• Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının fəaliyyətinin əsas istiqamətlərinə dair 10 illik Hesabat (2002-2012-ci illər)

    Azərbaycan Respublikası Milli Televiziya 
    və Radio Şurasının fəaliyyətinin
     əsas istiqamətlərinə dair qısa

    H E S A B A T 

    (2002-2012-ci illər)  

    Şuranın fəaliyyətə başlaması: Milli Televiziya və Radio Şurası «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli Fərmanı ilə yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. 
    Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2003-cü il tarixli Sərəncamı ilə Məhərrəmov Nuşirəvan Umud oğlu və Əlişanova Mehriban Nadir qızı 6 il, Ağayev Əlvan Həsən oğlu və Cəbiyev Qafar Cəfər oğlu 4 il, Elyazov Mübariz Elyaz oğlu və Xəlilov Aslan Xası oğlu 2 il müddətinə  Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. Şuranın ilk iclasında N.U.Məhərrəmov Milli Televiziya və Radio Şurasının sədri seçilmiş və  bununla da Şura fəaliyyətə başlamışdır.  Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli Sərəncamına əsasən Xəlilov Aslan Xası oğlu, Elyazov Mübariz Elyaz oğlu, Cəfərov Məmməd Hüseyn oğlu, 05 fevral 2007-ci il tarixli Sərəncamına əsasən Cəbiyev Qafar Cəfər oğlu, Ağayev Əlvan Həsən oğlu, 12 noyabr 2007-ci il tarixli Sərəncamına əsasən Vəliyeva Sona Məhəmməd qızı, 23 yanvar 2009-cu il tarixli Sərəncamına əsasən Məhərrəmov Nuşirəvan Umud oğlu, 08 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Elyazov Mübariz Elyaz oğlu, Xəlilov Aslan Xası oğlu və Cəfərov Məmməd Hüseyn oğlu 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.  Milli Televiziya və Radio Şurasının 23 yanvar 2009-cu il tarixli iclasında Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən səlahiyyəti müddətində Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 oktybar 2007-ci il tarixli Sərəncamına əsasən Əlişanova Mehriban Nadir qızı başqa işə keçməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası üzvlüyündən azad edilmişdir.
    Fəaliyyətə başladıqdan sonra Şura ilkin olaraq «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.4.1-ci maddəsinə əsasən öz aparatını və struktur bölmələrini yaratmışdır. Şura Aparatının əsas şöbələri: Hüquq və beynəlxalq şöbəsi; Ekspertiza, proqramlaşdırma və analitik şöbə; Maliyyə və texniki nəzarət şöbəsi; Təsərrüfat şöbəsi və Ümumi bölmədir.  Bununla paralel olaraq televiziya və radio yayımı sahəsində normativ bazanın yaradılması və beynəlxalq təcrübənin öyrənilməsinə başlanılmış, ilk öncə MDB və Şərqi Avropa ölkələrinin bu sahədəki təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə xüsusi önəm verilmiş və nəhayət ölkədə fəaliyyət göstərən teleradio yayımçılarının reyestri aparılmışdır.

