• Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Fərmanı

           Milli Televiziya və Radio Şurası haqqında

                            Əsasnamənin təsdiq edilməsi barədə

     

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

     

    FƏRMANI

     

    Milli Televiziya və Radio Şurasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    - on gün müddətində Milli Televiziya və Radio Şurasının xərclər smetasını təsdiq etsin;

    - bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

     

     

     

     

    Heydər ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 oktyabr 2002-ci il, № 795

     

     

     

     

     

    Azərbaycan Respublikası Prezidentinin
    2002-ci il 5 oktyabr tarixli, 795 nömrəli

                                     Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

     

    Milli Televiziya və Radio Şurası haqqında

     

    ƏSASNAMƏ

     

    I. Ümumİ müddəalar

     

    1.Milli Televiziya və Radio Şurası (bundan sonra ”Şura” ad­lan­dırılacaq) “Televiziya və radio yayımı haqqında”   Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq Azər­baycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 794 nömrəli Fərmanı ilə yaradılmışdır. Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədi ilə yaradılmışdır.

    2.Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Kons­ti­tusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azər­bay­can Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

    3.Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliy­yətində müstəqildir.

    4.Şura müstəqil balansa, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malikdir.

    5.Şura Bakı şəhərində yerləşir.

     

     

    II. Şuranın əsas vəzİfələrİ və funksİyaları

     

    6.Şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliy­yətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

    7. Şura:

    7.1.teleradio informasiya məkanının vahid inkişaf konsep­si­ya­sını hazırlayır və həyata keçirir;

    7.2. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyən edir;

    7.3.teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir;

    7.4.“İctimai televiziya və radio yayımı haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq təşkilatlar qruplarında Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işini təşkil edir (23 mart 2005-ci il tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 173)  ilə «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»yə 7.4-cü bənd əlavə edilmiş və 7.4- cü bənd 7.5-ci bənd hesab edilmişdir).

    7.5. Aşağıdakılara nəzarət edir:

    - teleradio verilişlərinin ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin qanunvericilikdə və xüsusi razılıqda (lisen­ziyada) müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına;

    - yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına;

    - uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə;

    - terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə;

    - reklamın “Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yayım­lan­masına;

    - televiziya və radio yayımı sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə.

    8.Şura bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

    8.1. peyk vasitəsi ilə teleradio yayımının qaydalarını müəyyən edir;

    8.2.teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almaq üçün ərizənin formasını, habelә yayımı həyata keçirmək üçün zəruri olan yaradıcılıq və texniki imkanları haqqında məlumat formasını təsdiq edir;

    8.3.xüsusi razılıq (lisenziya) üçün müsabiqə qaydaları və şərt­lə­rini müəyyən edir və ərizələrin qəbul müddətinin başa çat­masından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edir;

    8.4.xüsusi razılıq (lisenziya) almaq üçün müsabiqədə iştirak etmək üçün birdəfəlik ödənişin məbləğini müəyyən edir;

    8.5. xüsusi razılıq (lisenziyanın) formasını təsdiq edir;

    8.6.qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi razılığın (lisenziyanın) verilməsi, yaxud verilməsindən imtina barəsində qərar qəbul edir;

    8.7.xüsusi razılıqda (lisenziyada) göstərilən məlumatların teleradio yayımçısı tərəfindən dəyişdirilməsinə razılıq verir;

    8.8. xüsusi razılığa (lisenziyaya) ayrılan müddətin bölməsinə ən gec üç ay qalmış boşalan tezlik resursu barədə məlumatı dərc edir;

    8.9.xüsusi razılığın (lisenziyanın) vaxtını uzatmaq barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edir;

    8.10.teleradio yayımı zamanı xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir;

    8.11. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi üçün məhkəmə qarşısında iddia qaldırır; (Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2015-ci il tarixli Fərman ilə yeni redaksiyada verilmişdir).

    8.11-1. teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsini və ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırır, həmin Qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verir; (Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2015-ci il tarixli Fərman ilə 8.11-1-ci yarımbənd əlavə edilmişdir).

    8.12. teleradio yayımçılarının reyestrini aparır;

    8.13. teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış edir, bu məqsədlə müsabiqələr keçirir;

    8.14. teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişlərinin müqavilə əsasında formalaşdırılması, yerləşdirilməsi və icrası qaydalarını müəyyən edir;

    8.15. məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabiliyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayır və qanunvericiliklə müəyyən edilmiş qaydada sifarişlər verir;

    8.16. uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyən edir;

    8.17. xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinə əməl olunması üzərində nəzarəti hәyata keçirərkən yayımçılar, istehlakçılar və teleradio məhsullarının istehsalçıları tərəfindən yaradılan ictimai birliklərin rəyini nəzərə alır;

    8.18. teleradio yayımçıları tərəfindən nəzarət fonoqramlarının surətinin təqdim edilməsi qaydasını və müddətini müəyyən edir;

