictimai birliklər

    34.1.Yayımçılar, istehlakçılar və teleradio məhsullarının istehsalçıları öz maraqlarını qorumaq məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər yarada bilərlər.

    34.2.Bu ictimai birliklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada qeydiyyata alınmış Nizamnamələri əsasında fəaliyyət göstərirlər.

    34.3.Müvafiq dövlət orqanı xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunması üzərində nəzarəti həyata keçirərkən bu ictimai birliklərin rəyini nəzərə alır.

     

    Maddə 35.Reklamın yayılması

    35.1.Teleradio proqramlarında (verilişlərində) yayımlanan reklam və teleticarət asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual və (və ya) akustik şəkildə (görüntülü və (və ya) səsli) fərqlənməlidir.

    35.2.Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır.

    35.3.Reklam və teleticarət ayrı-ayrı verilişlərin arasına blok şəklində salınmalıdır. Reklam bir verilişin yayımı zamanı da göstərilə bilər, bu şərtlə ki, bu Qanunun 35.4-cü və 35.5-ci maddələri ilə müəyyənləşdirilmiş qaydalara əməl olunsun.

    35.4. Müstəqil hissələrdən ibarət televerilişlərdə, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında, ya da fasilələrdə verilə bilər. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 35.4-cü maddənin ikinci cümləsində “20 dəqiqədən” sözləri “15 dəqiqədən” sözləri ilə əvəz edilmişdir.)

    35.5.Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə  verilir.

    35.6.Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.

    35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz (3 aprel 2009-cu il tarixli 784-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 35.7-ci maddə yeni redaksiyada verilmişdir).

    35.8. Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi bir saatda 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 35.8-ci maddədə “həcmi” sözündən sonra “bir saatda” sözləri əlavə edilmişdir.)

    35.9. (30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 35.9-cu maddə çıxarılmışdır.)

    35.10. Televiziya və radio ilə narkotik vasitələrin, psixotrop maddələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, Azərbaycan Respublikasının qanunvericiliyi ilə reklamı qadağan olunan digər məhsulların, habelə saat 07.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azər­baycan Respublikasının Qanunu ilə 35.10-cu maddə yeni  redaksiyada verilmişdir, 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə 35.10-cu maddəsinə “narkotik vasitələrin,” sözlərindən sonra “psixotrop maddələrin,” sözləri əlavə edilmişdir).

    35.11.Qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və satışına icazə verilməyən tibb vasitələrinin reklamı qadağandır. Xidmət göstərilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə metodlarının, profilaktika, diaqnostika və reabilitasiyanın (hətta onlar patent alsalar belə) reklamına yol verilmir. (22 may 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 35.11-ci maddədə «dərmanların, tibb təyinatlı məhsulların və texnikanın» sözləri «tibb vasitələrinin» sözləri ilə əvəz edilmişdir.)

    35.12.Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamı qadağandır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır (22 iyun 2010-cu il tarixli 1047-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə 35.12-ci maddəsi yeni redaksiyada verilmişdir).

    35.13. Televiziya reklamlarında:

    35.13.1. insanların ləyaqətinə, dini və siyasi əqidəsinə;

    35.13.2. sağlamlığına və təhlükəsizliyinə;

    35.13.3. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdim olunması qadağandır.

    35.14. Televiziya reklamları uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərərli təsir göstərməməlidir. Bunun üçün həmin reklamlarda aşağıdakı tələblərə əməl olunmalıdır:

    35.14.1.uşaqlara və yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına ciddi zərbə vuran elementlərdən istifadə olunmamalı;

    35.14.2.tutarlı səbəblər olmadan, uşaqlar və yetkinlik yaşına çatmayanlar qorxulu vəziyyətlərdə göstərilməməlidir.

    35.15. Aşağıdakılar reklam sayılmır:

    35.15.1.yayımçıların öz məhsullarının anonsu;

    35.15.2.kommunal xidməti təşkilatlarının və xeyriyyəçilərin yayımladıqları elanlar.

    35.16. Azərbaycan Respublikası Milli Məclisi sessiyalarının, rəsmi dövlət tədbirlərinin,Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis və Konstitusiya Məhkəməsi sədrlərinin çıxışları reklam materiallarının verilməsi məqsədi ilə kəsilə bilməz, habelə reklam materialları titrlər vasitəsilə yayımlana bilməz.

     

    Maddə 36.Teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluq

    36.1.Teleradio məhsulu dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxsləri tərəfindən maliyyələşdirilə bilər.

    36.2.Reklamı qadağan olunmuş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.

    36.3.Xarici ölkələrin hüquqi və fiziki şəxsləri teleradio məhsullarına qismən (ayrı-ayrı verilişlərə və ya proqramlara) sponsorluq edə bilərlər.

    36.4.Sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə   yaxud titrlər və ya diktor  mətni vasitəsi   ilə   bu    barədə   açıq   informasiya verilməlidir.Tərəflər arasında bağlanmış  müqavilələrdə    sponsorun  elan  edilməsinin  başqa  üsulları  da müəyyən  edilə bilər.

    36.5. Xəbərlərin buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz.

    36.6. Sponsorların teleradio yayımçılarının müstəqilliyinə, yaradıcı və redaksiya fəaliyyətinə müdaxiləsi yolverilməzdir.

     

    Maddə 37.Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması

    37.1. Yayımçılar Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müxbir məntəqələri, filial və nümayəndəliklər yarada bilərlər.

    37.2. Müxbir məntəqələri, filial və nümayəndəliklər teleradio yayımçılarının struktur bölmələridir və onların mənafeyini təmsil edir.