    Televiziya və radio yayımı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və zəruri normativ aktların qəbulu sahəsində: Şura fəaliyyətinin ilk vaxtlarından başlayaraq «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 9.3-cü bəndinə uyğun olaraq öz səlahiyyəti daxilində televiziya və radio yayımı ilə bağlı normativ-hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmışdır. Bu məqsədlə, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərlə bağlı təkliflər işlənərək Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunmuşdur. Şuranın təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 30 dekabr 2003-cü il, 22 aprel və 04 mart 2005-ci il, 20 oktyabr 2006-cı il, 22 may 2007-ci il, 3 aprel 2009-cu il, 22 iyun 2010-cu il, 21 dekabr 2010-cu il, tarixlərdə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən verilən lisenziyaların dəyərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim olunmuşdur. Beləliklə, bilavasitə Şuranın təklifləri əsasında 11 avqust 2011-ci il tarixdə teleradio yayımçılarına verilən lisenziyanın dəyərində dəyişikliklər edilmiş, ümumrespublika, regional televiziya yayımı, radio yayımı, kabel şəbəkəsi yayımı, peyk yayımı ilə bağlı lisenziya məbləğləri fərqli qiymətdə müəyyən olunmuş, bununla da lisenziya dəyərində ədalətli bölgü təmin edilmişdir. Bunlardan əlavə hesabat dövründə, həmçinin «Teleradio yayımçıları tərəfindən proqram (veriliş) materiallarının saxlanılması və onların nəzarət fonoqramlarının surətlərinin Milli Televiziya və Radio Şurasına təqdim edilməsi Qaydaları», "Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar», «Milli Televiziya və Radio Şurası iclaslarının keçirilməsi qaydalarına dair Reqlament», «Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin  Qaydaları», «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və  mənəvi  inkişafına ziyan vura  bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı  və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar», "Kabel şəbəkəsi yayımı sahəsində Qayda"lar, "Radioyayım vasitələrinin texniki istismar Qaydalar"ı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»yə uyğun olaraq teleradio yayımına dair xüsusi razılıq (lisenziya) almaq üçün ərizənin forması, yayımçının yaradıcılıq və texniki imkanları haqqında məlumat forması və xüsusi razılıq (lisenziyanın) forması təsdiq edilmiş, xüsusi razılıq (lisenziya) almaq məqsədilə müsabiqədə iştirak etmək üçün birdəfəlik ödənişin məbləği 200 manat müəyyən edilmişdir. 
    Şura tərəfindən "Azərbaycanda televiziya və radio yayımı", "Televiziya yayımının texniki və keyfiyyət standartları və normaları", habelə "Radio yayımının texniki və keyfiyyət standartları və normaları", "Radioyayım vasitələrinin texniki istismar Qaydaları" adlı kitabçalar hazırlanaraq nəşr edilmişdir.

    Televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi və lisenziya müddətinin uzadılması sahəsində: Milli Televiziya və Radio Şurası ilkin olaraq fəaliyyətdə olan televiziya və radio yayımçılarının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müvafiq işlər görmüşdür. Belə ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə uyğun olaraq fəaliyyətdə olan ümumrespublika yayımçılarından «Lider»,  «Azad Azərbaycan», «Space», regional yayımçılar olan - «Alternativ», «Kəpəz», «Dünya», «Xəyal», «Qütb», «Mingəçevir», «Türkel TV», «Aygün» TV, "RTV"–nin, eyni zamanda «ANS ÇM», «Azad Azərbaycan», «Antenn», «Bürc FM», «106 FM», «Lider FM» və «Space» radiosunun xüsusi razılıq (lisenziya)  müddəti daha 6 il uzadılmışdır. 
    «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə  müsabiqədənkənar 6 il müddətinə, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə müsabiqədənkənar və müddətsiz xüsusi razılıq (lisenziya)  verilmişdir. 
    Eyni zamanda "Baku and Boston TV Communication" MMC , "AG Telekom" MMC, "Neptun" firması, "Faraon-1" MMC, "Digicom" MMC, "Sky" MMC, "Konnekt" MMC, "SN Telekom" MMC, "Sky Max" MMC, "AzHINet" MMC, "Azad Azərbaycan" Teleradio Şirkəti, Şam MMC, "AN Media" MMC, "Mobil yayım sistemləri" MMC-yə kabel televiziyası olaraq fəaliyyət göstərmələri üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmiş və "AG Telekom" MMC, "Neptun" firması, "Faraon-1" MMC, "Digicom" MMC, "Konnekt" MMC, "SN Telekom" MMC-nin xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. "Sky" MMC xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün ərizə vermədiyindən  15 sentyabr 2011-ci il tarixdə  "Sky" MMC-nin xüsusi razılıq (lisenziya) müddəti uzadılmamışdır.
    Şuranın 30 dekabr 2008-ci il tarixli qərarı ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 6, 10, 18.1.4-cü maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına məxsus mili tezliklərdə yayımlanan xarici radiostansiyaların («Azadlıq», «Amerikanın səsi» və BBC («British Broadcasting Corporation») xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması və onlara verilmiş FM tezliklərinin 01 yanvar 2009-cu il tarixdən etibarən geri alınması və onların digər texniki vasitələrlə (internet, peyk, kabel şəbəkəsi və s.) yayımının təmin edilməsinin müvafiq qurumlara tövsiyə olunması barədə qərar qəbu edilmişdir. 
    Həmçinin Şuranın 30 dekabr 2008-ci il tarixli qərarı ilə televiziya və radio yayımı sahəsində qanunvericiliyin tələblərini, ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi pozduğuna və faktiki olaraq xarici radiostansiya kimi fəaliyyət göstərdiyinə görə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.4.4-cü maddəsinə  və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 8.1, 9.4-cü bəndinə  uyğun olaraq «Avropa+Bakı» radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılmışdır. Məhkəmənin qətnaməsinə əsasən «Avropa+Bakı» radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilmişdir.
    "ANS" TV və "ANS ÇM" radiosu xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə qanunvericiliyin tələblərini dəfələrlə pozması və Milli Televiziya və Radio Şurası tərəfindən barəsində dəfələrlə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq məsuliyyət tədbirlərinin  tətbiq olunması ilə əlaqədar, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq 24 noyabr 2006-cı il tarixdə «ANS» Müstəqil Yayım və Media Şirkətinin xüsusi razılıq (lisenziya) müddəti uzadılmamış və fəaliyyət göstərmiş olduğu tezliyə müsabiqə elan edilmişdir. Yenidən müsabiqəyə qatılaraq qalib elan olunmuş «ANS» Müstəqil Yayım və Media Şirkətinə 27 aprel 2007-ci il tarixdə televiziya və radio yayımı üçün 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.
    Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təsisçiliklə bağlı problemləri vaxtında həll etmədiyinə görə Şuranın 25 may 2006-cı il tarixli qərarı ilə "Xaçmaz TV"-nin fəaliyyəti dayandırılmış  və həmin tezlik üçün müsabiqə elan edilmişdir. "RTV" müsabiqənin qalibi elan edilərək ona 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.  2006-2007-ci illərdə Şura tərəfindən elan olunmuş müsabiqələrin yekunu olaraq «Kanal-S» (Şəki) və  «Yevlax» TV-yə (Yevlax) regional yayımçı, «Xəzər» TV-yə isə ümumrespublika yayımçısı olaraq 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.
    Fəaliyyəti «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından Milli Televiziya və Radio Şurasının 06 iyun 2007-ci il tarixli qərarı ilə "Lənkəran TV"-nin xüsusi razılıq (lisenziya) müddəti uzadılmamış və onun fəaliyyət göstərmiş olduğu tezliyə müsabiqə elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 07 sentyabr 2007-ci il tarixli qərarı ilə «Cənub» TV (Lənkəran) müsabiqədə qalib elan olunmuş və ona 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilmişdir. 
    Şuranın 09 iyul 2007-ci il tarixli qərarı ilə 11 iyul 2007-ci il tarixdə Rusiyanın «1-ci kanal»ının Azərbaycana məxsus milli tezliklərdə yayımı dayandırılmış, 17 iyul 2007-ci il tarixdən «Samanyolu» televiziyasının yayımlandığı tezlik müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilmişdir.17 iyul 2007-ci il tarixdən radio yayımı üzrə 103-cü tezliyə (Abşeron yarımadası) müsabiqə elan edilmişdir.
    Həmçinin Şuranın 09 iyul 2007-ci il tarixli qərarı ilə Azərbaycan və Rusiya telekanallarının paritet əsaslarla yayımı ilə bağlı hökumətlərarası danışıqların davam etdirildiyini nəzərə alaraq Rusiyanın «RTR-Planeta» kanalının Azərbaycana məxsus milli tezliklərdə yayımının daha 1 ay müddətə davam etdirilməsi, nəzərdə tutulan müddətdə Azərbaycan televiziyasının Rusiya ərazisində yayımı təmin olunmadıqda, «RTR-Planeta» kanalının Azərbaycana məxsus milli tezliklərdə yayımının dayandırılması barədə qərar qəbul edilmişdir. 
    18 iyul 2008-ci il tarixdə digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına, idman sahəsində geniş təcrübəyə və zəngin ənənələrə malik olan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti idman kanalı ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən elan edilmiş müsabiqənin qalibi hesab edilmiş və ona 58-ci tezlikdə televiziya yayımı üçün 6 il müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.
    28 oktyabr 2008-ci il tarixdə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan «Digital Media» MMC Milli Televiziya və Radio Şurasının 03 sentyabr 2008-ci il tarixli qərarı ilə radio yayım fəaliyyəti ilə əlaqədar 105.5 MHz tezliyinə elan edilmiş müsabiqənin qalibi hesab edilmiş və ona 105.5 MHz tezliyində radio yayımı üçün 6 (altı)  il müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.
    05 mart 2009-cu il tarixdə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 14.1, 29.2-ci maddəsinə və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 7.3-cü, 8.1-ci bəndinə uyğun olaraq «Azad Azərbaycan» Teleradio Yayım Şirkətinin «ATV International» (ATV İnt) kanalına birbaşa peyk yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
    22 oktyabr 2010-cu il tarixdə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci və «Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları»nın 2.1.10-cu bəndinin tələblərinə əsasən «Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti» Milli Televiziya və Radio Şurasının 06 sentyabr tarixli qərarı ilə mədəniyyət televiziya kanalının açılması üçün 44-cü tezlik resursuna elan edilmiş müsabiqənin qalibi elan olunmuşdir.
    18 yanvar 2011-cu il tarixdə isə «Golden Prince» MMC (Araz FM) Milli Televiziya və Radio Şurasının 23 noyabr 2010-cu il tarixli qərarı ilə radio yayımı üçün 103.3 MhZ tezliyinə elan edilmiş müsabiqənin qalibi elan edilmişdir və ona 6 il müddətinə xüsusi razılıq lisenziya verilmişdir.
    Beləliklə də respublikada fəaliyyət göstərən ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a, regional yayımçıların sayı 14-ə, radio yayımçılarının sayı 14-ə, kabel şəbəkəsi yayımçılarının sayı isə 13-ə çatdırılmışdır. 