    8.19. abonentlərdən və teleradio yayımçılarından daxil olmuş ərizə və şikayətləri araşdırır, öz səlahiyyətləri daxilində tədbirlər görür, nəticəsini kütləvi informasiya vasitələrində dərc edir;

    8.19-1. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisindən peyk vasitəsilə yayımı üçün icazə verir (15 mart 2010-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yeni məzmunda 8.19-1-ci bənd əlavə edilmişdir);

    8.20.öz vəzifələrinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

    9. Şuranın öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

    9.1.səlahiyyətləri daxilində televiziya və radio yayımçıları üçün icrası məcburi olan qərarlar qəbul etmək;

    9.2.səlahiyyətləri daxilində televiziya və radio yayımçılarından müəyyən olunmuş qaydada zəruri məlumatlar, materiallar, fonoqramlar və arayışlar tələb etmək;

    9.3. səlahiyyətləri daxilində müvafiq normativ sənədləri qəbul etmək;

    9.4. «Televiziya və radio yayımı haqqında» və «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda məhkəmə qarşısında iddia qaldırmaq (23 mart 2005-ci il tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 173)  ilə «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 9.4-cü bəndində «Azərbaycan Respublikasının Qanunu» sözləri «və «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının qanunları» sözləri ilə əvəz edilmişdir);

    9.5.«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq etmək;

    9.6.teleradio yayımı üçün xüsusi razılığı (lisenziyanı) qanunvericiliklə müəyyən edilmiş qaydada vermək və bununla bağlı digər zəruri tədbirləri görmək;

    9.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada teleradio yayımçılarına qarşı inzibati tənbeh tədbirləri tətbiq etmək (11 aprel 2005-ci il tarixli 220 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 295) ilə «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 9.7-ci bəndi yeni redaksiyada verilmişdir);

    9.8. istifadə olunmayan efir radiotezlikləri haqqında məlumat barədə sorğu vermək;

    9.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

    10.Şuranın səlahiyyətləri daxilində qəbul olunmuş qərarlarından şikayətlərə məhkəmə qaydasında baxılır.

    III. Şuranın fəalİyyətİnİn təşkİlİ

     

    11. Şura Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır.

    12.İkili vətəndaşlığı olan, başqa dövlət qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliy­yət­sizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Şuranın üzvü təyin oluna bilməz.

         13. Üzvlərdən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.Səlahiyyət müddəti başa çatmış, habelə səlahiyyət müddəti başa çatanadək Şuranın üzvlüyündən azad edilmiş Şura üzvünün yerinə yeni üzv altı il müddətinə təyin olunur (8 fevral 2011-ci il tarixli 375 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 13-cü bəndinə üçüncü cümlə əlavə edilmişdir).

    14.Şuranın üzvləri səlahiyyət müddəti qurtaranadək yalnız aşağıdakı hallarda öz vəzifələrindən azad edilə bilərlər:

    ərizə verdikdə;

    Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

    cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

    dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla).

    15.Şuranın üzvləri onların müstəqilliyinə və qərəzsizliyinə şübhə doğura bilən hər hansı bəyanatla çıxış edə bilməz və ya hər hansı tədbirdə iştirak edə bilməzlər.

    16. Heç bir vəzifəli şəxs və ya heç bir orqan Şuranın üzvlərinə göstəriş və ya təlimat verə bilməzlər.

    17.Şuranın üzvləri öz aralarından sədr və sədr müavinləri seçirlər.

    18.Şura xərclər smetasının daxilində Şura aparatının işçilərinin say həddini müəyyən edir, aparatını formalaşdırır və struktur bölmələrini yaradır;

    19. Şuranın sədri:

    19.1.Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

    19.2.Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

    19.3.Şura aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;

    19.4.Öz səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

    19.5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

    20.Şura mütəmadi olaraq keçirilən iclaslarında onun vəzifələri, funksiyaları və səlahiyyətlərinə aid edilmiş məsələlərə baxır və qərarlar qəbul edir.

    21.Şura onun səlahiyyətlərinə aid məsələlərə dair televiziya və radio yayımçıları üçün icrası məcburi olan qərarlar qəbul edir.

    22.Hər il Şuranın maliyyə fəaliyyətinin auditi keçirilir.

    23. Şuranın sədrinin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin aylıq vəzifə maaşına, sədr müavininin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin birinci müavininin aylıq vəzifə maaşına, digər üzvlərinin aylıq vəzifə maaşı dövlət komitəsi sədrinin müavininin aylıq vəzifə maaşına bərabər tutulur (3 oktyabr 2008-ci il tarixli 829 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”yə yeni məzmunda 23-cü bənd əlavə edilmişdir).

    24. Şuranın üzvlərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir (18 fevral 2009-cu il tarixli 65 nömrəli Azərbaycan Respublikasının Preziden­tinin Fərmanı ilə «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»yə yeni məzmunda 24-cü bənd əlavə edilmişdir).

     

Yuxarı ^