    37.3. Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər (3 aprel 2009-cu il tarixli 784-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3-cü maddə əlavə edilmişdir).

     

    Maddə 38.Teleradio proqramları (verilişləri) materiallarının saxlanılması

    38.1.Teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazılan və s.) efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır.

    38.2.Bir ay ərzində proqram (veriliş) barədə şikayət daxil olubsa yaxud məhkəmə qarşısında iddia qaldırılıbsa, proqramın (verilişin) materialları mübahisə başa çatanadək saxlanılmalıdır.

    38.3.Proqram (veriliş) materiallarının saxlanma qaydaları yayımçı tərəfindən müəyyənləşdirilir.

    38.4.Qeydiyyat jurnalında efirə çıxmış proqramların (ve­ri­liş­lə­rin) tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçıları göstərilməlidir.

    38.5. Seçkiqabağı təşviqata aid teleradio proqramlarının video və audio yazısı aparılır, həmin yazılar efirə çıxdığı gündən 12 ay müddətində müvafiq teleradio verilişləri təşkilatları tərəfindən qorunub saxlanılır. Teleradio verilişləri təşkilatları pulsuz və ödənişli efir vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il müddətində saxlamalıdırlar. (30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə 38.5-ci maddə əlavə edilmişdir.)

     

     

    VI FƏSİL. YAYIMÇILARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

     

    Maddə 39.Yayımçıların müəlliflik hüququ

    39.1.Yayımçılar yayımladıqları verilişlər (filmlər) və proqramlar üzərində imzaladıqları müqavilələrin verdiyi səlahiyyət çərçivəsində müəlliflik hüququna malikdirlər.

    39.2.Yayımçı digər teleradio yayımçılarının proqramlarından (verilişlərindən) yalnız onların rəsmi razılığı ilə istifadə edə bilər.

    39.3.Mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) digər təşkilatlar tərəfindən yayımı, keçirilməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır.

    39.4.Başqa yayımçıların proqramlarından (verilişlərindən) qısa fraqmentlər, - hər proqramdan (verilişdən) 20 saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla, - habelə tədris müəs­si­sə­lərində istifadə üçün götürüldüyü hallarda razılıq tələb olunmur.

    39.5.Proqramlardan (verilişlərdən) müvafiq razılıq olmadan bu Qanunun tələblərini pozaraq istifadə edildikdə, yayımçı vurulmuş zərərin ödənilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.

    39.6. Bu Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamağa borcludur. (22 aprel 2005-ci il tarixli 897-IIQD nömrəli Azərbaycan Res­pub­li­ka­sının Qanunu ilə 39.6-cı maddə əlavə edilmişdir. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Res­publikasının Qanunu ilə 40.2.4-cü maddədə "şəxsi" sözündən sonra "və ailə" sözü əlavə edilmişdir.)

     

    Maddə 40.Yayımçıların hüquq və vəzifələri

    40.1.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq  teleradio  yayımçıları:

    40.1.1.proqramlar (verilişlər) hazırlamaq, yayımlamaq, onların audio və videoyazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;

    40.1.2. ödəniş haqqını müəyyən etmək;

    40.1.3. reklam fəaliyyəti ilə məşğul olmaq;

    40.1.4. öz verilişlərinin proqramını dərc etmək və ya bu hüququ üçüncü şəxsə vermək;

    40.1.5. nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri və qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

    40.2. Teleradio yayımçılarının vəzifələri aşağıdakılardır:

    40.2.1.proqramların (verilişlərin) mövzu rəngarəngliyini təmin etmək;

    40.2.2. pornoqrafik materialları yaymamaq;

    40.2.3.başqa teleradio yayımçılarının verilişlərinin yayımlanmasına  və qəbuluna maneçilik törətməmək;

    40.2.4.insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; (20 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddədə “şəxsi” sözündən sonra “və  ailə” sözü əlavə edilmişdir.)

    40.2.5. yayım zamanı peşə etikasına riayət etmək;

    40.2.6.abonentlərin cavabvermə hüququna hörmətlə yanaşmaq;

    40.2.7.nəzarət fonoqramlarının surətini müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim etmək;

    40.2.8.hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə bildirməsi üçün şərait yaratmaq;

    40.2.9. informasiyanın qərəzsizliyini və tərəfsizliyini təmin etmək;

    40.2.10.bu Qanunla müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək.

     

     

    VII FƏSİL.TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

     

    Maddə 41.Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun  tələblərini  pozan   fiziki  və  hüquqi   şəxslər Azər­baycan Respublikasının qanunvericiliyi ilə müəyyən­ləş­diril­miş   qaydada   məsuliyyət   daşıyırlar.

     

    Maddə 42.Maddi və mənəvi zərərin ödənilməsi

    Teleradio yayımı haqqında qanunvericiliyin pozulması nəticəsində fiziki və ya hüquqi şəxsə dəymiş maddi və mənəvi zərər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən müəyyənləşdirilir. Teleradio yayımçılarının hüquqi və fiziki şəxslərə vurduğu mənəvi zərərin son həddi teleradio yayımçısının üç aylıq əmək haqqı fondundan çox müәyyәnlәşdirilә bilməz.

     

    Maddə 43.Məsuliyyətdən azad edilmə halları

    Teleradio yayımçısı həqiqətə uyğun olmayan informasiyanın yayılmasına görə məsuliyyətdən yalnız kütləvi informasiya vasitələri haqqında qanunvericilikdə nəzərdə tutulmuş hallarda azad olunur.

     

    Maddə 44.Qanunun qüvvəyə minməsi

    Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

     

Yuxarı ^