    Televiziya və radio yayımına dair qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin təşkili sahəsində: Milli Televiziya və Radio Şurası öz səlahiyyəti daxilində qanun pozuntularına yol vermiş yayımçılar barəsində müvafiq cəza tədbirləri tətbiq etmişdir. Qanun pozuntularına yol vermiş yayımçılara ilkin olaraq xəbərdarlıq elan olunmuş, belə hallar təkrar olunduqda müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur. «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq ümurespublika yayımçısı «ANS» Müstəqil Yayım və Media Şirkəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə qanunvericiliyin tələblərini dəfələrlə pozması və Milli Televiziya və Radio Şurası tərəfindən barəsində dəfələrlə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq məsuliyyət tədbirlərinin  tətbiq olunması ilə əlaqədar, 24 noyabr 2006-cı il tarixdə onun xüsusi razılıq (lisenziya) müddəti uzadılmamış və fəaliyyət göstərmiş olduğu tezliyə müsabiqə elan edilmişdir. Qanunvericiliyin tələblərinə əməl etmədiyinə görə "Xaçmaz" TV və "Lənkəran" TV-nin fəaliyyəti dayandırılmışdır.  30 dekabr 2008-ci il tarixli qərarı ilə Televiziya və radio yayımı sahəsində qanunvericiliyin tələblərini, ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi pozduğuna və faktiki olaraq xarici radiostansiya kimi faliyyət göstərdiyinə görə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.4.4-cü maddəsinə  və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 8.1, 9.4-cü bəndinə  uyğun olaraq «Avropa+Bakı» radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılmışdır. Məhkəmənin qətnaməsinə əsasən «Avropa+Bakı» radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilmişdir.
    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə müxtəlif vaxtlarda "Lider", "Space", "Azad Azərbaycan" və"ANS" telekanallarına xəbərdarlıq elan edilmiş və cərimə sanksiyaları tətbiq edilmişdir.  

    Beynəlxalq əməkdaşlıq sahəsində:  Milli Televiziya və Radio Şurası tərəfindən televiziya və radio yayımı ilə bağlı benəlxalq təcrübə mütəmadi olaraq  öyrənilmiş və digər dövlətlərin Teleradio qurumları ilə işgüzar əlaqələr yaradılmışdır. Türkiyə, Gürcüstan, Ukrayna və digər dövlətlərin teleradio qurumları ilə əlaqələr qurulmuş və Şura əməkdaşlarının həmin ölkələrə ezamiyyətləri təşkil edilmişdir. Milli Televiziya və Radio Şurası televiziya və radio yayımı ilə bağlı beynəlxalq qurumlarla da əməkdaşlıq yaratmış və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 2007-ci ildən Avropanın televiziya və radio yayımını tənzimləyən qurumlarınını daxil olduğu, 52 ölkənin üzvü olduğu «EPRA» təşkilatının üzvüdür. "Sərhədsiz Televiziya haqqında" Avropa Konvensiyasına qoşulmaq istiqamətində zəruri hazırlıq işləri görülməkdədir. Türkiyə Cümhuriyyəti və Gürcüstan Respublikasının analoji qurumlarının nümayəndələri təcrübə mübadiləsi məqsədilə Azərbaycanda olmuşlar. 07 aprel 2007-ci il tarixdə Türkiyə Radio və Televiziya Üst Qurumu ilə Azərbaycan Milli Televiziya və Radio Şurası arasında "Əməkdaşlıq Protokolu" imzalanmışdır. 
    30 iyun 2008-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin teleradio yayımı üzrə Tənzimləyici qurumlarının forumu (BRAF) yaradılmış, 17 noyabr 2011-ci ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin teleradio yayımı üzrə Tənzimləyici qurumlarının Forumu (İRAF) yaradılmaqla Milli Televiziya və Radio Şurası hər iki forumda təmsil olunmuş və hər iki foruma üzv olmuşdur.  

