• "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Fərmanı

    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

     

    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Milli Televiziya və Radio Şurası yaradılsın.

    2. Müəyyən edilsin ki, Milli Televiziya və Radio Şurasının əsas vəzifəsi- televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

    3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bir ay müddətində Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    4. "Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 543 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

    5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    qüvvədə olan qanunvericilik aktlarının "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    öz səlahiyyətləri daxilində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    6. Müəyyən edilsin ki:

    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.4-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

    həmin Qanunun 16.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;  

    həmin Qanunun 11.2-ci, 11.3-cü, 11.4-cü, 11.5-ci, 11.6-cı, 13.1-ci, 13.3-cü, 13.5-ci, 16.11-ci, 19.2-ci, 21.2-ci, 21.3-cü, 22.4-cü, 23.1-ci-23.4-cü, 29.2-ci, 30.2-ci, 30.3-cü, 33.1-ci, 34.3-cü, 40.2.7-ci maddələrində nəzərdə tutulmuş "dövlət orqanı"nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir;

    həmin Qanunun 16.1-ci, 16.3-cü, 16.4-cü və 16.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası həyata keçirir;

    həmin Qanunun 14.4-cü, 16.6-cı, 16.8-ci, 16.11-ci, 20.3-cü, 26.1.3-cü, 30.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir; 

    həmin Qanunun 18.4.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;

    həmin Qanunun 35.11-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

     

    Heydər ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 oktyabr 2002-ci il, № 794

Yuxarı ^