• Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar

     

    Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarı ilə təsdiq edilmişdir

     

    Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar

     

    Ümumi müddəalar

    1. Bu Qaydalar “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramların yayımı qaydalarını tənzimləyir.

    2. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramların saat 07.00-dan saat 23.00-dək yayımına yol verilmir.

     

    Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar

    3. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlara aid edilir:

    3.1. Fiziki və ya psixi zorakılığın təsvirinin, sadizmin, vandalizmin və bu kimi qəddarlıq səhnələrinin, əzab və xəsarət yetirmənin, şikəst edilmənin, ölmüş və ya qəddarlıqla öldürülmüş cəsədin təsvir olunduğu səhnələrin yayımlanması;

    3.2. Qorxu və dəhşət səhnələrinin, okkult rituallarının, mistik təlimlərin, spiritizmin, qorxulu və dəhşətli məxluqların təsvir edildiyi səhnələrin yayımlanması;

    3.3. Tibbi əhəmiyyət kəsb edən, lakin insan psixikasına mənfi təsir edə bilən tibbi əməliyyatların açıq şəkildə yayımlanması;

    3.4. Hipnoz səhnələrinin təsviri, efir vasitəsilə hipnozetmə səhnəsinin yayımlanması;

    3.5. Kriminal fəaliyyəti özündə əks etdirən təsvirlərin, intihar, özünü şikəstetmə səhnələrinin və onların üsul və vasitələrinin yayımlanması;

    3.6. Şəhvət hissinin oyadılması, cinsi əlaqə aktının nümayişi və ya digər seksual təminolunmaların, seksual mənsubiyyətin göstərildiyi səhnələr və seksual münasibətlərdən bəhs edən söhbətlərin yayımlanması;

    3.7. Ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması;

    3.8. Spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edildiyi səhnələrin yayımlanması;

    3.9. Qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı səhnələrin yayımlanması.

     

    Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlara dair tələblərin pozulması

    4. Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramlara dair tələblərin pozulması məsuliyyətə səbəb olur.

Yuxarı ^