    Xarici televiziya və radio yayımçıları ilə bağlı: Milli Televiziya və Radio Şurası teleradio yayımı sahəsində beynəlxalq standartları tətbiq edir. Azərbaycan Respublikasının televiziya və radio yayımı üzrə qüvvədə olan qanunvericiliyi xarici televiziya və radio yayımçılarının Azərbaycan Respublikasına məxsus milli tezliklərdə yayımlanmasını istisna edir.  Elə bu səbəbdən də 2007-ci il yanvarın 3-dən etibarən «Kanal-D»-nin, 2007-ci il iyulun 10-dan etibarən "STV" və "ORT"-nin, 01 yanvar 2008-ci il tarixdən etibarən isə "RTR+Planeta"-nın və "Radio Rossii"nin Azərbaycan Respublikası ərazisində yayımı dayandırılmışdır. Türkiyənin "TRT-1" kanalına isə hökumətlərarası sazişə uyğun olaraq Azərbaycan Respublikası ərazisində yayıma icazə verilmişdir. 
    Həmçinin xarici radostansiyaların yayımı da Şura tərəfindən hüquqi müstəvidə həll edilmişdir. Belə ki, «Radio Frans»ın milli tezliklərdə yayımı 30 noyabr 2007-ci il tarixdən dayandırılmışdır. «Azadlıq», «Amerikanın səsi» və BBC («British Broadcasting Corporation») radiolarının FM tezliklərində yayımı isə 01 yanvar 2009-cu il tarixdə dayandırılmış, onların digər texniki vasitələrlə (internet, peyk, kabel şəbəkəsi və s.) yayımının təmin edilməsi müvafiq qurumlara tövsiyə edilmişdir. 


    Texniki sahədə: Milli Televiziya və Radio Şurası «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.4.3-cü maddəsinə və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 7.2-ci bəndinə uyğun olaraq televiziya və radio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyən etmiş və bununla bağlı "Xüsusi Qaydalar"  hazırlanmışdır. «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.5.1-ci maddəsinə və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 7.5-ci bəndinə uyğun olaraq teleradio verilişlərinin ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin qanunvericilikdə və xüsusi razılıqda (lisenziyada) müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına nəzarəti həyata keçirmişdir.  
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Milli Televiziya və Radio Şurasına bir sıra vəzifələr tapşırılmışdır. 22 dekabr 2011-ci il tarixdə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramları 22 dekabr 2011-ci il tarixdən etibarən analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.  Milli Televiziya və Radio Şurasının Azərbaycan Respublikası Prezidentinə müraciətinə əsasən aztəminatlı ailələrin rəqəmli dekoderlərlə təmini ilə bağlı məsələ qaldırılmış, məslənin müsbət həlli istiqamətində işlər aparılmışdır. Cari ilin sonunadək isə rəqəmli televiziya yayımına keçidin tam başa çatdırılması, analoq yayımın dayandırılması nəzərədə tutulmuşdur.  


    Televiziya və radio yayımçılarının monitorinqinin aparılması sahəsində: Şura monitorinqlərin aparılmasına ilkin olaraq çox kiçik maddi-texniki baza ilə işə başlamışdır. Bu səbəbdən də ilk vaxtlar bütün telekanalların eyni zamanda davamlı və əhatəli monitorinqinin aparılması praktiki cəhətdən qeyri-mümkün idi. Lakin 2005-ci ildən etibarən  yeni texniki avadanlıqların alınması nəticəsində monitorinqlərin aparılması işi təkmilləşdirilmiş və teleradio yayımçılarının proqramlarının (verilişlərinin) efirə çıxdıqdan sonra ən azı bir ay müddətində saxlanılması, həmçinin regional yayımçıların da monitorinqlərinin aparılması  mümkün olmuşdur. Aparılmış monitorinqlər nəticəsində televiziya və radio yayımçılarının əsasən reklamın yayılması sahəsində qanunvericiliyin tələblərini pozması müəyyən edilmişdir. Məhz Şura tərəfindən televiziya və radio yayımçıları barəsində xəbərdarlıq və cərimə sanksiyalarının tətbiq edilməsi və digər mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində bu sahədə qanun pozuntuları minimuma endirilmişdir. Hazırda ölkə yayımçısı olan telekanalların eyni zamanda, həm də ən müxtəlif tematik istiqamətlər üzrə monitorinqi aparılır. Bu işlə xüsusi monitorinq qrupu məşğul olur. 2005-2006-cı illərdə bədii filmlərin ayrı-ayrı yaş qruplarına uyğun olaraq təsnifata ayrılaraq nümayiş etdirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilmişdir. 2006-cı ildə bu məqsədlə aidiyyatı qurumların və nüfuzlu ziyalıların iştirakı ilə dəyirmi masa keçirilmişdir. Nəhayət, 2007-ci ildə televiziya filmlərinin təsnifata ayrılaraq nümayiş etdirilməsi məqsədilə Şura nəzdində xüsusi ekspert qrupu yaradılmışdır.

    Televiziya və radio yayımında Azərbaycan Respublikasının dövlət dilindən istifadənin təmin edilməsi sahəsində: Milli Televiziya və Radio Şurası televiziya və radio yayımında dövlət dilindən istifadənin təmin edilməsi üçün  25 iyun 2003-cü il tarixdə "Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar" qəbul etmişdir. Bununla teleradio efirində dövlət dilinin həcminin 75% həddində olması müəyyənləşdirilmiş, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.6-cı maddəsinin və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio kanalları qarşısında dövlət dilindən istifadə faizini və keyfiyyətini daim yüksəltmək vəzifəsi qoyulmuşdur. Şuranın 14 mart 2007-ci il tarixli qərarına əsasən 01 yanvar 2008-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazisində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün telekanallarda filmlərin (bədii, sənədli, cizgi və s) yalnız Azərbaycan dilində səsləndirilməsinin təmin olunması barədə qərar qəbul edilmişdir. 
    11 yanvar 2008-ci il tarixdə Şura tərəfindən «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.6-cı maddəsinin və  "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla (xəbərlər buraxılışı (subtitrlərlə Azərbaycan dilində tərcüməsinin verilməsi şərti ilə), əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramları (30 dəqiqədən çox olmamaq şərti ilə),  intellektual verilişlər və bəzi xüsusi buraxılışlar) Azərbaycan dilində yayımlanmasının təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da teleradio efirində tam həcmdə dövlət dilindən istifadə təmin edilmişdir.
    Şuranın 22 dekabr 2011-ci il tarixli qərarına əsasən isə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının 01 may 2012-ci il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilmişdir.
    Eyni zamanda 2011-2012-ci illərdə Milli Televiziya və Radio Şurası AMEA-nın Dilşilik İnstitutu ilə birgə ədəbi dil normalarına əməl edilməsi sahəsində monitorinqlər təşkil etmiş, mövcud nöqsanlarla bağlı hesabatlar dərc edilmişdir.


    Milli telefilmlərin, habelə teleserialların çəkilişi sahəsində: "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əasən milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılmışdır. Milli Televiziya və Radio Şurasın 28 oktyabr tarixli qərarına əsasən milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV" MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 300 000  (üç yüz min) manat, 06 aprel 2012-ci il tarxli qərarına əsasən "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan Teleradio Kompaniyası"na, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV" MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000  (beş yüz min) manat, 08 iyun 2012-ci il tarxili qərarına əsasən "Azad Azərbaycan Teleradio Kompaniyası"na birdəfəlik müqavilə bağlanılması yolu ilə 200 000  (iki yüz min) manat ayrılması barədə qərar qəbul edilmişdir.

    Dövlət proqramlarının icrası sahəsində: Azərbaycan Respublikası Prezidentinin  "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 22 dekabe 2006-cı il tarixli,  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında 11 avqust 2011-ci il tarixli, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə 16 fevral 2011-ci il tarixli, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)" təsdiq edilməsi haqqında 28 iyun 2011-ci il tarixli, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 7 iyul 2011-ci il tarixli, "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında 20 iyul 2011-ci il tarixli, Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında 26 oktyabr 2011-ci il tarixli, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında 27 dekabr 2011-ci il tarixli Fərman və sərəncamlarına uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmiş, seminarlar və konfranslar təşkil edilmişdir.

Yuxarı ^